«Əsərdə müəyyən şifrələr, işarələr vardı və mən bu səbəbdən araşdırmalarımı davam etdirməliydim».
Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına yazıçı-jurnalist Zakir Sadatlı söylədi.
Ötən əsrin 20-ci illərində bolşevik işğalından sonra Vətəndən qaçmağa məcbur qalmış Əziz Alpoutun «Həyatımın hekayətləri» adlı xatirələr əlyazmasını Türkiyədə tapıb üzə çıxaran və bu ilin ortalarında Bakıda çap etdirən Zakir Sadatlı bununla arxayınlaşmayıb:
«Mən bilirdim ki, onun şəxsi arxivi Türkiyədədir və bu arxivdə Azərbaycan tarixi üçün çox önəmli materiallar var. Odur ki, kitab çapdan çıxan kimi Türkiyəyə üz tutdum».
ƏZİZ BƏYİN ARXİVİNDƏ NƏLƏR VARDI?
Zakir Sadatlı Türkiyədə Əziz Alpoutun qızı Gülər Somerlə görüşüb:
«Gülər xanım Ankarada Qazi Universitetinin professorudur, kimya üzrə xüsusi nailiyyətləri olan şəxsdir. Ruhuyla, canıyla Azərbaycana bağlı olan insandır. Maraqlıdır ki, Əziz bəyin arxivi və irsi Gülər xanımın nəzarətindədir. Bir neçə gün mən Əziz bəyin arxivində işlədim və çox qiymətli materiallar əldə etdim».
AĞLAYAN QAYA—ƏZİZ ALPOUT...
Qonağımız Əziz bəyin təkcə ədəbi-bədii yaradıcılıqla kifayətlənmədiyini, Almaniyada dəriçilik üzrə təhsil alıb Türkiyəyə qayıtdığını və bu ölkədə dəriçilik sənayesinə aid elmi məqalələr, kitablar yazdığını bildirdi:
«Onun bu gün də aktual olan «Tətbiqi dəriçilik» adlı irihəcmli bir kitabını əldə etdim. Siyasi məfkurəsini açıqlayan bir çox məqalələr, 1918-20-ci illərdə Azərbaycanda baş verən ictimai-siyasi hadisələrə Əziz bəyin rakursundan baxış da çox maraqlı idi. Həmin məqalələr müxtəlif dövrlərdə Türkiyədə çıxan qəzetlərdə çap olunmuşdu. Əziz bəy tərcümə sahəsində də çalışmışdı. Onun Şillerdən, Saltıkov Şedrindən və başqa dünya klassiklərindən tərcümələri vardı. O kitabları da Azərbaycana gətirdim. Əziz bəy rəssamlıq sahəsində də özünü sınayıb və Türkiyədə şöhrətlənib. Xeyli rəsm əsəri vardı, onları da lentə köçürdük. «Ağlayan qaya» rəsmi çox təsiredicidir. Ruhunda Vətən sevgisi, Vətən eşqi var...».
ARXİVDƏ ZAKİR SADATLINI NƏ SARSITDI?
Zakir bəy arxivdə onu ən həyəcanlandıran eksponatdan da danışdı:
«Üçrəngli bayrağımız var idi. Qızı Gülər xanım söylədi ki, bu bayrağın 80-dən çox yaşı var. Atam hər zaman dostları evimizə gələndə masanın üstünə əvvəlcə Azərbaycan bayrağı qoyardı və mühacirlər o bayraq altında söhbətə başlardılar...».
QÜRBƏTƏ GEDƏNLƏRİN QAYIDAN VAXTIDIR!
Zakir Sadatlı o bayrağın Azərbaycana gətirilməsini istəyir:
«Təbii ki, Türkiyə qardaş ölkədir, o bayrağa sahib durub. Amma qürbətə gedənlərin qayıdan vaxtıdır. Biz dünyaya səpələnmiş irsimizi Vətənə gətirməliyik. O cümlədən, 80-dən çox yaşı olan üçrəngli Azərbaycan bayrağını».
MAVİSİ SOLAN BAYRAQ...
Zamanın bayrağın mavisini soldurduğunu bildirən qonağımız bayrağın tikilmə tarixçəsini də öyrənib:
«Əziz Alpoutun ikinci həyat yoldaşı İlise xanım (Türkiyədə Aytən xanım oldu) milliyyətcə alman idi. Həmin bayrağı da o -- Gülər xanımın anası hazırlayıb və həmin bayraq uzun illər Əziz bəylə bütün dünyanı gəzərək, nümayiş və mitinqlərdə, görüş və bayramlarda mühacirlərin yanında olub, onları qoruyub».
