Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 23:38

Təqaüdçülərin bayramı necə keçdi?


Foto: Arxiv
Foto: Arxiv
«Pensiyamı alan kimi dərmana verdim. Allaha şükür ki, uşaqlarım var, onlar mənə əl tutur. Uşaqlarım olmasa, mən bu pensiya ilə məcbur olub dilənçilik edərdim».

«BAŞQASININ SÜFRƏSİNDƏ PƏLƏNG OLMAQDANSA...»

78 yaşlı Nargilə Muqbilova 30 ildən artıq Dövlət Baş Layihə İnstitutunda çalışıb. Hazırda təqaüdə çıxıb, 149 manat təqaüd alır. Deyir ki, Yeni il öncəsi aldığı təqaüdü əvvəlki aylarda olduğu kimi, dərmana xərcləyib. Yeni ildə isə uşaqlarının açdığı bayram süfrəsində oturub:

«Pensiyalar guya artırıldı. Amma qabaqcadan hər şeyi bahalaşdırırlar. Bir dərmana 50 manat verdim. Bir də təzyiq dərmanı aldım. Mən uşaqlarımın pulu ilə dolanıram, onların aldıqlarından yeyirəm, kommunal xərcləri ödəmirəm. Amma ki, Nizaminin bir misrası var, deyir ki, «başqasının süfrəsində pələng olmaqdansa, öz süfrənin pişiyi olmaq yaxşıdır».

2012-Cİ İLDƏ PENSİYAÇILAR ÜÇÜN YAŞAYIŞ MİNİMUMU ARTIRILACAQ

Nargilə Muqbilovanın iki qızı həkimdir. Deyir ki, onu qızları müalicə edir. Həkimlərə gedəsi olsa, onda heç ailəsinin də onun xərclərini qarşılamağa imkanı çatmaz.

Nargilə Muqbilova Azərbaycanda 1 milyon 300 minə yaxın təqaüdçüdən biridir. Hazırda ölkədə yaşa görə əmək pensiyasının baza hissəsi 85 manatdır. 2015-ci iləcən onun 115 manata çatdırılması nəzərdə tutulub.

2011-ci ilin sonunda pensiyaçılar üçün yaşayış minimumu 84 manat müəyyən olunub.

2012-ci ildə Dövlət Sosial Müdafiə Fondunun büdcə xərcləri 2 milyard 454.3 milyon manat proqnozlaşdırılır. Bu 2011-ci ilin dürüstləşmiş proqnozuna nisbətən 288.8 milyon manat və ya 13.3 faiz çoxdur.

TƏQAÜDÇÜLƏRİN FİKİRLƏRİ

«Bir təqaüdçü aldığı pensiya ilə necə bayram süfrəsi açar?» sualı ilə Bakı küçələrində rastlaşdığım təqaüdçülərə üz tutdum.

- «Təqaüdçünün aldığı pensiya ilə bayramı yola verməsi mümkün deyil. Bahaçılıqdır».

- «Aldığımız təqaüdlə bayramı yola vermək mümkün deyil axı. Burdan alırsan, burdan gedir. Heç özünə çatmır».

«AZƏRBAYCANDA MİNİMUM PENSİYA 170 MANATDAN AZ OLMAMALIDIR»

İqtisadçı-ekspert Qubad İbadoğlu beynəlxalq praktikaya əsaslanaraq deyir ki, minimum pensiya orta aylıq əməkhaqqının 40 faizi həcmində olmalıdır. O, bildirir ki, 2011-ci ildə orta aylıq əməkhaqqı 355 manat olub. Onun fikrincə, belə də minimum pensiya 142 manatdan az olmamalıdır:

«Pensiyaların qaldırılması zərurəti həm də ölkədəki inflyasiya səviyyəsi ilə bağlıdır. İlkin araşdırmamız 2011-ci ildə 14 faiz inflyasiya müəyyən edib. Növbəti illərdə də inflyasiyanın ikirəqəmli olacağı proqnozlaşdırılır. Buna görə də, pensiyaların hər il üzrə ən azı 20-25 faiz artırılmasına
Elmira Axundova
Elmira Axundova
ehtiyac var».

«BİZ VARLI ÖLKƏYİKSƏ, NEFTİMİZ VARSA...»

Milli Məclisin Sosial-siyasət komitəsinin üzvü Elmira Axundova son illər pensiyaların baza hissəsinin qaldırılmasını müsbət hal kimi qiymətləndirir. Lakin o, yenə də təqaüdlərin qaldırılmasını zəruri sayır:

«Mən həmişə Milli Məclisdə pensiyaların qalxması haqda məsələ qaldırıram. Noyabrda 2012-ci ilin büdcəsinin plenar iclasında da pensiyaların baza hissəsinin yenidən qaldırılmasına ehtiyac olduğunu vurğuladım. Xüsusilə tək yaşayan adam üçün hazırkı pensiyalarla dolanmaq çətindir. Biz varlı ölkəyiksə, neftimiz varsa, pensiyalar hər il artırılmalıdır».

Elmira Axundova çox istərdi ki, Azərbaycanda da pensiyalar Avropadakı kimi 800-1000 manat olsun.
XS
SM
MD
LG