Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 10:34

Vaqif Bayatlı Odər: "Heydər Əliyev tapşırmışdı ki, mənə toxunmasınlar"


"Feyziyyə ilə şənbə söhbəti"nin qonağı şair Vaqif Bayatlı Odərdir


"Mən şeiri qışqıra-qışqıra yazıram..."

"Mənim çox sevdiyim Dostoyevskinin yazılarında da nə qədər desən artıq yerlər var..."

"Sonralar xalq şairlərinin şeirlərini oxuyanda fikirləşirdim ki, bu mənasız şeirlərdən daha yaxşısını yaza bilərəm..."

"Azərbaycan poeziyasını bir yerə yığsan, ingilis ordusunu məğlub edər..."

"Mən düşünürəm ki gələcəkdə ancaq bayatı yazacağam..."



- Sizin şeir ifanız çox fərqlidir. Sanki güclü bir enerji axını, musiqi ilə müşayiət olunur.

Maraqlıdır, bu proses şeirin yazılması zamanı baş verirmi, yoxsa şeir fərqli tərzdə yaranır?


- Mən şeiri deyə-deyə yazıram. Siz necə eşdirsinizsə - qışqıra-qışqıra, sakit-sakit... Mən şeiri yazanda görmürəm, gərək deyim ki, gözümə gürünsün.

- Adətən deyirlər ki, istedadlı insanlarda şeir yazma prosesi ani baş verir.

Bir neçə günə yazılmış şeirləri isə daha çox quramaçılıqla əlaqələndirirlər. Sizdə olubmu bir neçə günə bir şeir yazma halları?


- Elə şeirlər var ki, birnəfəsə yazılır. Elə şeirlər də var ki, onu bir neçə günə

yazmaq lazım gəlir.

Məsələn, məni, qınayırlar ki, əvvəlki şeirlərimə yenidən qayıdıram. Amma şeirlərim də var ki, otuz il ərzində hələ də bitməyib.

Hətta sovet dövründə elə şeirlərim var idi ki, onları çap eləmirdilər. Məsələn, Nigar Rəfibəylinin dəfninə yazdığım bir şeir var idi, onu çap eləməyə imkan vermirdilər. Sonralar Anar çap elətdirdi.

- Yəni şeirlərə yenidən qayıtmağa normal yanaşırsınız?

- Bəzən mən görürəm ki, bir şeirin bir misrasını yazmaq üçün iyirmi il bəs eləmir. Belə bir sarsaq fikir var ki, şair öz şeirinə dəyməməlidir.

Elə şeir var ki, düzdür, toxunmaq olmaz, amma elələri də var ki, olar. Belə qadağalar az nəfəsi olan şairlər üçündü.

Mənim nəfəsim isə simfonik nəfəsdir, roman nəfəsidir.

- Siz gənclik illərinizdə yazdığınız şeirlərə yenidən əl gəzdirəsi olursunuz. sizə elə gəlmirmi ki, bu zaman şeirlərdə hisslər qarışır.

Insanın gənclik illərində yaşadıqlarını, sonralar eyni enerji, eyni duyğu ilə yaşaması mümkündürmü?


- Mən yazılarıma əl gəzdirmirəm, ürək gəzdirirəm (gülür- F.) Və mən gəncliyin sevgisi, gəncliyin ehtirası ilə bağlı hissələrə toxunmuram.

O dövrdə yazılara nəzarət edən bir təşkilat var idi - Dövlət Sirlərinin Mühafizəsi İdarəsi. O idarə qəzet-jurnallardakı yazılara müdaxilə edirdi. Mənim də şeirlərimin bəzi hissələrini dəyişimişdilər.

Oxucu da yazını o cür oxuyurdu. Indi mən nə etməliyəm? Sovet dövrü artıq bitib. Indi o yazıları düzəldə bilmərəmmi?

O vaxt məni KQB izləyirdi, adım qara dəftərdə idi. Həmin o idarənin böyüyü mənə demişdi ki, siyahıda beş adam var, onun da biri sənsən. Amma heç cür öyrənə bilmədim ki, qalan dörd nəfər kimdi.

