Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:40

Gəncə qiyamının istintaqı…


Aslan İsmayılov
Aslan İsmayılov
İstintaq qrupunun üzvü Aslan İsmayılov bu barədə sualları cavablandırır.

- Necə olur ki, hər işin içindən Sizin adınız çıxır?

- Mən daim konflikt olan yerdən qaçmışam. Görünür, bu, mənim həyatımdır. Mən nə Sumqayıt işinə öz istəyimlə çıxa bilməzdim, nə də bu Gəncə hadisələrinə. Rəhmətlik Elçibəyin təklifi ilə gedib ora çıxmışam. Amma bir fərq var. Mənim bildiklərimi Azərbaycanda bəlkə də minlər bilir. Sadəcə, onlar danışmır. Ona görə ki, bütün o proseslərdə əksəriyyət oyunçu olub. Amma mən həyatı boyu heç vaxt oyunçu olmamışam, olmaq da fikrim yoxdur. Mən həmişə haqqın-ədalətin tərəfində olmuşam. Həyatım bahasına olsa da, mən bu günə qədər ağa qara deməmişəm. Mənim bu mövzuda danışmağım bir çoxları üçün təəccüblü görünür. Mənim üçün burda təəccüblü heç nə yoxdur. Görəndə ki, əndazəni aşırlar, tarixi saxtalaşdırırlar, onda mən danışıram.

- Məgər Siz hər şeyi açıqlayırsınız?

- Bəli. Çox şeylər var. Olanların heç biri qorxmaqla bağlı deyil. Mənim bu məsələlərdə danışmadığım çox şeylər var. Bəzi adamların davranışları. Onlar həbsdə olub, mən azadlıqda. Mən onların orda necə davrandıqlarını deyə bilmərəm. Mən bəzilərinin orda satqınlığının şahidi olmuşam. Rəhmətlik Elçibəyə ən yaxın olanların. Məsələn, «zapiska» göndəriblər türməyə, o «zapiska» tutulub. Mənə də bunu göstəriblər. Buna çox təəssüf etmişəm. Amma o adamlar baş qaldıranda, mən o məsələləri açıram. Danışmayanlar çoxdur, bilirlər ki, onlar baş qaldıranda, onların zibillərini açıb qoyacaqlar ortaya. Mənim isə həyatımda peşmançılıq çəkdiyim heç nə yoxdur.

- Niyə 4 iyun hadisələrini Siz qiyam kimi qiymətləndirirsiniz?

- Xalq Cəbhəsi hakimiyyətə gələndən sonra İxtiyar Şirinov Baş prokuror oldu. Mən bütün baş prokurorlar dövründə kollegiyalarda fikrimi deməkdən heç vaxt çəkinməmişəm. Ona görə bütün prokurorlarla problemim olub. O cümlədən İxtiyar Şirinovla. Bütün olanlara baxmayaraq, bu dövrdə mənə təklif olmuşdu bir neçə tərəfdən. Hətta rəhmətlik Elçibəyin özü şəxsən mənə onun komandasına keçməyi təklif etmişdi. Görəndə ki, burda dözülməz vəziyyətdir, mən razılaşdım. 1993-cü il mayın 28-də mən Prezident Aparatının dövlət-hüquq şöbəsinə işə keçdim. Onda dövlət-hüquq şöbəsinin müdiri Fazil Mustafa idi. Onun birinci müavini Həmid Əliyev idi. 2 iyunda mən Həmidə dedim ki, bu hakimiyyət aşacaq, bunun durma şansı yoxdur. Ona görə ki, mən Aparatda işlədiyim dövrdə davranış qaydalarını gördüm.
Surət Hüseynov
Gördüm ki, bunların davranışı, təcrübəsi bunları saxlamağa imkan verməyəcək. 4 iyun hadisələri olan kimi məni göndərdilər Lənkərana ki, orda nə baş verdiyini öyrənim. Orda polis rəisi, icra başçısı ilə görüşəndən sonra mənim üçün bəlli oldu ki, artıq orda çevriliş başlayıb. Sonra mən Əlikram Hümbətovla görüşdüm. Qayıdan kimi xəbərdarlıq etdim ki, orda çox ciddi proseslər gedir. İyun ayında deputat-istintaq qrupu yeni yaranan vaxt Fazil bəy mənə təklif etdi ki, Prezident Aparatı tərəfindən o komissiyada iştirak edim. Mən qəti etiraz etdim ki, mən heç bir tərəfdən iştirak etməyəcəyəm. Mənə deyilsə ki, get orda obyektiv araşdırma apar, onda iştirak edərəm. Səhərisi Fazil bəy mənə dedi ki, prezident Elçibəy razıdır. Mən bu cür o istintaq qrupuna düşdüm. Biz yollandıq Gəncəyə. Orada türmədə mən İxtiyar Şirini (Baş prokuror), Sülhəddin Əkbəri (Milli Təhlükəsizlik Nazirliyinin birinci müavini), Qabil Məmmədovu (Daxili işlər Nazirliyinin birinci müavini), qazaxlı Aliki dindirmişəm. Milli Təhlükəsizlik Nazirliyinin bütün struktur rəhbərliyi orada həbsdə idi.

