Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 17:15

«Eurovision»a kim nə qədər xərcləyib?


Almaniyada "Eurovision" müsabiqəsinin keçirldiyi Arena
Almaniyada "Eurovision" müsabiqəsinin keçirldiyi Arena
«Eurovision» təkcə musiqi ifaçılarının müsabiqəsi yox, həm də bütün dünyaya yayımlanan böyük teleşoudur. Bu səbəbdən müsabiqəyə hazırlıq və onun keçirilməsi heç də az vəsait tələb etmir.

İlkin mərhələdə müsabiqənin büdcəsi əsasən milli yayım qurumlarının hesabına formalaşırdı.

Amma müsabiqənin təşkili üçün xərclər hər il artır. Hal-hazırda müsabiqənin xərclərini ev sahibliyi edən ölkə ilə təşkilatçı – Avropa Yayım Birliyi (EBU) ödəyir.

Ev sahibinə müsabiqənin təxmini büdcəsi təklif olunur. Tövsiyə olunan büdcənin yarısını EBU verir. Qalan məbləği ev sahibinin özü ayırmalıdır. O, payına düşən məbləğdən az xərcləyə bilməz, amma çox xərcləməyə icazə verilir.

EBU-nun ayırdığı vəsait minimaldır, o, müsabiqə üçün avadanlıqların kirayəsinə xərclənir.

Ev sahibi müsabiqə üçün vəsaiti haradan alacağına özü qərar verir. Vəsait dövlət büdcəsindən ayrıla və ya sponsorlar cəlb edilə bilər.

Xərclər iştirakçı ölkələrin sayından, ev sahibi ərazisində lazımi avadanlıqların, meydançanın olub-olmamasından və meydançanın kirayə haqqından asılıdır. Bundan başqa, sponsorların sayı, ev sahibliyi edən ölkənin təşkil etdiyi şounun səviyyəsi də önəmli faktorlardandır.


Çəkilən xərclərin yeri sponsor razılaşmaları, biletlərin satışı, reklam və sms-səsvermədən əldə olunan gəlir hesabına doldurulur.

Belqradda (Serbiya) «Eurovision-2008»in keçirilməsinə, EBU-nun məlumatına əsasən, 9.3 milyon avro xərclənib. Onun 1/3 hissəsini EBU özü, o qədərini də Serbiya televiziyası və sponsorlar ayırıb.

2007-ci ildə Finlandiyada keçirilən konkursun qiyməti 14 milyon avro olub.

Yunanıstanda 2006-cı ildə «Eurovision» xərcləri bundan da az – 5.5 milyon avro təşkil edib. Təşkilatçıların gəliri isə, Yunanıstan dövlət televiziyasının məlumatına əsasən, 7.8 milyon avro olub.

Azərbaycanın «Eurovision-2012» büdcəsi hələ məlum deyil. Amma indidən yerli mediada bu müsabiqə üçün hansısa yeni stadionun tikintisindən söhbət gedir. Azərbaycan hökuməti belə tikililər haqda qərar qəbul edə bilər. Ancaq Avropa Yayım Birliyi yalnız təşkilati xərclərə ortaq olur.
XS
SM
MD
LG