Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:50

İctimai Palata seçki islahatları tələb edir [Video]


İctimai Palatanın seçki dinləmələri
Gözlə

No media source currently available

0:00 0:04:33 0:00
-
«Bu iş əsasən əməldən başlayır, mənim qardaşlarım. Deyir özün əvvəl əməl et, sonra danış. Əməl etməyəndən sonra bura milyon adam yığ».

Bu, özünün bildirdiyinə görə, 1980-ci illər xalq hərəkatının iştirakçısı, Müsavat partiyasının üzvü Cavanşir Əliyevin İctimai Palatanın (İP) toplantısında dedikləri idi.

İyunun 21-də İctimai Palata seçki hüququna dair dinləmələr keçirib. Toplantıya sədrlik edən İctimai Palatanın İnsan Hüquqlarının Müdafiəsi Komitəsinin rəhbəri Vidadi Mirkamal bildirib ki, İP payızadək bir necə belə dinləmələr keçirməyi planlaşdırır. Məqsəd 2013-cü il prezident seçkisinədək ölkədə mövcud olan qeyri-münbit seçki mühitini yaxşılaşdırmaqdır:

QANUNVERİCİLİK, KOMİSSİYALARDA TƏMSİLÇİLİK...

«Məqsəd budur ki, seçki qanununda olan boşluqlarla bağlı müzakirələr təşkil olunsun. Bununla əlaqədar Milli Məclisə, beynəlxalq təşkilatlara, ictimaiyyətə məlumatlar verək ki, qanundakı naqisliklər aradan qaldırılsın».

Vidadi Mirkamal deyib ki, ikinci məsələ normal seçki mühitinin yaradılmasıdır. Seçki komissiyalarında təmsilçilik, yerlərdə müxalifəti təmsil edən insanların daha çox cəlb olunması kimi məsələlər həll olunmalıdır ki, bunun üçün də tədbirlər planı hazırlanmalıdır.

Əvəz Temirxan
Əvəz Temirxan
Tədbirdə çıxış edənlər müxtəlif təkliflər verdilər. Liberal Partiyasının sədri Əvəz Temirxan təklif etdi ki, ay yarım müddətinə hər bir partiya seçki mühitinin formalaşdırılması ilə bağlı öz təkliflərini versin. Bu təkliflər ümumiləşdirilib 2 ay müddətində tərcümə edilərək beynəlxalq təşkilatlara göndərilsin. ATƏT, Avropa Şurası, Avropa İttifaqına müraciət edilsin ki, onlar Azərbaycan müxalifəti ilə bu məsələləri müzakirə etmək üçün öz nümayəndələrini göndərsinlər.

İLHAM ƏLİYEVİN HAKİMİYYƏTDƏN GETMƏSİ...

İP Koordinasiya Şurasının üzvü Pənah Hüseyn isə bu fikirlə razılaşmayıb. O hesab edir ki, bu məsələlərdə vətəndaş cəmiyyəti qurumlarını siyasi partiyalardan ayırmaq düz deyil. Hamı birlikdə fəaliyyət göstərməlidir. Bəyan olunmalıdır ki, 2013-cü il seçkisi də bu hüquqi baza və seçki komissiyaları ilə keçirilsə, orada istənilən namizədin legitimliyi tanınmayacaq:

«Azərbaycanın bütün demokratik qüvvələri artıq İlham Əliyevin hakimiyyətdən getməsi vaxtının çoxdan çatdığını bir daha bəyan etməlidir. Onun üçüncü dəfə namizədliyini irəli sürməsinə qəti şəkildə mənfi mövqeyimizi ortaya qoymalıyıq. Bu, bizim builki seçki kampaniyasında əsas hədəflərimizdən və şüarlarımızdan biri olmalıdır».

Pənah Hüseyn düşünür ki, qarşıdakı prezident seçkisi hakimiyyət üçün əvvəlkilər kimi asan başa gəlməyəcək.

SURİYADA MÜXALİFƏTİN TOPLA, TANKLA EDƏ BİLMƏDİYİ...

