"Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinin hekayə onluğuna keçmiş yazarlarla müsahibələri davam etdiririk. Bu dəfəki həmsöhbətimiz Reyhan Yusifqızıdır.
“Ağlaya-ağlaya səhnəni tərk etdim”
- Bakıda 5 saylı orta məktəbdə və paralel olaraq 20 saylı musiqi məktəbində oxumuşam. Hər iki məktəbdə əlaçı idim.
Elə o vaxtdan da şeirlər və hekayələr yazmağa başlamışdım. Valideynlərim də, müəllimlərim də məndən ancaq yüksək nəticələr gözləyirdi. Bəzən nəyisə oxumaq, nəyisə eləmək istəmirdim, amma böyüklərin məzəmmətindən çəkinərək illərlə nümunəvi şagird olmağa məcbur oldum.
Sonralar öz uşaqlarımı tərbiyə edərkən onlara bir xeyli azadlıq verdim.
Elə bilirdim ki, musiqi təhsilimi davam etdirəcəyəm. Konservatoriyanın tələbəsi olmağı arzulayırdım. Amma... Musiqi məktəbinin buraxılış imtahanlarından sonra böyük bir konsert təşkil olunmuşdu, orada çalmalı idim.
Məni elan edən kimi səhnəyə qalxıb royalın arxasına keçdim. Çıxışımın əsas hissəsinə çatmamış birdən notlar yadımdan çıxdı, dayandım. Zal sükutla məni izləyirdi. Müəlliməm yerindən “Təzədən başla!” dedi. Başdan başladım, amma həmin yerə çatanda yenə dayandım. Üç dəqiqədən sonra mənə əl çalıb yola saldılar. Ağlaya-ağlaya səhnəni tərk etdim. O gün musiqi karyeram bitdi... Sonra olimpiadada qazandığım uğurlara görə riyaziyyat fakültəsinə sənəd verdim. Təhsilimi ədəbiyyat sahəsində davam etdirməyi heç vaxt düşünməmişdim. Elə bilirdim ki, ədəbiyyatı hamı bilməlidir.
Yazmağı bacardığımı ilk dəfə mənə ədəbiyyat müəlliməm dedi. O zamanlar şeir də yazırdım. İndi də hərdən fikirlərimi şeir formasında ifadə edirəm. Uzun illər hekayə yazmağı özümün hobbim hesab etmişəm. Sonralar yazılarım daha ciddi və müntəzəm oldu. İşlərim nə qədər çox olsa da, yazmağa vaxt tapırdım.
“Düşündüm ki, o soyaddan sui-istifadə etməyə haqqım yoxdur”
- Niyə Reyhan Şıxlinskaya yox, Reyhan Yusifqızı?
- Şıxlinski mənim həyat yoldaşımın soyadıdır. Azərbaycanda kifayət qədər tanınmış isimdir. Böyük yazıçı İsmayıl Şıxlı ədəbiyyat sahəsində bu soyadın möhürünü vurub. Düşündüm ki, ondan sui-istifadə etməyə haqqım yoxdur.
- Kimləri oxuyursunuz?
- Bədii qiraətə erkən başlamışam. “Hərb və sülh”ü 8-ci sinifdə, A.Dümanın 12 cildini 9-cu sinifdə oxumuşdum. Anam rus dili və ədəbiyyatı üzrə mütəxəssis idi və kitabxanada işləyirdi. Dərslərdən imkan tapan kimi onun iş yerinə gedir, kitab seçib oxu zalında otururdum. Sonra kitabı gizlicə evə gətirir, oxuyub qurtarmamış əl çəkmirdim. Əsasən rus dilində oxuyurdum. Sonralar başa düşdüm ki, əsər oxumağın üzərində işləmək, onu təkmilləşdirmək olar. Əsas məqamlara fikir verərək daha sürətlə oxumaq mümkündür. İngilis dilində ilk kitabı oxuyanda çox əziyyət çəkmişdim. Amma sonra hər şey yoluna düşdü.
Deyirlər, Nyutona elm sahəsindəki xidmətlərinə görə İngiltərə Kral kitabxanasından istifadə etmək üçün icazə verirlər. Çox sevinən alim elə bilir ki, oradakı bütün kitabları bir-birinin ardınca oxuyacaq. Amma 4-cü, ya 5-ci kitabı oxuyandan sonra qərara gəlir ki, hər kitabı oxumaq lazım deyil, sənə faydalı olanları oxumalısan.
Təəssüf ki, indi mütaliəyə az vaxt ayıra bilirəm. Dünya Ədəbiyyatı Kitabxanasından kitablar nəşr olunduqca, oxumadıqlarımı növbəyə qoyub yavaş-yavaş oxuyuram.
- Gənclərdən kimləri oxuyursunuz? Bir yazısını belə qaçırmadığınız imza sahibi varmı?
- Gəncləri də oxuyuram, əlbəttə. Gənclərə istinad eləmədən necə yaşamaq və işləmək olar? Gənclərimizin nə düşündüyünü, nə yazdığını bilməliyik. Onlar cəmiyyətimizin dayağıdır. Son oxuduğum Svetlananın “Dalğa” romanıdır. Xoşuma gəldi. Sevinirəm ki, belə istedadlı gənc yazıçılarımız var. Xüsusi olaraq izlədiyim bir imza isə yoxdur hələlik.
“Uşaqlar üçün yazmağı Afaq Məsud məsləhət görmüşdü”
- Kitabınız varmı, yazılarınız haqqında tanınmış imza sahiblərindən kimlər fikir deyiblər?
