Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 14:40

Evlərin söküntüsü «NZS»ə çatıb (VİDEO)


NZS qəsəbəsində də evlərin sökülməsi tələb edilir
Gözlə

No media source currently available

0:00 0:03:55 0:00
Direct-ə keçid

"Azərneftyağ" Neft Emalı Zavodu tələb edir ki, Xətai rayon, NZS qəsəbəsinin ərazisi onlara məxsusdur, ona görə həmin ərazidə yaşayan sakinlər özləri evlərini söküb torpağı da geri qaytarsınlar. Sakinlərin problemləri Maarif Çingizoğlunun videosunda.

-

«EVİ ÖZÜN SÖK, 100 MANAT DA CƏRİMƏ ÖDƏ»

«Qətnamədə yazır ki, öz hesabımıza öz evlərimizi söküb yerini də təmizləyib təhvil verməliyik. Üstəlik də 100 manat da cərimə ödəməliyik. Bu, hansı qanunda yazılıb?»

Məhərrəm Mirzəyevin dedikləri Xətai rayon məhkəməsinin çıxardığı qətnamədəndir.

«Azneftyağ» Neft Emalı zavodunun iddiasına baxan Xətai rayon məhkəməsi dekabrın 16-da qətnamə çıxarıb ki, Məhərrəm Mirzəyev və onun həyat yoldaşı Xətai rayonu, İlham Məmmədov küçəsi 26/3 ünvandakı qanunsuz tikilidən çıxarılsın. Ev onların hesabına sökülsün və onlardan dövlət nəfinə də 100 manat pul tutulsun. Xətai rayonunda «NZS qəsəbəsi» kimi tanınan ərazidə hələ Sovetlər dövründən məskunlaşan 150-yə yaxın ailənin hamısına belə bir xəbərdarlıq edilib. Sakinlərə öz evlərini tərk etməklə bağlı 1 ay vaxt verilib.

İddiaçı «Azneftyağ» Neft Emalı zavodu hesab edir ki, müəssisəyə məxsus boru kəmərinin mühafizə zolağında yerləşən ərazi qanunsuz olaraq zəbt edilib. Zavoda görə, həmin ərazidə evlərin olması neft kəmərlərinə qulluq edilməsinə maneə yaratmaqla yanaşı, həm də bu ərazidə yaşamaq insanların həyatı üçün təhlükədir.

«BURA MƏHKƏMƏ YOLU İLƏ QEYDİYYATA DÜŞMÜŞÜK»

Hələ Sovet dövründən bu ərazidə məskunlaşanlar isə yaşadıqları yerin qanunsuz zəbt edilməsi ilə bağlı fikirləri rədd edirlər. Sakin Məmməd Həsənov:

- Baxın bu, Xətai rayon məhkəməsinin qətnaməsidir. Bu qətnamə yolu ilə məni 2000-ci ildə bura qeydiyyata alıblar. Bax bu da Mənzil İstismar Sahəsinin (MİS) verdiyi texniki pasport, rəsmi dövlət möhürü ilə. Şəxsiyyət vəsiqəmdə də Xətai rayonu, İlham Məmmədov küçəsi 26-da qeydiyyatdayam. Bunlar hamısı rəsmi sənədlərdir. İndi Xətai məhkəməsi qərar çıxarır ki, evlər sökülsün.

SAXTA ŞƏXSİYYƏT VƏSİQƏSİ?

Sakinlərdən Füzuli Babayevə görə, zavodun iddiası ilə məhkəmənin onların əleyhinə çıxardığı qərar özü digər rəsmi qurumlara qarşı çıxmaq deməkdir:

«Daxili İşlər Nazirliyi (DİN) mənə şəxsiyyət vəsiqəsini necə saxta verə bilər? Bir də mənim iştirakım olmadan məhkəmə necə qərar çıxara bilər?»

«AĞ ŞƏHƏR» LAYİHƏSİNİN ARXASINDAKI MİLYARDLAR

«NZS» sakini
«NZS» sakini
Sakinlər bu məsələnin son dövrlər üzə çıxmasını bəzi məmurların biznes maraqları ilə izah edirlər. Onların dediyinə görə, hər şey «Ağ şəhər» layihəsinin elan olunmasından sonra başladığından onlar bir sıra məsələlərdən şübhələnməyə başlayıblar:

«Ağ şəhər» layihəsinin sərhəddindəyik. Bu ərazi boşaldılmalıdır. Burda milyardlardan söhbət gedir. Bu gün bizim torpaqları pul ödənilmədən əlimizdən alan adam onu həmin layihəyə satıb, bir qoyub beş götürəcək. Biz Xətai rayonundan deputatlarımıza - Səməd Seyidova, İqbal Ağazadəyə müraciət edirik, zəhmət çəksinlər, gəlsinlər, bizimlə maraqlansınlar».

