Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 08:34

Rəşid Bərgüşadlı "İşıq pulu" (Onluqdan hekayə)


Bu hekayə "Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinin onluğuna keçib.


Rəşid Bərgüşadlı


İŞIQ PULU

-Yatmırsan? Niyə gözlərini kor eliyirsən bu qaranlıqda? Uşağı güclə yatırmışam, bu saat işığa duracaq...

-Bir-iki dəqiqəyə gəlirəm, az qalıb...

-Yazdığı da bir şey ola barı... Sabah işıq pulu gələndə deyəcəksən ki,-“Bu qədər işıq pulu olar..!?”. Gəlib məni də oyadacaqsan, tez ol bir az...

Möhsün başını qaldırmadan yazı makinasında yazmaqda davam edərək:

-Get gəlirəm!

-Cəhənnəmə gəl səni, boş-boş şeylərlə başını qatırsan. Kağız-qələmə verdiyin pullarla bir ayın çörəyini almaq olar... Kaş biləydim nə yazırsan!

-Bunun üçün yazdıqlarımı oxumağın lazımdır...

-Bilsəm ki, maraqlı bir şey yazırsan oxuyaram.

-Oxumaq üçün savad lazımdır.

-Oxuyub nə olmusan ki, axırda maşını da satdın-qaldıq piyada. Qabaqdan Yeni İl gəlir, sən isə heç bazarlıq da eləməmisən...

-Hələ 2 gün var bayrama. Sınıq-salxaq maşındandırsa, olmamağı yaxşıdır. Neynirəm maşını-getdiyim məktəb, gəldiyim evdir. Evlər it kökündədir, təmir olunmalıdır. Sabah-birigün qızına elçi gələcək, oğul evləndirəcəksən. Maşının qiyməti günü-gündən düşür...

-Ondasa, rahat yaz qəzəllərini..!

-Qəzəl deyil, elmi işdir.

-Paho, bizim Cəbiş müəllim uşaqları acından qırdırıb elmi iş yazır ay ellər! Kül bu elmi işi oxuyacaq adamın başına ki, bir qram ağlı yoxdu onun.

-Yaxşı get, gəlirəm...

-Gəlib neynəyəcəksən? Əlindən bir şey gələnlər kimi də elə deyir ki, eşidən deyəcək ki, bu saat çarpayını aslanlar kimi dişiylə, caynaqlarıyla didib-dağıdacaq...

-Allah ləzzətini qaçırsın sənin!

-Axırıncı dəfə ləzzətin dadını nə vaxt aldığımı unutmuşam, enlikürək kişim mənim!

-Offf.., off...!

-Qarayara of, qara qulğuna of..!

-Niyə mənim qara taleyimə sən qismət oldun axı.., sizi görüm dərin yatasınız ay atam,
ay anam...

-Lampanı yandır qaranlıq dünyan işıqlansın! Sənin kimi korafəhim ərdəndirsə, heç olmasaydı yaxşıdır. 20 ildir ki, mənim səmərəmə ev-eşik sahibi olmusan, burnundan gəlsin sənin!

-Bəlkə evi sən almısan, sənin çörəyini yeyirəm? Uşaq doğmaqdan, bir də çərənləməkdən başqa nəyə yarayırsan axı!

-İndi ki belə oldu, yazdıqlarını apar sat və qarnını doyur. Görüm bu qədər yazdıqlarına bir qara qəpik verən axmaq tapa biləcəksənmi! Sən bu dünyada sağ qalmış axırıncı axmaqsan ay bədbəxt, bundan xəbərin var sənin? Camaat qaz vurub, qazan doldurur ey! Səninsə yazmaqdan barmaqların qız əllərinə dönüb.

-Əlimdən bu gəlir Aşa, səni and verirəm gorbagor atanın qəbrinə get yat, mən də gəlirəm. Axşam-axşam məni it kimi hürdürmə!

-Gəlmə, yolunu gözləyən yoxdur sənin. Gəlib dalını çevirib yatacaqsan da onsuz da...

-Başa düş, axı bu acı dilindən sonra səni qucaqlayıb, öpməyimi, səni sevdiyimi deməyimi eşitmək istəyirsən?

-Məni sən bu hala salmısan! Insanda nə qədər səbr olar axı. Sözü elə bil daşa deyirsən, bir soyuq qara daş qucaqlayıb yatmaq, səninlə yatmaqdan minqat ləzzət verər mənə!
Möhsün dözmədi, qalxmağıyla şax bir silləni arvadının qulağının dibinə geydirməyi bir oldu.

