Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:38

Orxan Orxanov. Sənin nə günahın var, baby


sənin nə günahın var, baby

pataqoniya çölünə iki min ildir yağış yağmır
qonşum kərtənkələ gözləri ilə eyvandan uşaqlara boylanır
balaca oğlan, hansı ki, pas vermədən oynamağı sevir
daha beş dəqiqə möhlət istəyir
masada lobya şorbası soyuyur
buğu güzgü üstündə
evdən çıxıb bir daha qayıtmamış atanın rəsmini çəkməyə cəhd edir
cəhd etmək cihad deyil
bir gün bütün cəhdlərin cırılmış bayraqlarını
dəli küləklər yalayıb tüpürcəkləri ilə yapışdıracaq
bax o zaman…
oğluna hədiyyə ala bilməyən ana
gecələr qolunu verəcək oğluna oyuncaq kimi
sarılıb uşaq, yatacaq
yuxusunda dəvələr iynə gözündən keçəcək

sənin nə günahın var, baby
divara çəkdikləri ürəyin içinə adlarını yazan sevgililər
bu yolla hisslərini əbədiləşdirmirlər ki…
inanırlar onlar
inanırlar ki, məcnun leyliyə qovuşsaydı,
hər şey dönüb olacaqdı heç nə
yəni nə eşq olacaqdı, nə aşiq

sənin nə günahın var, baby
bu divarlar mənə tanış gəlir,
bu ağac, bu işıq
sanki bu yuxunu artıq bir dəfə görmüşəm
indi qapı açılacaq və saçlarından kir daman qadın
“şükür sənə, ilahi, hər şey bitdi”, – qışqıracaq
ötən bütün avtomobillərin ardınca söyəcək
naməlum uzaqlara tələsən
radiolarından musiqi dinləyən adamları

sənin nə günahın var, baby
mən ağlımı itirirəmsə
o qadın… söyən və qapını çırparaq bağlayan
kərtənkələ gözlü qonşumdur mənim
bitən bir şey yoxdur, inan mənə,
oyun qaldığı yerdən davam edəcək
yenə oğlan pas ötürməyəcək,
beş dəqiqə möhlət istəyəcək
sonra böyüyəcək
bəlkə bir qıza vurulacaq
bir gün divara bir ürək çəkəcək
anası üçün darıxacaq
iki-üç söyüş söyəcək
quru balığı dişləri ilə dağıdacaq

pataqoniya çölünə isə yağış yağan deyil.
XS
SM
MD
LG