Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 14:33

Ramiz Mehdiyev: «Demokratiya milli maraqların və dövlət müstəqilliyinin ziyanına olaraq kənardan zorla qəbul etdirilə bilməz»


Ramiz Mehdiyev
«Prezidentin seçdiyi daxili və xarici siyasət xəttinin uğurları, bu xəttin ölkə əhalisi tərəfindən dərk edilmiş şəkildə qiymətləndirilməsi və qəbul olunması Azərbaycanda onun özünə xas olan, qlobalist romantizmdən azad, Azərbaycan dövlətçiliyinin qurulmasının tarixi prosesinin reallıqlarını nəzərə alan və milli inkişafın məntiqindən irəli gələn konsolidasiya edilmiş demokratiya modelinin, yaxud ABŞ-ın vitse-prezidenti Dik Çeyninin təbirincə desək, «soverign democracy» modeli yaratmaq yolundakı gələcək fəaliyyəti stimullaşdırır». Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin «Azərbaycan» qəzetinin 26 may sayında dərc olunmuş «Müasir Azərbaycan milli ideyanın təcəssümü kimi» məqaləsində belə deyilir.

Məqalədə bildirilir ki, bu gün Azərbaycan demokratiyanı əsas məqsəd kimi deyil, tarixi təcrübənin və ənənələrin dönüş dövrlərində hər bir xalqın keçdiyi tarixi tərəqqi prosesi kimi başa düşərək, öz inkişaf modelini nümayiş etdirir: «Azərbaycan cəmiyyətinin demokratikləşməsi sonsuz prosesdir və milli xüsusiyyətlər gözlənilməklə, müstəqil dövlət quruculuğu və milli identikliyin qorunub saxlanması şərti ilə həyata keçirilir. Prezident İlham Əliyevin anlamında demokratiya milli inkişaf və şüurun ayrılmaz atributudur. Lakin o, cəmiyyətin siyasi və iqtisadi inkişaf səviyyəsi ilə ahəngdar olmalıdır. Buna görə də ölkədə islahatlar paralel, kəsişmədən, bir-birini qabaqlamadan həyata keçirilir. Siyasi sabitliyin iqtisadi əsası olmalıdır və yalnız bu halda cəmiyyətdə demokratik inkişaf və şəffaflıq barədə danışmaq olar.

Demokratiya milli maraqların və dövlət müstəqilliyinin ziyanına olaraq kənardan zorla qəbul etdirilə bilməz. Bizim hər birimiz demokratiyanı öz daxilimizdə «yetişdirir», sonra isə onu ictimai-siyasi səviyyəyə ötürürük. Bu gün başqa geosiyasi və etnik-milli məkanlarda yüzilliklər boyu formalaşmış təcrübəni «qəflətən daxil etmək», «kor-koranə köçürmək», «gətirmək» olmaz».

Məqalədə qeyd olunur ki, bir neçə il bundan əvvəl ABŞ prezidenti Corc Buş (oğul) «hər yerdə demokratiya» anlayışını adi danışıq dilinə daxil etməyə cəhd göstərmişdi: «Lakin ətrafa nəzər saldıqda, geosiyasi maraqlar naminə geoiqtisadi demarşları təhlil etdikdə istər-istəməz bu qənaətə gəlirsən ki, «hər yerdə mövcud olan demokratiya», çox ehtimal ki, utopiyadır. Hərbi qüvvə vasitəsilə devrilmiş və müdaxilələrə, «demokratikləşməyə» məruz qalmış məkanlar təkcə milli suverenliyin itirilməsi, qlobal inteqrasiya prosesləri ilə əlaqədar sərhədlərin silinməsi təhlükəsi ilə üzləşmir, həm də ehtimal edilən rəqabət mübarizəsindən xeyli dərəcədə kənarda qalır, yanacaq-energetika sahəsi, strateji kommunikasiyalar üzərində nəzarəti itirir. Belə məkanlarda innovasiya və texnologiyalar yalnız «strateji tərəfdaşlıq» çərçivəsində satın alınan məhsul kimi mümkündür. İnkişafın idxal edilmiş modelinin təzyiqi altında cəmiyyətlər düşərgə baraklarına çevrilir, ölkələrin müdafiə qabiliyyətinin zəifləməsi isə onları «forpostlara» çevirir.

