Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 09:57

Zəka Vilayətoğlu "Mərc" (Hekayə)


Gecə saat on bir, düz-dünya ağappaq qar içində, hava buz nəfəsli, şaxtalı, sazaqlı, yollar sürüşkən, çöl-biyaban ac qurd-quşla dolu.

Vaxtın, zamanın, düzün, dünyanın belə bir çağında balaca bir qəsəbənin mərkəzində yerləşən Super Marketin qarşısında baş-başa vermiş bir neçə avara, işsiz gənc, gecənin sazağına, şaxtasına məhəl qoymadan laqqırtı vurur, danışıb-gülür, siqaret çəkir, mobil telefonlardan birindəki çılpaq qız şəkillərini hədsiz maraqla seyr edir, bir telefondan digərinə ötürür, təkrar-təkrar izləyirdilər.

Bayaqdan bəri onların hər hərəkətinə göz qoyan Super Market sahibi dükanın dəmir barmaqlıqlı açıq pəncərəsindən gənclərdən soruşdu:

-Həə, yenə nə baş verib?.. Çəkilin, gedin evinizə-eşiyinizə, işiniz, gücünüz yoxdur?.. Dükanı bağlayıram, gecdir artıq, siqaret-zad almaq istəyəniniz varsa, bildirsin.
Super Marketin sahibi otuz üç yaşlı bir gənc olmasına baxmayaraq, öz ağlı və fərasəti hesabına, on səkkiz yaşından başlayaraq, ta ki, otuz yaşına qədər Rusiyada işləyərək qazandığı pulları, bir çoxları kimi qumarxanalarda və bu kimi xoşagəlməz işlər üçün xərcləməmiş, lap vaxtında öz doğma qəsəbələrinə qayıdaraq, burda həmin Super Marketi açmışdı və bir qadını da satıcı kimi işə götürmüşdü. Günün ikinci yarısından sonra isə özü satıcılıq edirdi, taa gecə on bir on ikiyə qədər. Yay vaxtları, isə Super
Market səhərəcən işləyirdi.

-Bura bax, gör ləzzət eləyir!-Gənclərdən yaşca xeyli böyük olan birisi öz mobil telefonunu pəncərədən Super Market sahibinin gözləri qarşısına yaxınlaşdırdı. Cavan sahibkar telefondakı görüntüləri bir anlıq izlədikdən sonra dedi:

-Deyirəm, axı, bu avaralar, gecənin bu vaxtı, qarda-qiyamətdə, bu kimsəsiz küçələrdə niyə veyillənirlər!.. Doğrudan da hələ uşaqsınız ki, uşaqsınız!.. Bə nə təhər?.. Adam, gərək ara bir ölkədən kənara da çıxa, düzü-dünyanı qarış-qarış gəzə ki, bir az toxdaya, hər adi şeyi görməmiş kimi haray-qışqırıqla qarşılamaya... Belə şeylərə olan marağım çoxdan sönüb. İndi pul qazanmaq lazımdır, pul. Yaxşı yaşamaq istəyirsənsə, işləməli, zəhmət çəkməlisən!

-Hı, taa de ki, qocalmısan də!-Gənclərdən, nisbətən yaşlısı istehzayla dilləndi.

-Qocalıq məsələsi deyil... Siz bunu telefondan izləyirsiniz, amma mən belə şeyləri Rusiyada olarkən canlı görmüşəm. Bu cür qızlar orda itinə tökdür. Özləri də bizimkilər kimi adamdan pul-zad tələb eləmirlər. Uzaqbaşı yüngülvari bir qonaqlıq-şampandan, çaxırdan, kolbasadan bir şey verirsən, qurtardı, getdi...

Bura baxın, uşaqlar, görürəm ki, bekarçılıqdan evinizə dağılışıb yatmaq da istəmir, axmaq-axmaq işlərlə vaxt öldürürsünüz. Yaxşısı budur, gəlin maraqlı bir iş görək!

-Nə iş?-Gənclər xorla soruşdular.