- Kim həbs etmişdi onları?

- Surətin adamları. Mən apardığım bütün dindirmələrdə təkid edirdim ki, videokameralar olsun. Mənim burda dediklərim çoxları üçün arzuolunmazdır. Çünki çoxları istəyir ki, həqiqət gizli qalsın. Mən hakimiyyətə də, YAP-a da müraciət edirəm ki, həmin o dindirmələrin hamısının videoçəkilişi var.

- Kimdədir o videçəkilişlərin lenti?

- O cinayət işində olmalı idi o dövr. Amma mən yüzə-yüz əminəm ki, o, AZTV-nin arxivində də var. Çünki çəkiliş aparan AZTV-nin operatoru idi. Mən radisti də dindirmişəm. O, istintaq qrupunun materiallarında olmalıdır. Radistə 4 iyun hadisələri ilə bağlı sual verəndə, o dedi ki, mən ayın 3-ü növbətçi olmuşam, saat 6-dan sonra getmişəm. Evə çatmamış arxamca maşın göndərib geri qaytardılar. Saat 7-nin yarısı mən artıq işdəydim. Göstəriş verildi ki, hərbi vəziyyət elan olunur və hamını xəbərdar etmək lazımdır.

- Bu nə deməkdir?

- Bu o deməkdir ki, hakimiyyət orda ayın 4-ü doğrudan da əməliyyat hazırlayırdı. Amma bu əməliyyatı Əli Ömərovun dediyi kimi, Gəncəni bombalamaq, gəncəliləri qırmaq və az qala Gəncə-Bakı qarşıdurması kimi qələmə vermək düzgün deyil. Hakimiyyət orada əməliyyat keçirib Surəti həbs etmək istəyirdi. Amma bu əməliyyat burda hazırlanmışdı - Bakıda. Özü də çox məxfi bir əməliyyat. Ayın 3-ü Surətin dəstəsi bunu artıq bilirdi və hamını xəbərdar edirdi ki, burda əməliyyat keçiriləcək.

- Aslan İsmayılov gizli qalmış daha hansı məqamları açıqladı?

- Bu qiyamın arxasında duran ideoloqlar kim idi?

- Aslan İsmayılov AXC hakimiyyətini nədə suçladı?

- Qiyam barədə tərtib olunan rəy və elan olunan rəy niyə fərqli idi?

- Aslan İsmayılova nə mane oldu ki, rəyin fərqli olduğunu ortaya qoysun?

- Hərbi qiyama hansı deputatlar dəstək verirdi?

- Həmin ərəfədə Heydər Əliyev Gəncəyə nə üçün səfər etmişdi?

- Gəncə qiyamını Heydər Əliyev planlaşdırmışdı?

- Həbsdə olanlara «zapiska»ları kim göndərirdi? O «zapiska»larda nə yazılmışdı?


Bu sualların cavabını bilmək istəyirsinizsə, verilişi tam olaraq dinləyin:
XS
SM
MD
LG