-İt balası it! Allaha and olsun uşaqlarım olmasaydı, səni bircə gün saxlasaydım, nakişi olardım.

-Əlin qurusun heyvan öküz! Sən onsuz da nakişidən nəylə fərqlənirsən ki...

-Əlimi qana bulama, get rədd ol yat.

Aşa əl atıb acıqla lampanı söndürüdü, ağlaya-ağlaya, mırıldana-mırıldana qapını çırpıb yataq otağına keçdi. Qapının səsinə balaca Ayxan durdu. Yataq otağından Aşanın bağırtısı gəlirdi:

-İtin küçüyü, yat!

Uşağın dalına vurduğu sillələrin səsi Möhsünün gözlərini qırpdı, astaca,-“Əllərin qurusun
elə!”-dedi.

Ayxan ağlaya-ağlaya,-“Atama istiyiyəm”-deyib Möhsünün qucağına qaçdı.

Uşağı qucağına alıb tez də sakitləşdirdi. Hirsi soyumamışdı:

-Səni lənətə gələsən belə bəxt, belə tale... Axı nə günahın sahibiydim ki, qarşıma belə gəvəzə arvad düşdü.

Yataq otağından Aşanın zil səsi eşidildi:

-Nə çərənliyirsən orda kötük!? Nə söyürsənsə, özününkülərə getsin!

-Aman ya Rəbbim, aman... Mənə bir çıxış yolu göstər Allahım, səbrimi, ağlımı alma
əlimdən ya Rəbbim.

* * *

Möhsün xüsusi əlamətilə seçilənlərdən deyildi- arıq cüssəli, azca dazlaşmış, ortaboylu, 56 yaşında bir fizika müəllimiydi. Valideynlərin əlbirliyi ilə doğmaca dayısı qızıyla ailə qurmuşdu. Yola getmirdilər və qərara almışdılar ki, valideynləri rəhmətə gedəndən sonra ayrılsınlar. Ancaq valideynləri öləndə, ilk uşaqlarının artıq 16 yaşı vardı deyə bu fikirlərindən vaz keçdilər,-“Talehimiz belə gətirib, ömrümüzün sonuna nə qalıb ki...?”-deyib Tanrı verən ömür payını bilə-bilə yelə verirdilər. Əslinə qalsa, Möhsün çox səbrli adam idi, lakin bu səs-küyü qonşular eşidəndə utandığından bilmirdi ki neyləsin. Hətta, bir dəfə arvadı, binanın girişində yavalıq eliyəndə, qonşusu Hacı Fəzail kişiyə öz “kişiliyini” göstərmək üçün arvadının saçından tutub evədək sürümüşdü. Heyif belə abırlı kişidən ki, bəxtinə yava arvad düşmüşdü. Qarışqanı da tapdalamaz, xeyir-şərdən qalmaz, keçmiş şagirdlərindən biri dara düşəndə ona ürək-dirək verməkdən yorulmazdı. Dolanışıqları da pis deyildi-ailəni namuslu müəllim maaşı çərçivəsində dolandırırdı.
Aşa isə olduqca qıvıraq, əlli-ayaqlı qadınıydı. Yoxdan bir şeylər hazırlayıb uşaqlarının qarnını doyurmağı bacarırdı. Di gəl ki, dili zəhrimara qalmış, qırmızı acı bibər kimi adamı sarsıtmaqdan ötrü yaranmışdı. Möhsünü istəyib ərə gəlmişdi, amma ərindən nə istədiyini heç özü də bilmirdi. Qısqanırdımı? Yox, ömürbillah əri başqasına kəc baxacaq adam deyildi. Əri çox humanist adamdı, halallıq tərəfdarıydı. Bircə, ildə instituta hazırladığı iki uşaqdan aldığı kiçicik pulu çıxsaq, başqa haramda işi yox idi (repititorluğu da Möhsün özü haram hesab edirdi). Aşa, sanki, dil ona danışmaq üçün verildiyindən danışırdı, həm də adamı cinnən-dondan, məzhəbdən çıxaranadək danışırdı. Onun başqa dərdi yox idi-o, sadəcə zəvzək idi. Allah adamı beləsindən qorusun!

* * *

Gecə, ehmalca gündüzün ağ çarşabıyla örpənəndə Möhsün yataqdan qalxdı. Bu gün birinci saat dərsi vardı, həm də ağır gün idi.