«BİZƏ PUL VƏ YA EV VERSİNLƏR, KÖÇƏK»

Sakinlər deyir ərazidən köçməyin əleyhinə deyillər sadəcə istəyirlər ki, onları qışın soyuğunda çölə atılmasınlar:

«Biz demirik çıxmırıq. Biz çıxırıq, amma bizə ya ev versinlər, ya da pul. Əgər buranı strateji yer kimi qiymətləndirib sökmək istəyirlərsə buna etirazımız yoxdur, amma əhalini yerlə təmin etsinlər. Biz məmurlara xəbərdarlıq edirik. Bu camaat gecələr də yatmır. Bura çalxalanan vulkana bənzəyir. Bu nə vaxt partlayacaq, onu məmurlar fikirləşsinlər, camaatın hissiyatı ilə oynamasınlar».

«CƏNAB MƏMURLAR, SİZ ÖZ EVİNİZDƏN TƏMƏNNASIZ ÇIXARSINIZMI?»

Məcburi köçkün Minarə Hüseynova onları evlərindən təmənnasız çıxmağa məcbur edənlərdən soruşur ki, həmin adamlar özləri belə bir addımı atarlarmı?

Qəsəbə sakinləri baş verənlərdən ölkə başçısının xəbərsiz olduğunu düşünürlər:

Qəsəbə sakinləri
Qəsəbə sakinləri
«Prezidentimizdən artıq dərəcədə xahiş edirik, bizə bir əncam çəksin. Bəlkə heç prezidentin bu işlərdən xəbəri yoxdur. Biz ona görə sakit oturmuşuq. Bizim ondan başqa dayağımız yoxdur».

SAKİNLƏRİN MƏƏTTƏL QALDIĞI 2 MƏSƏLƏ

Sakinlər deyirlər ki, bu işdə onlar iki məsələyə məəttəl qalıblar. Birincisi, yaşadıqları ərazi bütün rəsmi sənədlərdə Dövlət Dəmir Yolu idarəsini ərazisi kimi göstərildiyi halda Dövlət Neft Şirkətinin onlara qarşı iddia qaldırmasını başa düşə bilmirlər.

Sakinlər deyirlər ki, bir neçə gün ərzində aidiyyatı rəsmi qurumlar onların narahatlığına reaksiya verməsə, Xətai rayon icra hakimiyyəti qarşısında aksiyalara başlayacaqlar.

150 AİLƏ 1 ÜNVANDA QEYDİYYATDADIR

Köçürülməyə etiraz edənlərin dediklərindən o da aydın oldu ki, 150-dən çox ailənin hamısı bir ünvana, İlham Məmmədov 26-ya qeydiyyata salınıb. Sakinlərin dediyinə görə, bəlkə də bu, yuxarılarda ərazidə yalnız bir ailənin yaşadığı təəssüratı yaradıb deyə belə qərar qəbul ediblər.

DEPUTATLARIN MÖVQEYİ

Deputatlardan Səməd Seyidovu tapa bilmədik. Deputat İqbal Ağazadə isə bildirdi ki, onun seçildiyi ərazi «NZS» qəsəbəsinin yerləşdiyi ərazini əhatə etmir:

İqbal Ağazadə
İqbal Ağazadə
«Ora mənim seçildiyi dairənin ərazisinə düşmür, ora Səməd Seyidovun seçildiyi dairədir. Mənim ərazim olsaydı məmuniyyətlə onların problemlərini araşdırar, əraziyə gedərdim».

«HƏR ŞEY MƏHKƏMƏ QƏTNAMƏSİNDƏ YAZILIB»

«Azneftyağ» Neft Emalı Zavodunun hüquq şöbəsindən isə bildiriblər ki, hər şey məhkəmə qətnaməsində aydın göstərildiyindən onlar məsələyə əlavə şərh vermək istəmirlər. Dövlət Neft Şirkətindən isə sakinlərin narazılığına hər hansı münasibət öyrənmək mümkün olmadı.

«BU ÖLKƏ QANUNLARINA DA, BEYNƏLXALQ ÖHDƏLİKLƏRƏ DƏ ZİDDİR»

Hüquqşünas Fuad Ağayev «Azneftyağ» Neft Emalı Zavodunun sakinlərə qarşı irəli sürdüyü iddianı əsassız sayır. Deyir əslində ölkə konstitusiyasına və Azərbaycanın götürdüyü beynəlxalq öhdəliklərə görə, məhkəmə belə bir iddianı qəbul etməməli idi.

Hüquqşünasa görə, rəsmiləşdirilməsindən və qeydiyyata alınmasından asılı olmayaraq əgər kimsə hakimiyyət orqanlarının açıq və sükut razılığı ilə uzun müddət bir ərazidə yaşayıbsa həmin şəxsin artıq mülkiyyət hüququ yaranır.

Fuad Ağayevə görə, elə bu səbəbdən də «NZS» sakinləri rayon məhkəməsinin qərarından apelyasiya şikayəti verməlidirlər.
XS
SM
MD
LG