"Tərcüməçiləri topa tutmaq lazım deyil. Onlar çox çətin şəraitdə işləyirlər.
Tərcümədən naşükür peşə yoxdur. Əziyyəti həddən artıqdır, qazancı bir şey deyil..."
Seyfəddin Hüseynlinin "biabırçı tərcümələr" haqda "Oxu zalı"nda dərc edilən yazısı ədəbi mühitdə geniş rezonans doğurub. Yazıda çevirmələri tənqid edilənlərdən biri də yazıçı, tərcüməçi Nəriman Əbdürrəhmanlıdır.
"Oxu zalı" olaraq onun da mövqeyini dərc edirik.
- Nəriman bəy, yazıda tərcümələrinizdən nümunələr də verilir. Tənqidləri qəbul edirsizmi?
- Vallah, danışmaq bir az çətindir, ehtiyat edirəm ki, qərəz kimi başa düşərlər. Amma belə bir qayda var: əvvəla, ideal mətn yoxdur, ikincisi, mətnə hansı niyyətlə yanaşırsan, o niyyətlə də yazı yazmaq olur.
Seyfəddin müəllimin gətirdiyi misallar tərcümə yox, redaktə səhvləridir. Çünki hər bir mətn axırda redaktorun əlindən keçir. Əgər mətndə bir səhv varsa, ona redaktor cavabdehdir. Redaktor mətni orijinalla tutuşdurub dəqiqləşdirməlidir.
İkincisi də, mən dünənin, srağagünün tərcüməçisi deyiləm. 25 ildir bu işlə məşğulam, 20-yə yaxın tərcümə kitabım çıxıb.
Deməyim odur ki, istənilən mətndə redaktə xətaları tapmaq mümkündür. Seyfəddin müəllimin bunu istehzalı, yekəxana tərzdə yazması xoşagələn deyil. O yazını normal hava, normal ovqatla yazmaq olardı. Bundan heç kim inciməzdi də!
- Hesab edirsiniz, bu yazı qərəzli tonda yazılıb?
- Yox, demirəm qərəzlidir. Bilirsiniz, tənqid olunan mətnə də müəllifə də bir az hörmətlə yanaşmaq lazımdır. Yenə deyirəm, istehzalı, ələ salan tonda yazı yazmaq heç kəsə başucalığı gətirmir. Hər bir mətn oxucu üçün də, tənqidçi üçün də açıqdır, tənqid oluna bilər.
- Dediniz, mətndəki nöqsanlara həm də redaktor cavabdehdir. Markesdən etdiyiniz tərcümə kitabının redaktoru kimdir?
- Səhv etmirəmsə, kitabın redaktoru Pərviz Cəbrayıl idi. Mənim ən böyük dərdlərimdən biri odur ki, heç bir nəşriyyatda redaktor ştatı yoxdur. Bu bir bəladır ki, yazının taleyi təsadüfi adamların ümidinə qalır. Pərviz yazıçıdır, ola bilər, həmin mətndə gözdən qaçan çox şeyə düzəliş edib. Ancaq ötürdüyü, gözündən yayınan yerlər ola bilər. 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası” seriyasında mənim dörd tərcümə kitabım çıxıb. Dörd kitab da nəşrə hazırdır. Tərcümə işi çox çətindir. Təsəvvür edin, mətni iki-üç dəfə redaktə edirəm, nəşrə hazırlananda bir də oxuyuram. Bu, çox gərgin prosesdir.
- Bildiyim qədər, siz daha çox “Qanun” nəşriyyatı ilə işləyirsiniz. Redaktor ştatı ilə bağlı nəşriyyat rəhbərinin qarşısında məsələ qaldırmaq olmazmı?
- Buna mənim nə səlahiyyətim çatır, nə də imkanım var. “Qanun” özəl nəşriyyatdır, Şahbaz Xuduoğlu da onun sahibidir. İstədiyi kimi hərəkət edə bilər, ona görə də şərt-filan qoymaq mümkün deyil. Mən də məcbur oluram ki, mümkün olan şərtlərlə əməkdaşlıq edəm. İkincisi də, Azərbaycanda belə planlı şəkildə tərcümə işi ilə məşğul olan nəşriyyat yoxdur, ona görə də bizim başqa seçim imkanımız yoxdur. Mümkün qədər çalışırıq ki, dəyərli mətnləri seçib tərcümə edək.
- Tərcüməçilər həmişə qonorarın azlığından şikayət ediblər. Sizin necə, zəhməthaqqından narazılığınız yoxdur ki?
- (Gülür) Təbii ki, mənim aldığım qonorar qaneedici deyil. Məsələn, 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası” seriyasındakı tərcümələrə görə qonorarla “Qanun” nəşriyyatının qonorarı müqayisə olunmazdır. Çünki biri özəl nəşriyyatın sifarişidir, digəri prezidentin fərmanı ilə nəşr olunur. Özəl nəşriyyatın qarşısına şərt də qoya bilmirsən. Deyir, mənim imkanım buna çatır. Razısan, budur, razı deyilsənsə, üzülüşək. Adam razılaşmaq məcburiyyətində qalır.
