2-ci Dünya Savaşının başa çatdığı, Azərbaycanda hamı şeiri Səməd Vurğun, romanı Tolstoy kimi yazmağa cəhd etdiyi vaxtlarda dünya ədəbiyyatında Azərbaycana havası da dəyməmiş modernizm cərəyanı ömrünü başa vurmaqda və postmodernizm deyilən yeni cərəyan formalaşmaqda idi.
60 ildən çoxdur yol gələn bu cərəyanın nümayəndələri indi də bütün dünyanın oxuduğu əsərlər yaratmaqda davam edirlər. Sovetlərin dünya ədəbi prosesindən təcrid etdiyi Azərbaycan ədəbiyyatında postmodernist əsərlər müstəqillik dövründə yaranmağa başlayıb.
"Oxu zalı"nda başladığımız "Postmodernizm" layihəsində Qismət sizi dünyanın ən məşhur postmodernist yazarları ilə yaxından tanış edəcək...
QİSMƏT
NABOKOVUN MÜHACİRƏT OYUNLARI
Nabokov haqqında kimsə elə-belə, onun dünyasının oyun qaydalarını bilmədən, yazmaq xatirinə yazsa, o dəqiqə onun qəhrəmanına çevrilər.
Üslub, forma oyunlarından, ironiyadan, parodiyadan, gözlənilməzlikdən, analizdən, intellektuallizmdən, qısası zəngin ədəbi fəndlər kaleydoskopundan uzaq istənilən mətn, Nabokovun gülüş “Kalaşnikov”undan atılmış mərmilərlə darmadağın olur.
Mən isə yaralansam da, burdan sağ çıxmaq istəyirəm. Ona görə də nə qədər ki, yazıya başlamamışam və Nabokov öz oyun qaydalarını diqtə etməyə başlamayıb, özümü də qabaqlayıb bu yazının oyun qaydalarını sizə təqdim etmək istəyirəm.
Amerika romançısı Lyuk Raynhardın məşhur “Zər adam” adlı romanının qəhrəmanı Lyuk bir gün qərar gəlir ki, bundan sonra öz iradəsindən imtina edib, həyatda nə etmək lazım olduğunu zərin ixtiyarına versin.
İlk ağlına gələn şeyləri, normal həyatda tabu sayılanları, əxlaqsızlıq hesab edilən işləri nömrəylə bir vərəqə yazır və zəri atır. Zər ona nəyi deyirsə, həmin gün ərzində onu etməyə başlayır. Zərin “böyük iradə”sindən qətiyyən kənara çıxmayan Lyukun başına qəribə işlər gəlir. Bu yazını Lyukun oyun qaydaları ilə oynayaraq yazmaq istəyirəm. Əvvəlcə siyahı:
1. Bioqrafiyası
2. Kəpənəkləri
3. Romanları
4. Lolitası
5. Mühazirələri
6. Ev muzeyi
İndisə zəri atıb bəxtimə hansı hissə düşsə, onu yazmağa başlayıram. Əmin olun ki, zərə xəyanət etmək ağlımın ucundan belə keçmir. Siz də bir zər götürüb ata bilər və yazını öz zərinizin sizə diqtə etdiyi ardıcıllıqla oxuya bilərsiniz.
Şeşnən başlayası olduq...
Şeş – Ev muzeyi.
Ünlü türk yazarı Orxan Pamuk “Məsumiyyət muzeyi” romanında, qəhrəmanı Kamalın
dilindən muzeylərin qürurdan, təkəbbürdən yarandığını deyir. Ən kiçik, fərdi təşəbbüs hesabına açılmış muzeylərdən tutmuş, dünyaca məşhur olan bütün muzeylər hansısa formada təkəbbürdən yaranıb. İmperiyanın, dövlətin, ölkənin, şəhərin, yaxud hansısa sənətçinin fərdi qüruru, ( sənətçinin ölümdən sonra bunu həyata keçirən ailə üzvlərinin də ola bilər ) təkəbbürü düşüncədən, yəni qeyri-maddi formadan məkan formasına düşəndə muzeylər yaranır. Mən bunu ən çox “Topkapı sarayında” hiss etmişəm.
“Mənzərədən parçalar” kitabında “Məsumiyyət muzeyi” ilə bağlı bir esse var. Adı belədir: “Məsumiyyət muzeyinin ilham qaynaqları arasında bir gəzinti”. Dönə-dönə ona böyük təsir etmiş yazarlardan danışarkən Nabokovu xatırlayan Pamuk, muzey ideyasının qaynaqları içində Nabokovdan da yazır : “Vladimir Nabokovun ünlü romanı “Solğun işıq”, adını yazarının da bir yerdə qeyd etdiyi kimi, Şekspirin “Afinalı Timon” əsərindəki iki misradan götürüb :
Ay aciz bir oğrudur -
Solğunu işığını günəşdən oğurlayan.
Bu misralar mənbəyini və ilhamını başqa yerdən götürən yaradıcı yazarın vəziyyətini ifadə edən bir bənzətmədir. Nabokovun romanı iki hissəlidir. Başda Robert Frosta bənzəyən bir şairin – Con Şeydin həyat və dünya haqqında uzun bir şeirini bizə təqdim edən Nabokov, sonra ikinci hissədə başdanxarab olduğunu romanı oxuduqca başa düşdüyümüz bir nəfərin ( şairin qonşusunun) şeiri çap etdirərkən, ona misra-misra verdiyi qəribə şərhləri oxucuyla bölüşür. Şairin qonşusu Kinbot bəzən bir kəlmədən, bəzən bir misradan, ortaq bir xatirədən başlayaraq , əslində krallar, inqilablar, saraylar, və cinayətlərdən ibarət olan öz həyatını danışmağa başlayır. Bir şeirə misra-misra yazılmış qeydlərdan əmələ gələn roman kimi, əşya-əşya bir muzeyə yazılmış qeydlər şəklində bir roman yaza biləcəyim ağlıma yəqin ki, bu romandan gəlib. “
Nabokovun doğulub boya-başa çatdığı ev Peterburqun ən qədim məkanlarından birində, Böyük dəniz küçəsi 47-də yerləşir. Onun tarixi XVIII əsrin 30-cu illərindən, Böyük və Kiçik dəniz küçələri çəkiləndən başlanır. Evin sahibləri dəfələrlə dəyişib. Onların arasında naşirlər Roznotovski qardaşları, Xitrovo ailəsi, məşhur sərkərdənin nəvəsi Suvorov yaşayıblar.
1897-ci ildə evi həqiqi mülki müşavir İvan Rukavişnikov yeganə qızı Yelena üçün cehiz kimi aldı və 1898-ci ildən Nabokovlar ailəsi bu evdə daimi yaşamağa başladılar. Təbii ki, 1917-ci ilin noyabrından Peterburqdan məcburi gedənə qədər.
