Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:47

Günel Mövlud. Mənə əlcəyini bağışlayan o oğlan...


Mənim 8 Martım...

Universitetin axırıncı kursunda oxuyurdum. 8 mart günü bərk qar yağdı.

Axşama qədər şəhərdəki işlərimi güclə qurtardım. İşim qurtarandan sonra anama çiçək aldım.

Qatı Sovet ziyalısı olan ibtidai sinif müəlliməm Valentina Fyodorovna hamımıza tapşırmışdı ki, 8 Mart günü dünyanın harasında olursunuzsa, olun, ananızı mütləq təbrik etməlisiniz.

Çiçəklərimi də götürüb, birtəhər 20 Yanvara çatdım. Qar bir ucdan güclənirdi, yollar buz bağlamışdı. Bu havada heç özünü Şumaxer hesab eləyən sürücü də yola çıxmağa ürək eləməzdi. Buna görə də, 20 Yanvardan Sumqayıta gedən marşrut qalmamışdı.

Heç taksi də yox idi. Dayanacağa toplanmış bir dəstə adamla saatlarla gözlədik. Əməlli-başlı gecə düşdü. Qayıdıb, şəhərdə yaşayan tanışlardan kiminsə evinə gedə, orada gecələyə bilərdim, amma həmin gün anamı mütləq təbrik eləməliydim.

Axır ki, Sovet vaxtından qalma bir «Villis» gəldi. Ət-ətə hamımız maşına doluşduq. Tısbağa sürəti ilə birtəhər Sumqayıta çatdıq. Soyuq bir tərəfdən, sıxlıq bir tərəfdən - çiçəklərim də yaman günə qaldı.

Sumqayıtda maşından düşəndə bizimlə gələn bir oğlan məndən aralanmadı. Ədəb-ərkanla dedi ki, gecədi, indi marşrutdan evə qədər tək getməyim təhlükəlidi. Həm hava çox pisdi, sürüşüb, yıxıla bilərəm, həm də şəhərdə axmaq adamlar-zad ola bilər.

Tanımadığım oğlanın yanımca getməsindən elə də xoşhal olmasam da, qorxu və maraq güc gəldi. Razılaşdım: bu da bir macəra idi. Düzdü, o vaxt bunu nə vaxtsa yazacağımı düşünmürdüm, amma baxmayın da, ürəyim o vaxt da yazıçı ürəyi idi.

Oğlan çantamı əlimdən aldı. Yaxamın-başımın açıq olduğunu görüb, papağını, şərfini və əlcəklərini çıxarıb mənə verdi və təkid elədi ki, bunları taxım. Sonra əlimdən tutub, evimizə qədər ötürdü.

Yol boyu başqa bircə kəlmə də danışmadı. Nə adımı, nə harda oxuduğumu, nə də gecənin bu vaxtına qədər şəhərdə nə elədiyimi soruşmadı.

Ayrılanda sağollaşdı və getdi. Nə telefon nömrəsi istədi, nə özü nömrə verdi. Bircə kəlmə ilə 8 Martımı təbrik elədi və mənə zorla geyindirdiyi papaq-əlcək-şərf «muğam üçlüyünü» də geri almadı.

Sonra o oğlanı bir də heç vaxt görmədim və yəqin ki, görsəm də tanımazdım. Çünki həmin qarlı gecədə onun üzünü də düz-əməlli görməmişdim.
Aradan 10 ildən çox vxt keçib və mən bu illər ərzində 8 Mart günlərində ən müxtəlif hədiyyələr alıb, ən müxtəlif təbriklər eşitmişəm. İlin hər bu günü şablon təbrik sms-ləri, gül-çiçək, sevgi etirafları, ətirlər və hətta qlobus))))

Amma hər il bu gün həmin o adını bilmədiyim, üzünü yadda saxlamadığım, səsini xatırlamadığım oğlanın 8 Mart jestini içimdə böyük minnətdarlıq hissi ilə yada salıram. Qadına belə də dəyər vermək olar:

Sakit.
Pafossuz.
Təmannasız.
Hədiyyəsiz.
Çiçəksiz.
Sadə.
Ürəkdən.


Gəlin, qədəhlərimizi qadına dəyər verməyi bacaran və dəyər verəndə şitini çıxarmayan gözəl ürəkli kişilərin sağlığına qaldıraq!

Publika.Az
XS
SM
MD
LG