Sokrat haqqında, fraqmentar məlumatları nəzərə almasaq, Azərbaycan dilində məlumat yox dərəcəsində idi. Artıq bu boşluğun aradan qaldırılmış olduğunu saya bilərik.
“Alatoran yayınları” seriyasından çap olunan “Sokrat” adlı kitab filosofla bağlı qədim qaynaqları və müasir araşdırmaları özündə birləşdirir.
Kitabı Azərbaycan türkcəsinə Araz Gündüz tərcümə edib və kitabı bütünlüklə çapa hazırlayıb. Kitab yaxın günlərdə satışda olacaq.
Sokrat haqqında: Antik yunan filosofu Sokrat Afinada dünyaya göz açıb. Atası Safroniks daşyonan, anası Fenareta mamaça imiş.
Sokrat həlim, amma öz düşüncələrini qətiyyətlə ifadə edən birisi olub. Gəncliyində orduda xidmət edib. Olimpiya oyunlarında yumruq döyüşlərində iştirak edib. O, heç bir əsər yazmayıb. Fikirlərini şifahi yayırmış.
Ölümündən sonra tələbələri onun təlimini yazıya köçürmüşlər. Sokratın əsas şöhrəti Delfi məbədinin kahini onu insanların ən müdriki adlandırandan sonra başladı. Sokrat özü haqqında "Onu bilirəm ki, heç nə bilmirəm" deyirdi.
Delfi kahini bu elanı verəndən sonra Sokrat deyirdi: "Məni müdrik edən heç nə bilmədiyimi dərk etməyimdi. Başqaları bunu da bilmir".
Sokratın metodunun özülündə "xeyirxahlıq (saleh əməl) bilikdir", bir az dəqiqləşdirilsə, "insan xeyirxahlığı ağılın bir vəziyyətidir" paradoksu dururdu.
Adətən, Sokrat fəlsəfəsinin üç cəhətinə diqqət çəkirlər: 1) bu fəlsəfənin söhbət tipində (dialektik) olması; 2) anlayışların induksiya yolu ilə müəyyən edilməsi; 3) "xeyirxahlıq bilikdir" formulu ilə ifadə olunmuş etik rasionalizm.
Platonun "Apologiya"sına görə, Sokrat özünün heç nə bilməməsi barədə "təmiz həqiqəti" deyəndə Allahın müdrikliyinin yanında insan elminin çox cüzi olduğuna diqqət çəkmək istəyirdi. Özünün "cəhlini" iqrar edir, müsahiblərini də bu halı yaşamağa təhrik etməyi nəzərdə tuturdu.
Araz Gündüz haqqında: Araz Gündüz Bakı Dövlət Universitetinində tətbiqi-riyaziyyat fakültəsini bitirib.
Ötən əsrin səksəninci illərindən başlayaraq, ayrı-ayrı dərgilərdə şeirləri, hekayələri, esseləri, məqalələri və rus dilindən çeviriləri yayınlanmaqdadır. 1997-ci ildən Rusiyada yaşayır.
O həm də düşüncə tarixinə dair təməl kitabların Azərbaycan dilinə qazandırılması yolunda ciddi çalışmalara imza atmaqdadır.
Oxuculara təqdim olunan “Sokrat” kitabı Arazın dərc olunan ilk tərcümə kitabıdır.
Yazıçı kitabda ərəb və fars sözlərindən mümkün qədər az yararlanmağa çalışıb.