Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:31

Musa Yaqub "Bənövşə gileyi" (Poema)


1

Baharın göz açan məsum uşağı,
Nəfəsin ətirli yazdı, bilirik.
Şöhrətin uludu, başın aşağı,
Ömrün göz qırpımı, azdı bilirik.

Çiçəkdi boylanır sağ-solumuzdan,
İndi vaxt nə gəzir iş yolumuzdan,
Mənzil yolumuzdan çıxaq, bənövşə,
Gəlib burda sənə baxaq, bənövşə.
Yol-izdə deyilsən səni görələr,
Dəhlizdə deyilsən səni görələr,
Eyvanda deyilsən, evdə deyilsən,
Məclisdə, stolda, kefdə deyilsən,
Güldanda deyilsən səni görələr.

Bu da başqa cığır,
başqa axındır,
Hərə bir tərəfdə gül dərə bilir.
Yox, laləyə baxma, bizə yaxındır,
Özünü bir döşdə göstərə bilir.

Yasəmənə baxma,
budaq-budaqdı,
Bir az da hündürdü,
bəxti oyaqdı.
Qızılgülə baxma,
gəlib, əkilib,
Sulanıb, daranıb, zəhmət çəkilib
Qoyub ləçək-ləçək gül yarpağını,
Burda səni görən kimdi, bənövşə?
Kim verir kol-kosa əl-ayağını,
İndi kola girən kimdi, bənövşə.

2

Biz necə demişdik?
Lap qıraqda ol,
Ən dərin dərədə, ən uzaqda ol,
Təki sən əziz ol,
Belə təmiz ol,
Belə ətirli ol,
sən xətirli ol...
Sən öz əzizliyin, təmizliyinlə,
Belə az ömürlə,
belə səbirlə,
Beləcə utancaq bir duruşunla,
Beləcə vuruşsuz bir vuruşunla
Həmişə sən bizə görünəcəksən,
Ətrinlə təptəzə görünəcəksən.

Sən necə deyirsən,
hansı vaxt yetib?..
Baxsan ölçü-biçi elə cür itib;
Qanqal elə qalxıb, kol elə bitib
Alçaq kölgəsində görünmək olmur.

Quşqonmaz boz çölə, gül bağa çəkir,
О sola dartınır, bu sağa çəkir.
Çayırın kəndiri sucağa çəkir,
Onun dalısınca sürünmək olmur.


Qara yel lalənin açdı üzünü,
Qərənfıl diksinib qırpdı gözünü.
Deyəndə namərdə tikan sözünü,
Gül olub ləçəyə bürünmək olmur.

Nədir düzlük rəmzi, о daş, tərəzi,

Onun da mili düz vurmasa necə?..
Eh, qədirbilməzin var öz qərəzi,
Qədir bilən səni sormasa necə?
Nərgizin bağlana bəndi-bərəsi
Əl ondan bir çələng hörməsə necə?
Elin gözlərində ucalan kəsi,
Elə başçı olan görməsə necə?

3

«Bənövşə tala»dır bu yerin adı,
Burdan axan çayın yüyəni yoxdur.
Sular bu talanı yuyub apardı,
Torpağın bir hayıf deyəni yoxdur.
Bulaqlar qurusun,
bulağa baxma,
Budaqlar kəsilsin
budağa baxma,
Bənövşəyə baxma,
Meşəyə baxma -
Bəs bu qoruqçunun insafı hanı?
İşinin ustası, sərrafı hanı?

Təpə hamarlanır, çala sökülür,
Sel-suyun ağzında tala sökülür.
Bir Vətən şöhrətli qala sökülür,
О tarix yazılı daş əldən gedir.

Uşağın ağacda qalıb selbəsi,
Hanı bu çəpərin küdü heybəsi?
Pozulub bostanın əkin növbəsi,
Quru qurtaranda yaş əldən gedir.

Bu dağlar təbibdir, loğman kimidir,
Otu unudulmuş dərman kimidir.
Bir qaş düzəldən var göz həkimidir,
Əlində göz çıxır, qaş əldən gedir.
Çataydı о günün vədəsi gərək,
Nə vaxta qədərdir bu «baxaq», «görək».
Biganə əlində üşüyür ürək,
Könül viran qalır, baş əldən gedir.

4

Aman! Biganəlik başqa bəladır,
Ocağı söndürüb, odu heç eylər.
Ən uca zirvəni endirər yerə,
Bir Babək ünvanlı adı heç eylər.

Məhəl qoymayanda nə qış, nə bahar,
Səhrayla gülüstan bağı tənləşər.
Biganə elə cür iqlim yaradar,
Bazarın şoruyla yağı tənləşər.