-Burdan limanacan neçə kilometr olar?

-Yeddi, səkkiz kilometr.

-Lap yaxşı... Deyin görüm, kim bu gecə vaxtı yüz manat pul qazanmaq istəyir?

-Məəən,.. mən,...məəəən, - gənclər tərəddüd etmədən bir-bir dilləndilər.

-Əla! Elə isə deyin görüm, kim gecənin bu vaxtı limana gedib, qayıdar?

Əvvəl-əvvəl kimsədən səs çıxmadı. Gecənin qurd ulayan bu vaxtında kimsəsiz, qarlı-şaxtalı, qurd-quşla dolu çöl-biyabanla limana getməkmi olardı! Hətta, yamacın ac-yalavac tülkü-çaqqalı da it kimi qudurub, adama hücum çəkərdi. Amma buna baxmayaraq, gənclərin arasından ən kiçiyi-on səkkiz yaşlı Ağaşir dilləndi:

-Mən gedərəm.

-Getmək azdır. Getmək, həm də qayıtmaq lazımdır. Özü də ora-limana çatan kimi, limandan bizə zəng edərsən.

-Edərəm.

-Yoox, başımı aldada bilməzsən. Ola bilər, hardasa yaxınlıqda gizlənib zəng edər, mənə kələk gələrsən! Ona görə də limana çatan kimi telefonu verərsən limanının şefi Əhməd dayıya, o, bizimlə danışar, həqiqətən sənin limanda olub-olmadığını bizə bildirər.

-Oldu. Amma söz ver ki, kişi kimi dediyinin üstə duracaq, yüz manatı mənə verəcəksən.

-Söz verirəm, -Super Market sahibi cani-dildən bildirdi.

-Əəə, camaatın uşağını yerindən oynatma, gedər, qurda-quşa rast olar, yetim uşaqdır. Anasının bircə balasıdır, - gənclərdən yaşca böyük olanı Market sahibinə dedi.

-Mən kimisə məcbur eləmirəm ki!-Market sahibi dilləndi. -Açığı, görürəm ki, işsiz, avara gəzib dolaşırsınız. Ona görə də iş görmək, pul qazanmaq lazımdır. Mən sizin yaşınızda olanda Rusiyada alver eləyir, pul qazanırdım. Özü də elə çətinliklər, elə ölüm-qalım anlarıyla üz-üzə, baş-başa qalmışam ki, gecənin bu vaxtı tək-tənha limana gedib qayıtmaq onun yanında toy-bayrama getmək kimi bir şeydir. Öyrəşmisiniz, hər şey sizinçün hazırdan gəlsin. Bu reşotkanı pəncərəyə niyə vurdurmuşam?.. Atama lənət, sizin əlinizdən bu dükanda salamat bir şey qalsa. Ac qurd kimi dükana elə daraşarsınız ki, diş qurdalamağa bircə çöp də tapmaram... İşiniz-gücünüz yoxdur ki... Gün axşama küçələrdə veyillənmək, telefon oynatmaq, pozğun şeylərə baxmaqdan savayı nə bilirsiniz?.. Gedin də, gedin siz də adam balası kimi özünüzə bir iş tapın... Bura baxın!.. Bu mənim mobil telefonum, bu da səninki, ay Kərim, - Market sahibi ucuzvari telefonunu gənclərdən ən böyüyünə göstərdi: -Cəmisi yüz on manat qiyməti var. Mənimçün nə fərqi-zəng getsin, zəng gəlsin. Amma sən Kərim, geyməyə düz əməlli şalvar tapmırsan, telefonun isə üç yüz-dörd yüz manatlıqdır.

-Sən simicsən, bizə nə olub?-Kərim adlı gənc dilləndi. –Bir də ki, mənim telefonumda olan funksiyalar sənin telefonunda yoxdur...

