Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 03:43

«Berlin Divarı»nın tikilməsindən 50 il ötür


«Berlin Divarı»nın inşası – 1 oktyabr 1961
«Berlin Divarı»nın inşası – 1 oktyabr 1961
Almaniya Demokratik Respublikasını (ADR) idarə edən Şərqi Almaniya Kommunist Partiyası üçün immiqrasiya başlıca problemlərdən biri idi. Hər il yüz minlərlə ixtisaslı işçi və ya adi vətəndaş daha yaxşı həyat dalınca Qərbə üz tuturdu.

Şərqi Almaniya rəhbərliyi haqlı olaraq bunu rejim üçün real təhlükə sayırdı. 1945-ci ildə İkinci Dünya müharibəsi qurtarandan 1961-ci ilədək bütövlükdə 2.7 milyon insan ADR-i və Şərqi Berlini tərk etmişdi.

Bunun qarşısını almaq üçün 1961-ci il avqustun 12-də ölkənin Nazirlər Şurası belə bir rəsmi məlumat yayır:

«Qərbi Almaniyanın və Qərbi Berlinin qisasçı və militarist qüvvələrinin düşmənçilik fəaliyyətinə son qoymaq məqsədilə ADR-in sərhədi boyunca sərhəd nəzarəti tətbiq ediləcək».

Qərbi Berlinin 155 kilometrlik perimetri tikanlı məftillə dövrələnir. Bunun üçün 10 min km tikanlı məftildən istifadə edilir.

Avqustun 15-də isə ilk dəfə olaraq beton plitə və sütunlar tikilir. Bununla da «Berlin Divarı»nın «ilk nəsli» yaradılır. Lakin bu nəsil Qərbə qaçışın qarşısını tam ala bilmir. 1962-ci ilin iyununda ikinci divar tikilir. 1965-ci ildə isə tamamilə betondan olan divar hörülür. Bu divarın ömrü 1975-ci ilədək olur. 1975-ci ildə onun yerində «Grenzmauer 75» («Sərhəd Divarı 75») adlanan yeni, daha təkmil divar tikilir. «Grenzmauer 75» məftil çəpərləmələr, həyəcan siqnalları, xəndəklər və 30-dan artıq bunkerlə təkmilləşdirilir. Bu divar 1989-cu ilədək mövcud olur.

Berlin divarının 50-ci ildönümü
Gözlə

No media source currently available

0:00 0:01:14 0:00


1065 İNSAN QƏTLƏ YETİRİLİB

«Berlin Divarı»nı aşıb qaçmaq istəyərkən həlak olmuş şəxslərin sayı barədə rəqəmlər müxtəlifdir. Berlin prokurorluğunun məlumatına görə, 1961-ci il avqustun 13-dən 1989-cu il noyabrın 9-dək «Berlin Divarı»nı aşarkən 169 nəfər qətlə yetirilib. Onlardan 136-sı güllələnib, 33-ü isə minaya düşüb.

Son araşdırma nəticəsində isə məlum olub ki, ümumilikdə, «Soyuq müharibə» sərhədini aşıb Şərqi Almaniyanı tərk etmək istəyərkən 1065 insan qətlə yetirilib.

Amma ADR-i tərk etməyə çalışanların heç də hamısının aqibəti acı olmayıb. Təqribən 5 min nəfər qaçıb sağ-salamat Qərbi Berlinə çata bilib. İcazəsiz Şərqi Almaniyanı tərk etmək istəyən 7500-dən artıq insan isə məhbus həyatı yaşamalı olub.

«Berlin Divarı»nı keçmək istəyərkən güllələnən sonuncu şərqi almaniyalı Kris Qefroy (Chris Gueffroy) olub. Bu hadisə 1989-cu ilin fevralında baş verib. Həmin il martın 8-də isə Vinfrid Froydenberq (Winfried Freudenberg) hava şarı ilə ölkədən qaçarkən qətlə yetirilib.

«Berlin Divarı» 1989-cu il noyabrın 9-da sökülüb.
XS
SM
MD
LG