Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 12:58

Düymələri qoparan


Nərmin Kamal yazıçı Əli Əkbərin "Amneziya" romanının ("Qanun" nəşr.) Azadlıq Radiosunun "Oxu zalı"nda keçirilən müzakirəsinə qoşulur.


DÜYMƏLƏRİ QOPARAN

“Sən heç tum çırtlayan qadınla öpüşmüsən?”
Əli Əkbər

Belə bir fikir var: adamı tanımaq istəyirsənsə, hansı zarafatı xoşlamadığını tap.

Bəzi zarafatlara verdiyi qıcıq insanın zəif nöqtələrini, komplekslərini aşkara çıxarır. Hər birimiz üçün belə zarafatlar, belə sərhəd xətləri ola bilər.

Cəmiyyətləri, ictimai mentalitetləri də tanımaq üçün onların xoşlamadığı, ikiqat qıcıqlandığı (“over-reaksiya” verdiyi) zarafatları tapmaq olar.

Bunlar iki cinsiyyət orqanı olan kişi haqda kitab, cinsi azlıq olan bir azərbaycanlı ilə bir erməninin dəli sevgisi, coşğun məhəbbəti haqda roman vasitəsilə də qarşımıza çıxa bilər.

Bu mənada Əli Əkbərin sözügedən kitabları bədii ədəbiyyatdan ziyadə sosioloji ədəbiyyat kimi əhəmiyyətə malikdir, sosial diksinmələri üzə çıxarır.


“Postmodernizm, İroniya, Əyləncəlilik” məqaləsində (U.Eko) oxucunu əyləndirməkdən söhbət gedir və həmin kontekstdə bu gün iki xətti uzlaşdırmağın vacibliyindən danışılır: əyləncəviliklə, “kütləvilik”lə “elitar” ədəbiyyatın uzlaşdırılmasının vacibliyindən.

Nə danışdığından asılı olmadan havadan süjet qurmaq, nəql etmək və oxucuya 400-500 səhifəni sürətlə oxutmaq qabiliyyəti balaca qabiliyyət deyil (üstəlik, Əli Əkbərdə güclü qrotesk hissi var), fəqət bu qabiliyyət elə xam-xam, təkbaşına mövcud olmasa, iki xətt birləşdirilsə, ədəbiyyat keyfiyyət qazanır. Tehran Əlişanoğlunun oxucunu yalnız əyləndirməklə qazanmaq ətrafındakı fikirlərini haqlı hesab edirəm.
Məsələ təkcə həmin kitablardakı Azərbaycan cəmiyyətinin qəbul etdiyi mənəvi normaları qıcıqlandırmaqla üzə çıxaran epataj süjetlərdə və ya qəhrəmanlarda deyil, həm də dildəki yufemizmləri açmaqdadır.

Azərbaycan dilinin böyük hissəsini yufemizmlər tutur.

Bizim əsgərlər heç vaxt öldürmür, onlar düşməni əsgərlərini sıradan çıxarırlar, məhv edirlər, zərərsizləşdirirlər...

Biz seksə “birlikdə yatmaq”, ölməyə “dünyadan köçmək”, kokain iyləməyə “toz iylədim”, “nəfəs aldım”, “ciyərlərimi təmizlədim” deyirik və s. Başqa dillərdə də yufemizmlər var.

Məsələn, Qərbdə heyvanlara sərt münasibət getdikcə daha çox vəhşilik sayıldığından, dükana girib bizdə olduğu kimi, toyuq, cücə əti istəmirlər, “ağ ət” istəyirlər.

Qapalı toplum olduğumuzdan Azərbaycan dilində ört-basdır sözləri daha çoxdur, yufemaniya həddindədir.

Şeyləri öz adıyla çağırmaq bizdə neqativ hislər doğurur, onlara pozitiv rəng verməyə meylliyik.

Ə.Əkbərin kitablarında isə yufemizmlərdən imtina olunub və başından hicabı açılmış sözlərə əksər oxucuların verdiyi reaksiya bizim toplumda qəbul olunmuş zarafat hədlərinin indikatorudur.

Yufezmizmlərlə savaş “Amneziya”da da var. Ancaq bu kitab əvvəlkilərdən fərqli olaraq, daha çox qəbul olunmuş, ailəsi üçün darıxan, işi-peşəsi olan, ölkəsinin taleyi üçün narahatlıq keçirən bir kişi ətrafında olduğundan, yuxarıdakı qəbildən, “draznit vsex” naminə, qıcıqlanan sinir axtarmaq üçün sosioloji eksperiment kimi yox, məhz bədii ədəbiyyat olaraq yazılıb.