Bura bax, Ağaşir, ağlın olsun, bu adam səni hərifləyir. Getmə limana, o, sənə pul-zad verən deyil. Özüm ölüm ara yerdə qurda-quşa yem olacaqsan, qanın batacaq, - Kərim deyilən Ağaşirə üz tutub dedi. Ağaşirsə öz xəyal dünyasında idi. Super Market sahibinin vəd etdiyi yüz manat pul onu çox həvəsləndirmişdi. Bu pul ona çox gərəkli idi. İki ildən bəri atasının qəbrinə baş daşı düzəltdirə bilməmişdilər. Ağaşirin anası elə hey ağlayıb-sızlayırdı ki, yazıq kişinin baş daşını düzəltdirməyə düz-əməlli pul tapa bilmir. Çörək pulunu zorla qazanırdılar, o da qalsın Ağaşirin atasına başdaşı düzəltdirsinlər. İndi, deyəsən alababat bir başdaşının düzəltdirilməsi üçün lazım olan pul Ağaşirin bir addımlığındaydı. Allah bilir, Ağaşirin anası bu yüz manatın sevincini necə böyük bir coşqu ilə yaşayacaqdı.

-Mən gedirəm, amma sözümüz sözdür, aaa, - Ağaşir Super Market sahibinə dedi.

-Deməli, gedirsən!-Market sahibi soruşdu.

-Hə.

-Uşaqlar, nə deyirsiniz, gözləyək Ağaşirin gedib-qayıtmasını?

-Gözləyək. Amma gərək bizə də yarım litr araq, bir az da kolbasadan, çörəkdən verəsən ki, yeyib-içib qızışaq, bu soyuqda bala-bala donumuzu açaq, - Kərim deyilən gənc dilləndi.

-Baxarıq, - market sahibi dilləndi və öskürə-öskürə marketin pəncərəsinə yaxınlaşıb siqaret istəyən arıq, kefqalı kişi üçün vitrindən siqaret götürməyə getdi...

... Ağaşir limana aparan yola yaxşı bələd idi. Yolu əlinə alıb səssiz-səmirsiz irəliləyirdi. Başında hörmə papaq, ayağında yarımboğaz köhnə ayaqqabı, əynində çox da qalın olmayan bir nimdaş gödəkcə vardı ki, dirsəkləri, ətəkləri didilmiş, süzülüb nazilmişdi. Ağaşirin əyninə böyük olmasına baxmayaraq, Ağaşir onu geyməyə məcbur idi. Atasından qalma gödəkcəni, xəstələnib ölüm yatağına düşməzdən öncə atası həmişə özü geyinərdi.

Liman Ağaşirə çox doğma idi. On iki yaşından limanda böyümüşdü. Atası sətəlcəm olub yatağa düşdüyü anacan Ağaşir, atasıyla birgə limanda yatıb-durmuşdu. Atası limandakı ovçular evinin həm gözətçisi idi, həm də avarçəkəni.

Qış aylarında limana ovçular gəlirdi. Burda onların gecələmələri üçün hər şərait vardı. Adətən, ovçular gecə saatlarında gəlir, dan sökülər-sökülməz qayıqlara minib yaxınlıqdakı göldə üzür, ördək, qaşqaldaq ovlayırdılar. Ağaşirin atası da həmin ovçulardan birinin qayığını sürür, avar çəkirdi. Həmişə də atası, soyuqda, sazaqda donmamaq üçün əvvəlcədən əldə etdiyi araqdan içir, qızışır, sonra işə başlayırdı. Ovdan sonra isə Ağaşirin işi başlayırdı; ovçuların ovladıqları ördəkləri, qaşqaldaqları Ağaşir, atasından öyrəndiyi kimi çox məharətlə yolur, ütür, təmizləyir, hər quşun təmizlənməsi müqabilində ovçulardan əlli qəpik zəhməthaqqı alırdı.

