Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 18:34

Heydər Əliyevin xatirəsi sökülür


Heydər Əliyevin xatirəsi sökülür
Gözlə

No media source currently available

0:00 0:02:14 0:00
Direct-ə keçid

«Burdakıların yarısı YAP-ın üzvləridir, hamısı Heydər Əliyevin yadigarını qorumaq istəyir»

PREZİDENTİN QONŞULARI...

- Prezidentin o qədər evi var ki... Bax, burada nə isə tikiblər. Bu, keçmiş Yaşıllıq Trestinin sahəsidir. Bax, orda 4 dənə bina tikiblər, gözəl park salıblar. Bizim köçürülmə ona görədir.

- Nə tikiblər ki?

- Bilmirik nədir, üstündə bayraq olsaydı, deyərdik prezident üçündür, hökumət üçündür, kimsə üçün tikilir. Ancaq bu kompleksə görə bizim bina uçurulur. Biz görməyək ki, gözə gətirərik, birdən bir gözəl iş görərlər, biz də onu görərik.

Rafiq Quliyev keçmiş Karl Marks heykəli yaxınlığında ucalan, yeganə 16 mərtəbəli binanın sakinlərindən biridir. Belə görünür, Bakının ilk 16 mərtəbəli binalarından birini də Füzuli və Şəmsi Bədəlbəyli küçələrindəki evlərin taleyi- sökülmə gözləyir. Üstəlik, bu dəfə köçürülən əhali ölkə prezidentinin yeni iqamətgahı hesab olunan ərazinin qonşuluğunda yerləşir.

Bir neçə ay əvvəl sakinlərə bildiriş gəlib ki, «binanın sökülməsi ilə əlaqədar köçürmə komissiyasına müraciət etmələri xahiş olunur». Hərçənd bildirişin kim və ya hansı orqan tərəfindən verildiyi göstərilməyib. Növbəti bildirişdə isə qeyd olunub ki, «bina qəzalı vəziyyətdədir» və vətəndaşlar mənzilləri qarşılığında dövlət tərəfindən Bakıda inşa olunan yaşayış binalarında öz mənzillərinin ümumi sahəsinə uyğun tam təmir olunmuş mənzil veriləcək. Bu dəfə də bildirişi göndərən orqanın adı açıqlanmayıb, sadəcə sonluğunda «Köçürmə Komissiyası» yazılıb.

Bina sakinləri

«DEYİRLƏR Kİ, BİNANI QƏZALI EDƏCƏYİK»

Azadlıq Prospekti 154 ünvanında yerləşən 16 mərtəbəli və «Xruşşov» layihəli iki 5 mərtəbəli binanın sakinləri isə deyirlər ki, evləri bir qrup məmurun ucbatından sökülmək təhlükəsi ilə üzləşib. Səbəb kimi də «qəzalı» olduğu göstərilir. Hərçənd sakinlər evlərin seysmik təkanlara davamlı olduğunu, indiyə qədər heç bir qəzalı vəziyyətə düşmədiyini deyir:

«Deyirlər ki, binanı qəzalı edəcəyik. Nədir ki, 2-3 akt tərtib edəcəklər ki, guya bina qəzalıdır. Təzə metod tapıblar. Camaat o vəziyyətə düşüb ki, səfirliyə gedib, sığınacaq istəyir».

Sakinlərin bildirdiyinə görə, 6 aydır binanı boşaltmaları üçün məmurların basqısı ilə üzləşiblər və qismən də buna nail olunub. Ancaq binanın 84 ailəsindən 29-u evlərini tərk etmək, başqa mənzilə köçmək istəmirlər, onlar mənzilləri qarşılığında bazar qiymətinə uyğun kompensasiya istəyirlər. Bina sakini Anar:

«Bir özəl şirkətin marağı var burda, şirkət binanı almaq istəyir, binanı götürüb dövlətə baha qiymətə satmaq istəyir. Burda qalanlar qanunları bilənlərdir. Qanunu bilməyənləri qorxudublar ki, təzyiq ediblər ki, döyəcəklər, «dubinka» ilə çıxaracaqlar. Onlar da məcbur olub çıxıblar. Köçən adamlara isə adicə, geydirmə müqavilə veriblər. Müqavilə də heç bir notariusda təsdiq olunmayıb».

