Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 18:45

AzadlıqRadiosunun prezidenti Steven Korn: «Biz Xədicəni tam dəstəkləyirik»


Xədicə İsmayılova
Xədicə İsmayılova
Azadlıq və Azad Avropa Radioları Korporasiyasının prezidenti Steven Korn bildirir ki, radionun əməkdaşı Xədicə İsmayılovanı seksual görüntülərlə şantaj edənlər utanıb xəcalət çəkməlidirlər. Steven Korn qeyd edir ki, radio öz əməkdaşını sona qədər müdafiə edəcək:

«Biz yerli medianın vətəndaşlara verə bilmədikləri senzurasız informasiyanı, açıq debatları AzadlıqRadiosunun çatdırmasında xidmətlərinə görə Xədicəni alqışlayırıq. Xədicənin işinin dəyəri və gerçəkliyi bu şantaj cəhdinə cavabdır. Onu şantaj etməyə çalışanlar xəcalət çəksinlər».

Xədicə İsmayılova özü də qeyd edir ki, belə şantajla onu prezident İlham Əliyev və ailəsi haqqında korrupsiya məlumatlarını araşdırmaqdan çəkindirə bilməyəcəklər.

Xədicə İsmayılovanın şantaj edildiyi video martın 11-də internetdə xüsusi sayt yaradılaraq ora yerləşdirilib.

Bazar ertəsi də hakim Yeni Azərbaycan Partiyasının orqanı olan «Yeni Azərbaycan» qəzetində Xədicə İsmayılova və AzadlıqRadiosu haqqında ittihamlar çap edilib. Xədicə İsmayılova özü və ailəsi haqqında qarayaxmalara görə qəzeti məhkəməyə verəcəyini bildirir.

Yerli və beynəlxalq hüquq müdafiə fəalları da artıq Xədicə İsmayılovanı dəstəkləyən bəyanatlar veriblər. ABŞ-da yerləşən Jurnalistləri Müdafiə Komitəsi və «Freedom House» jurnalistə qarşı bu şantajı pisləyib.

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus hesab edir ki, bu kampaniyanın məqsədi əslində ölkədəki fəal insanların gözünü qorxutmaqdır:

«Azərbaycana nəzarət edən bu kriminal mafiya strukturunun yeganə məqsədi hamının qorxu içərisində yaşamasıdır. İnsanlar qorxsunlar ki, həbs oluna, işgəncələrə məruz qala, oğurlana, kişi ya da qadın olmasından asılı olmayaraq zorlana bilərlər. Onlar hər kəsə hər şey edə bilərlər».

Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı isə hüquq-mühafizə orqanlarını bu hadisəni təcili araşdırmağa çağırır:

«Prokurorluq və daxili işlər orqanları bu işi araşdırınca video yayıldı. Onların gözləri qarşısında daha bir cinayət baş verdi. İndi onlar araşdırmalı, bu videonu yayan adamın kim olduğunu ortaya çıxarmalıdırlar».

Daxili İşlər Nazirliyi isə bildirir ki, Xədicə İsmayılovanın şikayəti əsasında artıq araşdırmaya başlayıblar.
XS
SM
MD
LG