Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 23:13

Anasından aldığı 5 manatla məşqə gələn aktyor


Aktyor İlqar Cahangirov. Ezop tamaşası zamanı
Aktyor İlqar Cahangirov. Ezop tamaşası zamanı
Yolu Gənc Tamaşaçılar Teatrından düşənlər tanıyar, «Otello», «Ezop» tamaşalarında baş qəhrəmanı, «Danabaş kəndinin əhvalatlarında» Xudayar bəyi oynayan aktyor İlqar Cahangirovdur müsahibim. Əməkdar artistdir. 20 ildir dram və kino aktyoru kimi filmdə, serialda çəkilən aktyor bu gün teatrda gedən məşqlərə anasının təqaüdündən ona verdiyi 5 manatla gəldiyini deyir. Aktyorla söhbəti yaradıcılıqdan uzaq söhbətdən başlayırıq. O, aktyorların yaşayışının ağırlığından, onlara diqqətin yetərsiz olmasından gileylənir:

«Bu gün 5 manat qoydular stolun üstünə götürdüm, gəldim işə. Bu gün də deyir ki, get bala, başqa bir işlə məşğul ol, ailəni dolandır. Qardaşım da o gün deyir, keç ticarətə. Onlar sırf maddi tərəfi, dolanışığı düşünür. Ancaq bilmirlər ki, 20 il mənim üçün nə deməkdir. Ağlamaq çıxmasın, elə bilinməsin ki, guya qarın davası edirəm. Sadəcə bilmirəm gedim ya yox? Aktyorun işi filmlərə çəkilməkdir. İndi müəyyən filmlər çəkilir, sadəcə kənardayıq».

İlqar Cahangirov 3 il əvvələ kimi Bakı Kamera Teatrında işləyib, 2008-ci ildən 3 teatrı (Gənc Tamaşaçılar, Gənclər və Kamera) birləşdirən Gənc Tamaşaçılar Teatrında çalışır. Ancaq Kamera teatrının səhnəsini indi də unutmayıb.

DÖVLƏT SİFARİŞLİ TAMAŞALAR

«Tamaşalar qoyulur, tamaşaçılar da gəlir. Məsələn 150 nəfər varsa, 100-ü bilet alıb gəlir. Ancaq çox tamaşalar dövlətin sifarişləridir. Bu mövsümdə bir neçə tamaşa müasir ədəbiyyatdan qoyulub. «Əcəl atı», «Mənim Ağ göyərçinim», indi isə «Romeo və Cülyetta», İlyas Əfəndiyevin «Məhv olmuş gündəliklər»i hazırlanır. İndi bizim öz təşəbbüsümüz olmur, ancaq Kamera teatrında Cənnət xanım (red: hazırda Gənc Tamaşaçılar Teatrının baş rejissoru Cənnət Səlimova) özü sərbəst idi. Həmişə özü istədiyini edirdi. Heç kim demirdi filan əsəri qoy».

Əməkdar artistin dediyinə görə, əgər son 20 ildə Azərbaycana 20 mükafat gəlibsə, onun əksəriyyəti Kamera teatrının payına düşüb.

İlqar Cahangirov

Ancaq hazırda Kamera teatrının məskunlaşdığı Gənc Tamaşaçılar teatrının şəraiti daha yaxşıdır, xüsusilə də təmirdən sonra:

«CİDDİ SƏNƏTDƏ 70-80 FAİZ EYNİ SİFƏTLƏRDİR»

«Aktyor üçün belə şərait yaxşıdır. Otağım var, hər şey yaxşıdır. Kamera teatrında əziyyət çəkirdik, balaca otaq idi, özümüz düzəltmişdik. Ancaq neynirəm o qızıl teşti ki, qan qusacam. Mən yaradıcılıq, stimul istəyirəm. Möhür, «quş» xatirinə tamaşaların qoyulmasını istəmirəm. İstər musiqidə, teatrda, rəssamlıqda ciddi sənəd tamaşaçımız azdır. Mən filarmoniyaya, operaya, teatra, sərgilərə gedəndə, ciddi sənətdə 70-80 faiz eyni sifətləri görürəm.