Heydər Əliyevin yadigarı olan bina
YAP-ın ÜZVLƏRİ VƏ HEYDƏR ƏLİYEV YADİGARI

Kənardan qəzalı vəziyyətdə olduğu hiss olunmayan 16 mərtəbəli binanın içində vəziyyətin necə olduğunu öyrənmək üçün bloklara giririk. Ancaq yuxarı qalxmaq üçün lift işləmir, liftin kənarları isə uçulub-dağıdılıb. Sakinlərin sözlərinə görə lifti və binadakı mənzilləri bir aydır bu hala salıblar. Hətta qonşulardan biri də bu vəziyyətə dözməyib vəfat edib. Yuxarı mərtəbələrə qalxdıqca isə vəziyyət daha da mürəkkəbləşir, mənzillərin qapısı yerindən çıxarılıb, pəncərəsi, hətta döşəmə taxtaları, divarlardan keçən məftillər belə sökülüb:

- Hamısı bir gündədir. 60 dənə mənzil bu gündədir, nə istəsən edə bilərlər, partlayıcı maddəni qoyub gedə bilərlər. Gətir bir butulka benzini yandır, sonra da fövqəladə hallar gəlsin çıxmaq istəməyənləri suya tutsun. 6 aydır bizə təzyiq göstərirlər, 1 ayın ərzində bax bu günə salıblar.

Sakinlərdən Anar deyir ki, bina mərhum prezident Heydər Əliyevin xatirəsidir, böyük vətən müharibəsi iştirakçıları üçün tikilib:

- Heydər Əliyev şəxsən mənim yoldaşımın babasına Böyük Vətən Müharibəsi iştirakçısı olduğuna görə özü açarları verib, həm də yadigardır. Yadigar kimi biz Heydər Əliyevin yadigarını qoruyuruq. Burdakıların yarısı YAP-ın üzvləridir, hamısı Heydər Əliyevin yadigarını qorumaq istəyir.

«DÖVLƏT EHTİYACLARI ÜÇÜN...»

16 mərtəbəli bina və onun yaxınlığındakı iki 5 mərtəbənin sakinlərinin köçürülmə səbəblərini öyrənmək üçün Nərimanov Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayırıq. Onlar isə bu işlərlə Əmlak Məsələləri Dövlət Komitəsinin məşğul olduğunu deyib bizi ora yönəldir. Elə sakinlərin şikayəti əsasında komitədən daxil olan məktubda da deyilir ki, «mülkiyyət dövlət ehtiyacları üçün alınıb».

Özünü Əmlak Məsələləri Dövlət Komitəsinin şöbə müdiri kimi təqdim edən Yusif Qənbərov deyir ki, binanın qəzalı vəziyyətdə olması haqda Fövqəladə Hallar Nazirliyinin qərarı var. Sakinlər də bunun əsasında köçürülür. Köçürüldükləri ünvan isə «Azinko» şirkətinin tikdiyi evlərdir. Kompensasiya tələb edən, evlərindən köçmək istəməyənlərə gəlincə, Yusif Qənbərov bunları deyir:

Bina sakinləri

«218 mənzilin hal-hazırda 205-i razılıq əsasında köçürülür. Orda var 15 ailə var ki, onların özlərinin daxili ailə problemi var, oğlu evlənib onunla qalır və s. Belə ailələr vəziyyətdən istifadə edib 2 mənzil istəyir, spekulyasiya edirlər. Buna da biz yol vermirik. Onları da biz qısa zamanda razı salıb geniş mənzillə təmin edəcəyik».

VƏKİL SÖKÜNTÜNÜ QANUNSUZ HESAB EDİR

Vəkil Fuad Ağayev isə vətəndaşların «dövlət ehtiyacı» adı altında köçürülməsini qanunsuz hesab edir. Həmin ərazidə respublika əhəmiyyətli yol kommunikasiyasının tikilmədiyi, müdafiə təyinatlı obyekt nəzərdə tutulmadığından və üstəlik Bakı sərhəd zolağında yerləşmədiyindən vəkil evlərin bu səbəbdən sökülməsini qanunsuz hesab edir:

«Sadəcə bəzi dövlət orqanları çox fəallıq göstərirlər. Qanunvericilik niyyətlərdən söhbət getmir. Heç kimi öz mənzilindən, mülkiyyətindən, yaşayış sahəsindən imtina etməyə dövlət orqanlarının haqqı yoxdur. Bir göz qırpımında heç bir bina qəzalı vəziyyətə düşə bilməz».

Bir müddət əvvəl Bakının Füzuli və Şəmsi Bədəlbəyli küçələrində də «Qış Bulvarı»nın tikintisi adı altında sakinlər evlərindən köçürülüb. Mülkiyyət hüquqlarının pozulduğunu deyən vətəndaşların BŞİH-nə qarşı məhkəməsi hələ də davam edir.
XS
SM
MD
LG