Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 22:42

Moskvada mühacirət tarixinə aid yeni sənədlər tapılıb


Ramiz Abutalıbov
Ramiz Abutalıbov
Moskvada keçmiş diplomat Ramiz Abutalıbovun «M.Ə.Rəsulzadə və Qafqaz konfederasiyası» kitabı çapdan çıxıb. Xəbəri alan kimi Moskvaya telefon açdıq. Ramiz müəllim həm öz kitabı barədə danışdı, həm də Salavat İshakovun çap prosesində olan kitabından söz açdı. Beləliklə, AzadlıqRadiosunun «İz» proqramının budəfəki bələdçisi Ramiz Abutalıbovdur.

--Ramiz müəllim, xoş gördük. Necəsiniz, canınız-başınız?

--Sağ olun, yaxşıyam.

--Amma bir az xəstə olduğunuz xəbəri yetişdi Bakıya...

--Olur da. Yaş gəlir... Vaxt gəlir... Bir az ürəyim ağrıyırdı, indi yaxşıyam.

--Keçmiş olsun. Deyirəm, nə yaxşı ki, bu xəstəlik yeni kitabınızın çapına mane ola bilməyib...

--Kitab çapdan çıxdı. Allah qoysa, Bakıya gələndə gətirib Sizə də verəcəyəm.

QAFQAZ KONFEDERASİYASI İDEYASI HƏMİŞƏ OLUB

--Nə gözəl olardı! Kitabı yazmaq fikri nə vaxtdan vardı?

-- Çar Rusiyası dağılandan sonra bu ideya—Qafqaz Konfederasiyası ideyası həmişə vardı. Mən də təzə sənədlər tapdım. Qafqaz ideyası necə inkişaf edib və niyə alınmayıb? Kiçik bir kitab alındı.

--Qafqaz Konfederasiyası nə deməkdir? Ötən əsrin ortalarında qürbətdə yaşayan mühacirlər niyə Qafqaz konfederasiyası fikrini müdafiə edirdilər?

--Yox, bundan da əvvəl Rusiyada vardı bu ideya. Onun təşəbbüsçüsü və dəstəkləyəni Əlimərdan bəy Topşubaşı idi. Onun bir çıxışı var—deyir Rusiya dağılandan sonra Qafqaz respublikaları-- Gürcüstan, Ermənistan, Azərbaycan və Şimali Qafqaz bir konfederasiya yaratmalıdır. İsveçrə konfederasiyası kimi. Orada italyanlar, almanlar, fransızlar bir ittifaq yaratmışdılar. Əlimərdan bəy də belə bir ittifaq arzulayırdı. Sonra bu ideya qismən həyata keçdi—Zaqafqaziya Seymi yarandı. Bu da Qafqaz respublikalarının birliyi idi. Hələ mühacirətdən qabaq Əlimərdan bəyin böyük ölkələrə bir memorandumu var. Orada deyilir ki, 4 respublika artıq müstəqildir və biz Qafqaz Konfederasiyası yaratmaq istəyirik. Mühacirətdə olanda da bu ideyanı dəstəkləyib. Səhv eləmirəmsə, 1921-ci ildə 4 respublika yığışıb müqavilə imzalayıblar ki, bir yerdə əməkdaşlıq edəcəyik. Amma bu 4 respublika Parisdə sülh danışıqları keçirəndə, hər dəfə böyük dövlətlər buna şübhə ilə yanaşıblar ki, siz kiçik ölkələrsiniz, müstəqil yaşamağınız çətin olacaq, çalışın konfederasiya yaradın.

ERMƏNİLƏR FEDERASİYAYA GİRMƏK İSTƏMƏDİLƏR

1934-cü ildə Qafqaz Konfederasiyası barədə böyük bir müqavilə bağlandı. Amma orada ermənilər iştirak etmədilər. Çünki onlar bu ideyanı bir növ dəstəkləsələr də, tam bir federasiyaya girmək istəmirdilər. Əlimərdan bəyin yoxluğundan sonra bu ideyanı Məhəmməd Əmin bəy inkişaf etdirdi. 1952-ci ildə Münhendə bir konfrans oldu, müqavilə bağlandı ki, konfederasiya yaratmaq lazımdır. Və əsas götürdülər 1934-cü il danışıqlarını. Ondan əvvəl 1924-cü ildə Türkiyədə İstiqlal Komitəsi yaranmışdı. Xosrov bəy Sultanovun Qafqaz Komitəsi və s. vardı. Beləliklə, mən xırda-xırda məlumatları bir yerə yığıb Qafqaz Konfederasiyası ideyasını kitab halına gətirdim.

BU İDEYANIN ARXASINDA DURANLAR—ƏLİMƏRDAN BƏY VƏ ƏMİN BƏY İDİ

M.Ə.Rəsulzadə
M.Ə.Rəsulzadə
--Ramiz müəllim, bir neçə il öncə Əlimərdan bəy barədə veriliş hazırlayarkən onun məktublarında, yazılarında bu konfederasiya barədə çox qızğın fikirlər, çalışmalar olduğunu gördüm. Topçubaşı çox çalışdı, amma bu ideyanı həyata keçirə bilmədi...

-- Elədir. Çox çalışdı. Axırda qol da çəkdi. 1934-cü ildə Brüsseldə həm Əlimərdan bəy, həm də Məhəmməd Əmin bəy bu pakta qol çəkdilər. Amma alınmadı. Əmin bəy hələ 1919-cu ildə Müsavat Partiyasının konfransında da bu ideyanı irəli sürürdü. Bu ideyanı o dövrdə də dəstəkləyənlər vardı. Ancaq əsas bu ideyanın arxasında dayanan iki nəfər idi—Əlimərdan bəy və Əmin bəy. Bir də son vaxtlar Türkiyədə, Parisdə yeni sənədlər ortaya çıxıb. İndiyəcən biz yazırdıq ki, Azərbaycan Milli Mərkəzi İstanbulda 1924-cü ildə yaranıb. Amma yeni sənədlər göstərir ki, bu Mərkəz 1927-ci ildə qurulub. İlk sədri də Əlimərdan bəy Topçubaşı olub.

YENİ SƏNƏDLƏR ÜZƏ ÇIXIB!

-- Yeni sənədlər nə vaxt üzə çıxdı?

-- Bu il—2011-də. Bir Moskva alimi var—Salavat İshakov—bir-iki il əvvəl Azərbaycan mühacirəti haqqında kitab da buraxmışdı. Yeni sənədləri həmin Salavat bəy tapıb. Parisdən Əlimərdan bəy Topçubaşıyla Məhəmməd Əmin bəyin yazışması. Düz 35 məktub! 1923-26 cı illərdə yazılıb. Çox-çox maraqlı məktublardır. O məktublar iki aya çapdan çıxmalıdır. Mətn hazırdır. Nəşriyyatda yığılma prosesindədir.

-- Nə var məktublarda?

-- Məktublarda Əlimərdan bəy soruşur ki, necə oldu Mərkəz? Əmin bəy cavab verir ki, bu il—yəni 1927-ci ildə Mərkəzi təşkil etdik. Sizi də sədr qoyuruq. Bir də Əlimərdan bəyin doğum tarixində yanlışlıq vardı. 1862-63-65 rəqəmləri önə çəkilirdi. Üç tarix vardı. Məktublarda Əlimərdan bəy öz əliylə Əmin bəyə yazır ki, bir aydan sonra mənim 60 yaşım tamam olacaq. Demək, 1865-ci ildənmiş. Nəhayət, Topçubaşının doğum tarixini tapdıq. Görürsünüz də, işləyəndə tapmaq olur. Həmişə bir yenilik olur.

BU SUALA TARİX CAVAB VERMƏK İSTƏMİR

--Bu ideya baş tutsaydı, nələr dəyişəcəkdi?

--Bu ideyanı istəyən böyük dövlətlər idi. Deyirdilər konfederasiya halında birləşsəniz, sizi cəm halında tanıyarıq. Böyük və güclü bir dövlət olar. O vaxt düşünürdülər ki, bu kiçik dövlətlər ayrı--ayrı yaşaya bilməzlər. Ancaq bu ideya baş tutsaydı, nə ola bilərdi—bunu bilmək çətindir. Tarixdə nə ola bilərdi sualına cavab vermək mümkünsüzdür... Ancaq mən sizə deyim ki, son vaxtlar yenə bu ideyanın üstünə gəlirlər. Bu yaxınlarda Gürcüstan prezidenti Saakaşvili belə bir ideya ortaya atmışdı—Qafqaz evi, Qafqaz birliyi yaratmaq lazımdır və s. Yəni, vaxtaşırı bu ideya səslənir. Amma mən fikir verirəm ki, həmişə buna qarşı çıxanlar erməni tərəfidir. Elə 30-cu illərdə də bu fikri dəstəkləyənlər deyirdilər ki, Qafqaz Konfederasiyasında birləşənlər qonşu dövlətlərlə--İran, Rusiya, Türkiyə ilə dostluq etməlidirlər. Ermənilər isə Türkiyə ilə bu münasibəti istəmirdilər.

İRAN MÜHACİRƏT TARİXİMİZ İŞLƏNMƏYİB

-- Həmişə yeni faktlarla oxucuları sevindirən Ramiz Abutalıbov bu dəfə «Rəsulzadə və Qafqaz Konfederasiyası» kitabında hansı yeni faktlar açıqlayıb?

Azərbaycan parlamentinin üzvləri, 1918
Azərbaycan parlamentinin üzvləri, 1918
--Dediyim kimi, Milli Mərkəzin yaradılmasının əsl tarixi ortaya çıxdı. 1924-cü ildə Qafqaz İstiqlal Komitəsi təsis edilib. Ona Musa Rəfiyev rəhbərlik edib. Sonra da M. Ə. Rəsulzadə. 1918-ci ildə Əlimərdan bəy İstanbuldan böyük dövlətlərə memorandum göndərib. Həmin memorandumun əsli tapılıb. Belə bir neçə yeni sənəd var. Amma açılmamış faktlar da çoxdur. Məsələn, Türkiyədə Məhəmməd Əmin bəyin tam arxivi tapılmayıb. 20-30-40-cı illərdə İranda bizim mühacirlərimiz olub. Ancaq İran mühacirətini indiyədək heç kim işləməyib. Sənədlər çoxdur. İşləmək imkanı da var. Amma bir-iki nəfər yox, tədqiqatçılar qrupu olmalıdır. Təkcə Avropa yox, İran arxivlərində də ciddi işləmək lazımdır.

-- Kitab hansı nəşriyyatda çıxıb və nə qədər tirajla çıxıb?

-- «Mısl» nəşriyyatında çıxıb. 3 çap vərəqi həcmindədir. Tirajı 500 nüsxədir. Sırf tədqiqatçılar üçündür. Əsas buradakı kitabxanalara, arxivlərə, Rusiya tədqiqatçılarına göndəririk. Bir az da Türkiyəyə, Fransaya göndərəcəyik.

-- Bakıya bu tirajdan pay düşəcəkmi?

-- (Gülür) Təbii... təbii. Birinci Bakıdır. Bir-iki aya Bakıya gəlməyi düşünürəm. Bəlkə bir təqdimat da keçirdik. Kitab pis alınmayıb. Bizim tədqiqatçıların yardımçısı ola bilər.

--Ramiz müəllim, çox sağ olun. Həm kitaba görə, həm də müsahibəyə görə. Bakıya çatdırılmalı bir sözünüz varmı?

-- Sağ olun. Təşəkkür edirəm ki, məni hərdən yad edirsiniz.

--Borcumuzdur. Həmişə yadımızdasınız.
XS
SM
MD
LG