-
Arazın o tayından
Nİgar XİYAVİ
Kimsə Qorxmasın...
Kimsə qorxmasın, qaralmasın.
kimsə minnət altında qalmasın.
mənim işim budur ,
yəni iş-gücümün adıdır sevmək.
onu da umacaqsız görərəm.
ancaq nəyisə,
ürəyimin budaqlarında altdan-altdan gözləyib izlərəm.
heç də diksinib ürəyimi üzmərəm.
qaça-qaça özünü mənə çatdıracaq sevgi
çarəsi yox yəni
yəni özünə niyə əsirgəsin
mən boyda gözəl imkanı!
Bu arxayınlıq...
Bu arxayınlığa inanamam, inanamam!
Arxamda külək əsir.
Külək əsir arxamda, kül
sovurur,
Saçlarım gizli bir hıçqırığn darağında
Dən-dən tökülür.
Başımın ağrısı qapının cəftəsini ağırladır,
Qapı açılmır, açılmır qapı,
Açılıbsa,
Önündə divar durur
Mən bu sarı arxayınlığa inanmıram.
Gözlüyünü itirmişdi dünya
gözlüyünü itirmişdi
öz işində deyildi dünya
biz su deyil
araq deyil
yorğanı çəkir başımıza
gözümüzü gizləyirdik bir – birmizdən
dodağımızı gülümsəndirən
bir bəhanə arayırdıq
uşaqlar mat- mat telviziyon qabağında
pofək yeyir
analar bol tamatlı makaroni dəmləyirdilər
körpəliyin
tüfəngin qundağına düyümlənmişdi
Şeyx Xiyabani
57-nin inqılab meydanına
Səttarxanın beynindən boylananda
Inqə-inqə bağırdın
Farrasistlər
mikrobfonlarını
tribun arxasından sənə tuşladılar
dilinin açılması
bir gecə də olsun
yuxularından yox olmadı sənin
çantan çiynində
hələ nəfəs alırdın Təbrizin yarasında
göbəyimizi Xəzrə atmışdılar
cənazəmızı Şahgölünün ıçqırıqlı heyranlığına
pəncərələrdə meyit namazı qılırdılar
axşamlara ağlayan migrenli qadınlar
siqarların atşi
bir – birindən qəbir adresi soruşurdu
vanet dalında
tələsə tələsə bel-külüng daşıyrdı atam
mən bilmirəm kimdən küsə-küsə:
“buldezer kiralamışıq ata”, deyə
uçqunurdum
günəş
şüşə şaxdı göydən təpəmizə
polis qapı çalındı
qapı təpik açıldı tatarax taraaaaq
şüşələr qırıldı şaşarax şaraaaaaq
çəpiklər üzə çalındı şapalaaaaaaq
“zindanlar
səkkiz il daha Səid Mətinpurlaşacaqdır”,
nida böylə gəldi
qarnım əllərimdəydi
Pişəvəri
boyuma uşaq düşürdü
Təbrizin qurabıyyəsi
qonaqların sulu ağzında əriyirdi
bizi lağa qoyanları
başa salmağa çalışırdım
bütün məhkəmələrin məhəkumu
sən ilə məni idik
dedim: ” nə fərqi ölümə?
Trotski`nin başına balta ensin
ya da Pişəvərini dərəyə aşıran otumbıl olsun
biz ki , baş sağlığı verməyə kimsəni tapanmadıq ”
yavaşca dedin: ” telfunlar Dilqəmi çalır
sevişməyə girəvə yox
savaşmağa silah
get , buralar təhlükəli ”
mənsə qadınlığımda və səndə qərarlıydım
qarnımdakı qadını doğurmaq sancısındaydım
anam
tənhalığında dərin bir pəncərəydi
budlu – budaqlı söyüdlərin
kölgəsində ağlırdı
budaqlardakı cənazələrin
dizlərindən yuxarı baxanmırdı anam
Qarabağ qurbağası
Bu gün bu qurbağa
qapqara bir qarabağ
Quruldamaq istir
şikəstədən şikəst bir ağız
Neçə göllükdü
bəlli deyil ki, bu qurbağamız
ağamızdı biraz bəlkə
biraz da tosbağamız
Ancaq
bugünədək gördüyüm ən qurbağa ən qurqur qağamız
Bağışlayın zəhmətdi
Çatdıra bilsəniz
Bağırın
Ya da işdi çatsa qısır əliniz
Bağı qanqırmızı bağrı qara çöllüyünə
Qara bir daş tapsanız
lütfən
Atın bu qurbağanın boğazında ilişən göllüyünə
Yoxsa qurultu yaman şikəstə qaşınır
Ağız boğazında bir doyunqarına:
Əzzinəm aaa…y
Tən dərdi vətən dərdi
Tərlədib öldürər məni
Neynim əl çək yaxamdan iyirmi fayız bəsdi
Bəsimdi görər məni
Di dur gəl qoyma uçur qaçır başımdan
Gəl qadan aaalım
Bir çətvər araq yarım metir dönər kabab dönər məni
Döndərər məni
O yana döndər məni yar buyana döndər məni
Ölürəm ölürəm ölürə ə ə…m
gəl dərdin aaa…lım
Əzzinəm aaa…y gödən yaxşı
Bir fincan arada göbək yaxşı
Deyirəm vətən biraz yığcam
biraz gödək yaxşı
Ədə belə göbək yaxşı gödən yaxşı
Pay verməyə aaa…y baaaalam
Yenə də vətən yaxşı
Ölmürəm
Ölmürəm
Ölmürəəə…m
m
m
m
***
1
Bir şair uçuşundan qopub düşən
lələk bulmuşdum
odla suyun arasında.
Və gecənin gövdəsində
Gəlməmişdim balıncınızı başınızın altından çəkməyə.
Bir az şeirim,
Bir az sevgim var idi,
Bir az da türklüyüm.
Keçid alır şair axşamlarımdan,
Lələkdən bir qapı asım deyə.
Qaldırır çiynimə,
Endim sizlərə.
Damlara qalxıb da
durnanı daşa basan,
Sizlər oldunuz.
2
Hə,
bu mənəm,
bu bağ mənəm!
Gövdəmin gəbəsindən ilmə-ilmə
keçid verən bağ sənə, mənəm.
Bu da sən,
Yarpız ətrimi çəpərlərə qıfıllayan səssiz sarmaşıq.
Və zanbaqlığımı zağ-zağ əsdirən qorxu.
İstərsən gəl,
Hansı ürəklə gələ bilsən gəl.
Paslı dəmir təkərlərin
çənliyimdə batıb qalacaq
bu səfər.
3
İndi ki
güllədən gül-gül açılmış cənazəmi
tam sayğı,
tam hüzünlə,
qəbrimə daşımaqdasınız,
Və kəndi əlinizdən acıyıb ağrımaqda.
Ey kədərli milyon çiyinlər,
Unutmayın da utanmayın ki,
Sayğı-sevgilə yaşama durduğumda,
yalqız buraxan məni
ölürcəsinə sizlər oldunuz.