ADP sədri Sərdar Cəlaloğlu isə özündən əvvəl və sonra çıxış edənlərdən xeyli fərqli danışıb.
Sərdar Cəlaloğlu
Sərdar Cəlaloğlu
Deyib ki, müxalifət özü də hiss etmədən demokratik dəyərlərdən və prinsiplərdən uzaqlaşıb. Onun fikrincə, bu dəyərləri düşüncə tərzində rəhbər tutmayana qədər müxalifət hətta ən yaxşı seçki qanunvericiliyi və seçki mühiti şəraitində də qalib gələ bilməyəcək:

«Azərbaycan müxalifətinin özü demokratik dəyərlərə sədaqət nümayiş etdirdiyi təqdirdə Azərbaycan cəmiyyətində və beynəlxalq aləmdən dəstək alacaq. O zaman biz hətta bu seçki qanunvericiliyi və bu seçki mühitində, indiki şərtlərlə də seçkiyə gedib bu iqtidara qalib gələ bilərik. Amma indi bizim cəmiyyətin özünü demokratik proseslərə hazırlamaqla bağlı çoxlu problemlərimiz var. Cəmiyyəti İP və digər ayrı-ayrı qruplar şəklində hazırlamaq mümkün olmayacaq».

S.Cəlaloğlu toplantı iştirakçılarının ictimai faktoru nəzərə almadıqlarını düşünür. Deyir hələ aydınlaşdırmaq lazımdır ki, Azərbaycan cəmiyyəti ümumiyyətlə demokratik seçki istəyirmi:

«Gözümüzün qarşısında dünyada proseslər gedir. Məsələn, Suriyada müxalifətin əlində topu, tankı olduğu halda heç nəyə nail ola bilmir. Bizim nə tankımız, nə də topumuz var. Mitinqə də 200 nəfər cəsarətli adam tapıb apara bilmirik. Deməli, hakimiyyəti dəyişmək yalnız bizim düşündüyümüz faktorlardan asılı deyil».

AZƏRBAYCANDA GÜCLÜ DEMOKRATİK QÜVVƏLƏR VAR

Əli Kərimli və İsa Qəmbər
Əli Kərimli və İsa Qəmbər
Müsavat başqanı İsa Qəmbər S.Cəlaloğlunun dedikləri ilə razılaşmayıb. Deyib ki, müxalifət olaraq onlar hakimiyyəti dəyişməyin yalnız bir-seçki yolunu qəbul edirlər. Ona görə də, bütün diqqəti seçki məsələsinə yönəldirlər. 2005-ci ildən sonra hakimiyyətin seçki mühitini daha bərbad vəziyyətə salmasının səbəbi də, İsa Qəmbərin fikrincə, həmin vaxt Azərbaycanda xalqın narazılığının, demokratik qüvvələrin potensialının böyük olması ilə əlaqədardır:
«Reallıq onu deyir ki, Azərbaycanda kifayət qədər güclü demokratik qüvvələr var, vəziyyəti dərk edən kifayət qədər güclü vətəndaş cəmiyyəti var. Vəzifə ondan ibarətdir ki, biz bu potensialı reallaşdırmağı bacaraq. İP-nin da bugünkü tədbiri ona yönəlib. Hesab edirəm ki, bu, çox faydalı müzakirə oldu».

«SEÇKİ DİNLƏMƏLƏRİ» İP-NİN NÖVBƏTİ ŞOUSUDUR

İqtidaryönlü Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı isə deyir ki, əslində İP bu cür tədbirlərlə qarşıdakı prezident seçkilərindən imtina etmək üçün özünə şərait yaradır. Onlar özləri də yaxşı bilirlər ki, artıq seçki komissiyalarını dəyişmək mümkün deyil. Bu məsələ beynəlxalq təşkilatların da iştirakı ilə həll olunub:
«Bu cür tədbirlər heç də onların düşündüyü kimi, seçki mühitinin sağlamlaşmasına xidmət edən məsələ deyil. Mahiyyət etibarı ilə bu, bir daha siyasi şoudur, Qərb qarşısında bir daha özünü təsdiq etmək cəhdidir».

İP seçki hüququ barədə dinləmələri payızadək bir neçə dəfə keçirmək istəyir. Toplantıda qərar verildi ki, dinləmələrdə səslənən təkliflər üzərində işləmək üçün ayrıca işçi qrup yaradılsın.
XS
SM
MD
LG