- Aktyorluq sənətini seçəndə maddiyyatı düşünürdünüzmü? Dünyada məşhur aktyorlar çoxdur, kifayət qədər yaxşı pullar qazanırlar. Siz isə 200 manat alırsız.

- Bu sənəti sevəndə Sovet dövrü idi. Xalq teatrlarından gəldik, biz aktyorlar görürdük. Bu gün 44 yaşım var, 30 yaşına qədər pul haqda heç fikirləşməmişəm ki, necə yaşayacam, qazanacam, ya yox. Elə bilirdim ki, həyat gedəcək, kinolar çəkiləcək. Aktyorunku nədir- filmlər, tamaşalar, boş vaxtın qalmasın. 2006-2007-2008-ci illərdə elə bil məndə həyat qaynar oldu. Çəkilişlər gedir, televiziyalar çağırır, serial gedir, Gürcüstana, İrana filmə getdim. Ancaq 2 ildən sonra söndü, yox oldu.

«NAZİRLİKDƏN QORXMURAM»

-Çox zaman incəsənət adamları tənqidə keçəndə qarşısına sədlər çəkilir, televiziyalara dəvət etmirlər, rol almır. Siz bundan narahat deyilsiniz ki?

Ezop tamaşasından görüntü

- Əgər bunu demişəmsə, deməli qorxu baryerini keçmişəm. Bilirəm ki, mənə yaxın adamlar var, müəyyən şeylərə görə uzaqlaşacaqlar. Normaldır, görmüşəm də. Bu məni qorxutmur. Əlbəttə qorxaqlıq var ki, nəyi isə itirəcəksən. Kamera teatrında müəyyən aktyorlar vardı, onları işdən çıxaranda, ya özləri gedəndə, onları itirəndə ağlayırdım. Bu gün ümumi təzyiqlərdən qorxmuram. Nazirlikdir, təqaüd verməyəcək? Ondan qorxmuram, çəkinmirəm.

- İşinizi itirməkdən də qorxmursuz?

- Kişi kimi qorxmuram. Gedib bir işlə məşğul olacam. Amma özümü tapdığım rahatlığı itirməkdən qorxacam. Axı mən bununla qidalanmışam. Biz aktyoruq, mən gedim nə edim? Uzaq başı nə isə satacam, ya da tarixi, ədəbiyyatı bilirəm, vur-tut müəllim ola bilərəm ancaq. Amma ona da imkan verməzlər, mütləq ixtisasın olmalı, müəllim olmalısan.

İlqar Cahangirov əlavə edir ki, aktyorun da, müəllimin də, həkimin də maaşı bir yerdə qalxmalıdır. «Ümumi bəladır, ziyalı bəlası. Niyə sənətimdən imtina etməliyəm? Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, bu gün Azərbaycan teatrının 10 dənə, 20 dənə sütunu varsa, biri də mənəm».

«VAXT OLUB CORAB DA SATMIŞAM...»

Müsahibim deyir ki, vaxt olub dolanışığa görə yarmarkada corab da satmağa məcbur olub. Onu tanıyanlar da olub, tanımayanlar da:

- 2001-ci il idi. Yaşayışa, dolanışığa görə bir ilə qədər teatrdan uzaqlaşdım. Qohum-əqrəba var, ticarətlə məşğul olur, dükanın birini də verdilər ki, məşğul olum. Çinin «brak» corablarını Türkiyə adı ilə xalqa sırıyırdıq. (Gülür) Zarafat edirəm. Yaxşı da qazanırdıq. Orda polislə də mübahisə etdim. Polis 12 dənəlik «paçka» corabı götürəndə, əlindən tutdum, qoymadım. Məclislərdə, toylarda operatorluq da etmişəm. Hər il bir bağçanın Yeni İl şənliklərində çəkiliş edirdim. Birdən valideynlərin 7-8-i elə bildim üstümə gəlir. Kənarda durub məni müzakirə edirdilər. Mən də hamısını eşidirdim. Qara adam necə qızarar? Bax belə qızardım...

Gənc Tamaşaçılar Teatrının aktyoru İlqar Cahangirovla söhbəti bitirib ayağa qalxırıq. O isə «bəlkə fotoqraflıqla məşğul olum?» deyərək bizdən uzaqlaşır.
XS
SM
MD
LG