Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 12:48

YAŞAR: “Orxan Pamuka desən, Yaşarı oxumusan, deyəcək..."


Yaşar Azadlıq Radiosunun Bakı bürosunda
Yaşar Azadlıq Radiosunun Bakı bürosunda
Mayın 3-ü yazıçı Yaşarın doğum günüdür. Özünün dediyi kimi yarpaq boyda kitabı, cildlərlə tərcüməsi olan Yaşar müəllim söhbətin əvvəlində zarafatından qalmır: «Mənə məşiət səviyyəsində suallar verməyin, belə məsələlər mənlik deyil”, deyir: “Mənəm, Uilyam Folnerdi Dmitri Lixaçovdu, bizlər ağır taxtalı kişilərik”.

- 49 yaşınız tamam olur. Doğum gününüzü təbrik edirik.

- Sağ olun.

- Ötən illərə baxanda nə düşünürsünüz? Sizin yaşınızda “Nobel” alan yazıçılar var.

- Mənim heç vaxt o qədər də yüksək iddialarım olmayıb. Doğrudur belə bir məsəl var ki, general olmaq istəməyən əsgər, əsgər deyil. Görünür, mən əsl əsgər deyiləm, general olmaq arzusu ilə yaşamamışam. Amma həmişə istəmişəm ki, yaxşı əsgər olum. Bacardığımızı da eləmişik. Ən çox ona təəssüflənirəm ki, bu illər ərzində çox az yazmışam. İçimdə yüzlərlə əsəri öldürmüşəm. Mən yazmağa çox erkən başlayan yazıçılardanam. Hələ orta məktəbdə oxuyandan yazırdım. Ciddi ədəbiyyatla məşğul olmağa başlayanda isə 18 yaşım vardı. O vaxtlar bir riyazi hesablama aparmışdım. Deyirdim ki, bu sürətlə yazsam 50 yaşında Tolstoydan çox yazacağam. Onda günə beş səhifə yazmaq mənim üçün heç nə idi. Düşünürdüm ki, qarşımda çox böyük bir zaman var. Amma bu yaşda nəinki Tolstoy, heç az yazmağın dahisi Xuan Rulfo qədər də yaza bilməmişik.

- Səhv etmiriksə, bir kitabınız var...

- Bəli, yeddi hekayədən ibarət bir nəsr kitabım var. 1998-ci ildə işıq üzü görüb. Ondan sonra da hekayələr yazmışam, çap olunub. Amma hələ ki, ikinci kitabımı çap etdirə bilməmişəm. Doğrusu, mənim vaxtımı jurnalistika və tərcümə aldı. Tərcüməyə daha çox güc verməyim isə maddi məsələlərlə bağlıdır, maddiyyat mənəviyyatı üstələdi. Düzdür, tərcüməni də yaradıcılıq hesab edirəm, tərcümə özü də yaradıcı prosesdir. Amma tərcümə elə bil ki “kitay” məhsuludur, nə qədər mükəmməl alınsa da, orijinal deyil, sənin adına yazılmır. Sən başqa mətnin yaradıcısan. Ümimi götürsək, 49 il çox böyük zamandır. Sizin dediyiniz kimi, bir çox yazıçılar bu yaşda böyük uğurlara imza atıblar.
Heyifsilənirəm ki, o potensialı həmişə özümdə hiss eləmişəm, amma maddi məsələlər özümüzlə məşğul olmağa imkan verməyib. Yaşarın özü üçün işləməyə imkanı olmayıb. Somerset Moem, Artur Miller mənə «pul verdiyinə» görə məcbur olmuşam onlar üçün işləməyə. Bu, bütün yaradıcı insanların faciəsidir, mən tək deyiləm. Amma o da var ki, məndən fərqli olaraq yaradıcı insanların çoxu imkan tapıb öz əsərlərini yaza bilirlər. Təəsssüf ki, mən sifarişlərdən başımı ayıra bilmirəm, biri qurtarır o biri gəlir. “Azdrama” tərcümə işlərini əsasən mənə sifariş edir. Dünya ədəbiyyatının 150 seçmə kitabından Somerset Moemin seçilmiş əsərlərini tərcümə etmişəm, artıq çap olunub. Millerin tərcümə etdiyim seçilmiş əsərləri bu günlərdə işıq üzü görəcək. Hal-hazırda dramaturgiya antologiyasının iki cildliyinin tərtibatı və tərcümə işi ilə məşğulam. Bundan başqa demək olar, bütün antologiyalarda mənim tərcümə etdiyim əsərlər var. Qarşıdan 50 yaş gəlir. Tərcümə etdiyim kitabların sayını itirmişəm, ancaq öz kitabım necə deyərlər, yarpaq boydadır. Doğrudur, həcm məsələsi o qədər önəmli deyil, ancaq hər halda bir kitabdır.

