Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 15:23

ANAR: "Vampirdilər sadəcə..."


ANAR
ANAR
Modern.az saytı Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevlə müsahibəni təqdim edir.


- Azərbaycan Yazıçılar Birliyinin qurultayının vaxtı niyə bu qədər uzanır və zamanı artıq bəllidimi?

- Dəqiq tarixini deyə bilməyəcəm, amma bircə deyə bilərəm ki, payızda olacaq. Çünki bilirsiniz cürcəcür tədbirlər oldu, eləcə də ədəbiyyat tədbirləri ard-arda gəldi. Bax elə bu ili götürsək, deyə bilərəm ki, Sabir günləri oldu və sonra da Əhməd Cavadın yubileyi qeyd olundu.

Gələn həftə Ordubadinin də yubiley olacaq. Mirzə Fətəli Axundzadənin yubileyi və daha sonra payızda Nizaminin yubileyi qeyd olanacaq. Bu il də həmçinin Mirvarid Dilbazinin də yubileyi qeyd olunacaq. Bütün bu yubiley tədbirlərin keçirilməsi Yazıçılar Birliyinin işidir. Biz hər bir tədbirə hazırlaşır və müəyyən işlər görürük.

Elə ona görə də qurultayın vaxtı bir az gecikir. Əvvəlki vaxtının uzanmasına səbəb bizdə burda olan təmir işləri idi. Daha sonra qurumun 75 illliyini qeyd etdik. Bir də çox sayda qonaqlarımız var idi. Ona görə də bir az uzandı. İndi də vaxtını dəqiq deyə bilmirəm. Bu tədbirlərimiz bitsin, payızda qurultayı keçirəcəyik.

- Yazıçılar Birliyinin əleyhdarları qeyd edirlər ki, qurultay öncəsi bölgələrdə toplantılar ya gecikir, ya da heç keçirilmir. Bununla bağlı nə deyə bilərsiz?

"Yaxşı məni öldürsəniz, kimsə sizə heykəlmi qoyacaq? Mən bilmirəm bunların arxasında kim dayanır. Bəzilərinin sahiblərini bilirdim dedim və özlərini yığışdırdılar. Bunların da sahiblərini bilsəm sözümü deyəcəm".

- Qurultay qabağı bölgələrdə mütləq tədbirlər keçirəcəyik. Bilirsiniz, bu qurultay məsələsinin çətinliyi bundan ibarətdir. Yazıçılar Birliyinin üzvləri az olanda hamısı qurultayın iştirakçısı idi. Amma indi bizim üzvlərimizin sayı çox artıb. 1500-ə yaxın insanla qurultay keçirmək mümkün deyil. Ona görə də nümayəndələr seçməliyik. Biz artıq altı aydır “Ədəbiyyat” qəzetində elan veririk ki, gəlib qeydiyyatdan keçsinlər. Bir də ki, biletləri yeniləyirik, həmçinin gəlib onu da alsınlar. Hələ üzvlük haqqından danışmıram. Onu da ki, heç kim vermək istəmir. Hər şeyi Yazıçılar Birliyindən tələb edirlər, amma öhdələrinə düşənləri yerinə yetirmək istəmirlər. Bu elanı verməkdə məqsədimiz üzvlərimizin sayını təyin etməkdi. Ondan sonra da qurultay olacaq.

- Siz qəti qərar vermisiz ki, bu qurultayda öz namizədliyinizi irəli sürəcəksiniz?

- Mən öz fikrimi qurultay ərəfəsi söyləyəcəm. İndi nə desəm belə, ajiotaja, bir sıra qalmaqala səbəb olacaq. Ona görə də ind bir söz deməyəcəm.

- Son aylar ərzində baş verən qalmaqalların, problemlərin kökündə nə dayanır? Sanki bu proseslər yanar bir ocaqdır. Ocaq sönənə yaxın elə bil kimsə barıt töküb yenidən onu alovlandırır. Bu haqda nə deyə bilərsiz?

