Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 01:30

Rəsul Quliyevdən yeni roman: "Qarabağ faciəsi"


Milli Məsclisin keçmiş sədri, hazırda ABŞ-da mühacir həyatı yaşayan Rəsul Quliyev daha bir bədii əsər yazlb.

Onun "Qarabağ faicəsi" adlanan yeni əsəri tarixi romandır. Adından da göründüyü kimi əsərdə erməni şovinistlərinin tarixi Azərbaycan torpaqlarını Ermənistana birləşdirmək planları, həmin planların tarixi kökləri haqda söhbət gedir.

Kitabın əvvəlində qeyd edilir ki, "Tarixi faktlar əsasında yazılan bu kitab daha çox müəllifin şəxsi analizinin məhsuludur və dərslik deyil.

O, Azərbaycanın gələcəyi haqda düşünənlər və çalışanlar, həm də kitabin bir bilik mənbəyi, informasiya vasitəsi olaraq, insanların formalaşmasındakı əhəmiyyətinə inananlar üçündür".


Kitabdan bir parçanı "Oxu zalı"nda dərc edirik.


Rəsul Quliyev

QARABAĞ FACİƏSİ
(Tarixi roman)


2 ay sonra Mikoyan Xruşovla keçirdiyi növbəti yeyib-içmək mərasimində onun əhvalının yaxşı olmasından istifadə edib, xəritəni masanın üstünə qoydu:

- Nikita, bura nəzər yetir, Naxçıvanı - Ermənistan torpağını Stalin alıb Azərbaycana verib. Bilirsən də, o da, Beriya da Azərbaycanda yaşayıblar, ona görə də həm Naxçıvanı, həm də Dağlıq Qarabağı Ermənistandan alıblar.

Xəritəyə baxan Xruşşov təəccübləndi:

- Doğrudan, bu nə deməkdir? Mən heç bilmirdim ermənilərə qarşı bu qədər haqsızlıq ediblər. Kor da görür ki, bu, Ermənistanın torpağıdır. Lap olmasa belə, bu müstəqil respublika oyununu qurtarmaq lazımdır…

Xruşşov Ukraynanın da respublika olduğunu yadına salıb, bir qədər sakitləşdi:

- Respublika olurlar-olsunlar, ancaq o balaca torpağın Azərbaycanda olmasının nə əhəmiyyəti var? Sözsüz, Ermənistanın tərkibində olmalıdır. Sabah bu məsələni müzakirə edərik…

Naxçıvan Nikitanın yadından çıxdı, bir də Mikoyan iyunda bu məsələni onun yadına saldı. O, Naxçıvanı Ermənistana vermək barədə sənədlərin hazırlanmasına tapşırıq verdi. 10 gündən sonra XİN və KGB Naxçıvanla əlaqədar onu qəbul etməyi xahiş edəndə, o, “nə Naxçıvan, hansı Naxçıvan?”- deyə, soruşdu. Ona Naxçıvanın Ermənistana verilməsi barədə sənədləri hazırladıqlarını söyləndə isə dedi:

- Hə, nə qərara gəldiniz? Vermək lazımdır, ya yox?

Hər iki nazir isə “bu işi qətiyyən görmək olmaz” dedilər.

Başı mühüm işlərə qarışan, hakimiyyət uğrunda səngimək bilməyən qovğanın içərisində olan Xruşşov:

- Vermək olmaz, deməli olmaz, heç bir arqumentlərə qulaq asmadan bağlayın bu məsələni,- dedi.

İkinci dəfə 1957-ci ildə, Molotov qrupunun darmadağın edilməsindən sonra Mikoyan bu məsələyə qayıtdı.

Xruşşova izah etdilər ki, Naxçıvan Ermənistanın ərazisi olmayıb, əksinə, indiki Ermənistan 45 il bundan öncə, Azərbaycanın olub:

- Əgər ermənilərin torpaqlarından söhbət gedirsə, o torpaqlar Türkiyənin şərqindədir. 1921-ci ildə Türkiyə ilə bağlanan müqavilə əsasında Naxçıvanın onların razılığı olmadan başqa respublikaya verilə bilməyəcəyi öhdəliyini üzərimizə götürmüşük. Müqaviləyə Lenin imza atıb…

Xruşşov coşdu və bağırdı:

- Nə öhdəlik, Türkiyə kimdi?

“KQB” sədri, Xruşşova Türkiyənin ABŞ-ın ən yaxın partnyoru olduğunu və ərazisində onların güclü hərbi bazasının yaradıldığını, artıq amerikalıların köməyi ilə güclü orduya sahib olduqlarını xatırlatdı.

Xruşov bir az da ABŞ və Türkiyəni söyüb:

- Yaxşı, gedin, fikirləşərik - dedi.

Naxçıvan məsələsi bir də ABŞ və SSRİ arasında, az qala, III Dünya müharibəsinə gətirib çıxaracaq “Karib böhranı” hadisəsindən sonra gündəliyə gətirildi.

