"Qanun" nəşriyyatının buraxdığı kitabı ingilis dilindən Ziyad Quluzadə çevirib.
Nəşriyyat kitabı belə təqdim edir:
"“Kafka sahildə” iki qəribə insanın taleyindən danışır. Atasının lənətlədiyi Kafka Tamura on beş yaşında evdən qaçır.
Uşaqlığında müəmmalı xəstəliyə düçar olan, yaşlanandan sonra pişik “detektivi” kimi tanınan Nakatanın bütün həyatı alt-üst olur.
Onların roman boyu paralel inkişaf edən təsirli həyat faciələri aydın, canlı şəkildə təsvir edilir.
Pişiklər insanlarla söhbət edir; göydən balıq, zəli yağır; İkinci Dünya müharibəsi ərəfəsində meşədə itmiş iki əsgər peyda olur. Kafka, atasının dediyi kimi, anası və bacısıyla yatır…
Ortada amansız bir cinayət də var, ancaq cinayətkar və qurban naməlumdur.
“Kafka sahildə” klassik bir roman olmaqla yanaşı ata qatili, anaya eşq, bacıya eşq kimi mifik və klassik tabuların tədqiqatıdır.
Hər şeydən əvvəl bu roman gözlənilməz bədii fəndləri və özünəməxsus stilistikası olan bir əsərdir".