1978-ci ildə şeirlərim Əkrəm Əylislinin redaktorluğu ilə “Azərbaycan” jurnalının 8-ci sayında çap olunmalı idi.

Amma jurnalın çapını üç ay saxladılar. Orada bir şeirimdə demişdim ki, bir zırpı, bir yekəqarın döymək istəyirəm. elə bilmişdilər ki, Brejnevi nəzərdə tuturam. Sonra Heydər Əliyev tapşırıq verdi ki, jurnalı buraxsınlar.

Yəni heç olmasa məhdudiyyətlə də olsa çap olunmaq imkanım var idi.



Axı insan bilmir nə qədər yaşayacaq və öləndən sonra çap olunmaq imkanı olacaqmı? Buna görə də mən şeirlərimdən ixtisarlar edilməsinə razı idim.

- Yaxınlarda ananızı itirdiniz. Ahıl yaşda ana itirmək çox da ağrılı deyil ki? Adama elə gəlir ki, sizin yaşda itkilərə daha dözümlü olmaq mümkündür...

- Mən də sizin yaşda olsaydim, elə düşünərdim. Amma sonra gördüm ki, hansı yaşda olmağından asılı olmayaraq insan ana itirir.

Təkcə anamı deyil, itirdiyim yaxın dostlarımı da hər gün xatırlayıram (kövrəlir - F.) Insan insanla ünsiyyətdə olanda bir-birinin içindən keçir.

- Yaş insan itkisinin ağrısını yüngülləşdirmirsə, sizcə, insanlara yaş vermək cəfəng səslənmir ki? Bəlkə biz elə həmin balaca uşaqlarıq, sadəcə, illər bizim libaslarımızı dəyişdirib?

- Mən həmişə demişəm ki, mənim üçün zaman anlayışı yoxdur. Əvvəllər mən elə bilirdim ki, yaşlı insanlar daha çox bilir, dünyanı görüblər.

Amma indi görürəm ki, insan nə qədər yaşlansa, yenə də uşaqdır. Bütün insanlar körpədir, bütün insanlar uşaqdır.

Cəmiyyət insanları elə sıxır ki, insanlar özlərini böyük kimi aparmağa məcburdurlar.

Elə ki çıxırlar təqaüdə, özlərini böyük kimi aparmaq yadlarından çıxır. Dünyanın yaşının yanında insanın yaşı çox azdı.

Insanların böyüməyə sadəcə vaxtı yoxdur, otuz ilə, qırx ilə necə böyümək olar axı?

- Çox aktual olan bir mövzu ilə bağlı sizin də fikirlərinizi bilmək istərdim. Nəsr şeiri arxada qoydumu?

- Bu heç vaxt ola bilməz. Şeir ədəbiyyatın ən xalturasız janrıdır. Orda nəinki artıq bir sözə, heç artıq bir nəfəsə də yer yoxdur.

Məsələn, Folkner deyir ki, hekayə ən az xalturası olan nəsrdir. Romanda isə xaltura üçün kifayət qədər yer var.

Mənim çox sevdiyim Dostoyevskinin yazılarında da nə qədər desən artıq yerlər var.

Məsələn, bizim bayatıları görürsünzmü, bir damcı belə yad nəfəsə yer yoxdu. Amma bir bayatıda bir roman var. Mən düşünürəm ki gələcəkdə ancaq bayatı yazacağam.

- Bayaq dediniz ki, nəfəsiniz roman nəfəsidir, amma nəsr nümunələriniz yoxdur...



- Mən yeganə şairəm ki, yaradıcılığa nəsrlə başlamışam. Mənim şair olmaq fikrim yox idi. 17-18 yaşlarında iki povest yazmışdım.

Onları da cirib tullamışdım. Sonralar xalq şairlərinin, tanınmış şairlərin şeirlərini oxuyanda fikirləşirdim ki, bu mənasız şeirlərdən daha yaxşısını yaza bilərəm.

