Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 16:41

Yerevan dağıntı təhlükəsi ilə üz-üzədir


Yerevanda yenitikililər, 2007
Yerevanda yenitikililər, 2007
Ermənistan üçün sunamidən başqa bütün təbii fəlakətlər və fövqəladə hallar xarakterikdir. Məsələn, yazda qarın əriməsi və aramsız leysanlar daşqınlara səbəb olur. Xüsusən də bir neçə rayonda güclü külək tikintiyə, kənd təsərrüfatına və insanların səhhətinə ciddi ziyan vurur.

Ermənistanın Fövqəladə Hallar Nazirliyinin xilasetmə xidmətinin rəhbəri Ovanesa Khangeldian'ın dediyinə görə, təbii fəlakətlər sırasında sürüşmələrin də miqyası kifayət qədər böyükdür:

«Ermənistanda sürüşmələr təbii fəlakətlər sırasında xüsusi yer tutur. Bizdə 3000-ə yaxın sürüşmə ərazisi var, onlardan 130-u aktiv zonadır. Bunlar çox böyük təhlükə yaradır, çünki elə aktiv zonalar var ki, orada yaşayış evləri yerləşir».

«ERMƏNİSTAN TƏBİİ FƏLAKƏTƏ HAZIRDIRMI?»

Ermənistanda zəlzələ olub, olacaq və praktik olaraq hər gün qeydə alınır. Təbii fəlakətin bu növü 1988-ci il Spitak zəlzələsindən sonra əhalini daha çox narahat edir.

Ovanesa Khangeldian: «Uzun illərdir bizdə elə bir hadisə baş verməyib ki, bütün qüvvəni səfərbər etməyə ehtiyac yaransın. Sonuncu belə hadisə Tavuş rayonunda olub, sürüşmə dağıntılar yaratmışdı. Amma Allah eləməsin, dağıntı 1 milyon insanın yaşadığı Yerevanda olarsa, aydındır ki, kənardan da köməyə ehtiyac yaranar».

«BİNALARIN 60 FAİZİ TAB GƏTİRMƏYƏCƏK»

Seysmoloji İdarənin rəhbəri Gurgen Namalian'ın dediyinə görə isə, Yerevan bu gün dağılma riski ilə üz-üzədir. Şəhərdə güclü zəlzələ olarsa - belə bir təhlükə var, çünki Yerevan risk zonasında yerləşir - o zaman binaların 60 faizi tab gətirməyib dağılacaq:

«Ermənistanın böyük bir hissəsi üçüncü dərəcəli seysmoloji zonada yerləşir. Bu isə o deməkdir ki, bu ərazilərdə 9 baldan da yuxarı zəlzələ ola bilər.
Spitak - 1988
Spitak - 1988
Bu, çox təhlükəlidir, güclü zəlzələ bu zonalarda ciddi dağıntılara gətirib çıxara bilər. Allah eləsin, güclü zəlzələ biz buna hazır olandan sonra baş versin. Yəni, binalar zəlzələyə davamlı yeni binalarla əvəzlənsin, çünki hazırkı binalar zəlzələyə davamlı deyillər».

Yerevanda 4-dən çox mərtəbəsi olan bina tikmək olmaz. Bunu da Gurgen Namalian deyir:

«3-cü risk zonalarında və 2-3-cü tip süxurlarda 4 mərtəbəlidən çox bina tikmək olmaz. Yerevan da 3-cü risk zonasında yerləşir, süxurları da 2-ci tipə aiddir. Ona görə də, burada 4-dən çox mərtəbəsi olan bina tikmək olmaz. Amma fərqli mənzərə görürük. Bunun isə nəticəsi ağır, həm də çox ağır olacaq».

NOV KANALLARININ QAPADILMASI NƏYƏ GƏTİRİB ÇIXARA BİLƏR?

Ətraf mühit üzrə mütəxəssis Karine Danielian hesab edir ki, ölkə Spitak zəlzələsindən lazımi nəticə çıxarmayıb. O deyir ki, hazırda iqlim dəyişikliyi baş verdiyindən bütün şəhərlər nov kanallarını genişləndirir və gücləndirir, Ermənistanda isə əksinə, bu cür kanallar qapadılır, xüsusən də Yerevanda:

«Yerevanın əsas nov kanalı olan Qetarı qapatdılar, şəhəri subasma ehtimalını heç nəzərə də almadılar. Halbuki belə bir hadisə 40-cı illərin sonu-50-ci illərin əvvəllərində baş vermişdi. Şəhəri subasma təhlükəsi realdır. Bu yaz elə bir təhlükə yaranmadı, amma bunun növbəti yazı, payızı var. Baxaq görək nə olur».

Zəlzələ təhlükəsindən danışarkən Gurgen Namalian kimi Karine Danielian da deyir ki, sıx tikililər,
Karine Danielian
Karine Danielian
xüsusən də paytaxt Yerevanda riski xeyli artırır. Mütəxəssis deyir ki, tikinti normaları hətta məktəblərə münasibətdə də nəzərə alınmır. Hündürmərtəbəli binalar məktəblərin bir neçə metrliyindi tikilir. Bu isə dağıntı baş verən zaman həmin an məktəbdə olan bütün şagirdlərin həyatı deməkdir:

ZƏLZƏLƏ OLARSA.....

«Təbii fəlakət baş verməyincə, biz bunun nəticəsinin ciddiliyinə varmırıq. Amma təcrübədə Spitak zəlzələsi var, bundan sonra bizim bu cür məsələlərə münasibətimiz dəyişməli idi. Bu zəlzələ haqqında danışılanda qeyd olunur ki, Gümrü şəhərində tikinti çox sıx olduğundan xilasedicilər və texnikanın hərəkəti məhdud idi. Yerevanda isə vəziyyət daha kritikdir. Əksər məktəblərin həyətlərində hündürmərtəbəli binalar tikilir. Fövqəladə vəziyyət yaranarsa, məktəblər təhlükə ilə üz-üzə qalacaq, çünki ətraflarında boş ərazi yoxdur. Allah eləməsin, zəlzələ və ya yanğın olarsa, məktəblilər hara köçürüləcək? Bu hündürmərtəbəli binaların altınamı?».

«Bu məsələni müvafiq qurumların qarşısında qaldırmısızmı» sualına isə Karine Danielian belə cavab verir:

«Mən bunu hökumətə də, şəhər meriyasına da demişəm. Mənə cavabları bu olub ki, bütün sənədlər qaydasındadır. Mən də elan edə bilərəm ki, bizim şəhər ən yaxşı şəhərdir. Amma bu, heç də o demək deyil ki, reallıq da belədir».
XS
SM
MD
LG