- Sirr deyilsə, prezident fərmanı ilə nəşr olunan kitablara ödənən qonorarla özəl nəşriyyatın sifarişi ilə tərcümə etdiyiniz əsərlərin qonorarı arasında fərq nə qədərdir?
- Vallah, bunu desəm, yaxşı çıxmaz. Əvvəla, bu, etik cəhətdən düzgün deyil. Hər halda, mövcud şəraitdə olan yeganə imkandır. Bir də bu məsələdə müəlliflərə fərdi yanaşılır. Nəşriyyat sahibinin kimə nə verdiyini heç kim bilmir. Bircə onu deyə bilərəm ki, bir səhifəyə görə beş manat qonorar hələ ki, arzu olunandır. (gülür) Heç olmasa...
- Nəriman bəy, siz redaktorları qınadınız. Amma sizə elə gəlmirmi ki, tərcüməçinin ən böyük redaktoru elə o özüdür. Həm də siz bir neçə il “Qanun” nəşriyyatında baş redaktor kimi çalışmısınız...
- Məni düzgün başa düşün, redaktoru o mənada qınamıram. Redaktora normal pul vermək lazımdır ki, mətnlə işləyə bilsin. Tutalım, redaktor başqa işlə məşğuldursa, arada vaxtından oğurlayıb bu işlə məşğul olursa, deməli, keyfiyyətdən söhbət gedə bilməz. Redaktor zavallının minimum təminatı olmalıdır.
- Xatırlayıram, Sizin Qoderzi Çoxelidən etdiyiniz tərcümə ədəbi mühitdə yaxşı qarşılandı. Amma “Mənim adım qırmızı”, Koelyonun “11 dəqiqə” romanlarının tərcüməsi haqqında eyni sözləri deməkdə çətinlik çəkirəm. Səbəb nədir, bu mətnlər bir əldən çıxıb, axı...
- Bunları vaxtın azlığı ilə bağlamaq olar. Əvvəlki tərcümələri mən çox arxayıncasına etmişəm. Ona görə güman etmirəm ki, qüsurları olsun. Amma indi vəziyyət başqa cürdür. Bilirsiniz, nəşriyyatın da öz maraqları var. İstəyir kitabı satışa tez çıxarsın. İndi müəyyən qədər vaxt sıxıntısı olur. İsgəndər Palanın “Şah və Sultan” Əlif Şəfəqin “Eşq” romanlarının son tərcümə variantı mənim əlimdən çıxıb, ona görə onlarda problem ola bilməz. Çox diqqətlə oxumuşam. Harda ki, tələsdirmə olur, yaxud özüm maddi sıxıntı üzündən tələsirəm, həmin tərcümələrdə problem ola bilər.
- “Bir həmlə ilə salın dibinə oturdum”, “Başım sınmış avarın üstündə qərar tutmuşdu”... Bu cümlələr sizin tərcümənizi tənqid edən yazıdan götürülüb. Siz bunları qüsurlu cümlə hesab edirsinizmi?
- Vallah, ədəbiyyat çox qəliz məsələdir. Ədəbiyyat zövq və düşüncə məsələsidir. Eyni hadisə haqqında hər kəs başqa-başqa cümlə strukturları düşünə bilər. Tutalım, Seyfəddin müəllim həmin cümlələri düzgün hesab etmir, amma oxucular mənə zəng çalıblar ki, burda qüsur yoxdur. Bu, hər kəsin düşüncə tərzi ilə bağlıdır. O cümlələri başqa cür də yazmaq olar, mən bununla razıyam. Tərcüməçiləri topa tutmaq lazım deyil. Onlar çox çətin şəraitdə işləyirlər. Tərcümədən naşükür peşə yoxdur. Əziyyəti həddən artıqdır, qazancı bir şey deyil... Bütün dövrlərdə yazıçı da, tərcüməçi də redaktə sarıdan arxayın olub. Məsələn, Tomas Vulfu redaktor yetişdirib. Yəni Vulfun cümlə qayğısı olmayıb. O, struktur haqqında düşünüb. Azərbaycanda Fəxri Uğurlu, Yaşar, Pərviz Cəbrayılın özü kimi peşəkar redaktorlar var. Amma onlar da müxtəlif səbəblərdən bu işlə məşğul ola bilmirlər. Məsələn, Pərviz başqa yerdə çörək pulu qazanmasa, vaxtını, gücünü başqa işlərə sərf etməsə, çox yaxşı redaktordur.
- Azərbaycanda həvəskar hesab etdiyiniz tərcüməçilər kimlərdir?
- Bunu deyə bilmərəm, yaxşı çıxmaz. Peşəkarların adını saya bilərəm. Məsələn, Zahid Sarıtorpaq Soljenitsın kimi çətin yazıçını tərcümə edir. Həvəskarlar da zaman keçdikcə püxtələşəcəklər. Bizim ən böyük bəlamız türkcədən tərcümədir. Türk dilindən tərcümə çox çətindir. Hamısı doğma sözlərdir, saxlayırsan olmur, başqa sözlə əvəz edirsən, yenə olmur.
Həmçinin oxu
Seyfəddin Hüseynli. Biabırçı tərcümələr haqda (1-ci yazı)