- Bu kitab haqqında xeyli müsbət rəylər səslənmişdi...

- Hə, o kitab hələ də yaşayır. Bəlkə bunun da az yazmağıma müəyyən təsiri var. Əlbəttə bu, yazıçı üçün bağışlanmaz bir şeydir. Yazıçı gərək həmişə işləsin. Yazı
William Faulkner
William Faulkner
prosesi, məşq həmişə getməlidir. Görünür məndə tərcümə işi bu ehtiyacın ödənməsinə yardımçı olur. Kitabım haqqında bu gün də yazılır və deyilir. Təvazökarlıqdan uzaq olsa da deyim ki, 14 il bundan qabaq çıxmış hansısa kitab indiki bu əsərlər bolluğunda çox nadir hallarda yada salınır. Ancaq fikrim var ki, son illərdə yazdıqlarımı nəşr etdirim.

- Bu gün çoxlu tərcümə kitabları çap olunur. Ümumilikdə bu tərcümələri necə qiymətləndirirsiniz?

- Əsas odur ki, buz tərpənib. Buz tərpənibsə, bunun özü böyük hadisədir. Son beş ildə tərcümə sahəsində indiyədək Azərbaycan ədəbiyyatında baş verməmiş bir prosesin şahidi olduq. Biz kimi tanıyırdıq ki? Heç kimi. 1980-90-cı illərdə Azərbaycanda heç Bulqakovu tanımırdılar. Bilmirdilər ki, Platanov adlı yazıçı var. Amma bu gün Azərbaycanda bu proses sürətlə gedir. Əsas olan budur, keyfiyyət məsələsi iş prosesində düzələcək. Biri zəif olur, bir güclü, biri alınır, o biri yox, amma Slavyan Universitetinin hazırladığı 150 cildlikdə bütün müəlliflər, bütün cərəyan və istiqamətlər təmsil olunur, bu da müsbət qiymətləndirilməlidir. Tərcümə işi həm də bizim cavan yazıçılar üçün bir örnəkdir, hətta zəif tərcümə olsa belə... İndiki nəsildən fərqli olaraq biz rus dilini bilirdik, o əsərləri oxumuşuq, ancaq indiki nəsil rus dilini itirib axı. Gənclər tərcümələri oxumaqla xeyli şey öyrənirlər. Futbolda legioner gətirib oynadırlar, tərcümə də belə bir şeydir. Məsələn mən Moemi Azərbaycana transfer edirəm və deyirəm ki, baxın, belə də yazmaq olar. Milleri gətirib deyirik ki, belə də pyes yazmaq mümkündür. İndiyə qədər əsasən ənənəvi romanları oxuyan da görür ki, bu, nəsə başqa üslubdur. Adamın istedadı varsa, oradan nəsə götürür, şirə çəkir. Doğrudur bərbad tərcümələr var. Ancaq nə olsun? Bunlar da olmalıdır. Mənə maraqlı gələn odur ki, indi bir romanı iki nəfər tərcümə edir. Bu, çox lazımlıdır.

- Roman var ki, yarısını bir nəfər tərcümə edib, o biri yarısını başqa biri. Siz bunu müsbət qiymətləndirirsiniz?

- Yox, yarı-yarıya tərcümə biabırçılıqdır. Belə şey olmaz. Bir romanın ayrı-ayrılıqda tərcüməsi isə çox yaxşı və lazımlıdır. Bir yazıçını hərə bir cür görür. Bizim tərçümədə ən böyük problemlərdən biri odur ki, adamlar ingilis və yaxud alman dilindən tərcümə etdiklərini deyirlər, amma baxanda görürsən ki, bu, rus qramatikasıdır. Hansısa dildən edilən tərcümə dərhal bilinir, o cümlədən rus və türk dillərindən. Tərcüməçi hər şeydən əvvəl öz dilini yaratmağı bacarmalıdır. Tərcümənin tərcümə olunduğu bilinməməlidir. İstedad burda üzə çıxır. Doğrudur, mən yazıçının yerinə mətn yarada bilmərəm. Ancaq əsəri oxuyan oxucu bunun tərcümə olduğunu hiss etməmlidir. Bir məqamı da deyim, xarici yazıçılardan çoxu Azərbaycana gəldi, amma azərbaycanlaşa bilmədi. Çünki bu yazıçılar Azərbaycan dilində danışmadılar. Rus dilli Azərbaycan dilində necə danışırsa, elə danışdılar və bu, bizə doğma gəlmədi. Ona görə də tərcüməçi sərbəst olmalıdır və öz-özünə deməlidir, bu əsəri mən Azərbaycan oxucusu üçün tərcümə edirəm. Tərcüməçi əsəri ikinci dəfə yaratmalıdır.