İnstitusional əsasları zəif olan ölkələr üçün milli ideya və ya milli identiklik kimi amillər yoxdur. Ona görə ki, cəmiyyətin daxili bazisi kənardan olan nəzarətə və direktivlərə tabedir. Bu isə ona gətirib çıxarır ki, ya milli «Mən» və suverenlik, bunun nəticəsi kimi dövlətçilik tədricən itirilir, yaxud da sərt radikallaşma və təcavüzkar millətçiliyin güclənməsi kimi əks proses gedir. Bunların hər ikisi sabitlik, dövlətin və onun vətəndaşlarının təhlükəsizliyi üçün çox qorxuludur. Hər ikisi sonda hərc-mərcliyə, xaosa və çox ola bilsin ki, anarxiyaya gətirib çıxarar.

Qərb analitiklərinin fikrincə, istənilən modernləşmə vesternləşməyə, yəni «qərbləşməyə» gətirib çıxarmalıdır. Düzdür, cəmiyyətlər özləri seçim etməlidir, lakin vesternləşmə olmadan modernləşmə şansı çox cüzidir. Böyük qalmaqala səbəb olmuş «Sivilizasiyaların toqquşması?» bestsellerinin müəllifi S.Hantinqton bu barədə kifayət qədər dəqiq yazıb. Bununla belə, gözümüzün qabağında heyrətamiz siyasi metamorfozlar baş verir: dəbdə olan «qloballaşma» terminindən istifadə etməklə cəmiyyətin milli dayaqları yox edilir, «gecə gözətçisi dövləti» layihəsi həyata keçirilir, dövlətin qüdrəti zəifləyir. Bu baxımdan F.Fukuyama ilə razılaşmamaq çətindir. O yazır: «Güclü dövlət qurulması dünya birliyinin ən mühüm problemlərindən biridir, çünki dövlətlərin zəifliyi və dağılması yoxsulluqdan tutmuş, QİÇS, narkotiklər və terrorizmə qədər bir sıra çox ciddi problemlərin mənbəyidir».

Dünyanın ən böyük siyasi filosoflarından və sosioloqlarından biri olan Ziqmunt Baumanın fikrincə, «bu gün baş verən qloballaşma hər cəhətdən mənfi qloballaşmadır, dövlət sərhədlərinə, yerli maraqlara, hüquqlara, imtiyazlara və digər məqamlara məhəl qoymamaqda ixtisaslaşan qüvvələrin qloballaşmasıdır. İndiyə qədər qloballaşmış qüvvələr, güclər milli dövlətlərin qüdrətini, qabiliyyətini azaltmaqda davam edən elə həmin qüvvələrdir. Buraya maliyyə, qloballaşan ticarət, informasiya, habelə cinayətkar təşkilatlar (müxtəlif mafiyalar), silah və narkotiklər alveri, beynəlxalq terrorizm aiddir».

Prezident İlham Əliyevin milli dövlət quruculuğu, Azərbaycanın demokratik inkişafı məsələləri barədə mövqeyi tarixi məntiqə, dünya təcrübəsinə, səmərəli siyasətə, ən başlıcası isə Azərbaycanın milli maraqlarına söykənən milli ideyanın gerçəkləşməsinin nəzərə alınmasına əsaslanır. Cəmiyyətin bu dərk edilmiş obyektiv tələbatı onun milli dəyərlərindən irəli gəlir və dövlətin qorunub saxlanmasına, onun mövcudluğu və mütərəqqi inkişafı üçün əlverişli şərait yaradılmasına yönəlib. Milli maraqlara və inkişaf strategiyasının mahiyyətinə xalqın əksəriyyətinin həmrəy münasibətinə əsaslanan demokratiya daha səmərəlidir və hər bir yeni müstəqil dövlət üçün nümunə ola bilər».

«Müasir Azərbaycan milli ideyanın təcəssümü kimi» məqaləsində XIX əsrdə və XX əsrin əvvəllərində Quzey Azərbaycanda milli ideyanın formalaşması tarixindən, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, klassiklərin, görkəmli maarifçilərin milli mənlik şüurunun oyanışındakı rolundan bəhs edən Ramiz Mehdiyevin yazdığına görə, fəlsəfə elmində çoxdan təsdiqlənib ki, milli ideya cəmiyyətin həyatında, siyasi praktikada mühüm rol oynayır: «Ona görə də hər bir millətin öz milli ideyası olmalıdır, əks halda həmin millətin yaşamağa haqqı yoxdur. Filosoflar milli ideyanı xalqın taleyini, onun vəzifəsini ifadə edən və taleyüklü məsələlərin həlli üçün milli enerjini səfərbər edən inteqrativ milli mənlik şüuru konsepsiyası adlandırırlar.

