Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:36

«Eurovision»a gələnlərə sadələşdirilmiş viza verilməsinə başlandı


Aprelin 15-dən Azərbaycan «Eurovision-2012» mahnı müsabiqəsi ilə bağlı ölkəyə gələcək əcnəbilərə sadələşdirilmiş viza verməyə başlayıb.

Məlumatı AzərTAC yayıb.

Müsabiqə iştirakçısı olan ölkələrdən gələnlər vizaları Azərbaycan Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin respublikadakı beynəlxalq hava limanlarındakı bölmələrində ala bilərlər.

Vizanın verilməsi üçün əldə bunlardan biri olmalıdır: ya mahnı müsabiqəsinin Təşkilat Komitəsindən verilmiş rəsmi dəvət məktubu, ya da Avropa Yayımları Birliyinin qaydalarına uyğun akkreditasiyadan keçməni təsdiqləyən sənəd. Viza almaq üçün «Eurovision-2012» konsertlərinə bilet, yaxud da biletin əldə olunmasını təsdiqləyən sənədlərdən biri də kafidir.

Təşkilat Komitəsinin verdiyi rəsmi dəvət məktubu əsasında gələn şəxslər, habelə Avropa Yayımları Birliyinin qaydalarına uyğun akkreditasiyadan keçmiş müsabiqə iştirakçıları və nümayəndə heyətləri üzvlərinə vizalar aprelin 15-dən iyunun 1-dək verilir.

Akkreditasiyadan keçmiş jurnalist və fan-klub üzvlərinə, mahnı müsabiqəsinin konsertlərinə bilet alanların vizalarının müddəti isə mayın 10-dan iyunun 1-dək davam edəcək.

Azərbaycanın ev sahibliyi ilə keçirilən 57-ci «Eurovision» Mahnı Müsabiqəsində 42 ölkə təmsil olunur.
Mayın 22 və 24-də müsabiqənin yarımfinal mərhələləri, mayın 26-da isə finalı olacaq.
XS
SM
MD
LG