Limandakı ovçular evində onların dar bir otaqları vardı. Bu otaq qatardakı kupeləri xatırladırdı: yatacaqlar üst-üstə idi. Alt yatacaqda Ağaşir yatırdı, üstdəkində isə atası.
Ağaşirin atası arıq, çəlimsiz bir kişi olsa da çox qoçaq idi. Çətinlikdən qorxan adam deyildi. Aylıq maaşdan əlavə onun gündəlik gəliri on manat idi-o da limana ovçu gələndə olurdu. Kiçik qayığı idarə etdiyi üçün ovçular ona zəhməthaqqı verirdilər. Atası da bu pulu ara-sıra arağa verib içir, əksər vaxtlarda isə, hərdən-hərdən ovçuların verdiyi ov quşlarıyla birgə ailəsinə aparır, çətinliklə də olsa, kasıblığın öhdəsindən gəlirdi.

O bədheybət ovçunun limana gəlişindən sonra dəyişdi hər şey. Bayırda maşın uğultusu eşidiləndə Ağaşir öz “kupe”lərində bir küncdə qoyulmuş elektrik pilətəsinin üstündəki qazançada soyutma kartof bişirirdi. Atası isə öz yatacağında yatır, xoruldayırdı. Ağzı açıla qalmışdı. Dişləri çoxdan tökülmüş, yalnız ön tərəfdə, alt damağında bircə dənə dişi qalmışdı ki, o da yarpaq kimi sapsarı saralmış, sanki onu da xəzan vurmuşdu. Diqqətlə baxanda, atasının aldığı və pırıltıyla buraxdığı nəfəsin təsirindən həmən diş də əsim-əsim əsir, titrəyirdi.

-Ata, ata, - Ağaşir bayırdakı maşın uğultusunu eşidincə, sevincək atasını oyatmağa çalışdı. Atası handan-hana xorultusunu kəsib, ayıldı:

-Hı. Noolub?

-Ovçu gəlib, deyəsən!

-Gəlib, lap yaxşı. Bu saat, - atası tələm-tələsik yatacaqdan yerə hoppandı və çəkmələrini, kürkünü geyinib bayıra çıxdı. Az keçməmiş həmin bədheybət, qorxunc simalı qarabodur adamla birgə “kupe”yə qayıtdı. Bir qədər söhbətləşdikdən sonra Ağaşirin atası divardakı açarlardan birini götürüb gələn adamla birgə yenidən bayıra çıxdı və onu ovçular üçün ayrılmış yataq otaqlarından birində yerləşdirib qayıtdı. Səhər o başdan isə Ağaşirin axşamdan bişirdiyi soyutma, boyat kartofdan birini soyub yedi, üstündən də yarım litrə qədər araq içib qızışdı və bayırda-göl qırağında yan-yana düzülmüş kişik qayıqlardan birinə yaxınlaşdı. İçinin qarını, buzunu təmizləyib, qayığı ov üçün hazırladı. Sonra həmin bədheybət ovçu da gəldi və ehtiyatla qayığın ön hissəsində düzəldilmiş oturacaqda əyləşib, rahatlandı. Sonra Ağaşirin atası əllərinə yun əlcək geyib avarı götürdü və qayığı hərəkətə gətirdi. Az keçməmiş, qamışlığın arasıyla uzanan nazik, ensiz su yolu ilə irəliləyib böyük bir ərazini əhatə edən, dərinliyi iki metr ancaq olan, buna baxmayaraq, dibi tamamilə lil qatıyla örtülmüş açıq gölə çıxdılar. Gölün sinəsində üzən saysız-hesabsız ov quşlarının səsi düzü-dünyanı başına götürmüşdü.
Bədheybət ovçu çox sərrast atırdı. Bir gülləsi də boşa keçmirdi. Onun vurduğu quşları Ağaşirin atası bir-bir qayığa yığır, əlləri buz bağlayanda, içkinin təsiri azalmağa başlayanda ovçudan xəlvət cibində gizlətdiyi araq butılkasını çıxarır, guya su içirmiş kimi butılkanı dodağına dayayır, araq içirdi.