MƏZARINA SU SƏPDİK
Zakir Sadatlı Ankarada Əziz Alpoutun uyuduğu Karşıyaka məzarlığına da baş çəkib:
«1988-ci ildə dünyasını dəyişib. Təsadüfə bax ki, biz onun məzarını ziyarətə gedən gün -- 27 iyul onun doğum günüymüş... Əziz bəyin vəsiyyətlərindən biri də o olub ki, nə vaxtsa Azərbaycandan gələnlər olsa, onun məzarına su səpsinlər. Vəsiyyətinə əməl edib, qəbrinə su səpdik...».
«HƏYATIMIN HEKAYƏTLƏRİ» NECƏ SATILIR?
Zakir Sadatlı çox təəssüf hissi ilə bildirdi ki, tariximizin bu önəmli səhifəsini gündəliyində canlandıran Əziz bəyin kitabı sükutla qarşılanıb:
«İndi kitab oxuyan azdır. Bəla orasındadır ki, bizim ölkədə oxucular, xüsusən mütəxəssislərimiz, tədqiqatçılarımız, tarixçilərimiz bundan xəbərsizdirlər. O kitab neçə aydır satışdadır. Amma heç kəs o kitaba sahib durmaq istəmir».
«ƏLİ VƏ NİNO»NUN SƏNƏDLİ VARİANTI
Aparıcının: «Əziz bəyin xatirələrini oxuyarkən sanki «Əli və Nino»nun Bakısını, romanda təsvir olunan tarixi yerləri qarış-qarış gəzdim» -- fikrini dəstəkləyən Zakir Sadatlı bu kitabların oxşar cəhətləri olduğunu təsdiqlədi:
«Amma bu kitabın qiyməti ondadır ki, sənədlidir. Tarixi şəxsiyyətlərə istinad edir. İndiyə qədər bilmədiyimiz, öyrənmədiyimiz, qaranlıq nöqtələr var. Elə hadisələr var biz onların təfərrüatını bilməliyik ki, tarixin mənzərələrini görə bilək. Bu kitabda həmin mənzərələr var. Bu elə bir kitabdır ki, dostumuzu və qardaşımızı bizə barmağı ilə göstərir. Bizim tarixi səhvlərimizi sərt şəkildə üzümüzə deyir».
KİTABI ALIB EVİNİZDƏ SAXLAYIN -- OXUMAYIN, AMMA...
Yazıçının fikrincə, həmin səhvləri təkrar etməmək üçün, dövlətimizi, müstəqilliyimizi qorumaq üçün elə faktları, tarixi prosesləri bilməliyik:
«Odur ki, «Əli və Nino»dan fərqli olaraq, Əziz bəyin xatirələri milli kitabdır. İstərdim ki, hər bir azərbaycanlı bu kitabı alıb evində saxlasın. Hələ oxumasa da olar. Qoy gələcək nəsillər oxusun».
-- Qonağımız Əziz bəyin «Hekayətləri»ndə yaza bilmədiyi, işarələrlə anlatdığı məsələlərdən nə dedi?
-- Gündəliklərdə Əziz bəy «qardaşım» dediyi Ə.F. Düdənginskidən (AzadlıqRadiosunun Azərbaycan redaksiyasının ilk baş redaktoru) niyə ancaq bircə dəfə -- o da öldürüldükdən sonra bəhs edir?
-- Əziz bəy ona gələn məktubları niyə oxuyandan dərhal sonra yandırırmış?
-- Zakir Sadatlı Türkiyədə görüşdüyü Əziz bəyin qız nəvəsindən nələr danışdı?
-- Əziz bəy niyə ailəsini evinə ağır əşyalar almağa qoymurmuş?
-- Əziz bəy Azərbaycanın yenidən müstəqilliyinə qovuşacağına nədən belə əmin idi?
-- Türkiyədə Əziz bəyi tanıyanlar onu necə xatırlayırlar?
-- Türkiyədə çıxan «Böyük türklər» ensiklopediyasında Əziz bəyə xüsusi bölmə ayrıldığını bilmək istəyirsinizmi?
Elə isə, «İz» qarşınızdadır. Dinləyin.