Günorta evə gələndə arvadının həyətdə səsini başına saldığını gördü.

-Allah evinizi yıxsın, görüm çırağınız sönsün, işıqlı dünyaya kor baxasınız, Yeni İl gecəsi də işıq söndürərlər heç!? Siz heç müsəlman, insan deyilsinizmi! İnsaf, insanlıq nə demək olduğunu heçmi qanmırsınız ay bişərəflər!

Möhsün nə olursa olsun, arvadının kif qoxan səsini mümkün qədər tez kəsmək, camaat içində daha da biabır olmamaq üçün addımlarını yeyinlətdi. Arvadına çatıb qolundan yapışdı:

-Nə olub yenə!

-Canına dərd olub, böyrünə də qara azar! Sənə demədim ki, işığı az yandır? Borca görə işığı kəsiblər, özü də xəlvəti kəsib, blomlayıb qaçıblar şərəfsizlər!
-Bayram vaxtı belə iş eləməzlər.

-Bah! Sənin kimi fağır-dilsizin hələ gəlib yataqda arvadının qucağına da girərlər!

Möhsün onun qolundan tutub evə dartdı:

-Yenə həyasızlıq eləmə Aşa, səni and verirəm balalarının canına, məni camaatın içində biabır eləmə yenə, danışığına fikir ver, əxlaqsız şeylər danışma...

-Mənəm əxlaqsız!? Günün günorta vaxtı gəlib işığını kəssinlər, sən də otur qoyun kimi gözlərini döy, elə..!?

-İndi özüm məşğul olaram, sən keç içəri. İndi özüm gedərəm işıq idarəsinə...

-Get. Roman yazınca, bir az da bu oğraşların belə şərəfsizliklərindən də yaz! Yaz və göndər birbaşa prezidentə. Qoy bu gicitkən, qaratikan kimi insanları dalayan bu gözəgörünməz milçəkləri, gənələri, ağcaqanadların hamısını tutub bassınlar dama!

-Yaxşı, qışqırma, keç içəridə otur sakitləş, mən də indi gəlirəm.

Möhsün günahkarlar kimi eşiyə çıxdı. Gərək axşam Aşa deyəndə lampanı söndürəydi. İndi bir ay o çərənləəməsin deyə gecələr yazmaqdan vaz keçməliydi. Yoxsa arvadın “dır-dırı” qonşuları təngə gətirəcəkdi. İki tin o yandakı Mənzil İstismarı İdarəsinə yollandı. Oradan işıq idarəsinin telefonunu öyrənib, elə oradanca baş mühəndislə danışdı:

-Axı belə olmaz qardaş. Gəlin deyin ki,-“Bu qədər borcunuz var, ödəməsəniz kəsəcəyik”. Biz də bir gün tez, bir gün gec pulu ödəyək, axı bayram günü işığı kəsmək zalımlıqdır, insafsızlıqdır. Nümayəndənizi göndərin pulu ödəyək və işığı qoşsunlar.
Ona dedilər ki, uzağı yarım saata yoxlayıcı gələcək və kabeli birləşdirəcəklər.
Möhsün evə qayıdanda arvadı mətbəxtdə soğan dağı eləyirdi. Qızarmış soğanın başgicəlləndirən qoxusu bütün mənzili ağzına almışdı. Möhsün iş paltarını dəyişib yemək stolunun arxasına keçdi. Arvadı bir neçə dəfə zala keçib ərinin yemək, ya da çay gözlədiyini bildirən baxışlarını görsə də mətbəxtdən Aşanın ancaq “qara kağızı” gəlirdi. Oturmaqdan bezib ehtiyatla dilləndi,-“Yeməyə bir şey var?”

-Çor, qarayara istəyirsən gətirim. İşıq səhər ertədən sönüb!

-Heç olmazsa çay gətir...

-İşıq yansın sonra dəmləyərəm.

Möhsün qalxıb mətbəxə keçdi, özünə çay süzüb yazı makinası olan balaca otağa keçdi. Axşamdan yazdıqlarına göz gəzdirib karandaşla xırda qeydlərini elədi. Birdən işıqlar ani olaraq yanıb söndü-deməli kabelləri qoşanlar gəliblər. Otaqdan çıxmamışdı ki, Aşa əlində çömçə güllə kimi giriş qapısını açıb çölə tullandı.