1901-1902-ci illərdə ev Nabokovlar üçün əsaslı təmir edildi və üç mərtəbəli oldu. Evin fasadında yeniliklər oldu. Nabokovların evinin fasadı erkən dönəm modern Peterburq memarlığını əks etdirir.
1998-ci ildə böyük yazarın doğumunun yüz illiyi münasibətilə Nabokovların evi Nabokov muzeyinə çevrildi.
Mən Nabokovun ev muzeyində olmamışam, amma internetdə bir balaca axtarış etdim və bu muzeyi virtual gəzməyin mümkünlüyünü gördüm. Nabokovmuseum.org saytında böyük romançı ilə bağlı olduqca maraqlı materiallar, fotolar, muzeydən görüntülər var. Nabokovun səsini də dinləmək, videosunu görmək mümkündür. Bütün bunlar həmin saytda yerləşdiyi üçün mən muzeylə bağlı çox da təfərrüata varmıram.
Zərimizi bir də atmağın zamanıdı...
Yek – Bioqrafiyası.
XX əsrin ən böyük romançılarından sayılan Vladimir Nabokov, dünyanın XIX əsri yola salmağa hazırlaşdığı ildə, 1899-un 20 aprelində, müsahibələrində, yazılarında tez-tez dediyi kimi, Şekspirlə eyni gündə, Puşkindən yüz il sonra Sankt-Peterburqda dünyaya gəlib. Nabokovun babası II və III Aleksandr dönəmlərində nazir işləyib. Nabokovun atası isə məşhur hüquq adamı, siyasətçi olsa da, öz atasının yolunu davam etdirməyib. Oktyabr inqilabından sonra o, ailəsini Krıma yola salır. Özü isə ümidlə paytaxtda qalır. Çünki fikirləşir ki, bolşevik hakimiyyəti devriləcək. Lakin çox keçmir ki, o da ailəsinin yanına gedir və ədliyyə naziri kimi Krımın vilayət hökumətinə qoşulur.
Sonrakı illərdə Nabokovların mühacirətinin coğrafiyası genişlənir. Onlar 1919-cu ildə Yunanistan və Fransadan keçərək İngiltərəyə gəlirlər və Vladimir burda, Kembridc Universitetində əvvəl entologiya (böcəkləri öyrənən elm sahəsi), sonra isə ixtisasını dəyişərək fransız və rus ədəbiyyatı üzrə təhsil alır. Məşhur avtobioqrafik kitabı “Danış, yaddaş”da yazdığı kimi “ingilis diliylə, rus dilindən də öncə tanış olan” Vladimir üçün Kembridcə oxumaq elə də çətin olmur.
Nabokovun “Xarici ədəbiyyat üzrə mühazirələr” kitabına ön sözdə Con Apdayk onun tələbəlik dövrü haqqında, Ceyms Coysla görüşməyi barədə maraqlı məlumatlar verir. Apdayk yazır: “O, universitetdə rus və fransız ədəbiyyatını öyrənirdi, futbol oynayırdı, şeir yazırdı, gənc xanımlarla gəzirdi, amma bir dəfə də olsun universitet kitabxanasına baş çəkməmişdi. Universitet illəriylə bağlı kiçik bir epizodda o, dostu P.M-nin əlində “Uliss” romanının nüsxəsiylə otağına soxulmasını xatırlayır. “Paris Revyu” jurnalına müsahibəsində Nabokov bu dostunun tam adını deyir: Piter Mrozovski. Nabokov etiraf edir ki, “Uliss”i həmin vaxt yox, on beş il sonra qeyri-adi həzzlə oxuyub. Otuzuncu illərin ortasında, o, Parisdə bir neçə dəfə Coysla rastlaşır. Bir dəfə Coys onun çıxışında olur. Nabokov susqun və rəngarəng tərkibli auditoriyanın önündə, qəflətən xəstələnmiş macar romançını əvəz edir. "Mənim təskinliyimin mənbəyi Coysun ordakı görünüşü idi. O, macar futbol komandasının
əhatəsində eynəyi parıldaya-parıldaya, əllərini çarpazlayıb əyləşmişdi“. Çox şeyi ifadə etməyən belə görüş bir dəfə də 1938-ci ildə baş tutub. Onlar ortaq dostları olan Pol və Lusi Leon ilə birgə nahar ediblər. Nabokovun bu görüşdən yadında heç nə qalmayıb, lakin arvadı Vera xatırlayır ki, Coys soruşdu: “Rus balı nədən hazırlanır və müxtəlif cavablar səsləndi“. Nabokov yazıçıların bu cür dünyəvi görüşlərinə soyuq münasibət bəsləyirdi. Əvvəllər bir neçə dəfə Veraya məktublarında Prustla Coysun əfsanəvi, təkrarsız və nəticəsiz görüşü barədə yazmışdı.
Nabokov Prustu ilk dəfə nə zaman oxumuşdu? İngilis romançı Henri Qrin özünün “Çemodanı yığıram” adlı memuarında iyirminci illərin əvvəlindəki Oksford haqqında yazırdı: “Fransızı dilini bilən və böyük ədəbiyyata marağı olan hər bir kəs Prustu o vaxt su kimi əzbər bilirdi “.
Ali təhsilini tamamlayandan sonra 1922-ci ildə Nabokov Berlinə köçür və bu ildən başlayaraq onun yaradacılığının “Berlin dövrü” başlayır. Atası burda “Sükan” adlı mühacir qəzeti təsis etmişdi. O dövrdə rus ziyalıları Almaniyanın paytaxtına axışırdılar, burda rusların sıx yaşadığı məhəllələr çox idi.
Vladimir Berlində qəzet məqalələri tərcümə etmək, şahmat məsələləri və bilməcələr tərtib etməklə məşğul olur. Bundan başqa o burda tennis, fransız və ingilis dilində dərslər keçməklə, kiçik pyes və sketçlər yazmaqla dolanır.
1922-ci ildə Vladimirin həyatında ağır itki baş verir. Atası mühacirət iclaslarından birində özünü qabağa verib, tanınmış demokrat Pavel Nikolayeviç Milyukovu monarxist gülləsindən qorumağa çalışarkən öldürülür. Başqa versiyalara görə bu, monarxist yox, faşist gülləsi olur. Bu hadisədən sonra Nabokov mənəvi sarsıntı keçirir. Sonrakı illərdə o nümayişkaranə şəkildə ateist olduğunu deyir.