- Kim idi o şairlər?

- Onlar dünyalarını dəyişiblər, adlarını çəkmək istəmirəm.

- Şeirlərinizi kiməsə redaktəyə verirdinizmi?

- Redaktəyə heç kimə vermirdim. Sadəcə, redaksiyalarda, nəşriyyatlarda redaktə edirdilər. bayaq dediyim Dövlət Sirlərini Mühafizə İdarəsi hətta kitablar nəşr olunandan sonra da, onların yayımını saxlayırdılar.

Yusif Səmədoğlu “Azərbaycan” jurnalında mənim üç şeirimi çap etmişdi, amma Əkrəm Əylisli jurnala gələndən sonra mənim bir kitab şeirimi çapa verdi.

Azərbaycan ədəbiyyatı tarixində hələ belə bir şey olmamışıdı. Onda həmin idarə çapı dayandırmışdı, Yazıçılar Birliyində aləm qarışmışdı. Amma yenə jurnalın çapına icazə verilmədi.

O zaman məsələ birinci katib olan Heydər Əliyevə çatdı. Yazıçılar Birliyinin katibi vardı - İshaq İbrahimov... Özü də Heydər Əliyevin qohumu idi.

O, çox gözəl tərcüməçi idi, dünya ədəbiyyatından gözəl tərcümələri var idi. İshaq İbrahimov mənim şeirlərimdən ilhamlanıb şeir yazmışdı.

Bu o zamanlar idi ki, mənim haqqımda donos yazmışdılar, məni "antisovet" adlandırırdılar. Məktəbdə yazılarımı yoxlayırdılar. Atamı incidirdilər. Elə hər gün deyirdilər ki, bunu tutacaqlar.

Onda Heydər Əliyev İshaq İbrahimovdan soruşmuşdu ki, Vaqif Cəbrayılzadə kimdir, sən də ona şeir yazmısan? Rəhmətlik İshaq da mənim haqqımda ona danışmışdı, şeirlərimi oxumuşdu.

Sonra Heydər Əliyev tapşırmışdı ki, ona toxunmayın. Yazıçılar Birliyinin Qurultayında hamınızın tanıdığınız yaşlı şairlər mənim şeirlərimi oxuyub tənqid edirdilər.



Bir şeirim var idi, “mən bir dəli oğlanam, kəndə apara bilməzsən məni”. Bunu oxuyub yıxıb-sürüyürdülər məni. Heydər Əliyev də qurultayda idi .Soruşdu ki, bu, kimin şeiridir? Dedilər Vaqif Cəbrayılzadənin.

O, dəftərinə nəsə qeyd elədi. Hamıya çox təəccüblü gəldi ki, o niyə reaksiya vermir? Halbuki, bir neçə dəfə şeirlərimi oxuyur, "antisovet" olduğunu deyirdilər. O vaxtın qəzetlərinin stenoqramlarına baxsanız, hamısını görə bilərsiniz.

Sonralar İshaq İbrahimov mənə dedi ki, qurultaydan öncə mənim haqqımda H.Əliyevə danışmışdı deyə, bu informasiyalar kənarda qaldı. Elə həmin qurultayda Heydər Əliyev çıxış etdi.

Mənim adımı çəkməsə də, dedi ki, siz gənc nəslə toxunmayın, onları məhv etməyin. Onlara toxunsanız, ədəbiyyatda nəsillər arasında böyük boşluq yaranacaq.

- Yeni ədəbi nəsli izləmək imkanınız olurmu?

- Əlbəttə, yeni ədəbi nəsil çox istedadlıdır. Bu fikrimi məndən müsahibə götürən xarici ölkə jurnalistlərinə də demişəm.

Lovğalıq kimi çıxmasın, şeirlərim əlliyə yaxın dilə tərcümə olunub. Həmin müsahibələrin birində demişdim ki, NATO-nun güclü ordularindan biri ingilis ordusudur.

