Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 16:49

İlham Əliyev «Azadlıq» qəzetini məhkəməyə verə bilər


-

PREZİDENTİN İTTİHAMI

Azərbaycan prezidentinin mətbuat xidməti bildirir ki, əgər «Azadlıq» qəzeti prezidentin saatı barədə yazdıqlarına təkzib verib həm də dövlət başçısından üzr istəməsə qəzet məhkəməyə veriləcək. Mətbuat xidməti qəzetin təkzib və üzr istəməsi üçün 3 gün vaxtı olduğunu bildirir.

Azərbaycan Respublikası Prezidentinin rəsmi saytında yerləşdirilən məlumatda qeyd olunur ki, qəzet aprelin 24-də prezident İlham Əliyevin guya qiyməti 800 min dollar olan qol saatından istifadə etməsi barədə həqiqətə uyğun olmayan məlumat yayıb:

«Məsələ ilə əlaqədar bildiririk ki, prezident İlham Əliyev qəzetin təsvirinə qətiyyən uyğun gəlməyən, adi metaldan hazırlanmış, sadə və bahalı olmayan saat bağlayır. Cənab prezident təbiətcə təvazökar olduğuna görə, həyatda və davranışında hər zaman sadəliyə üstünlük verir.

Aprelin 24-də «Azadlıq» qəzeti bloqçu Vəfa Cəfərovanın prezidentin saatı ilə bağlı sosial şəbəkədə yaydığı fikirləri əsasında yazı dərc edib. Yazıda iddia olunur ki, prezidentin qolundakı saatın dəyəri 800 min dollardır və bu saatdan dünyada cəmi 30 ədəddir.

QƏZETİN CAVABI

Yayılan rəsmi məlumatdan dərhal sonra «Azadlıq» qəzetiona reaksiya verib. Qəzet bildirir ki, qərəz və qəsdən yalan məlumat yaymaq iş prinsipləri deyil: «redaksiya məlumat və məqalələrdəki təsadüfü yanlışlıqlara görə üzrxahlıq etməkdən də çəkinmir, bunu özünə ayıb bilmir». Lakin qəzet yazır ki, prezidentin mətbuat xidmətinin təkzib etdiyi məlumatın mənbəyi redaksiya deyil, məlumat bloqdan götürülüb:

«Əgər prezidentin mətbuat xidmətinin ifadə etdiyi kimi, doğrudan da ölkə başçısı bu qiymətdə saatdan istifadə etmirsə, onda yayılan məlumata görə təəssüfümüzü bildiririk. Eyni zamanda hesab edirik ki, mətbuat xidməti ictimai maraq doğuran bu məlumata onun elektron informasiya mənbələrində yayıldığı ilk vaxtda, operativ reaksiya bildirsəydi, belə bir anlaşılmazlıq da yaranmazdı.

Bir daha bildiririk ki, bu məlumatın dərcində «Azadlıq» qəzeti heç bir qərəz güdməyib, yalnız onun maraqlılıq dərəcəsini nəzərə alıb. Təəssüf ki, məlumat çapa hazırlanarkən prezidentin mətbuat xidməti ilə əlaqə saxlamaq mümkün olmayıb».

«Azadlıq» qəzeti ümid edir ki, gələcəkdə prezidentin mətbuat xidməti ilə sağlam işgüzar münasibətlər yaratmaq mümkün olacaq və belə anlaşılmazlıqlar təkrarlanmayacaq.

DÜNYA LİDERLƏRİNDƏN KİMİN HANSI QOL SAATI VAR?

Kaliforniyada yaşayan jurnalist Michael Felix bir neçə il əvvəl dünyanın müxtəlif ölkələrində prezidentlər və Baş nazirlərin istifadə etdikləri qol saatlarının markaları haqqında araşdırma aparıb. Onun araşdırmasının nəticəsinə görə dünya liderləri bu saatlardan istifadə edirlər:

Barack Obama, ABŞ prezidenti Jorg Gray 6500 Series Chronograph
Joe Biden, ABŞ-ın vitse-prezidenti Omega Semaster
George W. Bush, ABŞ-ın keçmiş prezidenti Timex Indiglo
Bill Clinton, ABŞ-ın keçmiş prezidenti Panerai Luminor, Cartier Santos-Dumont və Roger Dubuis Much More
Dmitry Medvedev, Rusiya prezidenti Franck Muller Cintree Curvex Revolution Tourbillon
Vladimir Putin, Rusiyanın Baş naziri Philippe Calatrava Perpetual Calendar, Blancpain Flyback Chronograph və Breguet Marine
Silvio Berlusconi, İtaliyanın keçmiş Baş naziri Vacheron Constantin Patrimony Minute Repeater Perpetual Calendar
Mikhail Gorbachev, SSRİ-nin keçmiş prezidenti Omega Constellation
Nicolas Sarkozy, Fransa prezidenti Breitling Navitimer, Rolex Submariner və Rolex Cosmograph Daytona
Tony Blair, Böyük Britaniyanın keçmiş Baş naziri Rolex Submariner
Margaret Thatcher, Böyük Britaniyanın keçmiş Baş naziri Audemars Piguet Royal Oak

«BU, QƏZETİ MƏSULİYYƏTDƏN AZAD ETMİR »

«Turan» agentliyinin rəhbəri Mehman Əliyev hesab edir ki, əslində qəzeti məhkəmə ilə hədələmək düzgün deyil. Ancaq qəzetin yaydığı məlumat həqiqətə uyğun deyilsə, onda «Azadlıq» qəzeti əlbəttə ki, təkzib verməlidir. Əks halda, saatın qiymətinin 800 min dollar olduğunu sübut etməlidir:
Mehman Əliyev
Mehman Əliyev

«Kimsə nəsə yazır və onu tirajlayırıq. Bu, məsuliyyətdən azad etmir qəzeti. Bizim əsas vəzifəmiz həqiqətə xidmət etməkdən ibarətdir. Heç olmasa, Prezident Administrasiyasına zəng edib bu məlumatın həqiqətə uyğun olub-olmamasını soruşmalı idilər. Yəni, burada peşəkarlıq, prinsiplər, məsuliyyət var. Onlara əməl edilməli idi».

Mehman Əliyev düşünmür ki, «Azadlıq» qəzeti prezidentin qolundakı saatın qiymətinin 800 min dollar olduğunu sübut edə bilər. Deyir, saatın şəkildəki görünüşü onun həqiqi və ya saxta olduğunu əminliklə iddia etməyə imkan vermir.

ƏLİ KƏRİMLİ, İSA QƏMBƏR, PƏNAH HÜSEYNİN QOL SAATLARI NEÇƏYƏDİR?

İsa Qəmbər və Əli Kərimlinin qol saatları neçəyədir?

İsa Qəmbər və Əli Kərimlinin qol saatları neçəyədir?

Mehman Əliyev özü qolunda saat gəzdirmir. Deyir, vaxtı öyrənmək lazım gələndə mobil telefonunun saatına baxır.

AXCP sədri Əli Kərimli saatının qiymətinin 300 avro olduğunu deyir. Keçmiş Baş nazir Pənah Hüseynin saatının qiyməti 450 dollardır. Deyir, saatı ona hədiyyə ediblər.

Müsavat başqanı İsa Qəmbər isə AzadlıqRadiosunun müxbirinə qol saatını prezidentin saatı ilə birlikdə qiymətləndirmək üçün ekspertizaya göndərməyi təklif edir. Onun dediyinə görə, saatının qiyməti 250-300 dollar arasıdır. Məkkəyə ziyarətə gedərkən alıb.
XS
SM
MD
LG