Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:28

Aliq Nağıoğlu "Milyonlar sənlik deyil" (Hekayə)


Bu hekayə "Ədəbi Azadlıq-2011" müsabiqəsinə təqdim edilsə də, onluğa düşməyib. Müəllifin istəyiləonu "Oxu zalı"nda dərc edirik.


Aliq Nağıoğlu

MİLYONLAR SƏNLİK DEYİL

...Birdən qadın məlum səbəbdən qırıq- qırıq nəfəs almağa başladı. O, bu ümidsizliklərə alışmışdı.

- Az gözlərinin qorasını tök... Ağlaya- ağlaya ağlar günə qaldın...- kişi həyətdəki daxmaya getməyə hazırlaşırdı.

- Əlimdən nə gəlir... Sənə deyirdim mal-qaranı, qoyun- quzunu əlsizlərin yerinə saldırma, qarğışları eşidirdim, səninsə vecinə deyildi, qulaq asmırdın...- qadın hıçqırmaqda davam edirdi.

- Onda gərək Qədirli obasının camaatı ellikcə yastılanaydı... Gic- gic şeyləri burax getsin, sən Allah...- kişi razılaşmırdı.

- Sənin özgələrlə nə işin, bizə pis əməl düşmədi. Dünən fermaya baş çəkməyə getmişdim, dedim bir az havamı dəyişim, ürəyim partlamaqdan qalırdı. Bundan sonra hər gün gedəcəyəm. Çobanın balaca qızı nə desə yaxşıdır: baba hər gələndə bizə konfet verib tapşırırdı ki, hava qaralana yaxın qonşunun fermasının damına dırmaşıb, üstünün şiferlərini qırın, sənsə heç nə vermirsən, onunçun iş də buyurmursan... Bu da yalandır?

- Axırıncı dəfə fermaya getməyim yadıma gəlmir, şər danışma...

- Uşaq belədir də, hələ bir il ora gedib- gəlməsən, əvvəl dediklərini ona- buna danışacaq... Başa düşmürəm, sənin kimnənsə ədavətin varsa, burda cansız əşyanın nə günahı?! Axı, bu nə adətdir səndə, yaşlaşdıqca çox şəbehlər göstərəcəkcən?...

- Mənim işlərimə qarışma...- səsi titrəyirdi.

- Hikkəndən əl çəkmirsən, həm canın gedib, xəstəliklər tapıbsan, həm də pulun- paran, ortadasa üz qarası qalıb. Özünü aldadırsan, vəssalam. İndi də giribsən evə... Yaxşı ki, o xırda işin var, bir saat başını girləyirsən. Zira nə qədər belə yaşayacaqsan?.. Dərd içini yeyəcək... Mən dözə bilmirəm, eşidirsən?..

Kişi təşvişlə başını qaldırıb boylandı, üzə vurmasa da qadının indiki halını tədricən anlayırdı. Deyəsən, bədbəxt hadisə baş verəndən sonra onun dünyaduyumunda ciddi dəyişikliklər baş verirdi. Bəzi şeylər vardı ki, kişi ona səbr edirdi, nədən yara hələ isti idi, həyatlarında ağır itkini əvəz edəcək nəsə yoxdu; pul- para, mal- mülk, sağlam can bu itkini qismən belə doldura bilmək qüdrətində deyilmiş, öz içisə boş imiş!

Gündüzlər kişi vaxtını həyətin ortasında tikilmiş təkotaqlı daxmada keçirirdi. Bura rahatdı; sakitlyi bir yana, ayaqyoluna, hamama yaxındı. Çox da iri olmayan pəncərəsi düz dəmir darvazaya baxırdı. Bu səhər girər- girməz ordan bağırtısı qalxmışdı:

- Kimsə gecə bura girib.- Dəqiq xatirindəydi ki, gecə çıxanda içəridən qapının arxasına kətil dayamışdı. Guya oğru girsəydi, qapı açılanda kətil aşmalı, səs salmalı idi. Amma kətil yerində deyildi, aşmışdı, o, təşvişə düşüb içəri nəzər salmadan vay- şivən qoparmışdı.

