Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 23:46

Əli Həsənov: «Görün, Avropa nə gündədir» [VIDEO]


-

"Obyektiv TV"-nin əməkdaşının toplantıda çəkdiyi video


«Avropa Birliyi bizimlə qonşuluq siyasəti haqqında proqram qəbul edib. Başına dəysin sənin o proqram! Neçə illərdir Azərbaycan vətəndaşları Avropa ölkələrinə getmək üçün bir il irəlidən növbəyə dururlar».

Bu fikri Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov «Vətəndaş Cəmiyyətinin İnkişafında QHT-lərin rolu» mövzusunda keçirilən konfransda deyib:

«Mənim ölkəm o Avropa ölkələrinin heç birindən pis deyil. Heç birindən geri qalan deyil. Lakin biz öz fəaliyyətimiz çərçivəsində bəzən Avropa dövlətlərinə getməli oluruq. Onlarla da bu məsələləri müəyyən etməli oluruq. Amma baxın, sərf edəndə, Azərbaycan tərəfdaşdır. Qonşuluq naminə bu dövlətlə əlaqə qururlar. Amma sərf etməyəndə, bir Strässer kimi deputatı çıxarırlar. Almaniyada heç nə ilə tanınmayan, heç bir nüfuzu, hörməti olmayan bir deputatı qəhrəman ediblər».

«ALMANİYANIN ÖZÜNÜN PROBLEMİ AZDIR?»

Əli Həsənov son günlər aktual olan Almaniya mövzusuna da toxunub:

«Məgər Almaniyanın özünün problemi azdır? Məgər Avropanın problemləri azdır. Görün, bir Avropa nə gündədir. Şərqi Avropanın bütün iqtisadiyyatını dayandırdılar, kompensasiya verəcəyik adı ilə, istehsalın standartlarını qaldıracağıq adı ilə. Macarıstanın, Rumıniyanın, Bolqarıstanın, Polşanın daxili istehsalı dayandı, kompensasiya alırdılar Avropa Birliyindən. İndi Avropa Birliyi böhrana düçar olub, kompensasiyalar dayanıb, bu ölkələrdə işsizlik baş alıb gedir. Bunun indi hesabını kim verəcək? Kim verəcək Macarıstanda ləğv olunan, sökülən televiziya zavodunun, avtomobil zavodunun, digər zavodların hesabını».

Əli Həsənov daha sonra belə bir sual səsləndirib: «Biz bunlardan nə öyrənə bilərik?».

O, ötən il Misirdə baş verən hadisələrə də toxunub:

«Nətər olur 40 il, 50 ildir Misir Avropanı qane edirdi, indi qane etmir? Nətər olur 3-5 il əvvəllər Qaddafi’dən yardım alan dövlətlər onun üzərinə təyyarə göndərdilər? Bilirsiniz, bu siyasətin hamısının yeri var. Biz Azərbaycan olaraq BMT Təhlükəsizlik Şurasına bilavasitə rəhbərlik edən dövlətik. Dünya siyasətinin formalaşmasında iştirak edirik. Amma dövlətin, xalqın, millətin üzərinə bu qədər namərdcəsinə gəlmək olmaz».

AZƏRBAYCANIN EYİBLƏRİNİ GÖSTƏRMƏYƏ BAŞQA VAXT YOX İDİ?

Əli Həsənov qeyd edib ki, Azərbaycan müxalifəti haqqında çox danışmaq istəmir:

«Bu insanlar nə qədər rəzil, anti-Azərbaycan mahiyyəti daşıdıqlarını ortaya qoydular. Məgər bu insanlar üçün başqa vaxt yox idi Azərbaycanın eyiblərini göstərməyə? Təsəvvür edirsiniz, jurnalistləri tutub çəkirdilər mikrorayonlara, ora-bura. Biz demirik ki, bizim hər yerimiz gözəldir. Hər yeri gözəl millətlər yoxdur. Bircə peyğəmbərlər haqqında hər yeri gözəl demək olar. Gör, nə qədər namərd olasan ki, belə siyasət aparasan? Mən təsəvvür etmirəm ki, bundan sonra Azərbaycanda hətta hakimiyyətdən narazı adam onlara səs versin».

«BİZƏ BELƏ RUHANİYYƏT LAZIM DEYİL»

Əli Həsənov deyib ki, İran ruhanilərinə qarşı olan qüvvələr sonda anti-Azərbaycan platformasında ruhanilərlə birləşdilər:

«Sağlam ruhaniyyətlə biz də birik. Ancaq o saxta ruhaniyyət var ki, zorla bizə «gey» demək istəyir, onlara qarşı biz dirəniş veririk. Biz İran ruhaniyyətinə deyirik ki, hər gün alnını möhürə vurursan, əlini Allaha uzadırsan, ancaq məsciddən çıxan kimi yalan danışırsan. Sənin dinin də saxtadır, özün də saxtasan. Bizə belə ruhaniyyət lazım deyil».

ÖZLƏRİNİ ATIB YERƏ...

Əli Həsənov İranın tənqidinə ara verərək yenidən müxalifətə üz tutub. Onları bədnam adlandırıb:

«Belə xalq gəzintisi olur? Jurnalisti, turisti görəndə özünü yerə atasan. Təsəvvür edirsiz, İctimai Televiziyanın qarşısında bunlar nə oyundan çıxdılar. Adamın dili gəlmir oradakılara xanım desin. Özlərini atıb yerə, nələri vardı tökdülər camaatın qarşısına. Ayıbdır. Dədə-babadan görmüşük ki, xanımlar xeyirdə-şərdə bəlli bir məsafə gözləyərlər. Məgər bu, Azərbaycan xanımına yaraşan hərəkət idimi?».

Əli Həsənov deyib ki, məhz vətəndaş cəmiyyətləri belə qüvvələrə qarşı dirəniş göstərməlidir.

«KÜL SİZİN BAŞINIZA Kİ, QƏRB SİZİ HAKİMİYYƏTƏ OTURDACAQ»

Əli Həsənovun deməsinə görə, hələ də müxalifət güman edir ki, Qərbdən gəlib onları hakimiyyətə gətirəcəklər:

«Kül sizin başınıza ki, Qərbdən gəlib sizi hakimiyyətə oturdacaqlar və sizi idarə edəcəklər. Belə hakimiyyəti mənə müftə versələr, vallah, gözümün ucu ilə baxmaram. Bir hakimiyyət ki, xalqı qarşısında hesabat vermir, xalqın iradəsinə söykənmir, o hakimiyyət bu yandan gələr, oyandan gedər».
XS
SM
MD
LG