Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 14:48

İctimai Şura üzvləri və icazəsiz aksiyalar


Polisin 4 mindən çox ictimai köməkçisi var
Gözlə

No media source currently available

0:00 0:01:45 0:00
Direct-ə keçid

Daxili İşlər nazirinin müavini Oruc Zalov deyir ki, ictimai şuralar cinayətin profilaktikasında polisə yardım edir. Hazırladı: Durna

Mingəçevir şəhəri üzrə polis yanında İctimai Şuranın üzvü Gülnaz Hacıyeva məktəbdə müəllimə işləyir, İctimai Şuraya təzəcə üzv olduğunu deyir:

«Bu iş üçün də təklif aldım. Bizim sahə müvəkilimiz təklif etdi və mən də bu təklifi böyük məmnuniyyətlə qəbul etdim. İnanıram ki, bu işləri ən fəal İctimai Şuranın üzvü kimi həm məktəbimdə, həm də icmamda davam etdirəcəyəm».

Gülnaz Hacıyevanın dediyinə görə, uşaqları həm məktəbdaxili nizam-intizam, həm də insan alveri, narkomaniya ilə bağlı məlumatlandırır, bu problemlərlə mübarizə aparırlar.

4 MİNDƏN ÇOX İCTİMAİ ŞURA ÜZVÜ VAR

İyunun 9-da Bakıda ATƏT-in Bakı Ofisinin təşkil etdiyi «Cəmiyyət dəstəkli polis» layihəsinə dair beynəlxalq konfransda çıxış edən daxili işlər nazirinin müavini Oruc Zalov bildirib ki, son illər ərzində 4 mindən çox qabaqcıl cəmiyyət üzvü İctimai Şuralara üzv olub:

«Hər bir rayonda, ayrı-ayrı kəndlərdə, şəhərlərdə, ayrı-ayrı məhəllələrdə, binalarda ictimai şuraların özəyi qurulub, profilaktik tədbirlər həyata keçirirlər»

ŞURA ÜZVLƏRİNDƏN İSTİFADƏ OLUNUR

İctimai Şuralar 2010-cu ildə «Polis haqqında» qanuna dəyişiklik edildikdən sonra yaradılıb.

Mahmud Hacıyev

Qanunun 10-cu maddəsinə 5-ci bənd əlavə edilib: «Yaşayış yeri üzrə ictimai asayişin və ictimai təhlükəsizliyin təmin edilməsi ilə bağlı yaranan sosial problemlərin birgə həlli üçün ayrı-ayrı şəxslər könüllülük əsasında polis orqanları tərəfindən ictimai asayişin və təhlükəsizliyin təmin olunmasına cəlb olunurlar».

Keçmiş polis rəisi, polkovnik Mahmud Hacıyev hesab edir ki, sovet dövründə kommunizm ideologiyası güclü olduğundan aktiv komsomolçular «xalq drujinaları»na gəlirdi, indi isə cəmiyyətdə polisə etimadsızlıq olduğundan kiminsə könüllü olaraq polisə yardım etməsi inandırıcı görünmür:

BURDA VƏTƏNDAŞLAR POLİSDƏN QAÇIR...

«Burda vətəndaşlar polisdən qaçır, imic məsələsi var. Xaricdəki polisin insanlar arasındakı imici ilə Azərbaycan polisinin vətəndaşlar arasındakı imicini eyni götürmək olmaz. Gərək etimad, hörmət, inam olsun ki, insanlar polislə kontakta girsin və onun fəaliyyətinə yaxından köməklik etsin. Bizdə hansı vətəndaşı görmüsünüz ki, istər cinayətlərin açılmasında, baş verə biləcək cinayətlərin qarşısının alınmasında, istər ictimai asayişin qorunmasında polisə yaxından köməklik etsin? Kömək edən Ata Abdullayev idi, onu da gördük.

Polis yanında İctimai Şura üzvü Ata Abdullayev dəfələrlə müxalifətin icazəsiz aksiyaların qarşısının alınmasında iştirak edib. Onun bir müddət əvvəl aldığı 7 illik şərti cəza isə başa çatmayıb. Ata Abdullayevin şura üzvü olduğunu Daxili İşlər Nazirliyi də təsdiqləyib».

AKSİYALARA GETMƏK İCTİMAİ ŞURA ÜZVLƏRİNİN VƏZİFƏSİNƏ DAXİL DEYİL

ATƏT eksperti, cəmiyyət dəstəkli polis müşaviri Süleyman Özbey

Mingəçevir şəhər Polis şöbəsinin rəisi Ələsgər Bədəlov isə keçmişdə cinayət törətmiş şəxslərin, məhkum olmuş şəxslərin İctimai Şuraya qoşulmasını mümkünsüz sayır. Digər tərəfdən şura üzvlərinin icazəsiz aksiyaların dağıdılmasında iştiraklarını da istisna edir:

«Bakının özündə də ərazi şuralarına cəlb olunman insanlar çox ziyalı, hətta elmi dərəcəsi olan, müxtəlif sahələrdə işləyən adamlardır ki, onlar ictimai asayişin qorunmasında o cür tədbirlərə cəlb oluna bilməz. Aksiyaların dağıdılması İctimai Şuranın vəzifə və səlahiyyətinə daxil deyil».

ATƏT eksperti, cəmiyyət dəstəkli polis müşaviri Süleyman Özbey isə bildirir ki, «Cəmiyyət dəstəkli polis» layihəsinin məqsədi cəmiyyətlə polisi bir araya gətirib, bölgədə problemin həllinə yardım etməkdir:

«Aksiyalara müdaxilə etmək birbaşa polisin işidir. Nə polisin kimsəni belə səlahiyyətləndirmək, nə də şura üzvünün bu cür fəaliyyət göstərməyə haqqı yoxdur».

ATƏT Azərbaycanda «Cəmiyyət dəstəkli polis» layihəsini 2006-cı ildən həyata keçirir.
XS
SM
MD
LG