“Qanun” nəşriyyatı daha iki tərcümə kitabı ilə oxucuların görüşünə gəlib:
Patrik Züskind. “Ətriyyatçı”
Qabriel Qarsia Markes “Gözlənilən bir qətlin tarixçəsi”
Müasir dünya nəsrinin tanınmış nümayəndələrindən olan alman əsilli Züskindin “Ətriyyatçı” əsəri dünyada ən çox oxunan romanlardandır.
Dünyanın 35-dən çox dilinə tərcümə edilib, yüksək tirajla satılıb. Əsər Azərbaycan dilinə 2003-cü ildə tərcümə edilib (Cavanşir Yusifli tərəfindən) və “Azərbaycan” jurnalında ixtisarla çap edilib.
Qəhrəmanın fizioloji şikəstliyi fonunda XVIII əsr Fransasının, eləcə də Avropanın sirlərindən danışan roman insan cildli əcaib Jan-Batist Qrenuyun bütün dünyanı və onun qanunlarını alt-üst etməsinin səbəbini ortaya qoyur.
“Kontrabas” mono-pyesi isə müəllifin ilk əsərlərindəndir.
Züskind guşənişin həyat yaşayır. O nə müsahibə verir, nə də hansısa böyük tədbirlərə qatılır.
Markesin “Gözlənilən bir qətlin tarixçəsi” əsərini isə Azərbaycan dilinə yazıçı Əkrəm
Əylisli tərcümə edib.
Santyaqo Nasarın öləcəyini bilən bütün şəhər əhli qətlin baş verdiyi ana qədər bunu ciddi qəbul eləmir.
Elə Nasar özü də hər şeyi bilə-bilə sakitcə onu gözləyən ölümə doğru gedir.
Markesin əsərləri içində məzmunca ən mistik və həm də ən realist olan bu povesti oxucunu heyrətamiz şəkildə gözlənilən faciənin havasına kökləyir.
Bəs nə üçün hamı bir nəfər kimi onun qurtulmasını istədiyi halda, heç kimsə bu labüd qətlin qarşısını ala bilmir – hətta qatilin özünün də bu dünyada Nasarı həyatdan məhrum eləməkdən az istədiyi bir şey yoxdur.