- Nə olub, qoymazsan təndirdən sonra yarım saat ölüm?- səsə yüyürən qadının gözləri yenə nəmli idi.

- Daxmaya oğru girib!

- Nədən bildin, qızıllarını aparıblar?

- Kətili həmişə qapının dalına söykəyirəm, açanda yerində deyildi, aşmışdı, dəqiq bilirəm ki, ordan çıxanda dayamışdım. Şükür Allaha yaddaşımı itirməmişəm...

- Çox şükür ki, itirməmisən! Narahat olma, mən təndiri yandırmaq üçün sübhdən nöyüt üçün ora girmişdim. Kətil dediyin yerdə idi, yəqin mən aşırmışam.

İkibirlikdə olanda qadın müxtəlif vaxtlarda danışdıqlarını təkrarlamaqdan yorulmurdu:

- Özümə bir şeyi bağışlamayacağam. Ferma qonşumuz vardı ey, bir dəfə ondan gic- gic soruşdum: “ Qonşu, bu imkanla, sən, o üç tifili necə yerbəyer edəcəksən?” Mən ironiya ilə soruşmuşdum... O vaxt sən məni buna kökləmişdin. Amma o, ciddi cavab vermişdi. Cavabını heç zaman unutmayacağam. Guya onun yaşında öz həyatımız rəvan gedirdi! Ox Allah, mənə səbr əta elə... Axırıncı dəfə kəndə gələndə oğlan nəvəmiz bacısına deyirdi ki, atanın bizi vaxtsız atıb
getməsini ona heç zaman bağışlamayacağam, guya öz istəyilə bunları tərk edib... Bədbəxt haqqında indiki zamanda, var olan adam kimi danışırdı. Bilirsən niyə bu cür düşünür, uşaq təzə- təzə alışırdı atasının yaratdığı şəraitə...

Ən qəribəsi o idi ki, səbrsiz, hövsələsiz kişi getməyə tələsmirdi. Qadına getdikcə danışmaq çətin olsa da, öz aləmində idi:

- Uşaqlar balaca olanda şəkər tozundan rəngli noğullar bişirib məktəbdə satardım. İki uşaq bir yana, amma rəhmətlik həmişə mənə irad tuturdı ki, ana, utanıram axı, söz ver ki, bir də məktəbə rəngli noğullar gətirməyəcəksən... Nə illah elədisə mən bişirməyimdən əl çəkmədim, öz arzularım baş tutmayanda ailəyə nəyləsə kömək üçün baş sındırırdım. Amma gərək onda əl çəkəydim bu işdən, indi mənə yer eləyir ki, o zaman uşağın qəlbinə dəydim. Görəsən, niyə biz bu qədər tamahdan iti olduq?

- İnsan tamahının sərhədi yoxdur!- Səsində məğrurluqdan daha çox özünütəsdiq duyulurdu.

- Bizim tifillərə böyüdükcə daha çox pul lazım olacaq. Düzdür ki, rəhmətliyin bir xeyli pulu qalıb, amma artığın nə ziyanı, bizim də ömrümüzü bilmək olmaz. Ona görə işləməliyik, qazanmalıyıq! Ancaq elə bilirəm ürəyim qurtarıb. Əslində ilk dəfə rəngli noğullar bişirməyə başladığımdan iyirmi il ötür. Kişi, baxanda bu iyirmi ildə həyatımızda nə dəyişib ki?!.

- Aglına nə girdi çərənləyirsən! Heç başına vurursan nə danışırsan?

- Başım olsaydı nə dərdim...- Qadın çönüb ona acıqla baxdı. Səsində mütilik tonu hiss olunmurdu. Kişi həyətə düşmək üçün qapını açdı.

- Mən fermaya baş çəkməyə gedirəm, soyuducuda birnəfərlik yemək qalıb, yeyərsən, ürəyim heç nə istəmir, - neçə gündən bəri bişirilən xörək qurtarmırdı.

