Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 10:31

Beynəlxalq avtovağzal kompleksi kimin pulu ilə tikilib?


Bakı Beynəlxalq Avtovağzal Kompleksinin maketi
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin maketi
«İşdən sonra» proqramında Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov, Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev və iqtisadçı-ekspert Natiq Cəfərli AzadlıqRadiosunun araşdırmasını müzakirə edirlər.

BEYNƏLXALQ AVTOVAĞZALIN SAHİBİ VİRCİN ADALARINDAN ÇIXDI - ARAŞDIRMA

Vasif Mövsümov:

«Bütün korrupsiya ənənələri əsasən tenderlərin keçirilməsindən başlayır. Yəni tenderlər nə dərəcədə şəffaf keçirilib və yaxud keçirilməsindən, hesabatlılığından asılıdır. Əgər bütün bunlar şəffafdırsa, burda şübhə ola bilməz. Mətbuatda əvvəl belə getmişdi ki, burda sifarişçi Nəqliyyat Nazirliyidir. Və Nəqliyyat nazirliyi tender keçirib. Tikən təşkilat müsabiqə yolu ilə seçilməlidir. Tenderdə iştirak edən şirkətlərin də təcrübəsi olmalıdır. Əgər onların təcrübəsi yoxdursa onun müsabiqədə iştirak etməyə ixtiyarı yoxdur. Tender şəffaf keçirilməyibsə və KİV vasitəsilə ictimaiyyətə məlumat verilməyibsə deməli burda şübhəli məqamlar var. Bundan başqa burda var ki, tikintidə iştirak edən təşkilat offşor zonada qeydiyyata alınıb. Offşor zonalar vergidən azad olunmuş və nəzarət olmayan zonalardır. Nəzarət olmayan zonalarda isə heç bir hesabatlılıq yoxdur. Ona görə də burda korrupsiya məqamlarını axtarmağa heç ehtiyac yoxdur. Çünki bu zonada özünü gizlədən təşkilatlar adətən şübhəli təşkilatlar sayılır».

İntiqam Əliyev
İntiqam Əliyev:

«Bu ölkədə bu cür proyektlərin arxasında yüksək səviyyədə korrupsiya dayandığı az- çox cəmiyyətlə maraqlanan hər kəsə bəllidir. Avtovağzal korrupsiya mənbəyidir. O tenderdən tutmuş, əgər o tender olubsa da, olmayıbsa da, həmin o fikir qalır ki, burda birmənalı şəkildə korrupsiya var. Prinsipcə bu cür layihələr tender əsasında həyata keçirilməlidir. Amma o dövrdə bu dövlət proyekti kimi təqdim olunurdu. Onun açılışında ölkə rəhbərliyi iştirak edib. Bu araşdırmaya qədər mən hesab edirdim ki, bu layihə dövlət proqramının tərkib hissəsidir. İndi bəlli olur ki, hansısa bir şirkət şəhərin mərkəzində böyük bir ərazini götürüb, o şirkət barəsində isə hər hansı bir məlumat almaq çox çətindir və məlumat alanda da bəlli olur ki, bu nazirə və onun yaxınlarına aiddir. Bəs necə olur gəlib nazirin adı ilə bağlanır? Bu suala hələ ki, normal cavab yoxdur. Belə sualların cavablarını ala bilmiriksə, birmənalı şəkildə biz iddia edə bilərik ki, avtovağzal hüquqi baxımından kimin balansında olmasından asılı olmayaraq onu idarə edənlər, orda toplanan pulları mənimsəyənlər dövlət məmurlarıdır».

Natiq Cəfərli
Natiq Cəfərli:

«Dövlətin iqtisadiyyata müdaxiləsi minimum olmalıdır. Çox aşağı həddə olmalıdır. Ancaq vergilər və gömrük tarifləri ilə olmalıdır. Dövlət iqtisadiyyatda ən pis idarəedicidir. Nə qədər dövlət iqtisadiyyatdan kənar olsa, yəni xüsusi sektora rəqabətli şərait yaradılsa bu iqtisadiyyatın inkişafı üçün bir o qədər əhəmiyyətlidir. Azərbaycanda isə bu təəssüf ki, iki yolla baş verir. Həm dövlətin birbaşa nəzarəti ilə, həm də məmurlara yaxın çevrəsini adına qeydiyyatdan keçirilmiş kommersiya qurumları vasitəsi ilə həyata keçirilir. Çox təəssüf ki, bunların hər ikisi Azərbaycanın iqtisadiyyatı üçün, onun gələcəyi üçün təhlükədir».

Verilişi tam olaraq buradan dinləyin:

XS
SM
MD
LG