-Hansınız kəsmişdiniz bizim işığı, hansınız! Tez olun deyin, yoxsa ikinizi də bir-birinizə qatacağam.

Kabeli izolentlə bağlayan cavan oğlan hürkmüş şəkildə,-“Mən kəsmişdim xala...”-dedi. Aşanın çömçəsi göydə parıldamağıyla zavallı oğlanın alnından qan süzülməyi bir oldu. Sayğacın çekini bayaqdan əlində uzatmış digər oğlan,-“Ay arvad sən neylədin!?”-deyib Aşanın əlindəki çömçəni almağa cəhd elədi.

Aşanın canını almaq olardı, amma çömçəni əsla..! Möhsün və digər oğlan-əri Aşanın boynunu, digəri isə qolunu burub çömçəni almaq uğrunda bütün güclərini toplamışdılar. Çömçə plastik sapından çıxdı və metlaxın üstündə diyirlənib pillələrə yuvarlandı. Səsə üst qonşu Hacı Fəzail çıxdı. O, dalaşanlara yaxınlaşıb Aşanı iki kişidən araladı. Kifayət qədər uca səslə hirsini bildirdi:

-Əşşi bəsdirin də..! Sizin səsinizdən bu binada nə yaşamaq olur, nə yatmaq! İt-pişik kimi bir-birinizi nə vaxtadək didəcəksiniz, yaşınızdan-başınızdan heç utanmırsınız! Yenə nəyi bölüşdürə bilmirsiniz! Sənin başın niyə yaralanıb!?-başından qan axar oğlanın əlini götürüb yaraya baxdı.

Oğlan yazıq-yazıq:

-Bu xala çömçəylə vurdu...

Hacı Fəzail Aşaya:

-Sən ipə-sapa yatmayacaqsan?! Nə istəyirsən bu adamlardan, nədir içindəki bu xainlıq, paxıllıq! Niyə dinc durmursan, indi nə cavab verəcəksən, xalxın uşağının vurub beynini partlatmısan!

Aşa dil boğaza qoymadı:

-Belə vələdizinanı əkib-döğanı lənətə gəlsin, heç bayram vaxtı da işıq kəsərlər, bəs vicdanı sızlamırmı ki, bu yazıq camaat bayram gecəsi qaranlıqda hökumətə, dövlətə lənət yağdıracaq!

Hacı Fəzail:

-Sözün var, get hökumətə de, bu yazığın nə günahı var axı.

Aşa:

-Bu hökumət deyil bəs nədir!

Oğlan qanlı əlini rəhmi gəlsin deyə Aşaya göstərib:

-Ay xala, mənə deyirlər get kəs, mən də gəlib kəsirəm, mənim nə günahım var bunda?
Aşa:

-Gəl denən ki,-“Xala, məni göndəriblər işığınızı kəsməyə”, mən də gedim o hökumət dediyiniz kimdirsə, onu salım ayağımın altına! Arvad kimi xəlvətcə gəlib kəsib qaçırsan. Hələ yaxşı ki, kabeli kəsəndə əlimə düşməmisən, yoxsa əlini kabelə yapışdırıb tokla öldürərdim.

Oğlan:

-Bu zır dəliymiş ki...

Möhsün:

-Ağzını təmiz saxla, adam özündən böyüyə belə deməz.

Möhsün, bu qahmarlığının lap yalnış olduğunu dərhal anladı.

Aşa ərinə:

-Elə bu...! Daha heç nə deməyəcəksən? Salıb ayağının altına it balası kimi tapdalamayacaqsan? Arvadına zır dəli deyən bir südəmərdən namusunun qisasını almayacaqsan!?..

Möhsün:

-Kəs səsini, gör uşağı nə kökə salmısan!

Aşa:

-Onu heç böyüməsin, elə uşaqkən gəbərsin! Əcəb eləmişəm, əlimin içindən gəlib!
Aşa dartınıb oğlanın qan axan yaralı başına bir qapaz da ilişdirdi. Oğlan bu dəlixana yığnağının əlindən qaçmaqla canını güclə qurtardı-gəldiyi “Jiquli”yə minib getdi.
Çek yazan oğlan bir xeyli Aşayla Möhsünə ağıl verib o da getdi. İndi Aşa mətbəxdən otağa, otaqdan mətbəxə keçir, ara vermədən Möhsünün qarasınca deyinirdi:
-Biqeyrət! Gözünün qabağında arvadına zır dəli desinlər, sən də dur mal kimi gözlərini döy! Ay Allah sən niyə məni öldürmürsən, niyə canımı alıb bu qalınqabıqdan xilas eləmirsən! Camaatın kişiləri gələndə arvadları zağ-zağ əsirlər, qorxularından siçan deşiyi axtarırlar gizlənməyə. Bizimki isə, elə bil hamam kisəçisidir. Barmaqları arvad əlindən betərdir.