- Bunlar bir neçə adamın Yazıçılar Birliyinə olan nifrətindən irəli gəlir. Onlar Yazıçılar Birliyinin heç bir işinin yaxşı olmasını qəti şəkildə istəmirlər. Bizə ancaq yalan və böhtan atmaqla məşquldular. Çox vaxtda mətbuata yol tapırlar. Mətbuat da bildiyimiz kimi ancaq qalmaqal dalınca qaçır. Təki qəzet satılsın və oxucu bol olsun. Demək bir gün böyük hərflərlə yazırlar ki, mən kimisə qurumdan kənarlaşdırmışam. Sabahsı gün isə yazırlar ki, yox bu yalan imiş. Bəs yalan idisə niyə yazırdınız? Bəs yalanı başlığa çıxartmaq olarmı? Təki oxuyanı çox olsun? Bu işləri görən və hər şeyi qatan bir neçə şəxsdir. Onların da arxasında çox böyük ehtimalla dayanan, tapşırıq və muzd verən var. Bu işləri görənlər özbaşına deyillər, hər biri buyruq quludular.

- Siz necə düşünürsünüz, bu mübarizə gənclərlə yaşlı nəslin, yoxsa nəhənglərin mübarizəsidir?

- Bu heç də yaşlı nəsillə gənc nəslin mübarizəsi deyil. Bu fikri də kimlərsə qəsdən ortalığa atıblar. Əvvəla o cavan dediyiniz şəxslərin 50-dən çox yaşları var. Onlara da cavan demək olmaz. Cavanların əksəriyyəti Yazıçılar Birliyinin ətrafındadır. “Ulduz” jurnalı var, orda daha çox gənclər çap olunur. Daha sonra gənclər şurası var və digər qəzet, jurnallarımız var. Bu qapılar gənclərin üzünə açıqdı, biz onları ezamiyyətlərə göndəririk, kitablarını çap edirik və hər zaman dəstək olmağa çalışırıq.Ona görə də gənclərlə bağlı heç bir problemimiz yoxdur. Problem bir neçə qrafoman yazıçı olmaq istəyənlərin arasındadır. Onlar da heyiflərini bizdən çıxmaq istəyirlər.

- Belə deyirlər ki, bu gün ədəbi aləmdə piyadalarını önə verib, arxada dayanan generallar var. Bu sıraya bəziləri Kamal Adbullanı və Aqil Abbası da aid edir. Məsələyə sizin münasibətiniz necədir?

- Mən belə bir generalların varlığından xəbərdar deyiləm. Amma Aqil Abbas da, Kamal Abdulla da çox yaxşı dostlarımdı və Yazıçılar Birliyi ilə də münasibətləri normaldı. Yazıçılar Birliyinin təsis etdiyi mükafatların heyətinin sədri mənim xaişimlə Kamal Abdulla olub. Bildiyiniz kimi “Nəsimi” mükafatını canlı klassikimiz İsa Muğannaya verdik. Gələn il də bir neçə mükafatlar olacaq və təbii ki, onların da başında yenə də Kamal Abdulla duracaq. Bilirsiniz, bu intriqalarsız yaşaya bilməyən adamlar belə yalan sözlər uydurub ortaya atırlar və guya, filankəsin filakəslə arası yoxdur. Filankəs də filankəsin yerinə keçmək istəyir. Mən şəxsən hiss etməmişəm ki, kimsə mənim yerimə göz dikib, ya da bunun üçün fəaliyyət göstərir.

- Bu yaxınlarda həm “Qanun” nəşriyyatı, həm də “Əli və Nino” mağazalar şəbəkəsi ƏDV-yə “yox” dedi. Siz bir ziyalı kimi rəsmi orqanlara daha yaxınsınız və bu işdə bir qatqınız ola bilərmi?

- Kitabların qiyməti aşağı olanda daha çox şəxs bu işdən yararlana bilir və oxucular da artır. Amma deyim ki, bu da məsələni birinci dəfədir ki, sizdən eşidirəm və xəbərim də
Ramiz Rövşən Ziyalılar Forumunda çıxış edir
Ramiz Rövşən Ziyalılar Forumunda çıxış edir
yox idi. Bu iş kitabların satılması və oxucu qazanılması baxımından yaxşı sayıla bilər. Kitab da baha olanda axı hər kəs ala bilmir.

- Sizin bir ziyalı, bir böyük kimi bütün gənc yazarları ətrafınıza yığıb bir görüş keçirtmək fikriniz varmı? Bəlkə o zaman hər birinin mövqeyini daha yaxından öyrəmiş olarsınız?

- Mən demək olar ki, hər gün bu gənclərlə dialoqlar keçirirəm. Çünki gənclərin hamısı hər gün burda olur. Ümumi görüşlər də olur. Onu da deyim ki, onların kitablarının təqdimatları olur və biz də iştirak edirik. Mənim qapılarım da hər birinin üzünə açıqdır və istədikləri vaxt buyurub gələ bilərlər.

