Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 17:12

Daşqından zərərçəkənlərin tikilməyən evləri


«Mən burdan bu saat gedirəm Heydər Əliyevin qəbrinin üstünə, ona şikayət edəcəyəm. Oturacağam qəbrin yanında, axırda bir adam mənimlə maraqlanar ki, a kişi burda niyə oturmusan? Bəs mən dərdimi kimə deyim?»

Ötən ilin mayında baş vermiş Kür daşqınlarından zərər çəkən 85 yaşlı 2-ci dünya müharibəsi veteranı Bayram Bayramov 6-cı dəfədir Hacıqabulun Nəvahi kəndindən Bakıya, Fövqəladə Hallar Nazirliyinə şikayətə gəlir. Dediyinə görə, hər dəfə müxtəlif vədlərlə geri, rayona qaytarılır.

«Bizim rayondan bura 100-dən artıq adam gəlib. Gəlirlər baxırlar, amma ortalıqda heç bir iş yoxdur. Evin şəklin gətirmişəm, görün mənim evim nə gündədir».

Mayın 6-da Fövqəladə Hallar Nazirliyində şikayətçilərdən bir neçəsi qəbul olunub və onlara deyilib ki, təxminən 20 gündən sonra komissiya yenidən qəzalı evlərə baxış keçirəcək. Yalnız bundan sonra yeni evlərin tikilib-tikliməyəcəyi ilə bağlı qərar veriləcək.

Bayram Bayramov
Daşqınlardan zərərçəkənlər iddia edirlər ki, evlərin tikilməsində korrupsiya halları var.

«HEYVAN DAMINDA YAŞAYIRIQ»


Nəvahi kənd sakini Səxavət Tapdıqov deyir ki, evləri uçub- dağılıb, özləri də yollarda qalıblar, şikayətlərinə də baxan yoxdur.

«İcra hakimiyyətinə gedirik, Bakıya göndərirlər, Bakı da qəbul eləmir, bu nə deməkdir? Ən çox zərərçəkən bizim kənddir, bir dənə ev tikilməyib. Kərpic evdir, uçub, yazırlar ki, bərpa olunsun. Bu, necə bərpa oluna bilər? Onu başa düşə bilmirəm».

Səxavət Tapdıqov deyir ailəsi- iki azyaşlı uşağıyla birgə mal damında yaşayır.

«Gələn komissiyaya da göstərmişəm. Məndən soruşdular ki, heyvan saxlayırsız? Dedim ki, heyvanları çöldə saxlayırıq, özümüz heyvanların damında yaşayırıq».

Fövqəladə Hallar Nazirliyində zərərçəkənləri qəbul edənlərlə biz də görüşmək istədik. Amma nazirliyin mühafizəçiləri «hər şeyi adamlar sizə dedilər və bu kifayətdir» deyib bizi nazirliyə buraxmadılar.

Oktay Gülalıyev
ADAMLAR PREZİDENTƏ NİYƏ MÜRACİƏT ETMİRLƏR?


Prezidentin Muğan bölgəsində səfərdə olduğu ərəfədə Hacıqabul sakinlərinin prezidentlə görüşə deyil, Bakıya gəlməsinin səbəblərinə gəlincə, şikayətçilər deyirlər ki, onların bu kimi cəhdlərinin qarşısı dəfələrlə alınıb.

«Kür» Vətəndaş Cəmiyyətinin koordinatoru Oqtay Gülalıyevin sözlərinə görə, prezidentin Muğan bölgəsinə səfəri zamanı Sabirabad rayonunda olan görüş istisna olmaqla, digər şikayətçilərin prezidentlə görüşünə imkan verilməyib.

«Bizə verilən məlumatlara görə, prezidentlə görüşə xüsusi hazırlanmış adamlar buraxılıb. Hətta bəzi görüşlərdə adamlar geyiminə qədər hazırlanıb ki, onlar prezidentin qarşısına çıxanda təmin olunmuş kimi görünsünlər. Amma mövcud olan kifayət qədər problemlərdən prezidentə şikayət edilməsinə imkan verilməyib».