-Tutulan iradlardan biri də budur ki, tərcümələr ikinci dildən edilir.

- Sizə bir misal deyim. Norveçli bir yazıçı var Tarey Vesos. Norveç ədəbiyyatının bütün böyük yazarları bukmolda kitab dilində, yazır, amma o, lansmolda, yəni dialektdə yazır. Mən onun əsərlərini oxumuşam, xoşuma gəlib, rus dilindən onun bir neçə əsərini tərcümə etmişəm. İndi mən oturub bir 30 il gözləyim ki, bir azərbaycanlı Norveç dilini öyrənsin? Hələ onu demirəm ki, Norveç dilini hər öyrənən də tərcüməçi olmayacaq. Bir 40 ildə gözləyək ki, kimsə Norveç dilinin dialektini öyrənəcək və Vesosu tərcümə edəcək? Biz gözləməli deyilik axı. Vaxt gələr kimsə bu yazıçını orjinaldan və bizdən yaxşı tərcümə edər, lap yaxşı, qoy olsun. Ancaq indi heç olmasa bilək də, belə bir yazıçının olduğunu. “Tərcümələr ikinci dildən edilir” iradı məncə yersizdir. Tərcüməçi hər gün yetişmir ki. Orjinala qalanda, ingilis dilini gözəl bilən çox adam var ki, Folknerin bir cümləsini tərcümə edə bilməz. Dili hiss etmək vacib məsələdir. Mənim əsərlərimi rus dilinə tərcümə ediblər, baxıram ki, məni ən çox tərpədən yerin üstündən elə-belə keçiblər, başqa bir yeri qabardıblar. Tərcüməçi ilk öncə mətni hiss etməlidir. Çünki o, həm də yazıçıdır. Mən həmişə demişəm və yenə də deyirəm, ən yaxşı tərcüməni yazıçılar edirlər. Ən peşəkar tərcüməçi belə yazıçının hiss etdiyini nadir hallarda hiss edə bilir.

-Siz tərcüməçilərə sərbəst olmağı məsləhət gördünüz. Amma elələri də var ki, çox sərbəst davranırlar, özləri də yazırlar.

-Bu, olmaz. Qətiyyən olmaz. Bu, artıq tərcüməçinin qeyri-peşəkarlığının göstəricisidir.

- Bir dəfə televiziyada demişdiniz ki, mən əvvəl oxuduğum əsəri tərcümə edə bilmərəm.

- Elədir. Mən ilk dəfə oxuduğum əsərləri tərcümə edirəm. Və bu proses zamanı elə bil bu əsəri mən özüm yazıram. Bilsəm ki, obrazın başına nə iş gələcək, taleyi necə olacaq mən o əsəri ömründə tərcümə edə bilmərəm. Məndə bir idman marağı olmalıdır. Beləcə işi bitirirəm və məhz ondan sonra mətn üzərində məşəqqət başlayır. Nə bilim, bu, bəlkə də kiməsə qəribə gələ bilər. Ola bilsin ki, mənim kimi işləyən tərcüməçi yoxdur. Çünki əksəriyyət tərcümə etdiyi əsəri əvvəlcədən bir neçə dəfə oxuyur.

- Bir iranlı tərcüməçi var, ingilisdilli ədəbiyyatını tərcümə edir, deyirdi ki, mən bir səhifə oxuyub kitabı kənara qoyuram. Bundan sonra tərcümə prosesi başlayır.

- Onda o, vunderkinddir. Nə bilim vallah, mümkün olan şey deyil. Məsələn, mənim tərcümələrimdə bir söz də qıraqda qala bilməz. Hərdən görürəm, daha doğrusu yazıçı fəhmi ilə hiss edirəm ki, hansısa cümlə və yaxud abzas artıqdır. Söhbət böyük

