Milli Məclisin iclasında bir neçə deputat «Eurovision» mahnı yarışmasını pozmaq istəyən qüvvələrin olması barədə narahatlıqlarını dilə gətiriblər.
Parlamentin sədri Oqtay Əsədov deputatların narahatlığına əsas olmadığını deyib:
««Eurovision»u istəməyənlərin arzusu gözündə qalacaq. Bu yarışma Azərbaycanda yüksək səviyyədə keçiriləcək».
SABİR RÜSTƏMXANLI: «BU ÖLKƏDƏ DİVAR ÇƏKMƏKDƏN, SƏKİ DÜZƏLTMƏKDƏN BAŞQA İŞ YOXDUR»
Milli Məclisin aprelin 20-də keçirilən iclasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı Bakı və rayonlarda küçələrin sökülməsinə etiraz edib:
«Bu ölkədə divar çəkməkdən, səki düzəltməkdən başqa iş yoxdur. Millətin pulu heyf deyil? Bu pul istehsalat əvəzinə nə vaxta qədər küçələrə səki daşı düzməyə sərf olunacaq?».
Sabir Rüstəmxanlı deyib ki, şəhərin hər yerinin qazılması vətəndaşları ciddi narahat edir:
«Mən də xalqın bu narahatlığını dilə gətirmək istəyirəm. Belə bir təsəvvür yaranır ki, Bakıda uzun illər heç bir iş görülməyib və hər işi son aylara saxlayıblar. Son aylarda isə şəhərin hər tərəfi qazılıb, səki daşları döşənir. İnsanlar küçələrdən keçə bilmir».
Deputat rayonlarda da eyni halların təkrarlandığını bildirib. Deyib ki, yeni icra başçısı təyin olunur, rayona gedən kimi ən ciddi yeniliyi əvvəlki icra başçısının tikdirdiyi divarı söküb yenisini tikmək, ondan əvvəl işləyənin qoyduğu daşı çıxarıb yerinə yenisini qoymaq olur.
Sabir Rüstəmxanlı «Eurovision» mahnı yarışmasına da toxunub.
Yarışma üçün hazırlanan kompleksin tikintisində xaricdən gələn tanışlarının da iştirak etdiyini bildirən deputat xariclərə azərbaycanlılıradan dörd-beş dəfə artıq maaş verildiyini deyib:
Yarışma üçün hazırlanan kompleksin tikintisində xaricdən gələn tanışlarının da iştirak etdiyini bildirən deputat xariclərə azərbaycanlılıradan dörd-beş dəfə artıq maaş verildiyini deyib:
«Azərbaycanlıları su qiymətinə qul kimi işlədirlər, 300-400 manat verirlər. Nə vaxt qədər bizim vətənimizdə öz insanlarımız bu qədər aşağılanacaq? Hansı sahəyə əl atırsan, orada Azərbaycan vətəndaşı aşağılanır. Bütün xarici şirkətlərdə, xaricilərlə azərbaycanlıların birlikdə işlədiyi bütün yerlərdə belədir».
Parlamentin vitse-spikeri Ziyafət Əsgərov da Bakıda və rayonlarda aparılan abadlıq işlərinin «Eurovision»a bağlanmasına etiraz edib. O deyib ki, bütün işlər prezidentin imzaladığı 2010-2013-cü illəri əhatə edən sosial iqtisadi inkişaf proqramına uyğun aparılır.