Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 05:13

Bələdiyyə qum daşınmasına etiraz edir


Foto: Arxiv
Foto: Arxiv
İmişli rayon Bəcirəvan bələdiyyəsinin 10-a yaxın üzvü bələdiyyə sahəsindən qum daşınmasına etiraz edir.

Bələdiyyə üzvlərinin AzadlıqRadiosuna verdiyi məlumata görə, «Rəvan» Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) bələdiyyənin hesabına pul köçürmədən neçə illərdir ki, ərazidən qum daşıyır.

Bəcirəvan bələdiyyəsinin sədr müavini Cəlal Rzayev:

«Burda qanunsuz karxana açıblar, bələdiyyənin də hesabına heç bir vəsait ödənilmir. Əkin üçün nəzərdə tutulan torpaqlar tamamilə korlanıb».

Bələdiyyə üzvü Mürşüd Mirzəyev isə deyir ki, problemlə əlaqədar müxtəlif dövlət qurumlarına indiyədək etdikləri müraciətlər cavabsız qalıb:

«3 ildir ki, bu vəziyyət davam edir. «Rəvan» MMC-nin rəhbəri Rafiq Mahmudovun arxası güc strukturlarından birinin rəhbərinə bağlıdır. Onlara heç kim təzyiq edə bilmir. İndi 8 bələdiyyə üzvü gəlmişik karxanaya gedən yolu ekskavatorla qazdıraq ki, ərazidən qum daşınması dayandırılsın».

«Rəvan» MMC-nin iş icraçısı Namiq Mahmudov isə daşınan torpağa görə pulları Dövlət Torpaq Fonduna köçürdüklərini deyir:

«Bizim müqavilədə necədir, biz də elə addım atırıq. Mən heç bilmirəm ki, bu torpaqlar Bəcirəvan bələdiyyəsinə məxsusdur. Bizə deyilib pul Torpaq Fonduna köçürülməlidir, biz də ora köçürürük, əlimizdə də qəbzlər var. Bələdiyyə üzvləri hesab edirlərsə, biz qanunsuz iş görürük, qoy onda məhkəməyə müraciət etsinlər».
XS
SM
MD
LG