Somerset Moemin əsərləri Yaşarın tərcüməsində
Somerset Moemin əsərləri Yaşarın tərcüməsində
yazıçılardan və böyük əsərlərdən də gedə bilər. Ancaq o cümləyə dəymək olmaz və mən də dəymirəm. Yaxud da görürsən ki, rus dilinə tərcümə edilmiş əsərin redaktəyə ehtiyacı var. Misal üçün Xuan Rulfonun “Pedro Paramo” əsəri rus dilinə çox bərbad tərcümə olunub. Amma böyük əsərdir. Mən o əsəri Azərbaycan dilinə zülmlə, 14 ilə çevirmişəm və əsərin poetikasını saxlamağa çalışmışam. Markesin “Yüz il tənhalığı” isə rus dilinə çox mükəmməl çevrilib, hətta mənə elə gəlir ki, bu əsər bəlkə ispan dilində bu qədər mükəmməl deyil. Tərcüməçi şedevr yaradıb. Həmin tərcümənin edildiyi dövrdə rus ədəbiyyatında o poetikada, o dildə yazıçı idi. Ancaq “Patriarxın payızı”nın ruscası mənə zəif təsir bağışladı. “Yüz ilin tənhalığı”nı rus dilində oxuyanda elə bil poema oxuyursan, tərcüməçi sanki xalça toxuyub.

-Bizimkilər necə tərcümə edib Markesin əsərlərini...

- Günel Mövludun tərcüməsini oxumamışam. Afaq Məsud “Patriarxın payızı”nı yarada bilib. “Gözlənilən bir qətlin tarixçəsi”i də yaxşı tərcümədir.

- Belə çıxır ki, Azərbaycan dilinin imkanları Markesi qəbul edə bilir?

- Nə kədər kədərli də olsa deməliyəm ki, bizim dilimiz o qədər də varlı deyil. Bizim dilimiz işləkdir, fəhlə dilidir. Azərbaycan dili kişi dilidir, amma nə nəsr, nə poeziya kişi dili istəmir, qadın dili istəyir, fransız, osmanlı türkcəsi qadın dilidir. Məsələn, əgər belə demək olarsa, bizim dilimiz çəkicdirsə, o biri dillər hardasa qayçıdır. Azərbaycan dili çox çılpaqdır. Rus dilində istənilən sözün yüz çaları var. İstənilən sözün neçə sinonimi var. Amma bizdə belə deyil. Bu da ona görədir ki, bizim dilimiz hərəkətdə olmayıb. Rus dili isə bir yerdə dayanmayıb, həmişə hərəkətdə, prosesdə olub. Rus dili həmişə təzyiqlərə məruz qalıb, monqolların, fransızların, almanların... Bizim dilimiz isə oturaq, dayanıqlı dildir. Ona görə də bizim danışığımız yazımızdan daha maraqlı olur. Azərbaycan dilində yazıçı üçün məhdudiyyətlər var. Məsələn, özümüzü öldürürük ki, olmaq sözü bir cümlədə iki dəfə getməsin.

- Siz Ramiz Rövşənin qardaşısınız. Ancaq sizin adınız çəkiləndə nədənsə, adamın yadına Folkner düşür. Adama elə gəlir ki, siz Ramiz Rövşənin yox, Folknerin qardaşısınız.

- Uilyam Folknerin də Con adlı qardaşı olub. O da bədii yaradıcılıqla məşğul olub. Uilyam Folkner onun əsərlərini dərc edən nəşriyyatlara gedərkən deyirmiş: “Eşitmişəm qardaşım bura roman gətirib. Baxın ha, pisdirsə verməyin”. Amma qapıdan çıxanda hər dəfə deyirmiş ki, amma yaddan çıxarmayın, o, Uilyam Folknerin qardaşıdır.

Amma Ramiz Rövşənin xoşbəxtliyindən onun qardaşı Folknerin qardaşı kimi roman yazmır (gülür.)

- Sizin Folknerə vurğunluğunuzun səbəbi nədir?

- Əslində mənim içərimdə bir neçə yazıçı var ki, mən onları ədəbiyyatın təməlləri, sütunları hesab edirəm. Folkner də o cərgədə var. O sırada Kamyu da var, Platonov da... Fransua Moriakı Folknerdən ayırmıram. Elə yazıçılar var ki, onları oxuyandan sonra başa düşürsən ki, Allahla əlaqə qura bildin. Bir vaxtlar elə düşünürdüm ki, insanı Allahla danışdıran musiqidir. İndi musiqini o kədər korlayıblar ki, Allah bizim səsimizi eşitmir. Amma gözəl ədəbi nümunələri oxuyanda bəlkə də Allahı görmək olur. Bədii kitablar bu mənada dini kitablardan az təsir göstərmir.

- Ədəbiyyata həyatdan da gələnlər var, kitabdan da yəni, “literaturşinalar” da. Bu barədə fikirləriniz maraqlı olardı.