Təqvim 1938-ci ilin üstünə gələndə, o, Hitler hakimiyyətindən qaçaraq əvvəlcə Parisə, 1940-ci ildə isə Amerikaya gedir. Avropada olanda o, Sirin təxəllüsü ilə əsərlər yazmışdı. Nəsr yaradıcılığına hekayə yazmaqla başlayan Nabokov, Birləşmiş Ştatlarda məskunlaşdıqdan sonra əsərlərini ingiliscə yazmağa başlayır. Rus dilindən ingilis dilinə keçmək “Başqa sahillər” adlı avtobiqorafik kitabında dediyi kimi çox əzablı olsa da, Amerika onun üçün müqəddəs yerə çevrilir. Çox sonralar, 1964-cü ildə, “National Observer” jurnalına verdiyi müsahibədə Nabokov Amerika haqqında belə deyir : “ İndi Amerika mənim evimdir. Buradakı intellektual mühit mənə başqa ölkələrə nisbətən daha əlverişlidir. Dostlarım və könlümə yaxın insanlar burda çoxdur. Amma Amerika mətbəxinin həvəskarı deyiləm. Süd və dondurma yaxşıdır. Amerikan bifşteksi isə, ümumiyyətlə, faciədir. Bütün bunlar maddi sahəyə aiddir. Amerikada və amerikalılarda məni xoşbəxt edən nə isə var”.
Nabokov 20 il ərzində “Sebastyan Naytın həyatı”, “ Başqa sahillər”, “Pnin”, “Lolita”, “Solğun işıq”, “Ada yaxud arzu”, “Şəffaf cisimlər”, “Təlxəklərə bax” romanlarını yazır.
Nabokov özünü çox rahat hiss etdiyi Amerikada sonsuz enerji ilə işləyir və “Yevgeni Onegin”i ingilis dilinə tərcümə edib, dörd cilddən ibarət kitab kimi nəşr etdirir. Bunun ardınca 1944-cü ildə ABŞ-da ingilis dilində “Nikolay Qoqol” adlı kitab yazır.
1955-ci ildə çap edilən “Lolita” romanı ona təkcə şöhrət gətirmir, həm də maddi sərvət qazandırır. 1960-cı ildə o, Avropaya qayıdır və İsveçrənin kurort ərazisi Montredə məskunlaşır.
Nabokovun bioqrafiyasını oxuyanda mənə həmişə elə gəlib ki, onun həyatında olanlar başqa heç bir yazıçıda olmadığı qədər yazdıqlarını formalaşdırıb. Və həm də yazdıqları, məşğuliyyətləri həyatının gedişinə təsir edib. Yaşamı ilə yaradıcılığı arasındakı sərhəd bu qədər şəffaf olan ikinci romancı, yəqin ki, çətin tapmaq olar. Bəlkə də çoxlarında bu belə olub, bilmirəm. Həmişə onun “ Başqa sahillər” adlı memuarlarını, ayrı-ayrı intervyularını oxuyanda mənə elə gəlib ki, Nabokovun bir çox romanlarında səxavətlə istifadə etdiyi “şəffaflıq” sözü onun bütün həyatına aiddir.
Xatırlayıram ki, türkcə hansısa kitabını almışdım. Kitabın əvvəlində onun həyatı və yaradıclığı ilə bağlı geniş bir ön söz vardı. Orda onun ölümü bir cümlə ilə yazılmışdı : “1977-ci ildə əsərləri ilə skandallar yaradan Nabokov, 78 yaşında Bronx infeksiyasından dünyasını dəyişir.” Bu cümlədə “skandallar” deyiləndə çox güman ki, "Lolita" nəzərdə tutulurdu, amma böyük bir romançının ölümü ilə bağlı cümlədə onun skandalla xatırlanması heç xoşuma gəlməmişdi. Halbuki elə həmin cümlədə “bronx infeksiyasından” sözü mənim aləmimdə daha geniş mətləblərə qapı açırdı. Gəncliyindən bəri kəpənək ovlamağı sevən, sonra bu yöndə təhsil alıb mütəxəssis olan, bu barədə elmi əsər də yazan bu böyük romançının Bronx infeksiyasından dünyasını dəyişməsini, təzəcə Nabokovu oxumağa başladığım həmin vaxtlarda kəpənək qanadlarındakı tozlarla əlaqələndirirdim. İndi bu yozumun hədsiz subyektiv olduğunu düşünsəm də, hələ də mümkün ola biləcəyindən şübhələnirəm.
Bu, ağ-qara kvadratı - zəri bir də atmaq lazımdır…
Cahar – Lolita.
“Artıq dolanmaq üçün işləmək məcburiyyətində deyiləm. Lolita adlı bir qızım var, əvəzimə işləyir. Mən qızı səkiyə çıxan qoca oğraşın biriyəm. Yox, belə yazmayın! Yaxşı… Qoy olsun.” – bu sözləri Vladimir Nabokov 1959-cu ildə “Arts” jurnalına verdiyi müsahibədə deyib. Bu, əsərin ABŞ-da çap edilməsindən bir il sonra olub. “Lolita” romanını bir çox nəşriyyat çap etməkdən imtina edib. Nəhayət bu əsər pornoqrafiya “ixtisaslı” bir fransız nəşriyyatı tərəfindən 1955-ci ildə çap edilib. Üç il sonra isə ABŞ-da çap olunub və böyük səs-küyə səbəb olub.
Zaman-zaman internetdə müxtəlif dərgilər, nəşriyyatlar və nüfuzlu ədəbiyyat qurumlarının açıqladığı “ən yaxşılar” siyahılarına rast gəlirəm. Çox qəribədir ki, Nabokovu zamanında pedofillikdən roman yazmaqda ittiham etsələr də, indi mənim qarşıma çıxan, demək olar ki, bütün siyahılarda “Lolita” var. Hətta bu yaxınlarda rast gəldiyim, XX yüzilin ingiliscə yazılmış 100 ən yaxşı romanı siyahısında da “Lolita” boy göstərə bilir.
“Lolita” pedofil professor Humbert Humbertin özünümüdafiə yazısı formasında qələmə alınıb. Nabokovun fövqəladə fəndləri, tükənmək bilməyən metafora hissi, tez-tez savadlı qəhrəmanının dilindən ironiya hədəfinə tuş etdiyi klassik ədəbiyyatçılar, sənət adamları haqqında düşüncələri, oxumayanların sadəcə anormal bir sevgi münasibəti kimi dərk etdikləri, çox zəngin dünyası olan bu romana qarşı önyarğıdır.
Roman Con Reyn adlı fəlsəfə doktorunun ön sözüylə başlayır. Reyn “Lolita – bəyaz irqdən dul bir kişinin etirafları” adlı romana önsöz yazmalı olduğunu deyir və mətnin müəllifi kimi romanın qəhrəmanı Humbert Humberti göstərir. Biz bunun ədəbi bir fənd, ön sözlərə parodiya kimi yazıldığını, Nabokovun əsərə başlar-başlamaz bizi oyuna cəlb etdiyini, aldatdağını romanın sonunda anlayırıq. Roman bitəndən sonra “Lolita adlı bir kitab haqqında” adı altında qarşımıza müəllif Nabokov çıxır və romanın ideyasının necə yaranması, necə yazılmasının həqiqi tarixini danışır. Amma burda da Nabokovun oyunbaz üslubu davam edir deyə, istər-istəməz bunun da bir oyun olduğu hissinə qapılırsan. Bu yazıda Nabokov məşhur cümlələrindən birini yazır “ “Realizm” – dırnaq içində yazılmadıqca heç bir məna verməyən sözlərdən biri “.