Möhsün:

-Aşa..., (Aşa bir anlıq durub ərinə baxdı, ərinin dişi bağarsağını gəmirirdi) Aşa səni lənətə gələsən.., Aşa Allah səni öldürsün! Heyif mənim bu dəfəki ömrümə, çox heyif... Gör neçə ildir ki, səhər-axşam sənin acı sözlərinlə zəhərlənirəm... Allah məni bu əzabdan qurtar. Ölməyə razıyam Allahım, təki məni el içində xar olmağa qoyma, ya Rəbbim!

-Amin! İnşallah tez ölərsən, bəlkə mən də bir gün görəm...

Möhsün yenə də ayağa qalxdı. Aşa bu saat ona endiriləcək ağır sillədən yayınmaq üçün müdafiə duruşuna keçdi. Ancaq Möhsün havaya qaldırdığı əlini astaca endirdi, pencəyini geyib bayıra çıxdı. Amma çıxmağıyla içəri girməyi bir oldu. Onunla birlikdə iki polis işçisi də otağa daxil oldu. Polislərdən biri baş leytenant, digəri isə gizir idi.

Baş leytenant:

-Poliklinikadan xəbər veriblər ki, bu ünvanda işıq pulu yığanı döyüb yaralamısınız.

Aşa:

-İşıq pulu yığan yox, işıqkəsəni!

-İzahat almalıyıq. Möhsün müəllim sizi yaxşı insan kimi tanıyırıq, amma belə bir işin sizin kimi bir alicənab adamın evində baş verməsinə düzü çox məəttəl qalmışam.

Möhsün:

-Allah şeytana lənət eləsin, bir işdi olub. Yaralının vəziyyəti necədir?

-Kəfkirin tininə düşüb deyə başına yeddi tikiş qoyublar.

Aşa:

-Kəfkir deyildi, çömçəydi!

Möhsün arvadına çımxırdı,-“Keç o biri otağa!”. İncəvara Aşa ərini pərt eləmədi, yataq otağına keçib qapını çırpdı.

Möhsün hər şeyi öz boynuna götürüb, zərərçəkəni onun vurduğunu izahatında bildirib imzaladı.

Baş leytenant:

-İnciməyin, amma bizimlə bölməyə getməlisiniz.

Möhsün:

-Nə incimək, iti öldürənə sürütləyərlər, bir qələtdir eləmişik, özümüz də cəzamızı çəkməliyik.

Polislər Möhsünü maşına mindirib aparanda Aşa yataq otağının pəncərəsindən-pərdənin arxasından xəlvəti baxırdı. Arvadın matı-qutu qurumuşdu. Əri maşından ona sarı boylananda, o pərdəni çəkib üzünü gizlədi.

Aradan bir saat keçməzdi, böyük oğlu dərsdən qayıtdı.

-Ana, atam hanı?

-Neynirsən?

-Yenə sinifdə məni uşaqların içində rüsvay elədi...

-Necə yəni?

-Axşam evdə xahiş elədim ki, hazırlıqlarımı çatdıra bilmirəm, olar sabah məndən dərs soruşmayasan, o da candərdi razılaşdı. Amma sinifə girib jurnalı açan kimi məni qabağa çağırdı,-“Abdullayev Gülağa, dərsini bilirsən?”. Başımı aşağı dikib dedim,-“Yox”. “Çıx qabağa!”-deyib məni yazı taxtasına çıxardı, məni dizləriüstə qoyub dərsboyu əlləriyuxarı saxladı...

-Oğul, səncə düz eləmirmi? Sənin nə geyim, nə yemək, nə kitab-dəftər dərdin var? Hər şeyi almışıq, bircə borcun var-o da oxumaq. Sənin yaşında atan bir qoyun dərisini əlində gəzdirirdi, qoyun-quzu otaranda, kolxoza işləməyə gedəndə də vaxt tapıb arada o dərinin üstündə oturub dərslərini oxuyardı. Oxumaqdan adam yorulmaz... Məncə atan düz eləyib-birinci özününkünü cəzalandırmalıdır ki, özgəsinə dərs olsun. O məktəbdə sənin müəllimin, evdə isə atandır. Onunsa istədiyi təkcə bir şey var-övladları oxuyub adam olsunlar.