“Cütünü itirmiş diş fırçam isə, boynunu büküb arıq pastaya söykənib”.

Amneziya özü həyatda nadir rast gəlinən hadisədir, amma bədii ədəbiyyatda həyatdakından dəfələrlə çox işlənib.

Azərbaycan dilindən başqa dillərdə “ədəbiyyatda amneziya” mövzusunda kiçik bir internet araşdırması aparanda qarşımıza yüzə yaxın roman çıxır.

Bu romanların bir çoxunda amneziya və şəxsi gündəlik anlayışları qoşa zər, şəxsi gündəliklər priyomu yaddaşını itirmiş qəhrəmanlarını çözməkdən və bərpa etməkdən ötrü nasirlərin vazkeçilməz açarı olub.

Odur ki, Əli Əkbər “Amneziya” romanında tibbi-elmi məlumatlara əsaslanaraq amneziya hadisəsini (I fəsil) bədii təsvir etmək və şəxsi gündəlik (II fəsil) vasitəsilə yaddaşını itirmiş Muradın obrazını açmaq yolunu seçərkən lap əvvəldən çətin bir mövzuya girişir; dəfələrlə toxunulmuş mövzuya işlənmiş üsulla baş vurmaq öz yollarını daraltmaq deməkdir.

Romanın ilk hissələrində seçilmiş bu “təhlükəli yol”-dan IV fəsildə də var.

Həmin fəsildə inqilab etmiş, ya etməmiş ölkənin real olduğu sualını açıq qoymaqla Muradı iki reallıq arasında aparıb gətirmək, iki reallıq arasında tərəddüd etdirməklə
və bunu yuxu vasitəsilə etməklə, bir sözlə, narkolepsiyanın bədii həllinə girişməklə müəllif qəhrəmanını ədəbiyyatda yayğın olan bir səyahət formasının içinə salır. Məsələn, “Çuanq-tsı” saqasında deyilir:

“Bir dəfə yuxuda gördüm ki, kəpənəyəm, indi isə yuxusunda kəpənək olduğunu görən Çuanq-tsı, yoxsa yuxuda Çuanq-tsı olduğunu görməkdə olan kəpənək olduğumu bilmirəm.”

Norveç yazıçısı Lüdviq Holberqin “Dağdakı Cep” əsərində isə belə bir qapalı çevrə var: Kasıb Cep bir xəndəkdə yuxuya gedir və oyananda görür ki, baronun

çarpayısındadır.

Ona elə gəlir ki, kasıb kəndli olduğunu yuxuda görüb. Yenidən yuxuya gedir, bu dəfə oyananda ona elə gəlir ki, baron çarpayısında uzandığını yuxuda görüb və s. (Mənbə: “Sofinin dünyası”)

“Real həyatın hansı olduğunu bilmirəm, ipin ucunu itirmişəm. yuxu ilə real həyatın sərhədləri silinib mənim üçün.

Bilmirəm inqilab baş verib, ya yox. Axı necə ola bilər ki, komadan çıxmağım, Sevillə təzədən ailə qurmağım, o boyda hadisələrin hamısı yuxu olsun?!

Indi bilmirəm reallıq hardadır – burda, sənin yanında, yoxsa inqilabdan sonrakı həyatımda.”
(“Amneziya”, s.374)

Başqa əsərlərdə dəfələrcə qaldırılmış bu mövzular, problemlərlə “Amneziya”da qaldırılanlar mövzu, problem olaraq eynidirlər, məzmun etibarilə deyil.

Lakin bu eynilik və problemi açma üsulunun üst-üstə düşməsi ona gətirir ki, öz rəfində yeganə olan “Artuş və Zaur”dan fərqli olaraq, “Amneziya” yüzdən biri olur, dünya ədəbi mənzərəsindəki yeri kiçilir, hamımızın romanları kimi, elə öz aramızda sirkulyasiya etməyə məhkum olur.

Beləliklə, qarşımızda Yaddaş itkisi + Keçmiş gündəlik + Bugünkü narkolepsiya, iki reallıq arasında tərəddüd sxemi açılır.

İndi bu karkasın içinə boylanmaq mərhələsi gəlir. Müəllif onun birinci həlqəsinin içinə komadan ayılan yaddaşını itirmiş adamın yaşantılarını qoyur.

Yaddaşını itirmiş adamın keçmiş həyatını oxucuya necə açasan?