1962-ci ilin sentyabrında amerikalılar Kubada Sovetlərin onlara qarşı raketlər quraşdırdıqlarından xəbər tutdular. Karib dənizindən Kubaya gedən bütün gəmiləri blokadaya aldılar. Əmrə qulaq asmayan bir Sovet gəmisini isə torpedo ilə vurub, SSRİ-yə 72 saat ərzində raketləri Kubadan çıxartmaq barədə ultimatum verdilər. Amerika hərbiçiləri müharibə tərəfdarı idilər. Onlar Prezident Kennedeni inandırmağa çalışırdılar ki, SSRİ-ni, maksimum, 10 günə darmadağın edəcəklər, Sovetlərin isə, uzağı, iki və ya üç ballastik raketi Amerikaya düşə bilər:

- Biz onları Avropa və Türkiyədə yerləşən bazalarımzdan, gəmilərimizdən darmadağın edəcəyik. Bir gün ərzində Moskvanı yer üzündən silərik. O boşboğaz Xruşşovun sayıqlamalarına baxmayın, gücləri yoxdur.

Ancaq II Dünya müharibəsinin iştirakçısı olmuş Prezident Kennedi həm Avropada, həm də Rusiyanın özündə günahsız yerə milyonlarla adamın qırılacağını düşünərək, dəhşətə gəlirdi.

Moskvada generallar Xruşşova acı həqiqəti - amerikalıların hava və raket hucumlarının qarşısını alacaq kifayət qədər güclərinin olmadığını deyəndə, onları kabinetdən qovdu. Ancaq raketləri Kubadan çıxartmaq barədə qərar da qəbul etdi. Vəziyyətdən qismən üzüsulu çıxmaq üçün Amerikadan da Türkiyədəki raketlərini çıxartmaq barədə təminat ala bildi.

1963-cü ildə Mikoyan artıq Türkiyənin SSRİ üçün təhlükəli olmadığını deyib, Xruşşova yenidən Naxçıvan məsələsinə qayıtmağı təklif etdi. Artıq özünü Sovet İttifaqının mütləq ağası hesab edən Nikita Xruşşov isə:

- Yaxşı, Anastas, mən Bakıda olanda, o Axundovla yaxından tanış oldum. Pis oğlan deyil, ona da tapşıraram, məşğul olar, - dedi və soruşdu:

- Anastas, orada bir yer də var - Dağlıq Qarabağ. Niyə onun adını yox, həmişə Naxçıvanı ortaya qoyursan?

Mikoyan yaxşı bilirdi niyə…

Naxçıvanda artıq erməni qalmamışdı. 1950-ci illərin əvvəllərində 30 faizə yaxın ermənilərin yaşadığı Naxçıvanda yerli əhali hamıdan tez başa düşdü ki, ermənilərlə qonşuluq, gec-tez, onların başında çatlayacaq. Ermənilər üçün hər yerdə dözülməz vəziyyət yaradılmışdı, ona görə də, onların Naxçıvandan köçmələri çox sürətlə davam edirdi. Artıq 1960-cı ildə Naxçıvanda ermənilərin sayı heç bir faizə də çatmırdı. Bu hadisə sonrakı illərdə Naxçıvanın Ermənistan tərəfindən zəbt olunmasının qarşısını aldı.

Ermənilər Dağlıq Qarabağda saylarının çox olmasını nəzərə alıb, gec-tez, oranı azərbaycanlıların əllərindən alacaqlarına inanırdılar. Onlara Naxçıvan lazım idi, yaxşı bilirdilər ki, Ermənistanın tərkibinə keçəndən beş il sonra orada ermənilərin sayı 50 faizi ötəcək. Daşnakların liderləri Mikoyanı yaxşı hazırlaya bilmişdilər:

- Nikita, Dağlıq Qarabağla Ermənistan arasında dörd Azərbaycan rayonu var, Ermənistanla birbaşa sərhəddi yoxdur. Naxçıvan isə Ermənistanındır…

1963-cü ildən Naxçıvanın Ermənistana verilməsi barədə hazırlığa başlandı. Belə bir işin əleyhinə çıxışlar edən Azərbaycanlı ziyalıları yerli Kommunist Partiyası və “KQB” tərəfindən dözülməz təqiblərlə üzləşirdilər. Hətta bir neçəsi işdən çıxarıldı, partiya üzvlüyündən azad edildi…

…İndi – hovuzdan çıxan və bədəninin suyu hələ qurumayan Xruşşov:

- Anastas söz verirəm ki, Moskvaya qayıdan kimi, Naxçıvanın Ermənistana verilməsi barədə göstəriş verəcəyəm. Bu ilin axırına qədər Naxçıvan Ermənistanın olacaq, indi bu münasibətlə bir yüz qram vur, - dedi.

Mikoyan isə kədərlə ona baxdı, gətirilmiş “vodka”nı götürüb başına çəkdi, xiyardan isə dişləmədən:

- Çox sağ ol, Nikita, erməni xalqı heç vaxt səni unutmayacaq, - dedi.

İki gündən sonra Nikita Xruşşov Moskvaya çağrıldı, birbaşa Kremlə aparılıb işdən azad edildi, müvəqqəti olaraq, Azərbaycanın başından duman çəkildi…
XS
SM
MD
LG