- Ədəbiyyatda daha çox 60-cı illərin adı çəkilir. Siz özünüz də bu ilin nümayəndəsi sayılırsınız. Bəs 70-ci, 80-ci, 90-cı illər necə, kimlərin adı ilə bağlıdır?

- Mən kimsənin adını çəkmək istəmirəm. Amma deyim ki, ədəbiyyat dayanmır və 70, 80, 90-cı illər də var əlbəttə. Hətta XXI əsrin də nümayəndələri var. Bu təbii bir prosesdir və biz də ən istedadlılarına həmişə yardım edirik.

- Müasir Azərbaycan ədəbiyyatında gedən proseslərə bir nəzər salsaq, sizin fikrinizcə inkişaf edən və nösanlı tərəflər hansılardır?

- Ədəbiyyat yaxşı əsərlərdən ibarətdir. Yaxşı əsərlər yazılırsa demək ki, ədəbi proses də var. Belə əsərlər yaranmırsa bu nə Yazıçılar Birliyinin, nə də ki, ayrı-ayrı adamların təqsiridir. Amma Yazıçılar Birliyi əsərlərin çapına kömək edə bilər. Biz misal üçün deyim, bu jurnal və qəzetləri qoruyub saxladıq. Bunun da ədəbiyyat üçün nə qədər böyük bir əhəmiyyət kəsb etdiyinin fərqinə heç kim varmadı. Bu jurnallar olmasaydı, bizi tənqid edən bu insanlar harda çap olunardılar? Çox çətinliklə qoruyub saxladıq. Əvvəl kirayəmiz hesabına, daha sonra dəstək oldu. İndi bizim bir neçə qəzet və jurnalımız var. Hər kəs də gen-bol orda çap olunur. Burda gəlib əsərlərini çap edirlər və hətta ondan qonorar da alırlar. Bunları Yazıçılar Birliyi eləməlidi və eləyir də. Amma Yazıçılar Birliyi heç kəsə istedad paylamır və paylaya da bilməz. Kimin qabında nə varsa o da olacaq. İstedad varsa, yaxşı əsərlər yazırlarsa, gözlərimiz üstündə yerləri var, yox əgər yaxşı yaza bilmirlərsə, o da ki, bizim təqsirimiz deyil.

- Biz sizi bir nasir kimi tanımışıq, amma son dövlər siz mətbuatda şeirləriniz də çıxır. Sizi şeir yazmağa məcbur edən bir qüvvə oldumu?

- Məcburiyyət deməzdim buna. Bir də kimsə gəlib mənim əlimdən tutub şeir yazdırmayıb ki... Bir də görürsən biri deyir ki, çox zəif şeirlər idi. Mən də tənqidi qəbul edirəm və gəlib açıq desinlər ki, bu şeirlər zəif idi. Mən də bunu başa düşərəm. Halbuki, mənim şeirlərim haqqında Bəxtiyar Vabahzadə çox yüksək fikirdə olub. Vaqif Səmədoğlu, Fikrət Qoca, Ramiz Rövşən indi də yaxşı fikirdədi və mənim üçün də bu dörd nəfər bəs edir. Tərifə də ehtiyacım yoxdu. Kim bəyənmir öz işidi, elə mən də çoxlarının yazılarını bəyənmirəm. Amma kimsəyə bu günə kimi deməmişəm ki, heç nə yazma.

- Bildiyimizə görə, siz bir neçə filmdə epizodik rolda çəkilmisiniz. Bu haqda çox az adam bilir. Bir az bu barədə danışardınız...

- “Var olun qızlar” filmində olub bu və orada mən çox cavan idim. Oraada mənə təklif elədilər mən də çəkildim. O nə baş, nə də epizodik deyil. Sadəcə orta bir möqdedə durur. Bir də Üzeyir bəylə bağlı film çəkiləndə mən də orada oturmuşam və bu da kadra düşüb. Xüsusi olaraq isə heç bir filmdə çəkilməmişəm.

- Sizin ekranalşdırmaq üçün yeni ssenariləriniz varmı?

- Mirzə Fətəli Axundzadə haqqında yazdığım iki hissəli ssenarinin filminin çəkilişləri gedir. Filmi Ramiz Həsənoğlu çəkir. Payızda Axundzadənin yubileyi ərəfəsində film ekranlara çıxacaq.

- Ənənəvi sual da vermək istəyirəm. Oxucularınız sizdən indi nə gözləsinlər, yaradıcılığınızda nə kimi yeniliklər var?