- Beş kitabım var. Hamısı uşaqlar üçündür. Uşaqlar üçün yazmağı Afaq Məsud “Bir gün dərsdən sonra...” kitabını oxuyandan sonra məsləhət görmüşdü. “Yaşıl gözlü qız” elmi-fantastik povestin Türkiyədəki müsabiqədə 3-cü yer tutması uşaq ədəbiyyatı sahəsində fəaliyyətimdə dönüş oldu. Məni ciddi qəbul etdilər. Uşaqlar üçün olan əsərlərimi təqdim etdim. Onların bir hissəsi dərsliklərə salındı. Yeri gəlmişkən, mayın 12-də “Yaşıl gözlü qız” və “Aysu” kitablarına imza günü keçiriləcək. Marağı olan hər kəsi dəvət edirəm (Metropark, 3-cü mərtəbə, Ali&Nino, saat 1200-1400). Bu yaxında böyüklər üçün olan hekayələrimin də bir hissəsi nəşr olunacaq. Maraqlı bir layihə üzərində işləyirik. Beş nəfər xanim yazıçı, hərənin beş hekayəsi daxil olmaqla birgə kitab hazırlayırıq. Qismət olsa, mayın sonunda artıq bu kitab işıq üzü görəcək.
“Demək, bu problem ən azı 2460 ildir var...”
- Bildiyim qədər müəlliməsiniz. Tələbələriniz bədii kitablar oxuyurlarmı?
- 20 ilə yaxındır ki, BDU-da işləyirəm. Yüzlərlə tələbəyə dərs demişəm. Təbii ki, diskussiyalarımız çox olub. Düzünü deyim ki, tələbələr az kitab oxuyurlar. Daha çox İnternetdən oxuyurlar ki, bu da kitabın yerini verə bilməz. Bütün deyilənlərə rəğmən hesab edirəm ki, geniş dünyagörüşlü, yüksək intellektual səviyyəyə malik gənclərimiz kifayət qədərdir. Ən azı başqa dönəmlərdə olduğundan az deyil. Mən onlara güvənirəm. Çox oxumurlarsa, bu da bizim günahımızdır. Təhsili və təbliği düzgün qurmamışıq. Sokrat öz dövrü üçün deyib ki, indiki gənclər əyləncələrə uyduqları üçün elm öyrənmək və valideynlərin nəsihətinə qulaq asmaq istəmirlər. Demək, bu problem ən azı 2460 ildir var...
- Sizcə, ali və orta məktəblərdə kitabların təbliğini aparmaq üçün hansı mexanizm olmalıdır?
- Kitabları təbliğ eləmək hökmən lazımdır. Mən Ankarada bir neçə kitab mağazasına girmişdim. Adam çox idi. Kitabları olduqca keyfiyyətli, rəngarəng, maraqlı dizayna malik gördüm. Azərbaycan dilində olan kitabların böyük əksəriyyəti haqqında bunları demək olmaz. Üstəlik içində səhvlər çox olur. Kitablar keyfiyyətli, çeşidli, kitab mağazalarının sayı çox olmalıdır. İnsanlar öz kitabxanaları ilə, oxuduqları kitabların sayı ilə öyünməlidirlər. Yaxşı kitabı bir-birinə hədiyyə eləməyi üstün tutmalıdırlar. Kitab evlərində nüfuzlu adamların iştirakı ilə bədii əsərlərin canlı müzakirələri keçirilməlidir. Qabaqcıl ölkələrin təcrübəsindən istifadə etmək, müxtəlif mexanizmlər düşünmək olar.
“O ki qaldı münsiflərin obyektivliyinə...”
- “Ədəbi Azadlıq” müsabiqəsinə qatılmağınızdan danışardınız?
- Çox şadam ki, artıq ikinci dəfədir “Ədəbi Azadlıq”da onluğa düşmüşəm. 2 il əvvəl müsabiqəyə təqdim etdiyim "Ağcaqanad" hekayəsi də onluğa düşmüşdü. Əslində, bu il heç onluğa düşməsəydim də, gələn dəfə yenə bu müsabiqədə iştirak etmək fikrim var. Çünki hesab edirəm ki, bu, ümumi işin xeyrinədir, ədəbiyyatımız qazanır. Heç bir əsər oxumayan elə adamlar tanıyıram ki, bu müsabiqədən bir neçə hekayə oxuyublar. “Bir gecənin sirri”ni sıradan bir hekayəm hesab edirəm. Cəmiyyətimizdəki qüsurların, ailədəki problemlərin səbəblərini araşdırmağa çalışdım. Ailədə dürüst olmamağın xoşbəxt olmağa imkan vermədiyini göstərmək istədim...
- Onluq siyahıda hansı hekayələri daha çox bəyəndiniz?
- Azər Həsənlinin hekayəsini çox bəyənirəm – birinci yerə layiq görürəm. Rüqəyyə Kəbirini üçlükdə görmək istərdim. Bunun öz səbəbi var. Mən İran Azərbaycanından olan həmkarlarımla ingilis dilində məktublaşıram, çünki onlar azərbaycanca yazıb-oxuya bilmirlər, amma öyrənməyə çalışırlar. Məncə, bu hekayənin üçlüyə düşməyi onlar üçün stimul olar. Yəni bu, daha qlobal bir məsələyə təkan verər.
O ki qaldı münsiflərin obyektivliyinə... Elə hekayə yazmaq mümkün deyil ki, hamının xoşuna gəlsin. Məsələn, keçən il müsabiqəyə verdiyim hekayəni daha yaxşı hesab edirdim, amma onluğa düşməmişdi. Münsiflərin, yəqin ki, öz kriteriyaları var, ona görə seçirlər. Normaldır. Müsabiqənin təşkilatçılarına təşəkkürümü bildirirəm. Böyük iş görülüb.