Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 23:46

Xarici İşlər Nazirliyi: «Səfir Bakıdadır»


Elman Abdullayev
Elman Abdullayev
«Azərbaycanın İrandakı səfiri məsləhətləşmələr üçün geri çağırılmayıb».

Bunu Xarici İşlər Nazirliyinin sözçüsü Elman Abdullayev mayın 30-da mətbuat konfransında deyib:

«Bu məlumatı nazirlik təkzib edir. Azərbaycanın İrandakı səfiri ola bilsin öz məqsədləri üçün Azərbaycana gəlsin, ola bilsin də orda olsun. Amma Azərbaycan nə İrandan səfirini geri çağırıb, nə də bununla bağlı təlimat verib. Azərbaycan Xarici İşlər Nazirliyi Tehrandakı səfirini məsləhətləşmələr üçün geri çağırmayıb».

Jurnalistlərin «Bəs onda səfir haradadır» sualına Elman Abdullayev belə cavab verdi:

«Səfir Bakıda ola bilər. Bura öz məqsədləri üçün gələ bilər. Məndə olan məlumata görə, zənnimcə, o Bakıdadır. Amma Azərbaycanın İrandakı səfiri ayda 3 dəfə də, 5 dəfə də Azərbaycana gələ bilər, gündə də gələ bilər. Bunun səfirin geri çağırılması ilə heç bir əlaqəsi yoxdur. Xahiş edirəm məlumatla manipulyasiya etməyək».

Amma bu cavab da jurnalistləri qane etmədi. Və bu dəfə daha konkret sual qoyuldu: «Nazirlik səfirin yerini bilmirsə, bu, qəribə deyilmi?». O zaman Elman Abdullayevin cavabı belə oldu:

«Səfirin yerini öyrənmək istəyirsizsə, bu gün gecdir, sabah dəqiq öyrənib deyə bilərəm... Bir də səfirin yeri niyə məlum deyil? Ola bilsin, Bakıdadır. Ola bilsin, ailəsiylə Şamaxıya istirahətə gedib. Bu, normal həyat yaşayır. Həyatını addımbaaddım izləyəsi deyilik ki...».

«SƏFİR BAKIDADIR»

AzadlıqRadiosu mətbuat konfransından sonra XİN-in mətbuat xidmətinin rəhbərinə zəng vurub və səfirin yerini yenidən xəbər alıb.

Bu dəfə Elman Abdullayev konkret cavab verib:

«Səfir Bakıdadır».

«Səfir Azərbaycana gələrkən bu haqda nazirliyə məlumat verirmi» sualını isə belə cavablandırıb:

«Bəli».

ŞAİRLƏRLƏ BAĞLI 3-CÜ NOTA VERİLDİ

Mətbuat konfransında Elman Abdullayev Azərbaycanın 2 şairinin İranda saxlanmasına da toxunub:

«Mayın 29-da Azərbaycanın həm Tehrandakı səfirliyi, həm də Təbrizdəki baş konsulluğu bununla əlaqədar İrana rəsmi nota verib. Bu gün – mayın 30-da isə Azərbaycan Xarici İşlər Nazirliyi İranın Bakıdakı səfirliyinə öz notasını verib. Bu 3-cü notadır. Bu notada həmin iki şairimizin saxlanıb -saxlanmaması və nəyə görə saxlanmaları haqda Azərbaycana məlumat verilməsi istənir».

Elman Abdullayev deyir ki, diplomatik qaydalara əsasən, nota cavablandırılmalıdır. Əks halda, bu, 2 ölkə arasındakı münasibətlərə xələl gətirə bilər:

«Ümidvarıq ki, yaxın müddətdə Azərbaycana cavab veriləcək. Bizim üçün Azərbaycan vətəndaşının problemi ən önəmli prioritetdir. Vətəndaşlarımızla bağlı məlumatların əldə edilməsi üçün səylərimizi əsirgəməyəcəyik».

Azərbaycanın 2 şairi Fərid HüseynŞəhriyar Hacızadə bir ay öncə İrana gediblər. Az sonra onlarla əlaqə kəsilib. Bu günlərdə onlar yaxınlarına zəng vurublar ki, İranın hüquq-mühafizə orqanları tərəfindən saxlanıblar.
XS
SM
MD
LG