- Şəxsən mənim yazdıqlarım həyatdan gələn ədəbiyyatdır. Mən kitabdan gələn ədəbiyyatı da qəbul edirəm, o da bu cür ədəbiyyatdır. Ancaq bu, mənim deyil. Mən qəhrəmanın, obrazın ağrılarını hiss etmirəmsə, bilirəmsə ki, bu quramadır, o əsəri həzm edə bilmirəm. Məsələn Markes “literaturşina”dir. Mən yüz min Buendianı bir Raskolnikovun iztirablarına dəyişmərəm. Markes dahidir, amma “literaturşina”dır. Son dövrlər ədəbiyyatda “literaturşina” prosesi daha sürətlə gedir, ədəbiyyat özünün ilkin təyinatından uzaqlaşır. Bütün dünyada bu proses gedir, bizim cavanlar da bunu götürürlər.

- Orxan Pamuk da “literaturşina”dir?

- Əlbəttə. Bizim cavanlar bunları görürlər, ruslardan da Sorokini, Pelevini oxuyurlar, elə bilirlər ki, ədəbiyyat budur, vəssalam. Bu mənada son zamanlar vüsət alan “literaturşina” bizim ədəbiyyata çox pis təsir edir. Gənclərimiz ona qaçır.
Orxan Pamuk
Orxan Pamuk
Təvazökarlıqdan uzaq olsa da deyim ki, istəsəm, o səpkidə aya bir roman yazaram. Elə hoqqabazlıqlar edərəm ki... Ancaq əlim gəlməz. Bu gün içimizdə Məhəmmədhəsən əmi və Xudayar bəy qədər diri adam var? Yoxdur. Bax, ədəbiyyat budur. Buendia, Ursula səninlə yaşayır? Mənimlə yaşamır. Amma Folknerin Kristması həmişə mənim içimdədir. Mən Krisması görürəm, tanıyıram. Buendianın isə ancaq şəkli var, içi yoxdur. Dünya son 20 ildə 200 illik inkişaf mərhələsi keçdi, texnika, internet və s. Onu da deyim ki, bu gün Azərbaycanda olan mövzuları dünyanın heç yerində tapa bilməzsən. Latın Amerikası yazıçılarını gətir bura, gör nələr yaradırlar. Bizdə olan qeyri-adi hadisələr bəlkə də dünyanın heç bir yerində baş vermir. Bu mövzuları qoyub, hansısa onuncu dərəcəli məsələdən roman yazırlar. Həyatdan yazmaq daha çətindir, çünki bu zaman yazıçıda daxili ikiləşmə getməlidir. Bir var dünyaya, özünün içindən baxasan, bir də var gözünün içindən.

Həyatdan gələn ədəbiyyat sənin içindəkilərdir, o biri isə gördüklərin və oxuduqların... “Literaturşina”nın ömrü də çox olmur.

- Orxan Pamukla bağlı sual verdik, demək olar ki, heç nə demədiniz. Pamuka münasibətiniz necədir?

- Səmimi deyim ki, mən osmanlıcada bədii mətn oxuya bilmirəm. Heç öz hekayələrim türkcəyə tərcümə olunanda oxumuram. Qısası Orxan Pamuku, oxumamışam.

- Bəs nə əcəb rusca oxumamısınız onun əsərlərini?

- Hər halda rusca min kilometr o yanadır. Hələ ki, Orxan Pamuk haqqında yazılanları oxuyuram. Orxan Pamuka desən, Yaşarı oxumusan, deyəcək, Yaşar kimdir? (gülür). Mən də buna uyğun deyim ki, vaxtım yoxdur, Orxan Pamuku oxumağa. Bəlkə nə vaxtsa oxudum.

-Yusif Səmədoğlunun “Qətl günü” əsəri də “literaturşina”dır. Bu əsərdə Markesdən, Bulqakovdan, Kafkadan açıq bəhrələnmə var.

- Bu əsərdə “Yüz ilin tənhalığı” da var, “Patriarxın payızı” da, “Ustad və Marqarita” da. Əgər bu əsərdə adını çəkdiyim və çəkmədiyim əsərlərlə oxşar yerlər olmasaydı, bu əsərə görə Yusif Səmədoğluya “Nobel” mükafatı düşərdi. Bununla belə bu əsər Azərbaycan romançılığında sütunlardan biridir.

- Demək olarmı ki, “Qətl günü” Azərbaycanda “literaturşina”nın ən yaxşı nümunəsidir.

- Bəli. “Qətl günü” ədəbiyyatdan gələn ədəbiyyatın şah əsəridir.

Ağa Cəfərli
Kulis.az
XS
SM
MD
LG