Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 23:00

Xanım Xəlilova dövlət müstəqlliyinin nəyə başa gəldiyini izah edir


Xanım Xəlilova
Xanım Xəlilova

AzadlıqRadiosu Azərbaycanın müstəqilliyini bərpasının 20 illiyi ərəfəsində silsilə müsahibələri davam etdirir. Budəfəki müsahibimiz xalq hərəkatının fəallarından biri, hazırda Türkiyədə elmi-pedaqoji fəaliyyətlə məşğul olan azərbaycanlı alim, (D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin həmsədri) Professor Xanım Xəlilovadır.
- Azərbaycan dövlətinin mövcud durumu, bu 20 illik ərəfəsində sizi qane edirmi?

- Mənim üçün ən önəmlisi odur ki, Azərbaycan müstəqildir. Bu, Məhəmməd Əmin Rəsulzadənin qoyduğu yoldur.

Amma təəssüflər olsun ki, bu gün Azərbaycanda nə Rəsulzadənin adı çəkilir, nə də heykəli var.

Ondan sonra bu yolda canını qoyan Əbülfəz Elçibəydir. Onun da nə adı çəkilir, nə də heykəli var. Mən buna görə çox üzülürəm.

Yəni keçmişini, liderlərini unudan millətin gələcəyi çətin olar. Məhəmməd Əmin Rəsulzadə ilk olaraq Azərbaycan Cümhuriyyətini quran adamdır. Buna görə biz hamımız Məhəmməd Əmin Rəsulzadəyə borcluyuq.

Elçibəyə gəlincə, mən 18 yaşımdan onunla birlikdə sovetlərə qarşı mücadilə verən qadın olmuşam. Gəncliyim bu yolda gedib. Nə zülmlər görmüşük. Adamlar gündüzlər bizə salam verməyə də qorxurdular.

1975-ci ildə Əbülfəz Elçibəy tutulanda qorxudan həbsxanaya heç kim getmirdi. Amma bizim ailə gedirdi. Əgər o, "mənəm günahkar" – deyib bütün suçları öz üzərinə götürməsəydi hamımızı həbs edəcəkdilər.

Rəsulzadənin bizə bağışladığı ücrəngli bayrağın altında oturan hökumət milli məsələlərdə müxalifətlə bir olmalıdır. Amma hələlik bunu görmürəm və belə məsələlər məni çox üzür.
- Sizcə, millət keçmişini unudur, ya başqa səbəb var bu fikri söyləmənizdə?

- Millət öz keçmişini unutmamalıdır. Amma unutdurmağa çalışırlar.
- Sizin arzuladığınız Azərbaycan necə olmalıdır?

- Mənim arzuladığım Azərbaycanda demokratik seçkilər olmalıdır ki, xalq istədiyi kişiləri seçə bilsin. Sərbəst toplaşmaq, öz fikrini demək, mitinqlər etmək gerçəkdə hər kəsin haqqı olmalıdır.

Müxalifət də olmalıdır iqtidar da. Çünki müxalifət olmayan yerdə iqtidar inkişaf edə bilməz.
- Meydan hərəkatından indiyədək Azərbaycan xalqının fəallığı sizçə artıbmı, azalıbmı və səbəb nədir?

- Əlbəttə 1988-ci ilin xalq hərəkatı ilə müqaisədə indiki fəallıq eyni deyil. İndi insanlar küçələrə çıxıb demokratiya uğrunda mücadilə aparanda, çoxunu ya döyüb işgəncə verirlər, ya da tuturlar. Ona görə də bir qorxu var insanlarda.

1988-də də o qorxu var idi. Özü də sovet qorxusu. Amma bıçaq sümüyə dirənəndə o qorxu yox olar. Ona görə də gərək elə edək ki, bıçaq sümüyə dirənməsin.
- Azərbaycanın xalq hərəkatında iştirak edən liderlərin, fəalların yenidən bir yerə yığışıb nəsə bir hərəkət etmələrinə ehtiyac var, ya bunu zamana buraxmaq lazımdır?

- Hər şeyi zamana buraxın, hər şey yaxşı olacaq. Amma bizdə bir məsələ var ki, liderlərimizin hamısı lider olmaq istəyirlər. Xalq Cəbhəsi 6-7 yerə bölündü. Nədənsə bu xüsusiyyət bizim qadınlarımızda yoxdur, amma kişilərimizdə var. Hamısı liderlik, vəzifə istəyirlər. Amma düşünmürlər ki, vətənin vəziyyəti ağır olanda birləşmək lazımdır. Bizim kişilərimiz bir az da bu barədə düşünsünlər.
- Bəlkə qadınlar kişiləri kənarlaşdırıb təşəbbüsü öz əllərinə alsınlar?

- Vaxtında biz qadın taburu yaradıb 20 yanvarda tankların qarşısına çıxmışıq. Bunu təkcə savaşmaq üçün yox, həm də bizim o bəzi kişiləri utandırmaq üçün etdim. Lazım olsa, qadınlar da önə çıxar.
- 20 ilin tamamında fəal qadınları kişilərə nə mesajı var?

- Azərbaycanı qadını, kişisi ilə birlikdə bu münasibətlə təbrik edirəm. Amma milli məsələlərdə bir araya gəlsinlər. Birlik, bərabərlik olsa biz Qarabağ problemini də həll edərik.
- Hələ çoxmu qalacaqsınız Türkiyədə?
- Azərbaycanın düzəlməsi üçün lazım olsam qayıdaram. Mən bir az Azərbaycandan küsmüşdüm. Amma sayın professorumuz Rafiq Əliyevi (Milli Elmlər Akademiyasının müxbir üzvü, professor - müəl.) tanıyandan sonra dedim belə insanlarımız varsa, mən mütləq mübarizə aparacam.

Müsahibəni səs variantında burada dinləyin:
XS
SM
MD
LG