Ağaşirin atasının əhvalı çox yaxşı idi. Dil boğaza qoymur, bir ucdan bədheybət ovçunu tərifləyir, öyürdü:

-Hələ, indiyəcən buralara sizin kimi mahir bir ovçu gəldiyini görməmişəm. Əhsən, min əhsən! Siz quşu lap gözündən vurursunuz, - Ağaşirin atası qayığı kiçik bir adaya sarı yönəltdi ki, ora düşən yaralı ördəyi götürüb qayığa atsın. Adaya yaxınlaşdılar. O, əyilib quşu götürmək istəyəndə qayıq ləngər vurdu.

-Eyy, yavaş, qayığı aşırdarsan, - ovçu silkələnməkdə olan qayığın tarazlığını bərpa etməyə çalışaraq, təşvişlə dilləndi. Ağaşirin atası bir daha yaralı ördəyə sarı əyildi və bu dəfə müvazinətini saxlaya bilməyib aşdı və şappıltıyla suya düşdü. Eyni vaxtda qayıq da çevrildi və ovçu da bir anda suya düşdü. Onların haray-qışqırığına ətrafdakı ovçular köməyə gəldilər. Uzun cəhddən, çalışmalardan sonra ovçu da, Ağaşirin atası da xilas edildilər. Ovçunun aqibətinin necəliyindən Ağaşir xəbər tutmadı, amma atasının aqibəti bəlli idi. Həmən gündən yatağa düşən, sətəlcəm olan, iynə-dərman üçün bircə manat da pulu olmayan atası isə, cəmisi on gün sonra canını tapşırdı. Bununla da Ağaşirin maraqlı liman həyatı sona yetdi.

İndi Ağaşir yenə limana gedirdi. Sağ əlində nazik tiyəli iti, balaca cib bıçağını elə hazır vəziyyətdə tutmuşdu ki, sanki elə indicə hansısa bir yırtıcı vəhşi qəfildən onun üstünə atılacaqdı.

Ətrafdakı kimsəsizlik, uzaq, kələ-kötür yollar, qar işığına bələnmiş gecə vahimə yaradırdı. Amma qaranlıq gecələrdən də qapqara olan bu vahiməni yarıb keçən bir inam, bir ümid işığı Ağaşirin qara-qorxusuna hakim kəsilir, onu limana doğru qorxmadan, cəsarətlə irəliləməyə sövq edirdi. Arabir yanından pırıltıyla uçub gedən gecəquşlarının pırıltısına səksənib həyəcanlansa da Ağaşir, elə bil özünə söz vermişdi ki, yan-yörəsinə baxmadan yolun damarını qırmağa çalışacaq. Yaxşı bilirdi ki, bircə dəfə ətrafına və ya dönüb arxasına baxınca, kimsəsiz çöl-biyabanın qara-qorxusu, vahiməsi onu qurd kimi basmarlayıb minəcək, ağzını açıb udacaq.

Limana hələ çox qalırdı. Artıq gecə saat bir idi. Ağaşir dayanmadan irəliləyir, şaxtanın təsirindən üşüyüb qızarmış burnunun ucunu ovur, hərdən donmaqda olan əllərini sürətlə dizinə sürtüb qızışdırır, qanını hərəkətə gətirirdi. Bu an xeyli arxada maşın uğultusu eşidildi. Bir azdan uğultu lap yaxınlıqda eşidilməyə başladı. Amma Ağaşir bircə dəfə də dönüb arxaya baxmadı. Maşının kimə məxsusluğu, hansı markalı maşın olması onunçün əhəmiyyətli deyildi.

Qiymətli, nəhəng və tər-təzə bir qara cip avtomaşını Ağaşirin düz yanında dayanıb nərildədi və tez də sakitləşib dayandı. Sürücü pəncərə şüşəsini endirib soruşdu:

-Eyy, gecənin bu vaxtı hara gedirsən? Qorxmursan ki, qurd-quş səni yeyər?

-Niyə, nədən qorxmalıyam ki?-Ağaşir sürücüyə baxmadan yoluna davam etdi. Sürücü onun bu etinasızlığından yamanca şaşırdı və Ağaşirin dayanmadan irəlilədiyini görüncə mühərriki yenidən işə salaıb çox aramla maşını hərəkətə gətirdi və Ağaşirlə yanaşı sürməyə başladı. Sorğusundan da qalmadı:

-A kişi, bir bəri bax görüm kimsən, hara gedirsən?