Humbert Humbert (qəribədi, qəhrəmanın soyadı adının əks-sədasına bənzəyir ) Dolores Heyzə, yəni Lolitaya nəyə görə aşiq olur? Daha doğrusu pedofillik onda hansı travmanın nəticəsində yaranıb ? Bu suala romançı Humbertin dilindən gəncliyindəki ilk sevgilisi ilə bağlı bir əhvalatı xatırlayaraq cavab verir. Humbert indi aşiq olduğu Lolita yaşında olanda, öz yaşıdı olan Annabel adlı bir qızla sevişirmiş. Amma sevgililər həmişə tək qalmaq istəyən zaman maneə ilə rastlaşırlar deyə, heç vaxt tam anlamda cinsəl münasibətdə ola bilmirlər. Nabokov o yaşdakı sevgililərin düşüncə tərzlərindəki romantizmi mükəmməl ifadə edir.
Sevgililər çox çək-çevirdən sonra qərara gəlirlər ki, son şans olaraq sahilə qaçıb adamsız bir yer tapsınlar. Amma burda da istəkləri həyata keçməyən sevgililər gülüş hədəfinə çevrilirlər : “Dizlərimin üstündəki sevgilimə sahib olmaq üzrəydim ki, dənizdən çıxan saqqalı iki adam, dənizlər hakimi və qardaşı, qaba gülüşlər, cəsarət verən qışqırıqlarla bizə tərəf yaxınlaşdılar və sevgilim dörd ay sonra yatalaqdan öldü”.
Uşaq yaşda ölən qıza Annabel adını qoymaqla Nabokov açıq-açığına Edqar Ponun məşhur “Annabel Li” şeirinə işarə edir. Bütün romanlarında olduğu kimi bu romanında da bu tipli işarələr, gözlənilməz keçidlər adamı həmişə gərginlikdə saxlayır.
Humbert Humbert həyata keçməyən gənclik arzusunu bundan sonrakı bütün həyatı boyunca “su pəricikləri” dediyi azyaşlı qızlarda görür. Lolitanı görəndə isə nədənsə heç vaxt olmadığı qədər Annabeli xatırlayır və ona aşiq olur.
Nabokovun dönə-dönə qayıtdığı, yazmaqdan doymadığı, özünün də yaşadığı mühacirlik hissi bütün romanlarına sirayət edib. Ən qeyri-adi qəhrəmanlarından sayılan Humbert Humbert də mühacirdi. Bu, olduqca marjinal qəhrəmanda mənə görə Nabokovdan çox şey var. Böyük romançının məşhur kəpənək kolleksiyası olub. Humbert Humbertin əlində Lolita bir kəpənək kimi görünür - müdafiəsiz, balaca. Elə Lolitanın ömrü də kəpənək qədər olur. 17 yaşında dünyasını dəyişir. Elə bil Nabokov Humbert Humbertin vasitəsilə Lolitanı həmişəlik 17 yaşında saxlamaq istəyir - kəpənək kimi...
“Lolita”nı yorumlayan bəzi ədəbiyyatşünaslar mühacir Humbertin köhnə dünyanı, Lolitanın isə qabalığı və səthiliyi ilə yeni dünyanı təmsil etdiyini deyirlər. Bu yoruma görə köhnəlik yeniliyə həmişə pedofil bir münasibət bəsləyir. Bu tipli yorumlar şəxsən mənə həqiqətdən uzaq, sadəcə maraqlı interpretasiya kimi gəlir.
Nabokovun güclü ironiyası, parodiya talantı, gözlənilməz ədəbi fəndləri, strukturoloji planda mükəmməl simmetriya hissi, forma oyunları özündən sonrakı bir çox yazara təsir edib. Konkret olaraq təkrarən qayıtdığım “Mənzərədən parçalar” kitabında Pamuk, Nabokov haqqında heyranlığını, sayğısını gizlətməkdən çəkinmədiyi “Gözəllik, qəddarlıq, Zaman: Nabokovun Ada və Lolitası “ adlı essesində oxumaqdan səhifələrinin bərbad hala düşən, buna baxmayaraq çox vacib bir dərman kimi həmişə yanında saxladığı Nabokov kitablarından danışır. Hətta bəzi yerdə qısqanclığını belə gizlətmir: “Nabokov tam olaraq nəyi bacardığını yaxşı bilən bir yazarın məğrur güvəniylə bizə “gərəkli yerə gərəkli sözü” tapıb qoymağı öyrədir. ”Düzgün söz”ün floberçi mənasıyla bu mükəmməl seçimlər o qədər başgicəlləndiricidir ki, yazı bir an sehirli bir xüsusiyyət qazanır. Yazarın zəkası, yaradıcı gücü, taleyi ya da Tanrının ona verdiyi yeni bir kəlməylə (mənim kimi yazarlarda qısqanclıq, heyranlıq və bir növ uyğunlaşmaq istəyi oyandıran bu Tanrı lütflərinin sonu gəlməz heç vaxt ) açıqlana bilinəcək bu sehrin arxasında oxucuya tərəf və oxucuya qarşı bir hərəkər var. “
Bəs niyə essesinin adında qəddarlıqdan istifadə edir Pamuk? Nədir Nabokovdakı qəddarlıq? Bunu Nobelli yazar, “Lolita”dakı bir epizodla açıqlayır. Bu, bərbərlə bağlı məşhur səhnədir. Lolita Humberti tərk edəndən sonra Humbert vaxt öldürmək üçün bir bərbərə gedir. Qoca əyalət bərbəri Humberti təraş etdikcə, durmadan beyzbolcu oğlu barədə üyüdüb-tökür. Bir az keçəndən sonra Nabokov oxucunu şoka salan bir fəndə əl atır. Humbert bayaqdan laqeydliklə baxdığı, bərbərin oğlu barədə məqalə olan solmuş qəzet parçasına nəzər yetirir və görür ki, bərbərin oğlu otuz il əvvəl ölüb. Nabokov burda qəfildən oxucunun baxışlarını, romançının görünməz “kamerasını” başqa bir yerə çevirməklə qəhrəmanın nə qədər laqeyd olduğunu göstərir. Pamuk bu ustaca fənddə Nabokovun bizi də öz qəddarlığına qurban etdiyini yazır.
