.
Golnaz Esfandiar
İranda Heyvanlara İşgəncələrə qarşı Cəmiyyətin verdiyi məlumata görə, bu yaxınlarda Tehrandakı parkda sahibləri gəzdirərkən 20 iti həbs ediblər. Təhlükəsizlik qüvvələri onları xüsusi saxlama yerlərinə aparıblar.
Öz saytında itlərin saxlandıqları qəfəsdən video yerləşdirən təşkilat qeyd edir ki, onlar antisanitariya şəraitində saxlanırlar.
Cəmiyyətin sözçüsü hesab edir ki, sahiblərindən itlərini bir daha ictimai yerlərə çıxarmayacaqları haqda yazılı öhdəlik alacaqlar. Yalnız bundan sonra itlər azad olunacaq.
Sözçü əlavə edir ki, itlərin saxlandıqları hər gün onların xəstələnməsi deməkdir. Onların hamısı eyni qəfəsdə saxlanır və doyunca yedirdilmir. Qəfəsdə artıq itlərin bəziləri ölüb.
İranda it saxlamaq çox həssas məsələdir. Dəfələrlə onları sahiblərinin əlindən alıb həbs ediblər. 2007-ci ildə də sahiblərindən alınan çox sayda it saxlandıqları qəfəsdə ölmüşdü.
İranda din xadimləri iti murdar sayırlar. Bu ölkədə it saxlayanlar tez-tez təqiblərə məruz qalır, onlar cərimə olunurlar. Amma bu cür cəza tədbirləri Tehran və böyük şəhərlərdə it saxlamaq istəyənləri çəkindirmir.
Amma İranda rəsmən qanunlarda it saxlamağa bir qadağa yoxdur.