Ənənəvi şəxsi gündəlik priyomu öz ənənəvi rolunu oynayır, bizə qəhrəmanın bütün həyatını – lap yaddaşın itdiyi günə qədər - çatdırıb bitir.

Beləcə, növbəti - keçmiş gündəlik həlqəsinin içinə əbədi qadın-kişi münasibətləri, Sevil, Rəna və Şeyla arasında düşüncələr toplanır. Gündəliklərdən məlum olan Muradın şəxsi həyatındakı ikiqütblülük tezliklə başqa bir ikiqütblülüklə davam edir.

Yuxarıda “Bugünkü narkolepsiya” kimi işarələdiyim üçüncü həlqənin içərisində bu iki ədəd ikiqütblülük eyni vaxtda baş qəhrəmanı bürüyür: eyni vaxtda ölkənin demokratik durumundan və ölkənin avtoritar durumundan mənzərələrin ikiqütblülüyü, həmçinin Sevillə həyat və Rənayla həyat arasındakı ikiqütblülük.

Muradın situasiyası rəngarəng deyil, o, yalnız iki rəng – ag və qara, pis və yaxşı arasında qaldığını hiss edir.

Müəllif annotasiyada həmin ağ qütbü utopiya, o biri qütbü antiutopiya kimi işarələyir.

Yuxuya gedib antiutopiya aləmində ayılanda həm arvadı Sevildən ayrı olduğu, həm də Qənirə ana diktaturasında yaşadığı üçün özünü bədbəxt hiss edir, yeganə təsəllisi odur ki, Rəna, Toğrul kimi həmdərdləri var.

Yatıb növbəti dəfə utopiya aləmində ayılanda isə Sevillə birlikdə olduğu, həm də Qənirə ana diktaturası dağılıb deyə, özünü xoşbəxt hiss edir, amma bu səfər Toğrul və Rəna o biri - antiutopiya dünyasında qaldıqları üçün və Şeylanın qatili olmaq kimi bir narahatlıqda sıxışdırıldığı üçün özünü bədbəxt hiss edir.

Utopik və antiutopik vəziyyətlər təkcə ölkədəki siyasi vəziyyətə deyil, həm də və daha çox onun şəxsi həyatına aid vəziyyətlərdir.

“Daha çox” dedim, çünki antiutopik və utopik siyasi vəziyyətlərin təsviri, bədii təhlili burada eyhamlı insan adları, orta məktəb şagirdinin rastlaşdığı səviyyədə siyasi konyuktura (Qənirə ana şeirini əzbərləmək), küçədəki şüarlar və dostlar arasındakı dialoqlar dairəsindədir.

Qalın “Amneziya”nı iki günə oxuyub Əli Əkbərin bir günə oxuduğum digər qalın romanlarının yanına qoyanda yadıma Səmra düşdü.

Orta məktəbdə, böyük tənəffüs vaxtı sinif yoldaşım olan bu qızla dəhlizdə dayanıb söhbət edirdik.

Qız mənə maraqlı bir əhvalat danışırdı, indi onun nə danışdığı yadımda deyil, amma maraqlı olduğu dəqiq yadımdadır.

Çünki on beş dəqiqə ərzində onun danışdığının sehrinə elə düşdüm ki, gözümü ağzından çəkmədən elə həvəslə qulaq asdım ki, zəng vurulanda qız mənə dörd dənə düymə verdi.

Bunlar – danışa-danışa burub, burub qopardığı düymələr idi, - əynimdəki paltonun iri düymələri.

Səmranın danışdığı əhvalat onun xüsusi biliklərinə, yüksək dünyagörüşünə və bu kimi məziyyətlərinə əsaslanan əhvalat deyildi, ancaq tez-tez cürbəcür uşaqlara uzun-uzadı nələrsə danışır, danışdıqlarına qulaq asdırmağı bacarırdı.

Fenomen onda idi ki, dinlədiyin an əhvalat çox maraqlı olurdu, ancaq ayrılandan sonra dərhal unudurdun; heç bir iz, heç bir təəssürat, heç bir fikir.

Əli Əkbər

Sonra düymə oyunu məktəbdə geniş yayıldı; oyundan xəbərsiz bir adama nəsə uzun bir haqq-hesab danışmalıydın, onun fikri sənin danışdıqlarında qaldıqca düymələrini bir-bir burub qoparmalıydın.

Hamı Səmra kimi içiboş dolanbac şeylər danışırdı, amma hamının danışdığı uzun hal-qəziyyə Səmranınkı qədər tutucu ola bilmirdi, elə əhvalatlarının əvvəlində, birinci düymədə tərk edilirdilər.