Milli ideya bir insanın ixtirası deyil, o, xalqın şüurunun dərinliklərindən qaynaqlanır və konkret tarixi məqamda sosial reallıq onu dəstəkləyir. Çoxmillətli dövlətdə ərazi bütövlüyünü qoruyub saxlamaq üçün milli ideya dilindən, etnik mənsubiyyətindən və dinindən asılı olmayaraq, ölkənin bütün əhalisinin maraqlarını nəzərə almalıdır. Milli ideya cəmiyyətin inkişafının ümumi məqsədi və strategiyasıdır».

Məqalədə Ramiz Mehdiyev vurğulayır ki, milli ideya və milli ideologiya anlayışlarını qarışdırmaq olmaz: «Elmi ədəbiyyatda onların eyniləşdirilməsi hallarına tez-tez rast gəlmək olar. Hərçənd, məlum olduğu kimi, qərarlaşmış milli dövlətə bunların hər ikisi xasdır. Buna baxmayaraq, çox vaxt milli ideyanı səhvən ideologiya kimi təsnif edirlər. Halbuki onların funksiyaları müxtəlifdir: milli ideyanı strategiya kimi səciyyələndirmək olar, ideologiya isə ideyanın reallaşdırılmasına kömək edən taktikadır. İdeologiya milli ideyanın cəmiyyətdə yayılması metodları və vasitələridir. O, milli ideyanın daşıyıcısıdır. Reallıq dəyişir, onun təqdim edilməsinin metodları və formaları da dəyişməlidir.

Şəksiz təşkilatçılıq xüsusiyyəti olan ideologiya cəmiyyətin mənəvi həyatının ən mühüm strukturudur, lakin ondan yalnız milli məsələlərin həlli, milli ideyanın reallaşdırılması üçün zəruri mexanizm kimi istifadə etmək lazımdır. Nəzərə almaq lazımdır ki, milli birliyə xidmət edən ideologiya milli ruhun mənəvi meyarlarına uyğun olmalıdır. Lakin əgər milli şüura tətbiq edilmiş həqiqilik meyarı surroqat həqiqətlə əvəz edilirsə, onda hakimiyyət nüfuzunu itirir, milli dəstəkdən məhrum olur».

Ramiz Mehdiyevin fikrincə, son 20 ildəki siyasi inkişaf göstərib ki, Azərbaycan cəmiyyəti üçün təkcə milli ideya yetərli deyil, ölkəyə milli maraqlara söykənən yeni, müasir siyasi ideologiya lazımdır: «Məhz bu səbəbdən müasir Azərbaycanın ideoloji konstruksiyasının mahiyyətinin müəyyən edilməsi çox aktual məsələdir. Artıq 18 ildir ki, «azərbaycançılıq» ideoloji konstruksiyası bu missiyanı gerçəklikdə öz üzərinə götürüb. Bu konstruksiya mühüm funksional keyfiyyətlərlə zəngindir. Onların mahiyyəti ölkəni mənəvi və fiziki cəhətdən zəiflətmək cəhdlərindən qorumaqdan, Azərbaycanı unitar, hüquqi və demokratik dövlət kimi möhkəmləndirmək və inkişaf etdirməkdən ibarətdir. Azərbaycançılıq ideologiyası elə bir mənəvi dəyərdir ki, o, müstəqil və öz yolu ilə gedən Azərbaycanı informasiya baxımından koqnitiv (idraki) sivilizasiyalar sırasına, yəni biliklərə əsaslanan və biliklər iqtisadiyyatı yaradan cəmiyyətə çevirəcək.

Milli ideyanın və azərbaycançılıq ideologiyasının reallaşdırılması yalnız o halda uğurlu hesab edilə bilər ki, onlar əhalinin sosial aktiv təbəqələrinin səfərbər edilməsi, inkişaf və modernləşdirmə strategiyası, ölkənin qarşısında duran məsələlərin həlli ətrafında hakimiyyətin xalq kütlələri ilə həmrəyliyinin təmin olunması vasitəsinə çevrilsin».

Daha sonra müəllif yazır: «Bizim müasir Azərbaycan üçün milli ideya anlayışının məzmununu nə ilə dolğunlaşdırmaq barədə düşünməyimizə ehtiyac yoxdur. Strateji məqsədlər ölkənin Konstitusiyasında müəyyən edilib. Ona görə də milli ideyanın maddiləşdirilməsi Azərbaycan Konstitusiyasının reallaşdırılması yolu ilə həyata keçirilir. 1995-ci ildə qəbul edilmiş Konstitusiya ölkənin bütün vətəndaşlarını birləşdirən ideyadır. Bütün insanları təkcə keçmiş haqqında xatirələr deyil, məhz Konstitusiya birlikdə saxlayır. Bu gün Azərbaycan Konstitusiyası Azərbaycan milli ideyasının rəsmi ifadəsidir.

