Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 10:34

Müğənni Samirə: «YAP-dan bizə zəng olundu»


Bir qrup mədəniyyət və incəsənət işçisinə hakim partiyanın üzvlük vəsiqələri təqdim olunub
Bir qrup mədəniyyət və incəsənət işçisinə hakim partiyanın üzvlük vəsiqələri təqdim olunub
Yanvarın 13-də Yeni Azərbaycan Partiyasının (YAP) üzvlərinin sayı daha 12 nəfər artıb. Bir qrup mədəniyyət və incəsənət işçisinə hakim partiyanın üzvlük vəsiqələri təqdim olunub.

«YAXIN VAXTLARA YAP ÜZVƏRİ 600 MİNƏ ÇATACAQ»

Təqdimetmə mərasimində YAP-ın icra katibi Əli Əhmədov çıxış edib. O, Azərbaycanda yaradıcı insanların yaşaması və işləməsi üçün münbit şəraitdən danışıb. Eyni zamanda deyib ki, partiya üzvlərinin sayı 560 minə yaxınlaşır. Amma yaxın vaxtlarda bu rəqəm 600 min çatacaq.

Bu dəfə YAP-ın vəsiqəsini müğənnilər Ağadadaş Ağayev, Zülfiyyə Xanbabayeva, Cavanşir Məmmədov, Firuzə İbadova, Elza Qasımova (Seyidcahan), Lalə Məmmədova, Yaşar Yusifov, Samirə Allahverdiyeva, aktyor Elməddin Cəfərov, Azərbaycan Dövlət Rəqs Ansamblının solisti Eteri Cəfərova, modelyer Gülnarə İbadova və rəssam Xəzər Nəbiyev alıb.

«ƏGƏR MƏN ÖZ HÖKUMƏTİMƏ HÖRMƏT EDİRƏMSƏ...»

Müğənni Samirə Allahverdiya deyir ki, YAP-a üzv olmaq haqda ona bir ay öncədən təklif gəlib. O, bu təklifi məmnuniyyətlə qəbul etdiyini bildirir:

«Yeni Azərbaycan Partiyasından bizə zəng olundu. Bizə təklif olundu ki, nəyə görə Samira xanımın siması, şəxsiyyəti bizim partiyamızda təmsil olunmasın?! Mən də razılaşdım. Əgər mən öz hökumətimə hörmət edirəmsə, sevgi ilə, qayğı ilə yanaşıramsa, nəyə görə də bu rəsmi olmasın. Mən hansısa məqsədin dalınca qaçıb, nəyisə güdmürəm».

«UZUN MÜDDƏT BİTƏRƏF QALMAQ OLMUR»

Aktyor Elməddin Cəfərov deyir ki, hansı partiyanın üzvü olmaq, hansı futbol klubuna azarkeşlik etməyin fərqi yoxdur. O, bildirir ki, əsas insanlığı qoruyub, Azərbaycanın inkişafı üçün çalışmaqdır:

Aktyor Elməddin Cəfərov
Aktyor Elməddin Cəfərov
«Bu serial inkişafına dövlətin qayğısından sonra qarşılıq olaraq YAP-a üzv oldum. Mənə həmkarım Tərlan Nuryaşar təklif etdi, başa saldı ki, getmək olar. Dedi ki, siyasi heç nə etmirsən, sadəcə olaraq üzv olursan. Sadəcə olaraq oranın üzvlərindən təklif gəldiyinə görə YAP-ı seçdim. Zatən uzun müddət bitərəf qalmaq olmur. Amma bu o demək deyil ki, başqa partiyaların üzvlərinə qarşı soyuğam. Sadəcə olaraq belə oldu. Bəlkə də digər partiyaların üzvlərinin mənə qarşı marağı, sevgisi azalsın. Amma mən marağı, sevgini bununla ölçmürəm».

Xalq artisti Zülfiyyə Xanbabayeva üzvlük vəsiqəsini alarkən bildirib ki, o hər zaman özünü YAP sıralarında hiss edib. O, bu mühüm addımın onun məsuliyyətini birə on qat artırdığını qeyd edib.

Xalq artisti Ağadadaş Ağayev isə bu partiyanın sıralarında olmaqdan qürur duyduğunu partiyanın məqsəd və məramını dəstəklədiyini vurğulayıb.

«ŞİMALİ KOREYADA, BAHAR İNQİLABLARI BAŞ VERƏN ÖLKƏLƏRDƏ OLDUĞU KİMİ...»

Rəhman Bədəlov
Rəhman Bədəlov

Kulturoloq Rəhman Bədəlov deyir ki, incəsənət adamlarının kütləvi YAP-a üzvlüyü normal hal olmasa da, hər iki tərəfin məntiqi aydındı:

«Avtoritar rejimdir, demokratiya yoxdur. Kim hakim partiyadadırsa, bu, ona müəyyən hallarda kömək ola bilər. Onlar görürlər ki, orada himayələri var, konsertlərdə olacaqlar və bir sözlə güzəranları daha da yaxşı olacaq. Yəni, Şimali Koreyada, bahar inqilabları olan Ərəb ölkələrində olduğu kimi. Bu, normal hal deyil, amma məntiq aydındı».

2011-ildə də bir qrup müğənni, o cümlədən «Eurovision» Mahnı Yarışmasında Azərbaycanı təmsil edən Aysel Teymurzadə ilə Səfurə Əlizadə də YAP-a üzv olmuşdular.
XS
SM
MD
LG