- Bilirsiniz əsər bitməmiş mən onun haqqında danışmaq istəmirəm. Olub ki, səhv edib demişəm ki, filan əsəri buraxacam. Ondan sonra da oxucular əl çəkmir və tələb edir. Mən bir neçə ildi memuar xarakterli bir kitab yazıram, amma nə vaxt bitirəcəyimi dəqiq deyə bilmirəm. Çalışacam bu yay bitirim.

- Sizin çox güclü yumor hissiniz var və bu səpkidə kitablarınız da çap olunub. Bəs indi belə bir yazılarınız varmı?

- Mənim belə kitablarım çoxdu və son dövlər də çap olunanlar var.

- Yeni bir yazı olsa, o zaman cəmiyyətin hansı eybəcərliklərini əks etdirmək istərdiniz?

- Mən cəmiyyətdə olan və sizin də bildiyiniz bütün eybəcərlikləri təsvir edə bilmişəm.

- Yenidən bir məqama qayıtmaq istəyirəm. Həcvinizdə Sirkə Badımcan adı hallanırdı. Çoxları onu Seymur Baycan kimi qələmə verdi. Buna münasibətiniz?

- Niyə? Belə bir məsəl də var ki, soğan yeməmisən için niyə göynəyir. Mən heç kəsi nəzərdə tutmamışam. Amma onlar özləri o cəhətləri özlərində görüblərsə, demək ki, güzgüdən küssünlər.Bir də ki, bir dəfə də onların özlərinə sual verin ki, bax onlar məndən nə istəyirlər? Onlara heç bir pisliyim dəyməyib və çoxsunu da heç üzdən də tanımıram. Bunlar özlərinə bu mövqeyi seçiblər ki, yazıları daha çox oxunsun. Anardan yazanda daha çox oxucuları olacaq. Mən kiminsə qanını içim ki, özüm sağlam olub. Bunu özləri də açıq-aşkar söyləyirlər. Vampirdilər sadəcə...

- Bəs yeni həcv olacaq?

- Biri oldu və bu günə kimi də onun qalmaqalı səngimir. Sakitlik olsun, birini də yazacam. Məndən əl çəksinlər və inanın ki, mənim heç kimlə bir işim yoxdur. Mənim bir missiyam var və nə qədər ki, sağam, bu xalqın ədəbiyyatına, mədəniyyətinə xidmət edəcəm. Nə qədər əl-ayağıma dolaşsalar da mən bu işi edəcəm. Ona görə də istədiyim odur ki, az əl-ayağıma dolaşsınlar və mən də daha çox işlər görə bilim.

- Bəs ictimai-siyasi prosesləri nə qədər yaxından izləyə bilirsiniz?

- Mən çalışıram ədəbiyyatla daha çox məşqul olum. Çünki siyasətlə vaxtilə məcbur idim məşqul olmağa. Bütün həyat Qarabağ problemi başlayandan bəri Yazıçılar Birliyinin ətrafında idi. Mənim bir kitabımda burda və xaricdə olan bu sahədə olan bütün çıxışlarım toplanıb. Daha sonra partiyalar yarandı və mən də siyasət adamı olmadığım
Seymur Baycan
Seymur Baycan
üçün uzaqlaşmağa məcbur oldum. Sonra da mənə sual verirlər ki, siyasətdən uzaqlaşmışdınsa, niyə deputat seçilirdin? Mən də bir deputat kimi Milli Məclisdə mədəniyyət məsələləri ilə məşqul olurdum. Çünki elə mədəniyyət də siyasətin tərkib hissəsidir. İndi də deyərdim siyasətçilər var və onlar da yalnız siyasətlə məşğul olsalar yaxşıdır. Ədəbiyyat məsələlərinə qarışmasınlar...

- Bəzən yazıçıları, ziyalıları siyasi proseslərə münasibət bildirmədikləri üçün ittiham edirlər?

- Bu ittiham edənlər də hər gün bir fikrə gəlirlər. Niyə o vaxt sən filankəsi müdafiə etmirdin və s... Sonra baxıram ki, onların əleyhinədirlər. İndi də deyirlər ki, sən niyə onu tənqid etmirsən? Bunların mövqeyi daim dəyişir, amma mənim mövqeyim dəyişməz qalır.

- Ziyalılar Forumuna münasibətiniz necədir ?

- Orada Rüstəm İbrahimbəyov var, o da mənim yaxın dostumdur və bu həmişə də belə olacaq. Sonra Ramiz Rövşəndi, Cəmil Həsənlidi və onlara da mənim çox böyük hörmətim var.