-Bəs hanı atam?

-Polislər tutub apardılar...

-Hara...?! Niyə..!?

-Bir nəfəri mən döyüb yaralamışam, o da polisə şikayət edib. Atan da günahı öz boynuna götürdü...

-Zarafat eləyirsən?

-Məni zarafat eləyən görmüsən?

-Sən axırda bu kişinin başını yeyəcəksən ana! Axı nə istəyirsən sən, niyə hər şeyə bir mız qoyursan, heç nəyi bəyənmirsən axı?

-Bilmirəm oğul. Allah şeytana lənət eləsin. Elə bilirəm ki, dilimi dinc saxlasam əlimdəki hər şey, hamınız məhv olub dağılacaqsınız...

-Sən ağlını itirmisən ana..!

-Bilirəm oğul...

* * *

“Yəqin axşama yaxın evə buraxarlar”-deyə Aşa əri üçün çox da narahat deyildi. Gülağanı bölməyə göndərmişdi ki, bir xəbər öyrənsin. Həm də yadına düşən ilk dəfəydi ki, ərinin üzünə baxacaq üzü yox idi. Elə bil qadını hal vurmuşdu-ərinin burnundan fitil-fitil gətirdiyi dəqiqələri gözü qabağına gətirdiyini indi aydın anlamağa başlayırdı. Ancaq Gülağa evə gecə saatlarında gəldi:

-Sən nə eləmisən ana! Sənin ağlın tamam çaşıb! Niyə camaatın uşağını o kökə salmısan!

-Gördün oğlanı..?

-Bölməyə gətirmişdilər, izahatını almağa... Başı bütöv sarğının içindəydi.

-Bəs atan niyə gəlmədi?

-Hara gəlsin, türməyə salıblar!

-Yəni polis bunu ciddi qəbul edir?

-Camaatı vurub beynini dağıtmısan, bundan da ciddi nə olmalıydı? Yoxsa öldürmək istəyirdin adamı?

-Bu nə işdi düşdük biz bu bayram axşamı...

Otaqları bir-bir var-gəl elədi. Nə qərara gəldisə şalını başına atıb oğluna qıcandı:

-Geyin! Mənə polisin yerini göstər!

-Nə edəcəksən, yoxsa onları da qırıb tökəcəksən, istəyirsən tüfəngdən, tapançadan da götürək?

-Çərənləmə, tələs!

Onlar polis bölməsinin darvazasına çatanda həyətdəki oturacaqlarda sahə müvəkkili ilə söhbət edən Möhsünü gördülər. Aşa naməhrəmdən örpənən qadınlar kimi ərinin onu görməsindən utandı. Necə qeyzlə gəlmişdi, amma indi muma döndü. Möhsün hirsliydi, deyişmələri hasarın yanınadək gəlirdi.

Sahə müvəkkili Mərdi:

-Möhsün müəllim, dörd mindən aşağıya yeyə durmur. Hələ yaxşı ki, oğlan şikayətçi olmadı, yoxsa heç rəis boynuna da götürməzdi.

Möhsün:

-Daha yaxşı. Şikayətçi yoxdursa, bəs bu qədər pulu niyə istəyirsiniz? Yenə 200-300 manat istəsəydiniz dərdyarıydı, bir əncam çəkərdik... Mən müəllimbaba adamam, məndə bu qədər pul hardandır ay Mərdi. Get denən ki, 500-dən bir qəpik artıq verməyəcəyəm, tuturlar, qoy tutsunlar!

Mərdi:

-Onda başqa çarəmiz qalmır, gərək yoldaşınızı xuliqan kimi çək-çevirə salaq...
-Bölmənizin altını üstünə çevirərəm! Kişilik hələ ölməyib, namusumuz şərəfimizdən də üstündür. Axırıncı dəfə deyirəm 1000 manat son verə biləcəyim puldur. Söz güləşdirmə mənimlə!

-Onda 100 də mənə verərsən, uşaqlarla boğazımızı yaşlayarıq.

-Onu eliyərəm...

Möhsün bayaqdan arvadını da, oğlunu da görmüşdü. Çevrilib arvadına səsləndi:

-Uşağa min manat pul ver gətirsin..!

