Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:58

«Atamın həbsini «Facebook»dan oxudum»


"O bizi həbsinə hazırlamışdı"
Gözlə

No media source currently available

0:00 0:03:45 0:00
Direct-ə keçid

Həbs olunmuş hüquq müdafiəçisi Vidadi İsgəndərlinin ailəsindən Ülkər Akifqızının videoreportajı

Hüquq müdafiəçisi Vidadi İsgəndərlinin 2 qızı və həyat yoldaşı aprelin 17-dən bəri onu nə görə, nə də eşidə bilir.

2 aya yaxındır atasından xəbərsiz 6 yaşlı Aylanı heç bir yalan ovundurmur: bütün qohumlar əlbir olub balaca Ayladan atasının - hüquq müdafiəçisi Vidadi İsgəndərlinin həbsini gizlətməyə çalışır.

«MƏN ATAMDAN KÜSMÜŞƏM»

«Söz tapmıram onları necə ovudum ki, ata hardadır. Necə onları başa salım ki, ata nə üçün gedib. Böyük qızım başa düşür. May ayının 27-də kiçik qızımın ad günü idi. Həmişə təmtəraqlı olub onun ad günü. Həmin gün kövrək oldu, çox ağladı ki, mən atamdan küsmüşəm, atam mənim yanımda deyil. Ondan sonra müəlliməsi ona dedi ki, sənin atan hədiyyə göndərib sənin üçün, mənə də zəng eləmişdi. Qızım şokda oldu ki, atam niyə sənə zəng edir, mənə yox».

NƏ DANIŞA, NƏ DƏ GÖRÜŞƏ BİLİRLƏR

Kəmalə İsgəndərli ilə Vidadi İsgəndərli 12 ildir ailə həyatı qurublar, 9 və 6 yaşlı iki qızları var. Aprelin 17-dən ailəsi Vidadi İsgəndərli ilə nə danışa bilir, nə də görüşə bilir. Yeganə ünsiyyət vasitəsi dədə-baba qaydasında məktublaşmalarıdır:

«Tək-tək hamıya yazır. Anasına, qardaşına yazıb. Böyük qızıma ayrı, balaca qızıma ayrı yazıb. Mənə də yazıb. Yazıb ki, narahat olmayın məndən. Çünki bilir ki, ondan çox narahatıq».

Kəmalə İsgəndərli deyir ki, həyat yoldaşının müxalif baxışlarına görə qohum-qonşudan onu qınayanlar, «bu sənə lazımdır?» deyənlər də tapılsa da, ümumilikdə hər kəsin dəstəyini görüb. Yeganə təlaşı isə yoldaşının səhhəti ilə bağlıdır. Vidadi İsgəndərli şəkər xəstəliyindən əziyyət çəkir:

«DƏRMANI BİTƏNDƏ YAZIR, ALIB GÖNDƏRİRİK»

«İçəridən yazır ki, hansı dərmanı qurtarıb. Qardaşı alır, vəkili ilə göndərir. Ən çox soyutma xörəklər lazımdır ona, yağlı olmaz. Və sulu xörəklər. Buna da icazə vermirlər göndərməyə. Çünki şüşə qabda icazə vermirlər, çətinlik çəkirik içəri keçirməyə. Ermənistanda əsir düşmüş azərbaycanlıları nəzərə alırlar, Azərbaycanda isə xəstə insanı nəzərə almırlar ki, bu insan xəstədir, səhhəti necə olacaq, bu, onları narahat etmir».

Vidadi İsgəndərli

1 ildir skripka dərsləri alan 6 yaşlı Aylanı söhbətə tutmaq da, skripkada ifasını dinləmək də müşkül məsələ oldu. Anası deyir ki, atasının xiffətini çəkən Ayla elə kövrək olub ki, bir toxunuşa gözünün yaşını axıtmağa hazırdır. Elə belə də oldu...

«ATAM ÖZÜ DEMİŞDİ Kİ... »

3-cü sinif şagirdi Həbibə də dərsdən sonra musiqi ilə - piano ilə məşğul olur. O, evin böyük qızı kimi hadisələrdən daha çox xəbərdardır:

«Kiməsə günahsız yerə bir şey edəndə ata onu düzəldirdi. Atam özü demişdi ki, mən mitinqə gedirəm, tutula bilərəm. Mən bildim ki, o tutulacaq. Həm də ki, internetdə yazırdılar, atamın «Facebook»dakı yerində yazırdılar, mən də ordan oxuyurdum».

Həbibə atasının həbsdən tezliklə çıxacağına ümid edir. Hətta onun atasıyla görüşünə ümid etdiyi bir tarix də var: 2 iyul. Həmin gün atasının 2 aylıq həbs müddəti bitir.

Kəmalə İsgəndərli isə tərəddüd içindədir. Xüsusən də iyunun 9-da ərinə qarşı yeni ittiham irəli sürüləndən sonra narahatlığı artmağa başlayıb. Yeni ittiham Cinayət Məcəlləsinin 132-ci (döymə) maddəsidir. Bir nəfər Vidadi İsgəndərlinin üzünə duraraq ötən ilin noyabrında keçirilən parlament seçkiləri zamanı hüquq müdafiəçisinin onu döydüyünü iddia edib.

Bundan əvvəl isə Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi ona Cinayət Məcəlləsinin 159.4.1 və 160.2.1 maddələri ilə iş qaldırıb. Mayın 2-də Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 2 ay müddətinə həbs edilən Vidadi İsgəndərli həm də seçki hüquqlarının həyata keçirilməsinə mane olma, seçki komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmədə günahlandırılır.
XS
SM
MD
LG