-Limana gedirəm.

-Lap yaxşı, mən də ora gedirəm. Gəl, min maşına aparım. Yazıqsan, cavansan, qurda-quşa yem olarsan!

-Yox. Mərc gəlmişəm. Söz vermiş, and içmiçəm ki, düz limanacan pay-piyada gedəcək, eləcə də geriyə qayıdacağam.

-Kimlə, nədən mərc gəlmisən?

-Yüz manatdan mərc gəlmişəm. Bu saat tay-tuşlarım qəsəbədə yolumu gözləyirlər. Özləri də söyüş qoyublar ki, yolda maşına-zada minməyim.

-Axı onlar nə biləcəklər ki, sən limana maşınla getmisən?

-Bəs kişi sözü?

-Afərin!

-Bəs yoox?

-Neçə yaşın var?

-On səkkiz.

-Amma ürəkli oğulsan, aaa... Öz aramızdır, mənə tanış gəlirsən, amma elə bil özünə söz vermisən ki, dönüb kimsənin üzünə baxmayacaqsan!

-Siz limana tez-tez gəlirsiniz?
-Hə. Demək olar ki, hər qış vaxtı beş-altı dəfə.

-Hə. Deməli, biz tanışıq, - Ağaşir bu dəfə ani olaraq, sürücüyə sarı döndü və həmin bədheybət ovçunu o dəqiqə tanıdı:

-Siz sağsınız?!..

-Ölməliydim ki?-sürücü təəccüblə soruşdu.

-Amma mənim atam öldü!

-Atan öldü?!.. Kim idi atan, niyə öldü?

-İki il öncə, yadınızdadır, atamla birgə gölə düşmüşdünüz?!

-Həə. Demək, sən avarçəkən Ağamirin oğlusan!

-Elədir, Ağamirin oğluyam.

-Onda, mən ölüm, gəl min maşına, aparım səni. Vallah qurd-quş parçalayacaq səni...
Sən öl, yüz manatı mən verərəm sənə, gəl... Burax inadı. Cəhənnəm olsun, yoldaşlarının sənə vəd etdiyi o yüz manat pul.

-Yox, əmi, o pulu mən öz halal zəhmətimlə qazanmaq istəyirəm, çox sağ olun!

-Özün bil, məndən təklif etməkdir! Elə isə, ehtiyatlı ol!.. O əlindəki nədir elə?

-Bıçaqdır, - Ağaşir bıçağı yuxarı qaldırıb sürücüyə göstərdi.

-Yaxşı, bəs demədin atan nədən öldü?

-Sətəlcəmdən. O vaxt suya düşəndən sonra sətəlcəm oldu, sağaltmağa, dava-dərman almağa da pulumuz olmadı.

-Hə. Mən özüm də, az qalmışdı ki, sətəlcəhənnəmlik olum, - sürücü zarafatyana dedi və gülümsədi. –Amma atandan fərqli olaraq, bəxtimdən mənim pulum var idi dava-dərman almağa. Ona görə də sağaldım... Demək, minmirsən maşına?.. Onda salamat qal! Özün də ehtiyatlı ol ki, yazıqsan, vaxtsız sətəlcəhənnəmlik olmayasan, aaa!

Maşın bərkdən uğuldadı və dişli təkərlərilə qarlı, buzlu yolda şırım aça-aça limana doğru “qəzəblə” irəlilədi. Ağaşir də yoldan çıxmadan, yenə də arxaya, ətrafına baxınmadan, əlindəki bıçağı bərk-bərk tutub, kiminsə, nəyinsə qarnını indicə yortacaqmış kimi bir halə gətirib irəliləməyə davam etdi. Burdan limana isə hələ üç-dörd kilometr yol qalırdı...
XS
SM
MD
LG