İmişli rayonundan olan Qarabağ müharibəsi əlili Ehtiram Şükürov da qəzalı vəziyyətdə olan evləri və xaricdə müalicəsinə yardım olunması ilə bağlı rayonda səfərdə olan prezidentlə görüşməyə cəhd edib. Dediyinə görə, polislər onu dərhal ərazidən uzaqlaşdırıblar.

İlham Əliyev
PREZİDENT PROBLEMLƏRİN HƏLL OLUNACAĞINI DEYİB


Prezident İlham Əliyev mayın 5-də Sabirabad və İmişli rayonlarında olub. Sabirabad rayonunda keçirilən rəsmi görüşlərdə adamların prezidentlə görüşünə icazə verilməyib. Əllərində İlham Əliyev və keçmiş prezident Heydər Əliyevin portretlərini tutan Əsgərbəyli kəndinin sakinləri çətinliklə də olsa prezidentlə görüşə nail olublar. Sakinlər üzləşdikləri bütün problemlərlə bağlı prezidentə məlumat veriblər. Sakinlərin AzadlıqRadiosuna verdiyi məlumata görə, prezident bütün problemlərin həll olunacağını bildirib.

«KORRUPSİYANIN ƏLAMƏTLƏRİ HİSS OLUNUR»


Oqtay Gülalıyevin sözlərinə görə, daşqınlardan zərərçəkənlərə qoyulan ayrı-seçkilik, evlərin tikintisindəki korrupsiya halları ilə bağlı 26 ailə prezidentə, baş prokurora müraciət edib. Bir ailə isə baş verənlərə etiraz olaraq aclıq aksiyasına hazırlaşır.

Oqtay Gülalıyev deyir ki, daşqın bölgəsində evlərin tikintisində rüşvət amilinin olması barədə onlar konkret faktlara malik olmasalar da görülən işlərdə korrupsiyanın, rüşvətin əlamətləri hiss olunur.

«Yəni xeyli adam narazıdır ki, evləri qəzalı vəziyyətdədir. Mənə İmişlidə göstəriblər evlər qəzalı vəziyyətdədir, onlara ev tikilmir, amma həyətində daş ev olan və ya heç ev olmayan torpaq sahəsində evlər tikilib».

«PREZİDENTİN VERDİYİ SÖZƏ ƏMƏL OLUNSUN»


Nəvahi kəndindən olan Bibiqız Abdullayeva deyir ki, onlar hansısa məmurdan şəxsi xahiş etmirlər. İstədikləri odur ki, prezidentin daşqınlarla bağlı adamlara verdiyi sözə yerlərdə əməl olunsun.

«Biz prezidentin sözünü tuturuq. Prezident bu gecə yenə təkrar elədi ki, bütün evi uçanlara ev tikiləcək, evi zədələnən adamların hamısına yardım göstəriləcək. Biz də xahiş edirik buna əməl olunsun».

FHN-in qarşısı
«QƏZALI EVLƏRİN SİYAHISINI KOMİSSİYA ÜZVLƏRİ ŞƏXSƏN HAZIRLASINLAR»


Mayın 6-da Bakıya, Fövqəladə Hallar Nazirliyinə şikayətə gələnlərin yuxarılardan bir xahişi var. O da kəndə təkrar komissiya göndərilməsi ilə bağlıdır. Zərərçəkənlər həm də deyirlər ki, komissiya üzvləri zərərçəkən evlərin siyahısını hansısa yerli məmura istinadən deyil, özləri şəxsən hazırlasınlar.

2010-cu ilin yaz-yay aylarında daşqınların vurduğu ziyanın aradan qaldırılmasına dövlət büdcəsindən 300 milyon manatdan artıq vəsait ayrılıb. Sabirabad, Saatlı, İmişli, Hacıqabul və Salyan rayonlarında daşqınlardan zərərçəkənlərə yeni evlər tikilib.
XS
SM
MD
LG