Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 17:13

Arif Hacılının xanımı əfv gözləyirmiş


Solidə Mövlayeva
Solidə Mövlayeva
«SANKİ BƏXTİYAR ÖZÜDÜR GƏLƏN»

«Əfv üçün müraciət etməmişdik, ona görə də Bəxtiyarın buraxılmasını gözləmirdim» deyir Solidə Mövlayeva. Hərbi xidmətdən yayınmaqda ittiham olunaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş, sabiq deputatlığa namizəd Bəxtiyar Hacıyevin anası:

- Amma Cabbarın buraxılması çox ürəyimdən oldu. Sanki elə Bəxtiyar özüdür gələn. İnanın. O gün vəkillərə də dedim ki, bircə Cabbarı buraxalar, qalanını özləri bilər... Gözləmirdim. Sifarişlə olan şeydir. Asanlıqla gözləmirdim. Həm də müraciət eləməmişdik.

- Amma ana olaraq az da olsa içinizdə yəqin ümid vardı. Birdən, nəsə...

- Sözsüz. Ümidsiz yaşamaq olmaz. Həyata həmişə ümidlə baxmışam. Çətinliklərə dözmüşəm və ümidlə, iradəylə üstün gəlmişəm hər şeyə. Ümid var idi... Bəxtiyarın cəzasının üçdə biri ayın 29-da tamam olur. İstəsələr onda da buraxarlar.

Solidə Mövlayeva deyir ki, oğlunu dekabrın 29-da azad etməsələr, 2 gün sonra ona baş çəkməyə gedəcək. Bayramda həm də Cabbar Savalangilə gedib, onun anası Təravət xanıma göz aydınlığı verəcək.

Bəxtiyar Hacıyevin qardaşı Vüqarın dediyinə görə, onlara hakimiyyətdən dolayı yollarla təkliflər olub ki, əfv üçün prezidentə yazsınlar. «Biz ortadakı şərtləri qəbul edə bilməzdik» deyir Vüqar Hacıyev.

Arif Hacılı
Arif Hacılı
ARİF HACILININ XANIMI: «SƏHHƏTİNDƏN NARAHATAM, DAHA YAŞ DA O YAŞ DEYİL»

Bircə addım azadlıqçün
Darıxıram hər gün, gecə
Darıxıram bilsən necə!

Bu şeri həbsxanada cəza çəkən Arif Hacılı yazıb, Müsavat Partiyası icra aparatının rəhbəri. Azadlıq üçün darıxan Arif Hacılı yenə dörd divar arasında qaldı. Prezidentin əfv etdiyi 92 nəfər arasında nə onun adı vardı, nə də 2011-ci ildə həbs olunan başqa «aprel məhbusları»nın.

Xanımı Nəzakət Hacılı deyir ki, əfv üçün müraciət etməyiblər. Amma çox gözləyirmiş:

«Gözləyirdim ki, əfv fərmanına düşəcək. Nə bilim. Nə deyim? Hüquq müdafiəçiləri deyirdilər ki, adlarını yazmışıq. Gözləyirdik. Onun səhhətinə görə narahatam. Yaşı da o yaş deyil. Yanvarın 22-də 50 yaşı olacaq. Özü ümid etmirdi əfvə, mənə dedi ki, ümidli olma. Sözün düzü, çox gözləyirdim. Getmişdim Ramanıya, çox şəraitsizdir ora, soyuqdur. Təzyiqi qalxır, düşür. Sözüm yoxdur deməyə. Nə deyə bilərəm ki...».

«AZƏRBAYCANDA SİYASİ MƏHBUS YOXDUR»

Prezidentin dekabrın 26-da verdiyi əfv sərəncamı 92 məhbusu əhatə edir. Onların arasında beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdığı bloqqer Cabbar Savalanlı, 1995-ci ilin martında baş vermiş
Əli Kərimli
Əli Kərimli
XTPD («OMON») hadisələrinə görə həbs edilən Nizami ŞahmuradovMehman Məmmədov də var.

Amma hüquq müdafiəçiləri ümid edirdilər ki, Yeni il öncəsi prezident siyasi məhbus kimi təqdim olunan 20-dək məhkumu azad edəcək. Onlar bunu «Eurovision» mahnı müsabiqəsi ərəfəsində ölkənin imici üçün lazım olduğunu deyirdilər.

«Amma bu əfv sərəncamı cəmiyyətin gözləntilərini doğrultmadı».

AXCP sədri Əli Kərimli belə deyir. O hesab edir ki, ölkə rəhbərliyi bu sərəncamla ölkədə siyasi məhbus məsələsini çözə bilərdi.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı isə deyir ki, bu əfv fərmanına görə prezidenti alqışlamaq lazımdır. Onun fikrincə, prezident növbəti humanist addım atıb, xeyli adama bu Yeni ili öz evində qarşılamaq imkanı yaradıb:

«Bu sərəncam haqqında konyunkturaya uyğun, siyasi mənsubiyyəti önə çəkib qiymətləndirmək qəbuledilməzdir. Təəssüf edirəm ki, belə hallar var. Hesab edirəm ki, Azərbaycanda siyasi məhbus anlayışı yoxdur. Bu, bir sıra Qərb dövlətlərinin Azərbaycana təsir etmək üçün vasitədir,
Səidə Qocamanlı
Səidə Qocamanlı
həm də adını hüquq müdafiəçisi qoyan bəzi şəxslərin biznes formasıdır. Halbuki, bu addıma görə prezidenti yalnız alqışlamaq lazımdır».

«ÇALIŞMALIYIQ Kİ, «EUROVISION»A QƏDƏR SİYASİ MƏHBUS QALMASIN»

Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun siyahısında 27 siyasi məhbusun adı olsa da, onlardan yalnız 3-ü əfvə düşüb. Onların əksəriyyəti elə İctimai Palatanın 2 aprel aksiyasında həbs olunanlardır. Hüquq müdafiəçisi Səidə Qocamanlı buna təəssüflənir. Amma deyir ki, siyahıdakı 3 adam azad olunubsa, bu da uğurdur. Ona görə də, işi davam etdirmək lazımdır. Xüsusən də vaxtilə hökumət qurumları və hüquq müdafiəçilərinin birgə yaratdığı işçi qrupunu bərpa etmək lazımdır:

«Biz yenidən çalışmalıyıq ki, həm «aprel məhbusları», həm başqaları azadlığa çıxsınlar. Yeni ildə siyasi məhbus qalmasın. Ümid edirəm ki, «Eurovision» müsabiqəsinə kimi o siyahıdan heç kim qalmayacaq. Bu, belə olmalıdır».
XS
SM
MD
LG