Nabokovdan yararlanan bir başqa yazar Azər Nəfisinin “Tehranda Lolita oxumaq” adlı çox gözəl bir kitabı var. Bu kitab barədə nə zamansa yazmaq istəyirəm.
“Lolita” romanı böyük çətinlikləri aşaraq çap olunandan sonra o qədər populyar olur ki, Hollivuddan Nabokova film təklifi gəlir və 1962-ci ildə əfsanəvi rejissor Stenli Kubrik “Lolita”nın ilk ekran versiyasını ərsəyə gətirir. Kubrikin ekran variantının üstündən 35 il ötəndən sonra, 1997-ci ildə Adrian Layn “Lolita”nı ikinci dəfə tamaşaçılara təqdim edir və bu film Kubrikin filmindən də populyar olur. Filmdə baş qəhrəman Humbert Humbert rolunda Ceremi Ayrons unudulmaz bir performans göstərir. İki film arasında müqayisə aparan mütəxəssislər Kubrikin filminin Nabokovun ruhunu yaxşı əks etdirdiyini (nəzərə almaq lazımdır ki, Nabokov çəkilişlərdə özü də iştirak edib), Adrian Laynın filminin isə süjetə daha sadiq olduğunu deyirlər. Bu qəbildən filmlər heç vaxt əsərin özündən gözəl olmasa da, hər halda iki variant arasında seçim etməli olsam, mən də Laynın filmini seçərəm.
Həyatımda heç vaxt nərd oynamamışam. Açığı nərdi heç sevməmişəm də. Amma indi öz qoyduğum qaydaya görə yenə zər atmalıyam…
Sə - Romanları.
Nabokovun ilk romanı 1926-cı ildə yazdığı “Maşenka”dır. Bu romanını Nabokov yox, Vladimir Sirin imzası ilə çap etdirmişdi. Bundan sonra səkkiz romanını da bu imzayla
çap etdirir. Elə ilk romanından başlayaraq həmişə sadiq qalacağı mövzu – mühacirlik teması bu əsərində görünür. Mühacir olaraq Berlində yaşayan və Rusiyada qalan sevgilisini ağlından çıxartmayan bir adamın melodramatik əhvalatını yazan Nabokov, iki il sonra “Korol, Dama, Valet” adlı romanını bitirir. Burda ilk dəfə olaraq forma eksperimentlərinə başlayan Nabokov üç nəfər arasındakı münasibəti kartlar vasitəsiylə məcazi mənada ifadə etməyə çalışır. Romandakı bölümlərin sayı kartlardakı hər rəngin sayına uyğun düşünülüb.Nabokov 30-cu illərdəki bütün əsərlərində demək olar ki, həyatın mənasının nə olduğunu axtaranların və mühacirlərin özgəlik duyğusundan yazır.
Şahmatçı Aleksandr Lujinin dilindən nəql olunan “Lujinin müdafiəsi”, müəllifin tez-tez dediyi kimi, rus dilində yazdığı ən yaxşı romanıdır. Nabokov özü də şahmata böyük marağı ilə tanınır. Bu romanında o, ilk dəfə olaraq oxucunun gözlədiyi nəticələrlə, məntiqi sonluqlarla oynamağa başlayır. Qəhrəmanı Lujin get-gedə oyun dünyası ilə gerçək həyat arasında sərhədləri qarışdıran, psixoloji sarsıntı keçirən və bir qadının dəstəyi ilə nisbətən düzəlməyə başlayan melanxolik bir obrazdır. Romanı oxuyanda Lujinin düzəlməyinə inanmağa başladığımız yerdə Nabokov növbəti fəndə əl atır və psixi problemləri olan Lujin düşünməyə başlayır ki, hansısa hiyləgər bir rəqib onun həyatındakı gedişləri idarə edir.
Nabokov bizə romanın əvvəlindən başlayaraq qəhrəmanı ancaq soyadı ilə təqdim edir. Zatən roman da məşhur bir cümləylə başlayır: “Onu ən çox təəccübləndirən, bazar ertəsindən etibarən ancaq soyadıyla Lujin kimi çağrılacağıydı”. İlk cümlədəcə Nabokov qəhrəmanına bir soyad maskası geyindirir və biz maska altındakı adamın yuxulu, melanxolik oyun dünyasına düşürük. Romanın bir yerində Lujin özünü pəncərədən atmaq istəyir (necə ki, romanın sonunda bu baş verir), lakin pəncərəyə yaxınlaşanda görür ki, həyət böyük bir şahmat taxtasıdır. Get-gedə reallıq hissini itirən, dünyanı şahmat taxtası kimi dərk edən və özünə görünməz rəqiblər uyduran Lujin, növbəti oyununda qarşılaşacağı rəqibinə qarşı xüsusi bir müdafiə mexanizmi düşünmək istəyir. Lakin elə olur ki, rəqibi oyuna tamam başqa debütlə başlayır və Lujini dəhşətli dərəcə sarsıdır. Get-gedə onun üçün artıq oyunda müdafiə mexanizmi hazırlamaq, həyatda müdafiə mexanizmi düşünməklə eyni məna kəsb etməyə başlayır. Lujinin soyad maskasını Nabokov romanın son səhnəsində - Lujin özünü pəncərədən atanda onun üstündən çıxardır. Adamlar onun arxasınca “Aleksandr İvanoviç, Aleksandr İvanoviç...” deyə təlaşla qışqırırlar.
1939-ci ildə yazdığı və 1959-cu ildə oğlu Dmitri ilə birgə ingilis dilinə çevirdiyi “Edama dəvət” romanı Nabokovun çox sevdiyi özgələşmə, yadlıq, mühacirlik mövzusunun ən yaxşı işləndiyi əsərlərdən biri hesab edilir deyə, romanları arasında məxsusi yer tutur. Roman xəyali bir Avrasiya şəhərində, günahının nə olduğu roman boyu açıqlanmayan edama məhkum edilmiş Sinsinnat S.-nin əhvalatıdır. Qəhrəman
edam gününü gözləyir. Nə qədər israr edirsə, edam gününün nə vaxt olacağı ona deyilmir. 19 günlük gözləmə zamanı Sinsinnat totalitar iqtidarın ictimai normalarla uzlaşmayan fərdi əzmək və yox etmək üçün həyata keçirdiyi bütün işgəncələrə dözməyə çalışır. Qəhrəmanın “qnostik əxlaqsızlıq” ( Qnostisizm – yunanca “ fəhm və ya təfəkkür yolu ilə qazanılan bilgi “ ) olaraq açıqlanan günahı, Corc Oruelin “1984” romanındakı “fikir, düşüncə cinayətini”, ya da Kafkanın “Proses”indəki Jozef K-nın nə olduğunu özünün də bilmədiyi günahını xatırladır. Sinsinnat özündən asılı olmayaraq, təbiətin ona bəxş etdiyi bir qabiliyyətlə ona mütləq gerçəklik kimi təqdim olunan dünyanı rədd edir. İnsanları işğal edən konformizmdən kənara rahatca çıxmaq qabiliyyəti, reallığın birbaşa nüvəsinə nüfuz etmək, cisimlərin təbiətini anlamaq onu suçlu durumuna düşürür.