Azərbaycan poeziyasını bir yerə yığsan, bir ordu yaranar və bizim poeziya ordumuz ingilis ordusunu məğlub edər. Sağ olsunlar onlar heç qısqanc da deyillər, çap etmişdilər onu.

Mən bu fikiri ədəbiyyatımızdan faktlar göstərərək demişdim. Həm də demişdim ki, bizim şeiri anlamaq üçün, onları tərcümədə yox, orijinalda oxumaq lazımdı. Ümümiyyətlə, türk dili dünyada yeganə dildir ki, ahəng qanunu var.

Yəni bu dilin qanunu - musiqi qanunudur. Buna görə də bizim dil dünyanın ən musiqili dilidir.

- Güclü ordusu olan Azərbaycan poeziyası öz layıqlı qiymətini nə vaxt alacaq?

- Bizim dilimiz ən musiqili dil olduğuna gorə bizim nəsrimiz də ən poetik nəsrdir. Bütün dünyada belə bir fikir var ki, nəsr poeziyanı üstələyir. Amma əslində hansı nəsr üstün hesab olunur? Poetik nəsr.

Məsələn, Markes, Dostoyevski əslində şairdirlər. Poeziya çox nəhəngdir. Onun içində roman da var, povest də var, musiqi də.



Məsələn, iyiminci əsrdə ingilislərin ən böyük şairi Tomas Eliot sayılır. Mən onun bir neçə şeirini öz dilimizə tərcümə eləmişəm.

İngilislər təəccüb edirdilər ki, heç biz özümüz onun şeirlərini anlamırıq, siz necə tərcümə edirsiniz?

Mən də demişdim ki, yer üzündə yeganə bir dil var - poeziya dili. Elə sözlər var idi ki, onlar heç lüğətdə də yox idi, o sözləri ruhən tapmışdım.

- Ötən həftə rubrikamızın qonağı olan İradə Tuncay soruşur ki, Vaqif Bayatlı Odər niyə imzasını tez-tez dəyişir?

- Əslində, imzasını ən az dəyişən mənəm. İradə xanımın atası Məmməd Araz mənim dostum, həm də sevimli şairim idi.

O, İradə xanımla nişanlı olan Aqil Abbası yeni il bayramına qonaq çağırmışdı. Aqil məni də aparmışdı.

O gün gecə yarıya kimi söhbət etmişdik. Yəni biz bir-birimiz üçün çox doğma adamlarıq. Məmməd Arazın əvvəl imzası Məmməd İbrahim idi, ondan əvvəl isə, səhv etmirəmsə, Məmməd İbrahimov olub.

Yəni bu, insanın mənzərəsidir, dəyişir. Həmçinin məndə. Bu imzalar mənim ruhi dəyişkənliyimin mənzərəsidir.

Mən bəzi şeirlərim üçün Vaqif Bayatlı Odərəm, bəziləri üçün Cəbrayılzadə. Həm də mən imzamı ona görə tez-tez dəyişirəm ki, bu insanlar hərəkətə gəlib “ov”dan, “yev”dən imtina etsinlər.

Bunlar axı yiyəlik şəkilçisidir. Ruslarda bu səslənir, bizdə isə səslənmir...

- Növbəti qonağımız olacaq Əjdər Ola sualınız varmı?

- Mən dünyanı çox sevirəm, bəs siz?

FEYZİYYƏ

Həmçinin oxu
İradə Tuncay: "Təhsil sistemindəki qadınlar millətin evini yıxırlar"


Rafiq Tağı: "Mən Allaha bütün ayətullahlardan daha yaxınam"

Şərif Ağayar: "İnsanlar o torpaqlara qayıtmağa mənəvi cəhətdən hazır deyillər"

Həmid Herisçi: "AYO postmodernizmdə çox ilişib qaldı"

XANƏMİR:"İnsanı hər addımda aşağılayan bir cəmiyyətdə yaşayırıq"


Salam Sarvan: "Şairin oxucu və ya kamera qarşısında artistliyi utanc gətirən şeydi"
XS
SM
MD
LG