Ölçü-biçini də salar kələfə,
Anlamaq istəməz ən müdrük sözü.
Baxmırsa ilahi gözəl tərəfə,
Qalmaz qiyamətdə «Cakonda» özü.
Ceyranı, dovşanı soruş məsələn,
Deyəcək о da cəld, bu da diribaşdı...
Əşi, nə fərqi var, doldur özülə,
Qranit də daşdı, mərmər də daşdı...

Dəvəni yük edə bilir keçiyə,
Bir arşınla ölçər, tikanı, gülü,
«Bu nə bənövşədi, gəlmir ölçüyə,
Bu kimə gərəkdi boynubükülü».

Yolunda ən ali məbəd dayansın
Onunçun nə yaxşı, nə pis, nə eyib,
«Necəsən qanmayım qoy atan yansın» -
Biganə barədə el yaman deyib.

Çox suyun bu çaya calandı arxı
El yaxşı tanıyır əyrini, düzü.
Duyğusuz nə bilir lalə yanağı,
Biganə nə bilir bənövşə gözü.

5

Bənövşəm, kəc baxıb qınama məni,
Tanımaq olurmu hər biganəni.
Kol kolu saxlayır, duman da çəni,
Deyir dəymə mənə, dəymərəm sənə.
Lap deyək ocaqda qızmar şişim var,
Divin ayağıyla de nə işim var.
İndi pişiyə də «pişim-pişim» var,
Deyir dəymə mənə, dəymərəm sənə.
«...Yatdığım vaxt olar, yuxudu, gözdü...
Neynirəm ki, yolu əyridi, düzdü»...
Kirpinin ilana dediyi sözdü,
Deyir dəymə mənə, dəymərəm sənə.

Biri ziyandandır, biri xeyirdən,
Alaqla sünbül də qopur yerindən.
Stollar yapışıb biri-birindən
Deyir dəymə mənə, dəymərəm sənə.

6

Torpaq öz xeyrinə ayılsa bahar,
Çəmənlər ayılsa gülüstan olar;
İnsan öz xeyrinə ayılsa heç nə...

Arılar ayılsa pətək dolacaq,
Qoy ki, öz xeyrinə yansın bu ocaq;
İnsan öz xeyrinə yanırsa heç nə...

Dağın bulaq-bulaq ayılsın gözü,
Ağac öz xeyrinə, gül öz xeyrinə
Ayılıb bəzəsin meşəni, düzü;
İnsan öz xeyrinə ayılsa heç nə...

Nə olar, ceyranlar yaman sayıqdı,
Belədə qoruyar özü-özünü.
Adam var xeyrinə yaman ayıqdı,
Hamı öz xeyrinə ayılsa heç nə...

Əllər öz xeyrinə işləsə ancaq,
Bəs onda kim-kimə əl uzadacaq?
Necə salınacaq körpülərimiz,
Necə böyüyəcək körpələrimiz?

Bəs onda bu yollar necə uzanar?
Yurdun ocaqları alışar necə?
Bəs elin tüstüsü necə qovzanar,
Hərə öz xeyrinə ayılsa heç nə...
Öz hayında olan başdan nə kömək?
Elə öz xeyrinə döyünsə ürək,
О başqa ürəyi necə biləcək?
Ürək öz xeyrinə döyünsə heç nə...
Hərə öz yanında öyünsə heç nə...

Əl öz harayında olandan sonra,
Can da öz hayına qalandan sonra,
Heç kəsin hayına yetən tapılmaz,
Hərənin elə öz torbası dolsa,
Hərənin öz əli, öz başı olsa
Vətən bağçasında bitən tapılmaz.

Çilik-çilik olar bir şüşə kimi,
Elin işi-gücü tökülüb qalar.

Yollara boylanan bənövşə kimi
Vətənin də boynu bükülü qalar;
Hərə öz xeyrinə ayılsa heç nə...

7

Yazıram, yormasın bu peşəm səni,
Daim bir havada görmüşəm səni.
Gəl, yola çıxarım, bənövşəm, səni
Burda səni görən kimdi, bənövşə.

Qoyub ləçək-ləçək gül yarpağını,
Bahar çəmənini, yol qırağını,
Kim verər kol-kosa el ayağını,
İndi kola girən kimdi, bənövşə.

Bəlkə о yerlərə düşmədi yönüm,
Gəldiyim enişdir, yoxuşdur önüm,
Sən bura gəlirsən, mən geri dönüm?
Bənövşəm, mən gəlim, sən gələcəksən?

Burda bağ gülünün ləçəkləri var,
Alı var, ağı var, göyçəkləri var,
Burda çox çəmənin çiçəkləri var
Bənövşəm, mən gəlim, sən gələcəksən?

О nə göz yaşıdır gümüş tacında,
Yoxsa gözün qalıb lalə bacında?
Qalmışam mən də bu yol ayrıcında,
Bənövşəm, mən gəlim, sən gələcəksən?

1985
XS
SM
MD
LG