Romanın çox hissəsi Sinsinnatın kamerasında keçən əhvalatlar, düşüncələrdi. Nabokov həbsxana işçilərinin adlarında Dostoyevskinin “Cinayət və cəza” romanının qəhrəmanlarına işarələr edir. Müdir – Rodriq, nəzarətçi – Rodion, vəkil – Roman və cəllad – müsyö Pyer qəhrəmanı sonu gəlməz psixoloji işgəncələrə məruz qoyurlar. Sinsinnat ona təklif edilən rolu oynasa, bir subyekt olaraq özəlliyini itirmiş olacaq, oynamasa isə öləcək.Qəhrəman bu dəhşətli vəziyyətdən çıxmaq üçün 3 yola əl atır : 1) öz xəyalı dünyasına qısa,fraqmentar səyahətlər etməklə, 2) özünə çox bənzəyən həbsxana kitabxanaçısının ona gətirdiyi kitabları oxuyaraq və üçüncü heç kimin oxumayacağı, anlamayacağı mətnlər yazaraq.
Bu roman bizə dəfələrlə oxuduğumuz, klassik totalitarizm əlayhinə XX əsr intellektualının taleyi kimi də bilər, qədim mətnlərdə qarşımıza tez-tez çıxan qurban-peyğəmbər mövzusu kimi də. Nabokov bu romanında sonrakı əsərlərində daha qabarıq qarşımıza çıxan həcv, ironiya, melanxoliya, qorxu və s. duyğuları, fəndləri birləşdirirək çalışır ki, oxucu qətiyyən özünü qəhrəmanla identifikasiya etməsin.
1941-ci ildə Nabokovun birbaşa ingiliscə yazdığı ( bu romandan sonra bütün romanlarını ingiliscə yazacaqdı ) “Sebastyan Naytın həqiqi həyatı” romanı, əsərin qəhrəmanı V-nin dünyaca məşhur romançı olan ögey qardaşı Sebastyan Naytın bioqrafiyasını yazmağa çalışacağını deməsiylə başlayır. Bioqrafiya üçün araşdırmalara başlayan və yavaş-yavaş yazmağa çalışan V yazı prosesində get-gedə qardaşının keçmiş həyatını dəyişdirərək, bu keçmişə öz həyatını qarışdırmağa başlayır. Beləliklə, pillə-pillə Sebastyan Naytın şəxsiyyətinə bürünür. Sebastyan Nayt da, ögey qardaşı V-də rus mühacirləridir. (Nabokovda həmişə olduğu kimi)
Bu romanı oxuyanda mən Nabokovun heç bir romanında olmadığı qədər çaşdım, kələfin ucunu itirdiyimi zənn elədim. Çünki Nabokov gözlənilməz ədəbi gedişləri ilə burda fasiləsiz şəkildə oxucunun qarşısına çıxır. Qardaşının bioqrafiyasını yazarkən, V onun həyatında olmuş qadınlarla görüşməyə çalışır və burda bir qadına, o birinə çevrilə-çevrilə gedir. Romanın sonunda isə lap gözlənilməz bir şey baş verir. Nabokov V-nin dilindən bu cümləni yazır : “Nə qədər çabalayıram çabalayım, öz rolumdan canımı qurtara bilmirəm. Sebastyanın maskası üzümə yapışır. Oxşarlıq silinib gedənə oxşamır. Mən Sebastyanam, ya da Sebastyan məndi, ya da bəlkə də ikimiz də bir-birini tanımayan tamam başqa adamlarıq “. Bu cümləylə bitən roman oxucunu həm böyük çaşqınlığa salır, həm də ona bir növ bunun bir oyun olduğu hiss etdirir.
Vladimir Nabokova görə əsərin əsl yazanı oxucular olmalıdır. Ənənəvi romanda müəllif hər şeyi bilən “ilahi nağılçı” stasusundadı. Bu nağılçı növu artıq bir yana buraxılmalıdır. Oxucu bir əsəri yenidən istehsal etməlidir. Oxucular burada yazıçı şəxsiyyətinə bürünməlidirlər. Nabokovun bu anlayışla yazdığı “Solğun işıq” romanı anti-romanın ən önəmli nümunələrindən biri sayılır.
Ənənəvi nəqletmə metodları və strukturu ilə bütün əlaqələrini kəsən anti-romanın prinsiplərinı belə sıralamaq mümkündür: oxucunun, özünü romandakı hər hansı bir
personajla eyniləşdirməsinə mane olmaq, onun özü olaraq romanda iştirak etməsinə çalışmaq, hadisələrin bir zamandan o birinə sıçraması, şüur axını.
Anti-romanda ənənəvi romandakı “tip” yaratmaq istəyi olmur. Söz sırasıyla oynamaq bu cür romanların başqa bir xüsusiyyətidir. Daha ifrat gedişlərə də rastlamaq mümkündür. Məsələn, kitabda boş səhifələrin, tullanmalı hissələrin, müxtəlif formalarda sıralanması mümkün yerlərin, şəkilli səhifələrin olması.
Anti-romanın xüsusiyyətlərinə ilk dəfə Lourens Sternin “Tristram Şendi” romanında rast gəlmək olar. Bundan sonra bu növə nümunə kimi Ceyms Coysun “Uliss”, Virciniya Vulfun “Missis Dolovey” və “ Dalğalar”, Samyuel Bekketin “Malloy”, Klod Simonun “Flander yolu” romanlarını göstərmək olar.
Nabokovun “Solğun işıq” romanı dörd kantodan (nəğmədən) əmələ gələn, ümumən 999 misradan ibarət bir şeirin yorumları üstündə qurulub. Şeirin müəllifi Con Frensis Şeyddir. Şeirin birinci nəğməsi 166 misradan ibarətdir. İkinci və üçüncü nəğmələr 334, dördüncü nəğmə isə yenidən 166 misradan əmələ gəlib. Bu, Nabokova xas simmetriya hissidir. Romanın ikinci hissəsi “İzahlar” adı altında yazılıb. Bu hissədə şairin qonşusu olmuş kral Kinbot 999 misradan ibarət şeirin hər misrasına izahlar verməyə başlayır və bu izahları verdikcə əslində özüylə, keçmişiylə bağlı əhvalatları bu izahın içinə qatır. Beləliklə, get-gedə şeir öz həqiqi mənası ilə bərabər onu izah edən adamın keçmişinə də çevrilməyə başlayır. Bu roman hədsiz dərəcədə həcvlərlə, atmacalarla dolu böyük bir parodiyadır. Əsəri oxuyanda zaman-zaman adamı əsəbiləşdirsə də, oxuduqca hiss edirsiniz ki, sizi romandan qopmağa qoymayan əslində elə bu gərginlik, bu əsəbdir.