Həyət evi sərin olurdu. Əslində hadisədən sonra hərəsi bir otağa çəkilmişdi. Qadın dözə bilmirdi, durduğu yerdə gözlərinin yaşı sel kimi axırıdı. Xeyir- şərə getməyə də yadırğamışdı. Kişi də təknəfərlik çarpayıda uzanan kimi öz aləminə qapılırdı; yeniliyə hazırlaşırdı, zira bu dəyişikliyi ifadə edəcək qərar lalın dilindəki söz kimi ölmüşdü.

Ərinin qırxından sonra gəlin uşaqlarını da götürüb şəhərdəki evinə yığışmışdı: Rusiya mühitində böyümüş uşaqlar kənd həyatına uyuşa bilmədilər, yeni dostları ilə ünsiyyət qurmaqda çətinlik çəkdilər, dərslərində geriləmələr tez üzə çıxdı. Kiçik qardaş da işini - gücünü buraxıb ailəliklə yanlarına köçdü. Yaxşı ki, pullarının olan vaxtı hər ikisi şəhərdə ev almışdılar.

Bayırda qalın ötkəm səslə çağırırdılar, qadın idi:

- Ay ev yiyəsi! Ay ev yiyəsi!!

- Sözünü de, eşidirəm,- dikəlmədən qışqırdı.

- Evin xanımını istəyirəm!- yad səs davam edirdi.

- Yoxdur, ölüb!- gələn dəmir darvazanın balaca qapısını çırpıb çıxdı. Yəqin qab- qaşıq satanlar idi, ancaq onları evin xanımları maraqlandırır.

Donquldandı ki, onsuz da qadın qayıtmayınca dinclik olmayacaq, ona görə bayıra çıxdı, kölgə düşən yerdə oturdu. Səhərki söz onu bərk tutmuşdu: hərçənd nəyisə araşdırmaq, təhlil etmək onluq deyildi. Səkkiz yaşında hamılıqla qonşu kənddən qovulmuşdular: hafizəsində qalanı o idi ki, kolxoz sədri olan əmisi atasının üstünə tüfəng çəkmişdi. O zamanlar kolxoz sədri kəndin Allahı sayılırdı. Uşaqlığı yeni kolxozun quzularını otarmaqla keçmişdi. Özünü müstəqillikdən sonra yarınanlardan sayırdı. Əvvəl- əvvəl hərbi şəhərcikdə komendant idi, rus
hərbçiləri köçəndə özlərilə bir şey aparmadılar, ona etibar etdilər ki, ev əşyalarını satıb pulunu göndərəcək, neçə illəri onlarla yeyib- içmək karına gəlmişdi. Amma gözləyə- gözləyə qaldılar. İslahatlar dövrü daha çox söküntüləri qamarlamaqla yadda qaldı. Qılıncının dalı- qabağı kəsirdi. Hər şey çox rəvan gedirdi, xaricdən axan pulla iştənilən işi yoluna qoymaq olurdu. Oğlanlar ailələrini də yavaş- yavaş dartıb yanlarına aparırdılar, böyüyən nəvələr əvvəl bağçaya, sonra da məktəbə gedirdilər. Yatıb yuxusuna girməzdi ki, bu rəvan prosesi hansısa qüvvə pozar, hətta dayandıra bilər. Ancaq çərxi- fələk bir anda aləmi qatdı- qarışdırdı.

Tanımadığı gənc evə məhrəm adam kimi düz üstünə gəlirdi. Əlində məşhur qadın müğənninin şəkli olduğu köhnə sellofan torba vardı.

- Kimsən, nəçisən, a bala?

- Salam dayı, dilənçiyəm.

- Dolama, sən canın... Dilənçilər salam verməz... Üst- başından da
oxşamırsan...

- Təzə başlamışam... Bizi gətirən maşın naruşeni elədi. Əslində kəndin girəcəyində saxlamalı idi ki, əynimdəkiləri dəyişim...