Səmra sonralar rast gələcəyim kütləvi mədəniyyətə məxsus romanların, teleserialların əyləndirməklə bağlamaq üsulunu intuitiv bacarırdı.

Səmranın əhvalatlarında giriş, nəqletmə prosesi, dinləyənin tanımadığı adamları birinci plan, ikinci plan və nəhayət, epizodik qəhrəmanlar kimi bir-bir dövriyyəyə salmaq, həll etmək və süjetdən uzaqlaşdırmaq qabiliyyəti, dramatiklik yerli-yerində olurdu.

Amma “Amneziya”nın onlarca səhifəsi kimi, Səmradan da ayrılandan sonra özünü sözbağlıca ilə aldadılmış hiss edirdin.

“Postmodernizm, İroniya, Əyləncəlilik” məqaləsində (U.Eko) oxucunu əyləndirməkdən söhbət gedir və həmin kontekstdə bu gün iki xətti uzlaşdırmağın vacibliyindən danışılır: əyləncəviliklə, “kütləvilik”lə “elitar” ədəbiyyatın uzlaşdırılmasının vacibliyindən.

Nə danışdığından asılı olmadan havadan süjet qurmaq, nəql etmək və oxucuya 400-500 səhifəni sürətlə oxutmaq qabiliyyəti balaca qabiliyyət deyil (üstəlik, Əli Əkbərdə güclü qrotesk hissi var), fəqət bu qabiliyyət elə xam-xam, təkbaşına mövcud olmasa, iki xətt birləşdirilsə, ədəbiyyat keyfiyyət qazanır.

Tehran Əlişanoğlunun oxucunu yalnız əyləndirməklə qazanmaq ətrafındakı fikirlərini haqlı hesab edirəm.

İndi Əli Əkbəri əsərlərindəki əyləndirmək yoluna görə, ittiham etmək həddən artıq modernist (tarixi termin kimi modernizm) hərəkət olardı.

Yalnız modernistlər özlərini elitar, ciddi ədəbiyyatı yaradanlar, məsələn, Viktorian dövrünün sensasion romanları kimi romanları isə qeyri-ciddi, kütləvi adlandırıb ağız büzürdülər. Onlar elitar mədəniyyətə şəfqət göstərir, kütləvi ədəbiyyatı isə qeyri-ədəbiyyat kimi çıxdaş edirdilər.

Əyləndirən ədəbiyyatla düşüncəyə xitab edən ədəbiyyat arasında uçurum var idi.

Modernistlər kimi davranaraq, belə ittiham etmək istəməzdim. Amma bu halda Əli Əkbərin əyləndirərək oxutmaq tərəfinin o biri tərəfə nisbətdə ağır basdığını ittiham kimi deməkdən çəkinmirəm. Çünki:

Kitab sənayesinin inkişaf istiqaməti elədir ki, getdikcə tənqidçilərin kitabın əsl, ciddi, ya qeyri-ciddi ədəbiyyat olduğunu fərqləndirmək üçün uzun məqalələr yazmaq ənənəsi ortadan qalxacaq, başqa ölkələrdəki kimi, bu işi kitab sənayesinin özü edəcək; əksər hallarda tənqdidçi məqalələrini bircə söz – janr adı əvəz edəcək. “Roman janrı” kimi ümumi mücərrəd kateqoriya adı deyil, “populyar roman” kimi nisbətən xüsusi ad da deyil, populyar romana aid daha spesifik, daha konkret janr adları.

Məsələn, “chic-lit” (gözəlçə ədəbiyyatı) deyiləcək və söhbətin hansı cür kitabdan getdiyi dükanda kitab axtaran oxucuya aydın olacaq.

Qeyri-ciddi kimi təsbit olunan “birdəfəlik” romanların sayı və şöhrəti təkcə ona görə artacaq ki, biz istehlakçı tipli cəmiyyətdə yaşayırıq.

O zaman janrların rəflər üzrə təsnifatında Əli Əkbəri yalnız epataj rəflərində görmək onun çoxlu zarafat etdiyi xalqın tələsinə düşdüyü demək olacaq.

Həmçinin oxu
Tehran Əlişanoğlu. Amneziyadan ayılanda
İradə Musayeva. Ədəbiyatımızda travmatik amneziya sindromları
Çingiz Hüseynov. "Amneziya"ya dair
Əli Əkbər "Amneziya" (Romandan parça)
XS
SM
MD
LG