Nabokov ilk dönəm əsərlərində daha çox modernist təsir bağışlayır.Güman ki, bu, təkcə modernizmin o dövrdə populyarlığı ilə bağlı məsələ deyildi, buna həm də Coysla görüşmələrinin, Prusta hədsiz sevgisinin təsiri də vardı. Sonrakı dövrdə isə daha çox postmodernist kim qarşımıza çıxan romançı demək olar ki, hər romanında forma, məzmun olaraq bir yenilik edir, ironiyası qatılaşır və faktiki olaraq oxucuları dolamağa başlayır. Romanlarının içində ən qarmaqarışıq, ən parodik, sırf postmodernist fəndlərlə yazılmış olanı “Ada, ya da Arzu: ailə xronikası” əsəridir. Bu romanı oxuyanda adam nəqlin içində itdiyi hissinə qapılır. Tipik Nabokov romanı olan bu əsər də, onun digər əsərləri kimi çözülməyi gözləyən bir tapmaca kimidir. Romanın ümumi mənzərəsi ənənəvi nəql formalarıyla modern formaların sintezidir və romançı bunu bilərəkdən etdiyini oxucuya sezdirir. Roman Ada və Van adlı xalaqızı-xalaoğlunun arasındakı insestə (insest – ailə daxili, yaxud yaxın qohumlar arasında yasaq cinsəl münasibət ) bənzəyən bir sevgi münasibətindən bəhs edir. Əsər müəyyən tarixi başlıqlardan ibarətdir. Məsələn, birinci hissədə 1863-1888-ci illər arası dönəm, ikincidə isə 1888-1893-cü illər arasındakı zamanda baş verənlər təsvir edilib. Romanın bundan əlavə 1893—1922-ci illər arasını, 1922-ci ili və 1922-1967-ci illər arası dönəmi təsvir edən ayrıca 3 əsas xətti də var. Bölümlər xronoloji ardıcıllıqla ilərlədikcə oxucu həm də bir xatirə dəftərini oxuduğu təəssüratına da qapılır. Postmodern romanın romandan başqa yazı növləri ilə əlaqəsi və bunları da təhkiyənin içinə qatması, bəzən də bu növlər arasında bir üstünlük yarışı başlatması Nabokovun bu romanında açıqca görünür.
Nəzəriyyəçi Brayn MakHeyl (Brian Mchale) “Postmodern roman” kitabında yazır : “Ənənəvi romanın yanaşması epistemoloji, postmodern romanınkı isə ontolojidir. “ Makheyl XX əsrin əksər sənət adamlarının 60-cı illərə qədər “Mənim də bir parçası olduğum bu dünyanı necə yorumlaya bilərəm? Mənim bu dünyada yerim nədir?”
suallarını verdiyini, həmin tarixdən sonra isə sənətçilərin verdiyi sualın “ Bu hansı dünyadı ? Mənim hansı hissəmin bu dünyayla əlaqəsi var? “ kimi suallara çevrildini yazır.Nabokov da bu romanında həmin strateji ilə oxucunun zehnindəki dünya anlayışını dəyişdirmək istəyir. Bu romanda o, iki ayrı dünyadan danışır. Bunlardan birinci “Terra”, ikincisi isə “Antiterra” adlanır.
“Terra” italyan dilində dünya deməkdir. Bu, bizim bildiyimiz, yaşadığımız dünyadır. “Antiterra” isə bizim dünyamıza alternativ yerdir. Bu iki dünyanı yaratmaqla Nabokov növbəti postmodern fəndə əl atır və real dünya ilə fantastik dünya dilemması yaratmaqla oxucunu şübhəyə salıb, düşünməyə vadar edir.
Romanda Nabokov Tolstoyun “Anna Karenina”, “Hacı Murad”, “ Uşaqlığım”, Mayn Ridin “Başsız atlı”, “Çexovun “Vanya dayı”, Jül Vernin “Kapitan Qrantın uşaqları”, Ceyn Ostinin “Mansfild Parkı” və əsərlərə işarələr, atmacalar, replikalar və bu əsərlərin bəzi bölümlərini dəyişdirməyə cəhdlər də var.
Postmodern romanın bir başqa özəlliyinə uyğun olaraq bu əsər öz-özüylə, öz növüylə məzələnir, yəni roman özü-özünü dolayır və beləliklə bildirir ki, növ olaraq özündən xəbəri var. Yəni Nabokov hər addımbaşı oxucuya hiss etdirir ki, sizin oxuduğunuz, sadəcə, bir romandır. Yazar bunu hiss etdirməklə, romanın daha çox qurulmuş, strukturoloji tərəfini qabartmaqla hamımızın həyatının qurma yönlərinə işarələr edir. Bu anlamda həyat Nabokova görə çox da ciddiyə alınmamalı olan bir oyundur. Həyatla ən yaxşısı məzələnməkdir. (Hə, burda gərək əyləci basım. Çünki bizim dırnaqarası postmodernistlərimizə çox sərf edən bir şeyi bölüşdüm. Lağlağı, məzələnmək. Xanımlar və cənablar, Nabokova inanmamaq da olar !)
Yenə zər atmalıyam...
Pənc – Mühazirələri.
Nə az, nə çox, düz 18 il Nabokov pedaqoji fəaliyyətlə məşğul olub. Əvvəlcə Uelsley, sonra isə Kornel universitetində dünya və rus ədəbiyyatı barədə mühazirələr oxuyan Nabokovun məşhur ikicildliyi (əslində ayrıca “Don Kixot” haqqında mühazirələri də var) “Qərb ədəbiyyatı haqqında mühazirələr” və “Rus ədəbiyyatı haqqında mühazirələr”i oxumaqdan doymadığım, zəngin, işıqlı kitablardı. Böyük bir romançının gözündən dünya ədəbiyyatının şedevlərinə baxmaq, Nabokovun zaman-zaman bəzi yazıçılara atdığı atmacaları, bəzən adama təhqir kimi gələn repliklarını oxumaq ifadə edilməz dərəcədə əladır. Bu mühazirələr elə bir dilnən, elə bir üslubnan yazılıb ki, oxuduqca Nabokovun o özünü yaxşı bilən, lovğalıqla intellektual eqoizm arasında gedib-gələn duruşunu görür, sanki 60 il öncə sinfində oturub səsini eşitmiş tələbələri qədər onun səsini eşitdiyini zənn edirsən.