Aşa başının işarəsilə,-“Yaxşı...”-deyib evə yollandı.

Mərdi:

-Müəllim, bəs deyirdiniz pulunuz yoxdur?

Möhsün:

-Bundan sonra sizə verməyə hələ çox pulum olacaq!

-Ağzın şirin olsun müəllim...

Bir xeyli vaxt keçdi və Gülağa bölmənin hasarından çöldə atasını səslədi. Möhsün oğlundan pulu aldı. Həyətdəcə sayıb Mərdiyə verdi, halallaşıb bölmənin həyətindən çıxdı.

Bayram günü olsa da, poçt işləyirdi. İşığa görə borcunu soruşdu,-“10 manat, 50 qəpik”-dedilər. Borcu ödədi və evə yollandı. Yolda bir neçə şagirdi,-“Yeni iliniz mübarək Möhsün müəllim”-deyib onu təbrik etdi. Möhsün dinməzcə başıyla təbrikləri qəbul edir və dodaqlarını gəmirə-gəmirə evə tez çatmağa tələsirdi. Qapını qızı açdı-onun məsələdən hələ də xəbəri yox idi yəqin-atasının boynuna sarılıb,-“Yeni İlin mübarək mənim şirin atam!”. Atası qızının alnından öpüb,-“Sənin də mənim balam”-dedi. Əynindəki paltonu çıxarıb birbaş mətbəxə getdi. Axtardığını orda tapmadı, yataq otağına keçdi. Aşanın ağlamaqdan gözləri şişmişdi. Əhf diləyən yaşlı baxışlarla ərinə baxdı, son nəfəsi çıxanlar kimi,-“Bağışla məni Möhsün, bağışla...”-deyib başını yerə dikdi və yenidən hönkürməyə başladı. Möhsün Aşanın telini sığalladı. Içində azacıq da olsa hirs və kin qalmamışdı. Arvadının telindən aldığı cərəyan sanki deyirdi,-“Əzizim, sən axırıncı dəfə mənim başımı nə vaxt sığalladığını xatırlayırsanmı...?”. Aşa da bilirdi ki, o, ilk dəfəydi ki, günahını boynuna alıb ərindən üzr istəyir və ona məğlub olur. Aşa durub ərinin düz üzünə baxıb,-“Mən daha əvvəlki kimi olmayacağıma söz versəm məni bağışlayarsan?”.

Möhsün:

-Sən mənim uşaqlarımın anası, mənimsə namusumsan. Biz birlikdə övladlarımızı bir ağ günə çıxarmağa borcluyuq, onlara yaxşı nümunə olmalıyıq.

-Bağışla məni, xahiş edirəm...

-Sən də məni bağışla.., sənə bəlkə də lazımınca diqqət ayırmamışam.

Aşa ərinin boynunu qucaqlayıb, üzündən öpdü. Möhsün də onun alnından öpdü. Bu, uşaqlar böyüdükdən sonra xatırladıqları ilk isti və məlhəm münasibətləriydi.

Möhsün:

-Biz nə vaxtdandır fitrə-zəkat vermirdik?

-Unutmuşam...

-Qoy o min manat, acılı günlərimizin fitrəsi olsun.

Onlar qol-boyun zala keçdilər.

Gecəyarısı qayğısız övladları saat əqrəblərinin 12-ni “vurmasını” sayırdılar,-“9, 10, 11..., 12...! Urra.., Yeni İlimiz mübarək!”

Aşa:

-Yeni ilin mübarək əzizim.

Möhsün:

-Yeni İlin mübarək başımın tacı...

-Yeni iliniz mübarək uşaqlar..!

-Yeni iliniz mübarək ata, ana...



* * *

...Aradan xeyli vaxt ötdü. Artıq Aşa ərinin gecələr yazmasına mane olmurdu, əksinə yazdıqlarına ciddi maraq göstərirdi. Çünki, Möhsün müəllimin yazdıqları alternativ enerji mənbələri barəsində tədqiqat işi idi. Bununla dövlətdən “elektrik asılılığını” məhv etmək istəyirdilər. Lakin, hardansa qulaqlarına xəbər çatmışdı ki, “dövlətin icazəsi olmadan elektrik istehsal etmək, satmaq və işlətmək üçün texniki şərt almaq lazımdır və bunun da “şapkası” qırx min manatdan başlayır”...
XS
SM
MD
LG