Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:51

Özəl universitetlərdə jurnalistikaya qəbul dayandırılıb


Arxiv foto
Arxiv foto
2012-2013-cü tədris ilindən başlayaraq özəl ali məktəblərdə jurnalistika fakültələrinə qəbul dayandırılıb. Bu ixtisas üçün tələbələr ancaq dövlət ali məktəblərinə müraciət edə bilər.

Bu qərarı iyulun 13-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədr müavini Namiq Babayev açıqlayıb:

«Komissiyada müzakirə olunub, özəl ali məktəblərdə bu ixtisas üzrə aparılan hazırlıq qənaətbəxş deyil, ona görə də keyfiyyəti artırmaqdan ötrü yerlər azaldılıb. Görün, jurnalistikaya nə qədər önəm verilir, hazırlığın çox ciddi aparılmasına dövlət qayğı ilə yanaşır».

Namiq Babayev
Namiq Babayev
Namiq Babayevin sözlərinə görə, bu tədris ili üçün hüquq ixtisası üzrə də qəbul planı 50 faiz azaldılıb. Özü də ən böyük ixtisar bu sahədədir - qəbul planı ötən ilə nisbətən 50 faiz, yəni 222 yer azalıb.

ƏN YÜKSƏK MÜSABİQƏ 1-Cİ QRUPDADIR

Bu ilki qəbulda ən yüksək müsabiqə vəziyyəti 1-ci ixtisas qrupu üzrə olacaq.

Namiq Babayev deyib ki, bu ixtisas qrupu üzrə 34 678 abituriyent sənəd verib. İkinci yerdə 3-cü ixtisas qrupu gəlir. Bu qrup üzrə sənəd verən abituriyentlərin sayı isə 31 662 nəfərdir.

2-ci ixtisas qrupu üzrə 23 345, dördüncü ixtisas qrupu üzrə isə 13 828 nəfər sənəd verib.

N. Babayev qeyd edib ki, bu il ali məktəblərə sənəd verən abituriyentlərin ümumi sayı 103 513 nəfərdir. Ötən il isə bu rəqəm 107 484 olub.

Bəzi ixtisaslar üzrə ixtisarlara baxmayaraq ali məktəblərə qəbul planı ötən ilə nisbətən 9 faizə yaxın artıb. Artım əsasən 4-cü ixtisas qrupu ilə bağlıdır. Bu ixtisas qrupunda qəbul planı 639 nəfər artıb.

ƏYANİ YA QİYABİ TƏHSİLİ TƏLƏBƏ ÖZÜ SEÇƏCƏK

​Bu ilki tələbə qəbulunda daha bir yenilik həyata keçirilib. Namiq Babayev bildirib ki, bundan sonra hər hansı bir ixtisas üzrə əyani və ya qiyabi formada təhsili tələbə özü seçəcək. Bu metod magistraturaya aparılan qəbul imtahanlarında tətbiq edilib:

«Əvvəllər ali məktəblərdə ixtisaslar təhsil forması üzrə bölünürdü. Bu il isə abituriyentlərə istənilən təhsil formasını seçməkdə sərbəstlik verilib. