"Oxu zalı"nda kitab müzakirələri yenidən bərpa edilir.
Bundan sonra müzakirələrə yalnız romanlar yox, şeir kitabları, hekayə topluları, povestlər də cəlb edilə bilər. Yazıçı Seymur Baycanın müzakirəyə çıxardığımız "Quqark" romanından bir parçanı dərc edirik.
Seymur Baycan
QUQARK
(Romandan parça)
Sovet imperiyasının qəfil çöküşü adamları möhkəm çaşdırmışdı. Bir anın içində dükanlardan yağ, sabun, qənd və ən əsası çörək yoxa çıxdı.
Qıtlıq hərəyə bir cür təsir edirdi. Kimi vəziyyətin tezliklə düzələcəyinə inanır, kimi qıtlıqdan istifadə edib yaxşı pul qazanır, kimisi Qorbaçovu lənətləyir, böyük əksəriyyət isə gələcəkdən qorxurdu.
Xüsusən həkimlər, mühəndislər, müəllimlər pis vəziyyətə düşmüşdülər. Sovet imperiyasının sevimli ziyalıları bir anda heç kimə çevrildilər. Yeni insan tipləri ortaya çıxdı: karateçilər, kommersantlar, ekstrasenslər, falçılar, astroloqlar.
Biz dükandan çox nadir hallarda çörək alırdıq. Bizə çörəyi nənəm gətirirdi. Təndir çörəyi.
O vaxt un almaq çörək almaqdan, çörək tapmaqdan xeyli asan idi. Çünki həm təndirlərin, həm də təndirdə çörək bişirən arvadların sayı azalmışdı.
Qaz gəlmirdi. Kəsilmişdi. Vəziyyətdən istifadə etməyi bacaran bəzi adamlar boruları oğurlayıb satmışdılar. İşıq fasilələrlə verilirdi.
Hər şey qəfildən elə dəyişdi ki, biz filmlərdə gördüyümüz, əsərlərdən oxuduğumuz ağır insan həyatının, aclığın olmasına inanmağa başladıq. Deməli, belə də olurmuş.
Həmin gün nənəm bizə çörək gətirməli idi. Təndir çörəyi. Biz iki toyuq kəsmişdik. Nənəmin çörək gətirməyin gözləyirdik ki, oturub toyuq sousu yeyək.
Saat 6-ya qədər gözlədik. Nənəm gəlmədi. Yemək soyumuşdu. Anam toyuq sousun bir də qızdırdı. Nənəm yenə gəlmədi.
Bir az da gözlədik. İki dəfə darvazadan çıxıb yola baxdım. Arvad gələnə oxşamırdı. Evin böyük oğlu kimi anam məni çörək almağa göndərdi. Paltarımı geyinib evdən çıxmazdan əvvəl hər ehtimala qarşı əl fənərini cibimə qoydum.
Bir vaxtlar qaranlıq düşəndə əl fənəri ilə küçədə gəzmək xoşuma gəlirdi. Bu əyləncənin sonu çatmışdı. Daha qaranlıq düşəndə avara-avara küçədə gəzə, fənərin işığın itlərin, pişiklərin üzünə tuta bilmirdim. Mağazalardan əl fənərlərinin batareyası yoxa çıxmışdı.
Biz fənəri evdə yalnız lazım olanda işlədirdik. Axşamlar işıqlar kəsiləndə adamı elə xof basırdı ki, istər-istəməz düşünməyə məcbur olurdun: görəsən, nə baş verəcək? Bizi hara aparacaqlar?
Müharibə başlayacaq? Rayonda işıqlar sönəndə ən iti gözlər də küçədə bir şey görə bilmir, insanlar əlləri ilə ətrafı yoxlaya-yoxlaya və hər dəqiqə dərin bir çuxura düşmək qorxusu altında addımlayırlar.
Diki aşıb Vağzal küçəsinə çıxdım. Fənəri yandırmadım. Fənər geri qayıdanda daha çox lazım olacaqdı. Vağzalda yerləşən mağazanın qarşısında adamlar toplaşmışdı. İki tonqal qalamışdılar.
Bir tonqalın başında kişilər, digərinin başında ərsiz, oğulsuz arvadlar yığışmışdı. Əllərini alovun dilimlərinə sarı uzatmışdılar. Hava o qədər də soyuq deyildi, adamların tonqala sarı uzanmış əlləri sadəcə onların gərginliyindən, düşdükləri vəziyyətin ağırlığından xəbər verirdi.
Cəmi 5-6 ay əvvəl çörək növbəsinə dayanacaqları, çörəyin qəflətən yoxa çıxacağı onlardan heç birinin ağlına gəlməzdi.
Mən nə arvadlara qoşuldum, nə də kişilərə. Rayonun ortasından axan çayın üstündəki körpüdən keçib üz tutdum çörək zavodu tərəfə.
Əmim çörək zavodunda işləyirdi. Əgər əmimi görə bilsəydim, evə mütləq çörəklə qayıdacaqdım. Çörək zavodunun qarşısında da vağzaldakı mənzərə ilə qarşılaşdım. Burada da adamlar iki tonqal qalamışdılar.
Bir tonqalın başına kişilər, o birinə isə ərsiz, oğulsuz arvadlar yığışmışdı. Əllərini alovun dilimlərinə uzatmışdılar. Kişi və qadın cinsinə mənsub olan 20-yə yaxın adam isə özlərini çörək zavodunun qapısına dirəmişdilər.
Çörək zavodunun qapısından, pəncərələrindən düşən işıq zolaqları küçənin qaranlığını doğramışdı. Mən özümü qapının ağzına yığışmış adamların arasına soxaraq, adamları yara-yara, sağdan-soldan, altdan-üstdən keçib qapıya çatdım. Balaca, dördkünc nəfəslikdən yalnız gözləri görsənən adamdan əmimi soruşdum. Dedim ki, mən onun qardaşı oğluyam, anam çörək almağa göndərib. Yalnız gözləri görünən adam dedi ki, gedib indi əmimi çağıracaq və mən çörəyi ondan istəyərəm. Onun gözləri dördkünc nəfəslikdən yoxa çıxdı.
Adam 10 dəqiqədən sonra qayıtdı. Mən onun ağzını görmürdüm, ancaq səsini eşidirdim. Gözləri görünən adam dedi ki, əmim yoxdur, bu gün evə tez gedib. Mən ondan çörək istədim. O dedi ki, bayaqdan çörək gözləyən adamların arasında mənə çörək verə bilməz. Çörək zavodunun ağzına yığışmış adamlar bizim söhbətə diqqətlə qulaq asırdılar. Hamının nəfəslikdən yalnız gözləri görünən adama deyiləcək sözü vardı. Mən onsuz da yaşımın azlığından maksimum istifadə etmişdim. Qapının ağzında bir az da dayanıb çənə döysəydim, boynumdan tutub kənara tullayacaqdılar. Narazı səslər məni qapıdan uzaqlaşmağa vadar etdi və mən yalnız gözləri görünən adamdan yalvarıb çörək istəyə bilmədim.
Adamlardan aralanıb geriyə, vağzala tərəf qaçdım. Yolda iki böyük bədbəxtlik baş verdi: 1. Ayağım su ilə dolu çuxura düşdü. Su ayaqqabılarımın içinə dolub corabımı son sapına qədər islatdı. 2. Dəmir körpüdən keçəndə fənər cibimdən sürüşüb əvvəlcə körpünün üstünə, oradan da diyirlənib çaya düşdü.
Tonqallar sönmüşdü. Arvadlı-kişili hamı vağzalda yerləşən mağazanın qarşısına toplaşmışdı. Mən nənəmgilə, yaxud çörək zavodunda işləyən əmimgilə gedib çörək tapa bilərdim. Qohumlardan birinin evinə gedib çörək istəmək daha ağlabatan variant idi. Lakin evin böyük oğlu kimi anam məni çörək almağa göndərmişdi, mən pulumu verib çörək almalı idim. Evə mütləq çörəklə qayıtmalı idim. Yaşımdan istifadə edib özümü mağazanın qarşısına toplaşmış adam buluduna soxdum. Sağdan-soldan, altdan-üstdən keçib bacardığım qədər irəlilədim.
“QAZ-53” markalı maşının əvvəlcə səsini eşitdim, sonra camaatın arasından maşının özünü gördüm. Camaatın gözləməyə səbri çatmırdı, bir-birini itələyib çığırışırdılar. Dükanın qabağında səs-küy daha da artdı. Qabaqda dayananlar ayaqlarını, bərk-bərk yerə dirəyib tərpənmək istəmirdilər. Çörəkləri mağazanın arxa qapısından içəri daşıdılar.
Bir neçə adam dəstədən ayrılıb mağazanın arxasında sürücüdən çörək almaq istədi, amma nə sürücü, nə də sürücünün köməkçisi həmin adamların üzünə də baxmadılar. Mağazanın iki laylı qabaq qapıları taybatay açıldı. Səs-küy daha da artdı. Adamların arasında qadınların olmasına baxmayaraq, hətta kimsə babat bir söyüş də söydü. Ayağım yerdən üzüldü. Ayağım bir də mağazanın içində yerə toxundu. Uzun rəflərə yığılmış çörəkləri gördüm. Satıcı N. xala qışqırır, adamları itələyir, əsəbdən pörtmüş sifətini ağ xalatının cibindən çıxardığı ağ dəsmalla tez-tez silirdi. N. xala ona sarı uzanmış əllərdən pulu qapır, taxta qutuya atır, rəfdən çörək götürüb adamların üstünə tullayırdı.
Rayon yeri olduğundan çox adam bir-birini tanıyırdı. Bunun müsbət tərəfləri olduğu kimi mənfi tərəfləri də var. N. xala uzadılmış əllərin məhz hansından birinci pul almağa bəzən çətinlik çəkirdi.
Çünki o əllərin sahiblərinin hamısını tanıyırdı. N. xala bizim evdən təxminən on ev aralıda yaşayırdı. Məni yaxşı tanıyırdı. Atam onların evlərini tikəndə dərsdən sonra onlara çox gedib-gəlmişdim. Əgər N. xala sifətimi görsəydi, əlimdə tutub çörək rəfinə sarı uzatdığım pulu götürüb taxta qutuya atacaqdı. Çörəksiz evə qayıtmaq mənim üçün çətin idi.
Rəflərə yığılmış çörəklər getdikcə azalırdı. Bu da adamları daha da vəhşiləşdirir, kişilər qadınlara aman vermir, qarğışlar, söyüşlər daha tez-tez eşidilirdi. Qadınlardan biri kişiləri qeyrətli olmağa, qadınlara hörmət etməyə çağırdı, hətta hansısa tarixi qəhrəmanın dilindən ibrətamiz bir söz də dedi. Başqa bir qadın isə bu vurhavurda Qorbaçova qarğış etməyə də vaxt tapdı: “Allah Qorbaçovun balasını öldürsün. Gül kimi yaşayırdıq”.
Rəflərdə çörək azalır, adamlar söyüş söyür, qarğış eləyir, N. xala qışqırır, adamları dükanın qapısını bağlayıb, ümumiyyətlə, heç kimə çörək satmayacağı ilə hədələyirdi. Arxadan, qarşıdan əsən dalğalar məni gah çörək rəflərinə yaxınlaşdırır, gah da mağazanın qabaq qapısından çıxarıb bayıra atırdı. Mən əsl cizgi filmlərinin qəhrəmanı kimi ayağım yerə dəymədən adamların arasında irəli-geri gedib-gəlirdim. Bir dəfə N. xala az qala əlimdə tutduğum pulu alıb taxta qutuya atacaqdı, amma əlimin yaxınlığında dayanmış bir əl buna mane oldu. N. xala o ələ üstünlük verdi. Görünür, o əlin sahibini daha yaxşı tanıyırdı.
Rəflərdə çörək daha da azalırdı. Bayırda dayanan adamların rəflərdə çörəklərin azalmasından xəbəri vardı. Bayırda dayananlar çörək alıb çıxmış adamlara içəridə nə qədər çörək qalması, nə qədər adama çörək çata biləcəyi haqda suallar verirdilər. N. xala qışqırır, çörəyi mağazaya gec göndərən adamı söyür, yenə dükanın qapısını bağlayıb heç kimə çörək satmayacağı ilə hədələyirdi. Vəziyyət getdikcə ağırlaşırdı: əsəblər dözmür, qadınlar Qorbaçova lənət yağdırırdılar. Qarşıdan gələn təkan ayağımı yerdən üzüb məni mağazanın qapısından bayıra atdı. Üstəlik, ağırçəkili bir adam üşüyən ayağımın üstünə çıxdı. Evə çörək aparacağıma ümidimi itirməyə başladım. Hönkürüb ağlamağın bir addımlığında dayanmışdım.
Bu zaman dal qapıdan mağazaya iki rus əsgəri girdi. Başlarında kaska, əllərində avtomat vardı. Əsgərlər mağazadakı adamları bayıra çıxardılar. Səs-küy, söyüşlər, qarğışlar, lənətlər kəsildi. Əsgərlər adamları sakitcə sıraya düzdülər. Axırıncı qadından sonra sırada mən durmuşdum.
Əsgərlər necə gəlmişdilərsə, elə də getdilər. Mağazanın dal qapısından. Əsgərlər getsə də, heç kim növbəni pozmadı. Heç kim söyüş söymədi. Heç kim Qorbaçovu lənətləmədi. Ona görə yox ki, növbədə dayanmaq adamlara rahat idi. Yox. Ona görə ki, adamlar əsgərlərin qayıdıb növbəni pozulmuş görəcəklərindən qorxurdular.
“QAZ-53” markalı çörək maşını vağzal dairəsində dövrə vurub mağazaya yaxınlaşdı. Sürücü və köməkçi çörəkləri dal qapıdan daşıyıb rəflərə yığırdılar. Adamlar sakitləşdi. N. xala sakitcə ona uzadılmış əllərdən pulu alıb adamları çörəklə evə yola salırdı. Artıq növbəm çatmışdı.
Çörəkləri alıb çit torbaya yerləşdirdim. Üz tutdum evə sarı. Evə alnıaçıq, üzüağ girməyə tam haqqım vardı. Evin böyük oğlu kimi mən evə çörəklə qayıdırdım. Təzə univermağın qarşısında bir dəstə adama rast gəldim. Bir adam univermağın qarşısındakı hovuzun kənarına çıxıb ucadan nitq söyləyirdi. Mən son vaxtlar eşitdiyim təzə sözləri bu adamın da dilindən eşitdim: daşnaklar, ekstremistlər, narkomanlar...
Çıxış edən adamın yanında başı ağ bintlə sarınmış bir cavan oğlan dayanmışdı. Bir azdan məlum oldu ki, ermənilər bu cavan oğlanın qulağını kəsibdir. Dəstədən bir nəfər aralanıb hovuzun kənarına çıxdı. Onun da başı ağ bintlə sarınmışdı. Onun da qulağını ermənilər kəsmişdi.
Dəstə çalxalandı, adamlar söyüş söydü, bir nəfər yerdən daş götürüb univermağa tərəf atdı. Daş univermağın qalın şüşəsinə dəyib yerə düşdü. Macərapərəstliyim fədakarlığıma qalib gəldi. Evdə çörək gözləyən anamı, qardaşımı, bacımı, ən əsası toyuq sousunu unutdum. Yanımda 5-6 yaşıdım dayanmışdı. Onlardan biri “hardansa çörək iyi gəlir” dedi. Mən çit torbadan bir çörək çıxarıb yaşıdlarıma verdim. Verməyə bilməzdim. Dəstə coşmuşdu. Əgər verməsəydim, onlar çörəyi tutub əlimdən alar, özümü də babat döyərdilər.
Mən yaşıdlarımı tanıyırdım. Səkkizillik məktəbdə oxuyurdular. Həmin məktəbə rayonun ən avara, oxumayan, dalaşqan uşaqları yığışmışdı. Yaşıdlarım çörəyi parçı-parça edib aralarında bölüşdürdülər. Hovuzun üstündə çıxış edən adam nə dedisə, hamı qışqırdı. Onun nə dediyini eşitməsəm də, mən də qışqırdım. Yaşıdlarım fit çalıb söyüş söydülər. Hovuzun kənarına çıxmış üç adam yerə tullanıb dəstəyə qarışdılar. Dəstə hərəkətə keçdi. Səkkizillik məktəbdə oxuyan bir neçə uşaq hardansa peyda olub yaşıdlarıma, yaşıdlarına qoşuldular. Onların əynində hərbi şalvarlar vardı...
Cavan ermənilər, uşaqlar rayonu çox rahat tərk edib müxtəlif təhlükəsiz yerlərə getmişdilər. Rayonda çox az sayda yaşlı erməni qalmışdı. O ermənilər qalmışdı ki, rayonda doğulub, böyüyüb rayonda ölmək istəyirdilər. Araya düşmüş bu konflikt onlar üçün, sadəcə, anlaşılmazlıq kimi görünürdü. Onların fikrincə, yaxın günlərdə hər şey öz qaydasına düşməli idi. Rayonu tərk edib harasa getməyə ehtiyac görmürdülər. Onlar tezliklə vəziyyətin dəyişəcəyinə inanırdılar. Yenə hamı bir yerdə sakit, mehriban yaşayacaqdı. Buna görə onlar təhlükəni göz altına alıb rayonda qalmışdılar. Nə bilim, bəlkə də onların getməyə yeri yox idi.
Dəstə rayonun ortasından keçən çaya yaxınlaşdı. Adamlar bizə baxır və bu, mənim yaşıdlarımın xoşuna gəlirdi. Kimsə dəstəyə qoşulurdu, kimsənin qohumu, valideyni qulağından tutaraq dəstədən ayırıb evə aparırdı. Dəstəyə qoşulanlar dəstədən ayrılanlardan çox idi. Mən dəstədə özümü rahat hiss edirdim. Elə bil stadiona sevimli komandamın oyununa baxmağa gəlmişdim və bir azarkeş kimi mən öz komandama dəstək verməli idim.
Biz rayonda qalmış, rayonu tərk etməmiş erməniləri evlərindən, rayondan çıxarmağa gedirdik. Qulaqları kəsilmiş, başları bintlə sarınmış zərərçəkmişlər dəstənin önündə addımlayırdılar. Dəstə yanğınsöndürmə idarəsinin qarşısında dayandı. Bir nəfər nisbətən uca yerə çıxıb dedi ki, bu gün ermənilər hansısa kəndə hücum edib müsəlmanların qoyunlarını, inəklərini aparıblar.
Dörd kişinin qulaqlarını kəsiblər. Çıxış edən adamın əynində hərbi şalvar vardı. Qoşun hissəsi rayonda yerləşəndən sonra hərbi şalvar, hərbi gödəkcə geyənlərin, başına hərbi papaq qoyanların sayı xeyli artmışdı. Adamlar rus əsgərlərinə araq, meyvə, mürəbbə verib əvəzində hərbi paltarlar alırdılar. Hərbi paltarlı adam çıxdığı nisbətən uca yerdən tullanıb dəstəyə qoşulanda biz yenə qışqırıb fit çaldıq, söyüşlər söydük. Sonra biz yanğınsöndürmə idarəsi yerləşən məhəllədə yaşayan ermənilərin evlərinə girdik. Üç evin heç birində erməni tapmadıq. Uşaqlar güzgüləri sındırdılar, əşyaları yerə çırpdılar, qazanları təpiklədilər, itləri zəncirdən açıb küçəyə buraxdılar. Dəstənin gəlişindən xəbər tutan ermənilər qaçıb müsəlman qonşularının evlərində gizlənmişdilər. Uşaqlar evdən tapdıqları meyvələri, mürəbbələri ayaq üstə gəzişə-gəzişə, gülə-gülə, qışqıra-qışqıra, söyüş söyə-söyə yeyir, bir-birinin başına alma, heyva, nar çırpırdılar. Böyürtkən, zoğal, alça kompotlarını içib sonra şüşə bankalarını sındırırdılar.
Evlərdən çıxıb küçədə yığışdıq. Erməni tapmamağımız ovqatımızı korlamışdı. Biz daha çox macəra, əyləncə axtarırdıq, nəinki erməni. Küçədə qərara alındı ki, dəstə üç yerə bölünməli, erməni axtarmaq üçün hər kiçik dəstə rayonun başqa-başqa istiqamətlərinə getməli idi. Mənim olduğum dəstə Lenin küçəsi tərəfə yön aldı. Yolda bizə 6-7 yeniyetmə qoşuldu. Beləliklə, dəstədə adamların sayı təxminən 20-25 nəfərə çatdı. Biz Lenin küçəsində yaşayan dülgər Karapetin həyətinə girdik. Mən bu həyəti, evi yaxşı tanıyırdım.
Karapetin arvadı Nona nənəmlə bir yerdə xəstəxanada işləyirdi. Çox yaxın rəfiqə idilər. Mən bu evdə çox olmuşdum. Karapetin düzəltdiyi taxta sovqat qutularından özümə evlər düzəltmişdim. Rayonda hamı deyirdi ki, Karapetin əli yüngüldür. Kim hərbi xidmətdə olan övladına sovqat göndərirdisə, taxta qutunu Karapetdən alırdı. Deyirdilər, Karapetin düzəltdiyi taxta qutularda sovqat göndərəndə sovqat yolda itmir, əsgərə vaxtında çatırdı, poçt işçiləri qutunu açıb içindən heç nə götürmürdülər. Bu evdə məni çox əzizləmişdilər. Nona xala xətrimi çox istəyirdi. Qızı X. hər dəfə Bakıdan evlərinə tətilə gələndə mənə hədiyyələr alırdı.
Mən həyətə girən dəstədən aralana bilmədim. Düşündüm ki, yəqin Karapet dayı da başqa ermənilər kimi müsəlman qonşusunun evində gizlənib. Mən də yaşıdlarımla birgə həyətə girdim. Uşaqlar böyük coşqu ilə həyəti, evi bir anda viran qoydular. Zirzəmidən, çardaqdan tapdıqları meyvələri dişləyib bir-birlərinin başına vurdular, kompotları içdilər. Aləm bir-birinə qarışmışdı. Uşaq oyuncaqları (bu oyuncaqlar X.-nın uşaqlığından xatirə qalmışdı.
N. xala bu oyuncaqları heç kimə vermirdi, hətta toxunmağa da qoymurdu), ayaqqabılar, kitablar, tikiş maşını, müxtəlif növ parçalar ətrafa səpələnmişdi. İtin qapıya doluşan yad adamlara hürməkdən səsi batmaqda idi. Uşaqlardan biri iti zəncirdən açıb küçəyə buraxdı. Karapet dayını taxta qutuların arasından tapdılar. O, öz əməyinin arxasında gizlənmişdi. Amma düzəltdiyi qutular dülgəri qoruya bilmədi. Uşaqlar Karapetə təpik, şillə vurdular. Hərbi şalvar geyinmiş adam uşaqları kənara itələdi. Və mən daha yeni bir söz eşitdim: provakasiya.
Uşaqlar Karapet dayının düzəltdiyi taxta qutuları sındırdılar. Döşəklərin, yorğanların, yastıqların üzünü cırdılar. Qışqırdılar, fit çaldılar, söyüş söydülər. Dəstə Karapeti qabağına qatıb həyətdən çıxdı. Beləcə, bu minvalla biz ermənilər yaşayan evlərə girir, güzgüləri sındırır, meyvələri yeyir, kompotları içir, həyətdəki itlərin zəncirin açıb küçəyə buraxırdıq.
Təxminən iki saata biz müxtəlif yerlərdən 12 qoca erməni topladıq. Uşaqlar dəstənin qabağında yeriyən ermənilərə fürsət düşdükcə şillə-təpik vururdular. Dəstəyə başçılıq edən hərbi şalvarlı adam uşaqlara nəsə başa salmaq istəyir, erməniləri döyməyə mane olur, uşaqları kənara itələyirdi. Hərbi şalvarlı adam təzə eşitdiyim sözü tez-tez təkrar edirdi: provakasiya... provakasiya... provakasiya...
Hərbi şalvarlı adam ziyalıya oxşayırdı. Əgər əynindəki hərbi şalvarı çıxarıb mülki şalvar geysəydi, mən onu ədəbiyyat müəlliminə bənzədərdim. O vaxtlar karate filmləri çox dəbdə idi. Rayonda 3-4 yerdə videozal açılmışdı. Məmə deyəndən pəpə yeyənə qədər hamı videozallarda oturub saatlarla karate, döyüş filmlərinə baxırdı. Xeyli uşaq məktəbdən, dərsdən yayınıb karate fəndləri öyrənməyə gedirdi. Hamı həvəsə düşmüşdü. Eləcə də səkkizillik məktəbin avara, dalaşqan uşaqları. Mənim heç vaxt karateyə həvəsim olmayıb.
Filmlərə baxmışam, amma karate fəndlərin öyrənmək heç ağlımdan da keçməyib. Bəlkə də buna görə mən dəstənin ən passiv üzvü idim. Uşaqlar karateçilər kimi pişik səsi çıxarır, şpaqat açır, fürsət düşəndə isə dəstənin qabağında gedən ermənilərə öyrəndikləri fəndlərlə zərbələr vururdular. Bu mənada mən passiv idim. Həm də evdə çörək gözləyən anamın, bacımın, qardaşımın səsi mütəmadi olaraq yadıma düşürdü. Mən bunları özümə haqq qazandırmaq üçün yazmıram. Sadəcə, olanları yazıram.
Bir neçə dəfə evə qayıtmaq haqda düşündüm. Amma yuxarıda da qeyd etdiyim kimi, macərapərəstliyim hər dəfə fədakarlığıma qalib gəldi. Mən evə çörək aparmalı idim, bunu dərk edirdim, nə etməli, bu işin necə bitəcəyini bilmək yanğısı evə qayıtmağıma imkan vermirdi.
Səkkizillik məktəblə bizim məktəbin uşaqları arasında çoxdan ədavət var idi. Səkkizillik məktəbin uşaqları bizim məktəbin uşaqlarına “mama uşaqları”, “tortyeyən balalar” kimi baxırdılar. Səkkizillik məktəbin avara, dalaşqan uşaqları hər fürsətdə bizim məktəbin uşaqlarını incidir, kitab-dəftərlərini əllərindən alıb cırır, paltarlarını batırırdılar.
Bizim məktəbin müəllimləri əsl sovet müəllimləri idi: sadə, təmiz, alverdən uzaq, kasıb, pul haqda düşünməyən. Səkkizillik məktəbin müəllimləri isə əsl kapitalist idilər: tətillərdə Rusiyaya meyvə satmağa gedir, dərsdən sonra rayon toylarında qarmon çalır, oxuyur, tamadalıq edir və digər yollarla pul qazanır, şux geyinir, ədalı-ədalı gəzirdilər.
İndi bir dəstədə olmağımıza baxmayaraq, səkkizillik məktəbin uşaqları mənə tez-tez atmaca atırdılar: “evə gec getmə”, “atan səni döyəcək”, “xəstələnərsən”, “sabah səni məktəbə buraxmazlar...”
Mən bu atmacalardan yorularaq üzə düşüb peşmançılığını bu günə qədər çəkdiyim bir hərəkət etdim. Biz küçə ilə hərəkət edəndə mən dəstənin arxasında addımlayırdım. Kənardan fırlanıb dəstənin qabaq hissəsinə keçdim. Hərbi paltarlı adamın gözündən yayınıb qoca erməni kişisinə arxadan bir təpik ilişdirdim. Bu, mənim həyatımda özümdən böyük insana atdığım ilk təpik idi...
Səs-küy eşidən adamlar evlərdən küçəyə çıxıb dəstəyə, qabağımıza qatıb apardığımız ermənilərə baxırdılar. Dəstənin qabağında yeriyən qoca ermənilər küçəyə çıxmış adamların arasında tanış üzlər axtarırdı. Tanış üzlərdə isə rəğbət və mərhəmət işarəsi yoxa çıxmışdı. Prosesi saxlamaq, əvvəlki sakitliyi, birgə yaşayışı bərpa etmək artıq mümkün deyildi. Hər şey sürətlə məhv olub gedirdi. Və cəmisi iki-üç il sonra rayonun özü bütövlükdə viran olacaqdı. Məktəblər, xəstəxanalar, uşaq bağçaları, evlər, hər şey...
Biz mərkəzi küçə ilə addımlayıb raykomun binasına çatdıq. Bizdən ayrılmış dəstələr bizdən əvvəl bura gəlib çatmışdı. Bizi gözləyirdilər. Üç dəstənin üzvləri bir-biri ilə görüşdülər. Elə bil Belarus və Ukrayna cəbhələri bir-biri ilə görüşürdü. Hər dəstənin gətirdiyi erməniləri bir yerə topladılar. Hərbi şalvar geyinmiş adamlardan biri raykomun binasına girdi. Hərbi paltar geyinmiş adam 15 dəqiqə sonra kostyumlu, qalstuklu bir kişi ilə qayıtdı. Bu kişi rayon rəhbərlərindən biri idi. Danışıqlar başladı. Dəstə tələb etdi ki, ermənilər rayonu bu dəqiqə tərk etməlidir. Hərbi şalvarlı adam bizi göstərib “mən onların qarşısını güclə almışam” dedi. Raykom binasından beş milis çıxdı. Milislər bizə evə dağılmağı əmr etdilər. Heç kim yerindən tərpənmədi. Adamlar daha milislərdən qorxmurdular. Milislər erməniləri raykomun binasına doldurdular. Uşaqlar söyüş söydü, qışqırdılar, fit çaldılar, hətta biri yerdən götürdüyü dəmir parçasını raykomun binasına tərəf tolazladı. Hərbi şalvarlı adamla qara kostyumlu adam binanın pilləkənlərində durub ucadan danışırdılar:
- Ermənilər bu gecə rayonu tərk etməlidir.
- Bu, indi mümkün deyil.
- Uşaqlar dağılışmayacaq. Ermənilər rayonu tərk edənə qədər biz burda oturacağıq.
- Mən sizə söz verirəm. Sabah ermənilər rayondan çıxacaqlar.
- Onların təhlükəsizliyinə kim təminat verəcək? Başlarına bir iş gəlsə, Xalq Cəbhəsinin üstünə atacaqlar.
- Siz narahat olmayın. Gecdir. Uşaqlara de, evə dağılışsınlar.
- Ermənilər rayonu tərk etməyənə qədər biz heç yana gedən deyilik. Bizi provakasiyaya çəkməyin.
- Mən sizə söz verirəm. Sabah ermənilər rayondan çıxacaqlar. Gecdir. Evə dağılışın.
- Bu gün ermənilər dörd nəfərin qulağını kəsiblər. Ar olsun erməniləri rayonda saxlayanlara! Ar olsun dayısı erməni olanlara!
Biz qışqırdıq: “Ar olsun! Ar olsun! Əclaflar!” Uşaqlardan biri raykom binasının pəncərələrindən birini daşla sındırdı. İki milis binadan bayıra çıxdı, amma kostyumlu kişi onları binaya qaytardı. Kostyumlu kişi hərbi şalvar geyinmiş adamı söhbət etmək üçün binaya dəvət etdi. Hərbi şalvar geyinmiş kişi dedi:
- Bizim xalqdan gizli heç bir işimiz yoxdur. Nə sözünüz var, burda deyin.
- Dağılışın evə. Gecdir. Bizi təxribata çəkməyin.
- Ermənilər bu gecə rayonu tərk etməlidir. Ermənilər rayonu tərk etməyənə qədər biz burdan heç yana gedən deyilik.
Dəstə yenə hiddətləndi. Bir neçə adam binaya hücum etmək təklifi verdi. Bu zaman binanın qarşısındakı meydana “UAZ” markalı hərbi maşın daxil oldu. Maşından düşən əliavtomatlı, kaskalı rus əsgərləri pilləkənlərə düzüldü. Zabit hərbi şalvarlı adamı pilləkənlərdən aşağı saldı və sakitcə, çox sakitcə bizə dağılışmağı əmr etdi. Hamı bir-birinin üzünə baxdı. Məsələ ciddiləşdi. Zabit əmri bir daha təkrar etdi. Heç kim utandığından yerindən tərpənmirdi. Hər kəs özlüyündə dəstədən bir adamın əmrə birinci tabe olmasını gözləyirdi.
Səkkizillik məktəbin uşaqları diqqətlə mənə baxırdılar. Dəstənin ən passiv üzvü kimi mənim dəstədən aralanmağım, qorxub ağlamağım gözlənilirdi. Hamı susmuşdu. Əgər bircə nəfər dəstədən aralansaydı, hamı yavaşca evə dağılışacaqdı, amma utandığından heç kim yerindən tərpənmədi. Zabit dağılışmaq əmrini üçüncü dəfə də təkrar etdi. Heç kim yerindən tərpənmədi. Zabit əlini qoburuna atıb tapançasını çıxardı.
Əlini qaldırıb göyə bir neçə dəfə atəş açdı. Uşaqlar qışqırışdı. Hər kəs bacardığı qədər sürətlə hara gəldi qaçmağa başladı. Mən mədəniyyət evinin qarşısında bir bəzək kolunun arxasında gizləndim. Qucağımda çörək, qorxa-qorxa bəzək kolunun arxasından meydana tərəf boylandım. Əsgərlər hərbi şalvarlı üç adamı qollarından tutub hərbi maşına basdı. Əsgərlər kefli idilər. Günorta azıb hərbi hissənin həyətinə girmiş bir dananı kəsib yemişdilər. Zabit raykomun binasına girdi, maşın isə gecənin sakitliyində içində əsgərlər və hərbi şalvar geyinmiş adamlarla meydanı tərk etdi.
Mən bəzək kolunun arxasından çıxdım. Elə bil heç nə baş verməmişdi. Söyüş söyən, fit çalan uşaqlar yoxa çıxmışdılar. Mən dizlərimi çırpırdım. Bu zaman arxadan mənə bir təpik dəydi. Çevrildiyim zaman bir şillə də sifətimə dəydi. Gecənin qaranlığında mənə şillə-təpik vuran adamı tanımaq asan olmadı. Adam söyüş söyəndə, qışqıranda mən onu tanıdım.
Bu, mənim əmim oğlu idi. Rayonda məşhur tiplərdən biri sayılırdı. Onun balaca maşını, “Zapı”sı vardı. Rayonun hər bir sakini bu maşınla hər gün bir neçə dəfə qarşılaşırdı. Əmim oğlu maşını Yeni il yolkası kimi bəzəmişdi. Maşının salonuna gülümsəyən qız şəkilləri yapışdırmışdı, güzgüdən kirpi, ayı, dovşan oyuncaqları asmışdı. Arxa şüşənin önünə müxtəlif bəzəkli quşların lələklərini düzmüşdü. Bizim rayonda çoxlu təpələr, diklər vardı.
Şən yolkaya oxşayan balaca maşın bu diklərdən bəzilərinə qalxa bilmirdi, əmioğlum belə diklərə maşını çevirib daldalı qalxırdı. Çünki “Zapı”nın motoru qabaqda yox, arxada yerləşir. Bu haqda çoxlu şit lətifə yaranmışdı o vaxtlar. Əmim oğlu yaxşı motor ustası olsa da, heç yerdə işləmirdi. Ən böyük əyləncəsi balaca maşını üzərində müxtəlif texniki eksperimentlər aparmaq idi. Zərərsiz, şən, avara, yaxşı geyinməyə çalışıb rəngləri qatışdıraraq nəticədə tutuquşuna oxşayan biri idi. Hər rayonda belə tiplər olur. O, elə bilirdi ki, qızların ondan xoşu gəlir, əslində isə qızlar əmioğlumla mırtlaşırdılar. Yay-qış boynunda həmişə şərf olardı. Bahalı siqaretlər çəkirdi. Əmim uzun yük maşını sürürdü. Həmişə içəndə deyərdi: “Hara gedirəmsə, bu avara qarşıma çıxır. Bu avara heç yerdə işləmir, benzini hardan tapır, bilmirəm. Bu avaranın maşını, deyəsən, benzinlə işləmir, sidiklə işləyir”.
Əslində əmioğlum benzini elə əmimin maşınının bakından oğurlayırdı. Əmim hər axşam içirdi. Dəhşət içirdi. Spirti su ilə qarışdırıb içinə limon atırdı, vəssalam. Bankanı qarşısına qoyub başlayırdı içməyə. Dava salmazdı. Arvadı döyməzdi. Uşaqları incitməzdi. Yalnız hərdən oğlunun avaralığına deyinərdi.
Möhkəm içəndən sonra bığlarını eşib möhkəm nərə çəkirdi. Sağlam orqanizmi, nəhəng bədəni vardı. Qonşular onun nərə çəkməyinə öyrəşmişdi. Əmim bərk keflənəndə qarpızı yeyib qabığını papaq kimi başına keçirərdi. Sonralar onun bu adəti mənə də keçdi. Qarpızı yeyib qabığını papaq kimi başıma keçirmək ən sevdiyim əyləncələrdən biridir. Çox heyif ki, həmişə bu cür əylənmək olmur. Əvvəla, qarpızlar getdikcə balacalaşır. İkincisi, restoran və kafelər hər yerdə təbiəti işğal etməkdədir...
Əmim içib nərə çəkəndə cırtdanlar arasına düşmüş Qulliverə bənzəyirdi. Qış aylarında o, pəncərəni açıb nərə çəkirdi. Onun tərli başından buğ qalxırdı. Uzun, ağır yük maşını ilə uzaq rayonlara yük daşıyırdı. Bir dəfə necə oldusa, məni də özü ilə apardı. Onun sürücü dostları məni xeyli əzizlədilər. Mənə çoxlu konfet, peçenye, vafli aldılar. Vafliləri yemədim. Ta uşaqlıqdan mənim vaflidən xoşum gəlmir. Vafliləri gətirib bacıma verdim. Sürücülər çox mehriban adamlar idi. Biz gedib qayıdana qədər yolda əmim düz on iki dəfə maşını saxlayıb yemək yedi. Bu rəqəm dəqiq yadımda qalıb.
Kafelərdə əmimi tanıyırdılar. Əmim məni də çoxlu yeməyə məcbur edirdi. Doysam da, onun qorxusundan masaya qoyulan hər təamdan dadmağa məcbur olurdum. Qardaşımla hər axşam əmimgilə gedirdik. O, içirdi. Biz də oturub onun bığlarını eşməsini, nərə çəkməsini gözləyirdik. Sonra əmim mənə və qardaşıma deyirdi ki, onu yumruqlayaq.
Qardaşımla onun qarnını, belini yumruqlayırdıq. Nə qədər bərk, var gücümüzlə onun qarnına, belinə yumruqlar vursaq da, o, nərə çəkib daha bərk vurmağımızı tələb edirdi. Biz o qədər gülürdük ki, heyimiz qalmırdı. Gücümüz tükənirdi. Onu yumruqlamaq gözəl əyləncə idi. Biz əmimi yumruqlayanda şən ayı balalarına bənzəyirdik. Əmim pəncərəni açıb bir neçə dəfə nərə çəkirdi. Sonra bir az həyətdə gəzişib yatırdı. Möhkəm xoruldayırdı. Bəzən o, elə möhkəm içirdi ki, iki-üç gün yatırdı. Heç kim onu yuxudan oyada bilməzdi. Buna görə onu bir neçə dəfə işdən çıxartmışdılar. Yaxşı sürücü olduğuna görə təzədən işə qaytarmışdılar. Əmim içib yatandan sonra əmim oğlu onun maşınından benzin oğurlayırdı. Oğurladığı benzin bütün günü balaca maşınla rayonda avaralanmağa bəs edirdi. Əmioğlumun balaca maşını çox az benzin işlədirdi. Əmim isə həmişə içəndə deyirdi: “Hara gedirəm, bu avara qarşıma çıxır. Bu avara heç yerdə işləmir, benzini hardan tapır, bilmirəm...”
Əmimsə heç vaxt düşünməzdi ki, oğlu benzini onun uzun, ağır yük maşınından oğurlayır.
Heç vaxt. Onun uzun maşını üçün 5-10 litr benzin heç nə idi. Amma əmioğlu oğurladığı 5-10 litr benzinlə bütün günü rayonda avaralanırdı. Bəzən o, bizi, uşaqları balaca maşınına doldurub rayonda gəzdirirdi. Bizə dondurma alırdı. Bizi çaya balıq tutmağa aparırdı. Biz də qız şəkli tapanda gətirib ona verirdik. Əgər şəkillərdən biri onun xoşuna gəlirdisə, o şəkli başqa bir qız şəklinin üstündən yapışdırırdı.
Çünki maşının salonunda şəkil yapışdırmağa yer qalmamışdı. Onun qız şəkli xoşuna gələndə məni maraq bürüyərdi. Görəsən, o, hansı qız şəklinin üstünü yeni qız şəkli ilə bağlayacaq? Nə qədər maraqlı olsa da, bu, mənim üçün çətin proses idi. O isə çox sakitcə xoşuna gələn qız şəklini köhnə qız şəkillərindən birinin üstünə yapışdırırdı. Biz uşaqlar onu çox sevirdik. O, bizim üçün əyləncə mənbəyi idi. Təsəvvür edin, mən dərsdən çıxıb uşaqlarla küçədə getdiyim yerdə onun balaca maşını döngədən çıxırdı. Mən qışqırırdım. O, məni görüb maşını saxlayırdı və mən sinif yoldaşlarımın gözü qarşısında Yeni il yolkası kimi bəzədilmiş maşına otururdum. Halbuki evimizlə məktəbin arasında o qədər də böyük məsafə yox idi...
Sevdiyim bir adam gecəyarısı məni mədəniyyət evinin qarşısında təpiklə, şillə ilə vururdu. Dodağım partladı. Qanın tamını ağzımda hiss etdim. O, çox qəzəbli idi. Qışqırırdı, söyürdü. Onu belə vəziyyətlə görmək ağlıma gəlməzdi. Üstəlik də maşınsız. Deyəsən, o da dodağımın partlamasını hiss etdi. Mədəniyyət evinin qarşısında krandan sısqa axan suyun altında əl-üzümü yudum. Dodağımın partlaması onu yumşaltdı:
- Əclaf, hardasan? Hamı səni axtarır. Atan keflidir. Bütün nəsil səni axtarır. Hardasan, ay əclaf? Hardasan, küçük?
- Erməniləri rayondan çıxarırdıq...
Sözüm yarımçıq qaldı. Üstümü təmizləməyimə baxmayaraq, daha bir təpik yedim.
- Pox yeyirdin. Hardasan, ay əclaf, hardasan? Atan keflidir. Səni gözləyir. Hardasan, ay əclaf, hardasan? Atan keflidir. Səni gözləyir.
O, mənim boynumdan tutub arxama daha bir təpik vurdu. Biz adamsız küçələrdə addımlayırdıq. Mən heç nə demirdim. O, söyürdü, danışırdı, nəsihət verirdi, arada lap qəzəblənib arxama təpik vururdu. Beləcə, biz çayın üstündən keçdik. Onu maşınsız görmək əsl sensasiya idi. Maraq məni o qədər boğdu ki, mən ona sual verdim:
- Maşın hardadır?
- Həyətdə.
- Niyə maşınsızsan?
- Bu gün günorta Vaqifin danası azıb hərbi hissəyə girib. Vaqif nə qədər yalvarsa da, əsgərlər dananı kəsib yedilər. Hamısı keflidir. Maşınları saxlayıb hamının sənədlərini yoxlayırlar. Qorxdum maşını əlimdən alarlar.
Rayona təzə köçmüş hərbi hissəni texniki peşə məktəbində yerləşdirmişdilər. Əsgərlər arasında nizam-intizam zəif idi. Guya bu hərbi hissə asayişi qorumalı idi, amma əsgərlər hər gün içib göyə güllə atırdılar. Əvvəllər adamlar mal-qoyunu texniki peşə məktəbinin ətrafında otarırdılar. Hərbi hissə peşə məktəbində yerləşəndən sonra adamlara mal-qoyunu peşə məktəbinin həndəvərində otarmağı qadağan etdilər. Kim bu qaydanı pozurdusa, tutub döyürdülər, ya da qoyununu, danasını tutub kəsirdilər. Biz avtovağzala çatanda hərbi maşının vağzal dairəsində dövrə vurduğunu gördük. Maşının yüksək sürətlə dövrə vurmasından sürücünün kefli olmasını uşaq da başa düşərdi. Qaçıb ət mağazasının arxasında gizləndik. Maşın gözdən itəndən sonra yolumuza davam etdik.
Diki aşıb evə yaxınlaşanda atəş səsləri eşitdik. Mən həyətdə əl-üzümü yuyub növbəti dəfə döyülməyə hazırlaşdım. Qorxa-qorxa evə girdim. Təbii ki, ürəyim bərk döyünürdü. Əmim oğlu boynumdan tutmuşdu. Elə bil harasa qaçacaqdım. Döyülmüş anam saçı dağınıq halda yerdə oturmuşdu. Ağlayırdı. Gözünün altı şişib qızarmışdı. Sabah qaralacaqdı və anam altı qaralmış gözündən utanıb üç-dörd gün işə getməyəcəkdi. İki qardaşım və bacım anamın yanında ayaq üstə dayanmışdı. Ortancıl qardaşımın əlində kitab vardı. Kefli atam ondan yüz faiz dərsini soruşub sinif gündəliyini yoxlamışdı. Qəzəbli və kefli atamın sındırdığı qabların qırıntıları döşəməyə səpələnmişdi. Televizorun üstünə qırmızı məxmər parça atılmışdı. Atam qəzəblənəndə “Raduqa” markalı rəngli televizora baxmağı bizə qadağan edirdi. Nənəmin gətirdiyi təndir çörəkləri masanın üstündə qalaqlanmışdı.
