Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:44

Zahid Sarıtorpaq. Qaranlıqla işığın arasında


T.Qaraqayaya

bir can dayanır qaranlıqla işığın arasında

gözlərini bilərəkdən yumaraq
dünyanı zülmətlərə təpməklə
bir korun yaşantısını duymaq mümkünsüz
çünki bu haldan bezincə
gözlərini açmağın bir sorumu olmayacaq -
kipriklərin doydusa biri-birindən
işıqlı dünyadasan demək artıq
daha bilmirsən könlün divarlarından tuta-tuta
çəliyini döyə-döyə ruhun səkilərinə
iynə ucu boyda bir işığın qoxusuna sarı
qiyama necə qalxırlar hər gün əsl həsrətlilər

bir can dayanır qaranlıqla işığın arasında
işıq - içəridə
qaranlıq - çöldə
biz həmin çöldəyik - guya işıqda
o içəridədi - qaranlıqdadı guya
əslində əksinədi hər şey
yummağa dəyməz gözləri

bir can dayanır qaranlıqla işığın arasında
biz də bir canıq o da bir can
gözlərimiz açıq da keçə bilərik
biz - qaranlıqdan
o - işıqdan
XS
SM
MD
LG