- İndi dayıdan istəyin nədir?

- Yer göstərərdi köhnələrimi geyim... - ümidsizcəsinə mızıldandı.

- Utanma, böyüklərimiz buyurub: utanandan dilənçi olmaz. Ancaq sən dilənçidən çox bələdiyyə vergisini yığana oxşayırsan... Başqa bir iş tapsaydın...

- Əsgərlikdən təzə gəlmişəm. Hələlik bunu məsləhət bildilər...

- Buyur, hələlik qəhrəman.- Qabaqlar dilənçiləri nəinki dindirər, pul verər, qapıdan girər- girməz acılayıb qovurdı. Qadını deyinirdi ki, belə eləmə, dilənçilər adi adamlar deyillər, Allah onları qurban olduqlarımızın qiyafəsində qapılara qonaq göndərir, səni sınağa çəkir, nəyə gücün çatır, ver, yola sal. Sonra da başlayırdı eşitdiyi, bildiyi hədislərdən danışmağa..
.
Xatırladı, gəncə paltarını dəyişmək üçün hamamın qapısını göstərdi.

Dilənçi köhnələri dəyişib görünəndə sarsıldığını hiss etmək çətin deyildi:

- Mən həyatım boyu belənçinə hamam görməmişəm...

- Bəs evinizdə harda yuyunursan?

- Mal tövləsində bir yer düzəltmişik...- Pis xatırlatma idi: onlar da uşaqlıq illərini hamılıqla yastı yappa palçıq tövlənin boş gözündə yuyunurdular. Çox vaxt isti su da olmurdu. Havalar qızanda kəndin içindən keçən çay Əli kimi əksəriyyətin
dadına çatırdı. O vaxtdan az qala əlli il ötür.

- Gedim mən...

- Dayan,- sarı beşliyi ona uzatdı.

- Çoxdur bu, belədə mən milyoner olaram...

- Tut görüm, dolama dayını, milyonlar sənlik deyil.- Dilənçi sürətlə qapıdan çıxdı. Bundan sonra sakitlik olacağı ümidilə ayağa qalxıb, içəri qayıtdı.

... O, hıçqırtıya oyandı:

- Niyə ağlayırsan?- qadın fermadan qayıtmışdı, son vaxtlar pişik kimi içəridə səssiz gəzirdi.

- Qərara gəlmişəm ki, payızda yenə rəngli noğullar bişirim... - Tamamilə gözlənilmədən ağlına girən ideyanı üyüdürdü. - Heç də vacib deyil ki, yalnız çoxdan fikrində dolaşan planları həyata keçirəsən, deyirlər gözlənilməz verilən qərarların uğur qazanmaq şansı daha çox olur...

- Bunun üçün məni ayıltmağa dəyərdi?! Sən bu uğurun nəticəsini iyirmi il bundan qabaq görmüşdün axı...- Qadın yaylığı gözlərinə sıxaraq maraqla kişini dinləyirdi. - Ancaq bir daha heç vaxt onun arzusunda olmayacağını söyləmişdin...
- Qoy boğazacan işin içində olum ki, nə barədəsə fikirləşməyim...- Tamamilə sakitdi.- Bu işdə özünəməxsus həyat var.

- Bu nə işdir? Yaxşı, yaxşı, təsəlli vermirəm... Ən pisi odur ki, həyat belə davam edəcək. - Kişi durub oturdu. Sonra zarafatından qalmadı ki, əslində noğul
bişirmək üçün fantastik şirniyyatçı olmaq vacib deyil.

- Amma hər şeyi yenidən başlamaq lazım gələcək.Görürsən, insan tamahının
sərhədi olmur.

Tək olduğu müddətdə o da özünü bütünlüklə yeknəsək fiziki işə həsr etmək qərarına gəlmişdi.

Qızmar, anormal yaysa heç cür qurtarmaq bilmirdi.
XS
SM
MD
LG