Bəs milli ideyanın və xalqın dəyər oriyentasiyalarının mahiyyəti nədən ibarətdir? Heç şübhəsiz, əsas dəyərlərdən biri məhz dövlətçilikdir. Dövlətin ali dəyərləri isə müstəqillik, dövlət suverenliyi, habelə mədəniyyət, din və ənənə dəyərləridir. Milli ideya Azərbaycan cəmiyyətinin və dövlətinin həyatının əsas məqsədi və mənasıdır. XXI əsrdə Azərbaycan milli ideyasının əsas tərkib hissələri bunlardır: dövlətin, ərazi bütövlüyünün və müstəqilliyin qorunub saxlanması, iqtisadiyyatın hərtərəfli inkişafı, vətəndaşların firavanlığı (buraya bir sıra komponentlər daxildir), müasir təhsil standartları, mənəvi inkişaf, demokratiya, təhlükəsizlik və ondan irəli gələn tam bir sıra məsələlər».

Məqaləsində 1988-ci ildən 1993-cü ilədək olan dövrü «qarışıqlıq, hakimiyyətsizlik və anarxiya dövrü» adlandıran Ramiz Mehdiyev Azərbaycanı bu vəziyyətdən Heydər Əliyevin xilas etdiyini, İlham Əliyevin prezidentliyə başladığı 2003-cü ildə isə ölkənin öz tarixində yeni mərhələyə qədəm qoyduğunu yazır: «Azərbaycan Respublikası regionda informasiya mübadiləsinin və qarşılıqlı intellektual fəaliyyətin prioritet amilinə çevrilir. Müxtəlif dillərdə yayımlanan və çox geniş analitik və xəbər spektrini əhatə edən informasiya resurslarının sayına görə Azərbaycan Cənubi Qafqaz ölkələri arasında liderdir. Buna görə də dünya intellektual elitasının müxtəlif mərkəzləri Azərbaycanla birgə iqtisadi, siyasi, elmi və humanitar xarakterli layihələri nəzərdən keçirməyə maraq göstərir. Hərçənd, bu da sirr deyil ki, ölkədə ictimai şüura təzyiq göstərmək məqsədilə informasiya-analitik «beşinci dəstə»lər yaratmaq cəhdləri də müşahidə olunur. Lakin sabitliyi pozmağa göstərilən bu cür cəhdlər Azərbaycan tərəfindən çox sərt reaksiya ilə üzləşib və bundan sonra da üzləşəcək. Azərbaycan belə cəhdləri informasiya təxribatı, onun daxili işlərinə qarışmaq aktı və ölkənin suverenliyinə qəsd hesab edir».

Məqaləsində Ramiz Mehdiyev Qarabağ problemindən də söz açır: «Azərbaycan ərazisinin işğal edilməsi, hüququn güc üzərində aliliyinin Ermənistan tərəfindən total şəkildə inkar edilməsi heç də təbii hal kimi qəbul edilə bilməz. Prezident dəfələrlə vurğulayıb ki, Azərbaycanın səbrinin həddi var, beynəlxalq hüququn prinsipləri sərbəst şəkildə yozulmamalı, beynəlxalq gündəlikdə həmin prinsiplərə prioritet verilməlidir. Bu mənada dünya siyasətində «ikili standartlar»ın - bir halda təcavüzkarı sakitləşdirmək, başqa halda onu məcbur etmək praktikasının olmasını xatırlatmaq vacibdir. Çox vaxt aşkar görünür ki, dünya birliyi bəzi regionlarda münaqişəli vəziyyətlərə qeyri-mütənasib dərəcədə ciddi diqqət yetirdiyi halda, başqa regionlarda bu vəziyyətə açıq-aşkar etinasızlıq göstərir, münaqişələrin «dinc yolla həll edilməsi» və danışıqlar cəhdinə sədaqətdən dəm vurulur, həmin danışıqlar isə onilliklər boyu davam edir və heç bir nəticə vermir. Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunmasının zəruriliyi barədə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi (822, 853, 874 və 884 nömrəli) 19 ildən artıqdır ki, icra olunmamış qalır. Halbuki bəzən hətta beynəlxalq hüquqi baxımdan xeyli mübahisəli, lakin müasir dünya nizamının sırf geosiyasi tələblərinə cavab verən hallarda BMT Təhlükəsizlik Şurasının qərarları bir neçə saatda həyata keçirilir.