“Qərb ədəbiyyatı haqqında mühazirələr”ində o, Ceyn Ostinin “Mansfild parkı”, Çarlz Dikkensin “ Soyuq ev”, Qustav Floberin “ Madam Bovari”, Robert Luis Stivensonun “Doktor Cekilin və mister Haydın qəribə tarixçəsi “, Marsel Prustun “Svann tərəfi”, Kafkanın “Çevrilmə” və təbii ki, Coysun “Uliss” romanları haqqında geniş, əhatəli və özünməxsus düşüncələrini tələbələriylə bölüşüb.
Bu mühazirələri oxuduqca bütün romanlarındakı ironik üslubu görüb, yəqin ki,
tələbələri zamanında şoka salan fikirlərə həyəcanlanırsan. Məsələn, Kafka haqqında mühazirəyə Nabokov belə başlayır: “Frans Kafka 1883-cü ildə almandilli yəhudi ailəsində dünyaya gəlib. O bizim zamanımızın ən böyük alman yazıçısıdır. Onunla müqayisədə Rilke kimi şairlər və Tomas Mann kimi romançılar cırtdan, yaxud gipsdən düzəlmə müqəddəslərdir.“
Müxtəlif illərdə verdiyi müsahibələrdə Nabokov pedaqoji fəaliyyəti barədə maraqlı fikirlər deyib. Onlardan bir neçəsinə baxaq.
“Həftədə altı saat dərsim var. On il əvvəl ilk dəfə Kornelə gələndə, tələbələrimin sayı üç yüzə çatırdı. Yəqin düşünürdülər ki, mənimlə işləri asan olacaq. Lakin mən onların öhdəsindən gəldim. İndi mənim mühazirələrimdə ən çox yüz əlli tələbə iştirak edir. Biz romanın əsas mahiyyətini təhlil edirik. İstəyirəm, onlar başa düşsünlər ki, yazıçı öz əsərini necə yaradır. “ (Niagara Fall Gazete. 1959)
“Qızlar oğlanlardan xeyli tez böyüyürlər. Onların dolğun bədənləri və dar köynək geyinmək vərdişləri diqqəti yayındırır. Bu bütün tədris prosesini heç edir. “ ( The American Weekly.1959)
Hə, belə-belə işlər. Gördüyünüz kimi cənab Vladimir həddindən çox diqqətli müəllim olub.
İndi isə keçək “Rus ədəbiyyatı haqqında mühazirələr”ə. Bu mühazirələrdə o, Çexov, Dostoyevski, Qoqol, Qorki, Tolstoy və Turgenevin yaradıcılığından danışıb. Hər zamankı ironik üslubu doğma rus yazarlarından da yan keçmir. Nabokov heç kimə güzəştə getmir.
Bu iki ləzzətli kitabı bizim dilimizə çevirmək haqqında bir neçə ildi çox ciddi şəkildə düşünürəm. Çünki oxumaqdan bezmədiyim bu kitabları tanıdığım hamının oxumasını istəyirəm. Nə deyirsiz, bəlkə başlayım?
Bir yazı boyunca 6-c dəfədir bu zəri atmalıyam. Amma təkcə bir bölüm, Nabokovun Kəpənəkləri bölümü qaldığı üçün zəri atmağa ehtiyac yoxdu.
Du – Kəpənəkləri.
1974-cü ildəki bir müsahibəsində Nabokov belə deyirdi : “Kəpənəklər də insanlar kimi gözəl, eyni zamanda eybəcərdilər”. XX əsrin ən böyük romançılarından biri olan Nabokovun uşaqlıq əyləncəsi, musiqi, rəsm kimi sadəcə hobbisi olan kəpənək sevgisi sonralar mənə görə onun bütün həyatını modelləşdirməyə təsir edən bir fakta çevrildi. Onun üçün sadəcə əyləncə kimi başlayan iş, sonradan Vladimiri tamamilə ciddi entomoloq etdi. Mən məsələnin elmi tərəfini kənara qoyuram. Bu, artıq tarixi reallıqdı. Bioqrafiyasını, romanlarını oxuduqca daim içimdəki gizli bir səs mənə pıçıldayıb ki, Nabokovun mühacirliyi ilə, özünü başqa bir adama çevirmək cəhdləri ilə kəpənək sevgisi arasında gözlə görülməyən, şəffaf bir bağ var.
O, bir qeydində yazır ki, uşaqlıqda Mayn Ridin “Başsız atlı” romanını oxuyub çox təsirlənmişdim. Bu romanda iki nəfər bir-biriylə libaslarını dəyişir və nəticədə axtarılan adam yox, onun paltarını geyinən öldürülür. Nabokov, mənə görə, həmişə bütün romanlarındakı qəhrəmanları kimi, özü də libasını dəyişməklə, baramadan kəpənəyə çevrilməklə, çevrilərkən də kəpənəklərin ömrünün qısa olduğu anlayıb təəssüflənməklə məşğul idi. Kəpənəkləri tutmaq, onlardan kolleksiya yaratmaq, onları araşdırmaq baş tutmuş çevrilmənin – rus dilindən ingilis dilinə, mühacirlikdən azad yaşama çevrilməni qoruyub saxlamaq istəyinin metaforası idi.
Özü barədə deyirdi : “Mən ingiliscə düşünürəm, ürəyim rusca döyünür, qulaqlarım
fransızca eşidir.” Bu, fasiləsiz olaraq öz qabığından çıxıb başqa adama çevrilən, aralı düşdüyü dünyadan kənarda, boşluqda, yad yerdə özünə dünya qurmaq istəyən böyük bir sənətçinin taleyini çox gözəl ifadə edən cümlədir.
Onun bütün romanlarında oxucunu dolaması da, ironiyası da, parodiyaları da, müsahibələrində, mühazirələrində başqa yazıçılara atmacalar atmasının da məncə kökündə həmişə özünü olduğu yerə aid etməmək, bundan qorxmaq və gülüşlə, lağlağıyla, ironiya ilə bunları kompensasiya etmək var. Məncə Nabokov “Tomas Mann nəhəng əsərlər yazan kiçik yazıçıdır”, “Mən Folknerə tamam laqeydəm. Anlamıram onda nə görüblər. Məncə, onu uydurublar.” “Balzak və Stendal sadəcə ikrah doğuran jurnalistlərdir” sözlərinin hamısını deyəndə təkcə öz yolunu göstərmirdi, öz ədəbiyyat baxışlarını bölüşmürdü, o həm də mühacirliyin onda yaratdığı təlaşı, qorxunu replikalarla ört-basdır etməyə çalışır, müvazinətini qorumaq istəyirdi. Ağrını unutmaq istəyən xəstənin başqa şey düşünməyə çalışması, tənhalıqda darıxan adamın öz-özünə oyunlar uydurması kimi.
Nabokov mühacirət oyunları oynayırdı və nə yaxşı da ki oynayırdı.
Həmçinin oxu:
Postmodernizm haqqında mümkün qədər sadə dildə
Robert B.Rey. POSTMODERNİZM NƏDİR?