Mən qucağımda çörəklər qapının ağzında dayanmışdım. Anam və uşaqlar mənə nifrətlə baxırdılar. Anamın döyülməyinin, qardaşımdan qəfildən dərs soruşulmasının səbəbkarı mən idim. Görünür, qardaşım dərsini öyrənməmişdi. O, dodağının altında şeir misralarını təkrarlayırdı. Dodağının tərpənişindən qardaşımın hansı şeiri əzbərləmək istədiyini başa düşdüm. Qardaşım Əli Kərimin “Poçtalyon” şeirini əzbərləyirdi. Anam döyüləndə köynəyinin düymələri qırılmışdı və o, həya naminə bir əli ilə köynəyinin yaxasını tutmuşdu. Başı döyüləndə düymələri qırılmış köynəyinin yaxasını tutmağa elə qarışmışdı ki, anam burnunun ucundan bir damcı fırtıq sallandığını hiss etmədən ağlayırdı. Otağın sarı pərdələri, anamın ağlamağı, qardaşımın qorxa-qorxa, vahiməli halda dodağının altında şeir əzbərləməyi ürəyimi sıxdı. Pəncərənin küncündə vaxtsız oyanmış zəif bir milçək vızıldayırdı. Atamın bir ayağında çəkmə vardı, o biri ayağı yalın idi.
Ayaqqabısının ipləri açılmışdı. Bu da onun çox içməyindən xəbər verirdi. Atamın qarşısındakı stolda bir araq butulkası və iki duzlu xiyar vardı. Araq yarısına qədər içilmişdi, atam duzlu xiyarlardan birini yarısına qədər dişləmişdi. Atam stəkanı ağzına qədər doldurdu.
Stəkanı çənəsi bərabərinə qaldırıb mənə deyəcəyi sözləri oradan oxuyurmuş kimi xeyli stəkana baxdı. Bu, mənim üçün dəhşətli mənzərə idi. Məni elə bir dəhşət bürüdü ki, elə bil gecə vaxtı qəbiristanlıqdan keçirdim. Atam arağı son damlasına qədər içib duzlu xiyardan dişlədi. Sonra stəkanı yenə doldurdu. Yenə çənəsi bərabərinə qaldırdığı stəkana xeyli baxdı. Bu mənzərə məni məhv edirdi. Anamın döyülməsinə, uşaqların qorxmasına görə özümü günahkar hiss edirdim. Əmim oğlu qorxulu cinayətkarlar kimi boynumun arxasından tutmuşdu. Bircə döyülsəydim, evin ağır havası dağılardı. Çətini mənə bir-iki şillə dəyənəcən idi, sonra hər şey qaydasına düşəcəkdi. Atam siqaret yandırıb elə bir dərin qullab vurdu ki, siqaretin yarısı külə döndü:
- Bu əclafı hardan tapdın?
- Raykomun qabağından. Erməniləri rayondan çıxarırdılar.
- Əclaf, harda idin? Camaat səni gözləyir, sən də gecə yarısı it kimi sülənirsən. Hazırlaş, səni alma ağacından asacam.
Bizim həyətdə alma ağacı çox idi, amma bir alma ağacının xüsusi missiyası vardı. Həmin alma ağacı hamının yaxınlığında əkilmişdi. Atam qoyun kəsəndə onu həmin alma ağacından asıb soyurdu. O, həmişə keflənəndə bizi alma ağacından asıb dərimizi soymaqla qorxudardı. Evə çökmüş ağır havaya baxmayaraq, mən özümü alma ağacından asılmış halda təsəvvür etdim.
Məni alma ağacından asmadılar. Dərimi soymadılar. Atam siqaretin duzlu xiyarın üstündə söndürüb mənə yaxınlaşdı. Əmim oğlu boynumun arxasından bərk tutmuşdu. Mən heç qaçmağa da cəhd etmədim. Gözlərimi tez-tez qırparaq döyülməyimi gözləyirdim.
- Harda sülənirdin, it oğlu it?
Sifətimə dəyən şillədən artıq partlamış dodağım növbəti dəfə partladı. Dodağımdan axan qan evə çökmüş ağır havanı dağıtdı. Qorxmuş uşaqlar xorla ağlaşdılar. Anamın sakit-sakit ağlamağı hönkürtüyə çevrildi, amma o, bizə yaxınlaşmadı. Yaxınlaşa bilməzdi. Əgər yaxınlaşsaydı, yenə döyüləcəkdi...
Zəruri haşiyə!
17 yaşıma qədər mənim dodaqlarım çox qırmızı idi. Mən dodaqlarımın qırmızılığımdan utanırdım. Uşaqlar mənə gülürdülər. Deyirdilər ki, dodağıma boya çəkirəm. Qızlar isə “kaş sənin dodaqların bizdə olaydı” deyirdilər. Mən bilmirəm, dodaqlarım onlarda olsaydı, nə qələt edəcəkdilər. Bizim məktəbdə, məhəllədə qəribə bir qanun vardı. Dava zamanı kimdən birinci qan çıxırdısa, həmin adam məğlub sayılırdı. Mən dalaşqan uşaq deyildim, amma hərdən məcburən dava etməli olurdum. İlk zərbədən dodağım partlayır, qan çənəmə yayılırdı. Uşaqlar bizi aralayıb, ağzımın qanını silib evə yola salırdılar. Dodağımın ucbatından bütün davalardan məğlub çıxırdım. Ən zəif uşaqlar belə məni davada çox asanlıqla məğlub edirdi. Zəif bir zərbədən dodağım partlayırdı.
Əmim oğlu atamla mənim arama girdi. Atam istədi onu da vursun, uşaqlar qışqırışdılar. Atam əlini aşağı saldı:
- Bəsdir. Mən də döymüşəm. Uşaqları qorxutma. Gecdir. Get yat.
- Hardan tapdın bu əclafı?
- Mədəniyyət evinin qarşısından.
- İt oğlu it, harda sülənirdin? Camaat evdə çörək gözləyir, sən də it kimi sülənirsən. Hazırlaş, səni alma ağacından asacam. Dərini soyacam.
Əmim oğlu qucağımda tutduğum çit torbanı alıb məni evdən həyətə çıxartdı. Həyətdə krandan axan suda əl-üzümün qanını yudum. İtimiz qorxusundan hardasa gizlənmişdi. Atam evə kefli gələndə itimiz həmişə gizlənirdi. İti bir neçə dəfə səsləsəm də, o, gizləndiyi yerdən çıxmadı. Evin qapısı açıldı. Əmim oğlu həyətə çıxdı:
- Gedək bizə. Evdəkilərə demişəm. Narahat olma. Atan uzanıb.
Əmioğlumun dilindən “atan uzanıb” sözünü eşidən itimiz gizləndiyi yerdən, hovuzun arxasından azadlığa çıxdı. İt üstümə tullanıb əlimi yaladı. Biz həyətdən çıxıb əmimgil tərəfə üz tutduq. İt də bizimlə idi. Gah qabağa qaçırdı, gah arxada gəlirdi. Bu it haqqında imkan düşsə, yazacam. İndi həvəs yoxdur. Biz adamsız küçələrlə səssiz addımlayırdıq. Əmimgilə çatanda it həyət qapısının ağzında dayandı. Mən sədaqətli canlının başını sığalladım. Biz həyətə girdik, it isə geriyə, evə qayıtdı...