Sirr deyil ki, Dağlıq Qarabağ münaqişəsi Ermənistan-Azərbaycan qarşıdurması çərçivəsindən çıxıb, beynəlxalq və regional məsələyə çevrilib. Son illərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın fəal iştirakı, bəzi ölkələr tərəfindən Ermənistan-Türkiyə sərhədinin açılmasının «zəruriliyi» məsələsi ilə əlaqədar Türkiyə rəhbərliyinə təzyiqlər edilməsi onu göstərir ki, dünyanın daha rasional və ədalətli qaydaya ehtiyacı var. XXI əsrin geosiyasəti getdikcə daha çox geoiqtisadiyyata və yanacaq-energetika amilinə istiqamətlənir. Bu isə heç şübhəsiz, qlobal sabitlik və təhlükəsizlik üçün yeni təhdidlər və çağırışlar doğurur.

Bu gün tam əminliklə demək olar ki, Azərbaycan diplomatiyasının ənənələri qərarlaşıb və ən yeni dövrdə mühüm nailiyyətlər qazanılıb. Qondarma «Türkiyə-Ermənistan yaxınlaşması» deyilən təşəbbüslərin qarşısının alınması, 2010-cu ildə Türkiyə ilə Strateji Əməkdaşlıq Şurası yaradılması haqqında saziş, Strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə imzalanması, Azərbaycandan nəql edilən qazın həcmi, tranzit şərtləri və qiyməti barədə Rusiya və Türkiyə ilə danışıqlardakı irəliləyiş, Rusiya Federasiyası ilə dövlət sərhədinin delimitasiyasının uğurla başa çatdırılması və s. buna misal ola bilər».

Ramiz Mehdiyevin fikrincə, Azərbaycan gənclərinin indiki nəsli vətəndaşı olduqları dövlətin beynəlxalq aləmdə müstəqil mövqelərdən çıxış etməsini təbii hal hesab edir: «Lakin başa düşmək lazımdır ki, bu mövqeni yaradan ölkə daxilində, Cənubi Qafqaz regionunda və dünyada baş verən proseslər haqqında geniş təsəvvürə malik olan liderdir. Milli ideyanın uğurla həyata keçirilməsi, milli identikliyin qorunub saxlanması və eyni zamanda, dünya birliyinə inteqrasiya həqiqətən tarixi nailiyyətdir, çünki iqtisadiyyatın inteqrasiya olunduğu, texnologiyaların sürətlə inkişaf etdiyi, transmilli maliyyə kapitalı və bilik axınları qarşısında dövlətlərarası sərhədlərin götürüldüyü müasir aləmdə milli ideoloji konsepti inkişaf etdirmək çətindir. Hər yerdə mövcud olan qlobalizmin məddahları milli, lokal dəyərlərin üstündən xətt çəkmiş, milli dövlətlərin əhəmiyyətini azaltmaqla, onları anaxronizm hesab etməyə başlamışlar. 1990-cı illərin əvvəlində Qərbin bütün fəlsəfi və siyasi təfəkkürü bu ruhda idi. Belə nəticələr çıxarmağın yanlışlığı göz qabağındadır.

Nə yaxşı ki, bunu başa düşən qüvvələr var və onlar dünyanın bir sıra regionlarındakı real həyatı və ictimai prosesləri əsas götürərək bildirirlər ki, bütün milli xüsusiyyətlərin aradan qaldırılması bəşəriyyətin plüralist inkişafı üçün ciddi təhlükə doğurur. Bu gün bəzi elmi nüfuz sahibləri də onların səsinə səs verərək tarixi inkişafın məntiqinə zidd olan belə ictimai-siyasi konseptlərin yanlışlığı barədə xəbərdarlıq edirlər. Müasir mütəfəkkirlər hesab edirlər ki, yeni qlobal inteqrasiya şəraitində yalnız milli dövlətin inkişafı, texnoloji inkişaf, milli mənlik şüurunun inkişafı və modernləşmə ayrı-ayrı xalqların və bütövlükdə bəşəriyyətin xeyrinədir. Buna görə də bərabər tərəfdaşlar hüququnda mədəni qarşılıqlı mübadiləyə üstünlük verilməklə dünya birliyinə inteqrasiya milli sosiomədəni məkanın qorunub saxlanması üçün zəruri olan gücü verir».
XS
SM
MD
LG