- Bəzi insanlar deyir ki, biz Anar müəllimi tərif elədik bizi başa çıxartdı, amma tənqid edən kimi də kənarlaşdırır. Buna münasibətiniz necədir?

- Biz heç kimi tərifə görə başa çıxartmamışıq. Mən bu günə kimi də heç kəsə deməmişəm ki, məndən tərif yaz, səni başa çıxardacam. Kimsə bunları təmənnalı edirsə, ona sadəcə ayıb olsun. Yox əgər ürəkdən gəlib yazıbsa, sağ olsun. Bir nəfər ictimai yerdə tərbiyəsizlik etdiyi üçün kənarlaşdırılıb. Bizi də təhqir edib və sizcə onu burda saxlamaq olarmı?

- Bəs Südabə Sərvi ilə bağlı nə deyə bilərsizniz? Onun işdən kənarlaşdırılmasında sizin də adınız hallandı...

- Bu məsələ barədə danışmamışdan öncə ev məsələsinə toxunum. Mən bunlara yaxşılıq etmək üçün bu mənzilləri aldım. Bu, çətinlik içində olanlara az da olsa, dəstək ola bilərdi. Amma bu da yenə qayıdıb mənim başımda çatladı. Bundan sonra da adam daha bunlara yaxşılıq belə etmək istəmir. Bax elə Südabə Sərvi də mənim ona qarşı olan bu qədər yaxşılığımdan sonra haqqımda nalayiq şeylər yazdı. Sonra da eşidəndə ki, onu işdən çıxardıblar, elə birici mən Vahid Mustafayeva zəng elədim və onun yenidən işə bərpa olunmasını xaiş etdim. O da dedi ki, Südabə Sərvi bizim daxili qanunlarımızı pozub və ona görə də kənarlaşdırılır. Mən heç kəsin çörəyinə bais olmamışam və heç vaxt da olmaram. Mənim əleyhimə olanlara qarşı da cavab vermirəm. Baxın mən onun yenidən işə qayıtması üçün zəng edirəm, amma qəzetlər nə yazır? Guya mən onu işdən çıxartmışam. Bunu yazanlarda azacıq vicdan olsaydı, belə etməzdilər. Bir də bəziləri də açıq şəkildə yazır ki, belə etməklə məqsədimiz Anarı öldürməkdir. Yaxşı məni öldürsəniz, kimsə sizə heykəlmi qoyacaq? Mən bilmirəm bunların arxasında kim dayanır. Bəzilərinin sahiblərini bilirdim dedim və özlərini yığışdırdılar. Bunların da sahiblərini bilsəm sözümü deyəcəm.

- O zaman siz bizim mətbuatda obyektivlik görmürsüniz?

- Bütün mətbuatı bura aid etməzdim, amma belə də ki, əksər hissəsi obyektiv iş görmür. Min dənə müsbət işlərimiz olsa belə, yenə də Yazıçılar Birliyinə qarşı neqativ materiallar çap edənlər də var. Bu da yəqin ki, kimlərinsə tapşırığı ilə olur. Baxın stolun ustundə gördüyünüz yeni nəşrdi. Moskvada çap olunub və mənim “Dədə Qorqud” kitabımdı. İndi sizi inandırım ki, bunu nə “Azadlıq”, nə də ki, “Yeni Müsavat” qəzeti verəcək.

- Bəs bu cür haqsızlıq edən jurnalistlərə nə demək istərdiniz?

- Mənim ən hörmət etdiyim bir sahə jurnalistikadır. Yazıçılar Birliyinin üzvü olmamışdan öncə mən Jurnalistlət Birliyinin üzvü olmuşam. 19 il “Qobustan” jurnalının redaktoru olmuşam. Ona görə də mən özümü jurnalist də sayıram. Bu peşəyə böyük hörmətim var. İndi də çox namuslu jurnalistlər var. Amma bəziləri də var ki, ancaq təxribatla, nəsə söz atmaqla məşğuldu. Hətta televiziya kanallarına çıxıb bu qurumun bağlanması haqqında danışanlar da var. Gəlib üzv olub sonra da nəsə yazanlar var. İndi hal-hazırda Yazıçılar Birliyinə üzv olmaq üçün 200-ə yaxın ərizə var. Bu 1500 adamın da özü gəlib və biz heç kimi dartıb bura gətirməmişik.

- Son olaraq gənclərə məsləhətiniz varmı?

- Adam olsunlar...

Könül Səid
XS
SM
MD
LG