Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:36

Rəsmiyyə Sabir. "8 mart"da yazılan şeir


Xanımlar!
Bayram etməyin “8 mart”ı,
Beynəlxalq qadınlar gününü!
...hələ də
Qəzzada ölən anaların
səsləri ölməyib.
Deməyin ki,
bütün bunları
dünya ictimaiyyəti bilməyib.

...hələ də
Xocalıda şəhid olan
körpələrin gözləri
hər yerdə izləyir bizləri...

Xanımlar!
Bayram etməyin “8 mart”ı!
Hər gələn bayram
itirilmiş torpaqlarımızı
gətirmir geriyə.
Biz də gözləyirik,
”bəlkə də qaytardılar”
deyə-deyə.

...hələ də
“Xarı bülbül”
öz yurdunda “məcburi köçkün”dürsə,
hər bahar çiçəklər
güllə səsindən diksinib açılırsa,
ayağımızın altından
Ana Torpaq qaçırsa,
... hələ də
analarımız, bacılarımız
düşmən əlində əsirsə,
...hələ də oturduğumuz ağacları
sapı bizdən olan baltalar
kəsirsə,
Xanımlar!
Bayram etməyin “8 mart”ı!

Mən də bayram istəyirəm,
ancaq Zəfər Bayramı!
Elə bir zəfər ki,
Şəhidlərin ruhu bayram etsin!
Elə bir zəfər ki,
əlləri havada qalan
əsgərin sümüyü oynasın...
Elə bir zəfər ki,
çırpınsın Qara Dəniz,
çırpınsın qoca Xəzər,
baxıb Türkün bayrağına.
Mənə qələbədən xəbər gətirən
Ağ atlı oğlan!
Sənə muştuluq verəcəyəm,
mürəkkəbi qurumayan şeirimi
o an!
XS
SM
MD
LG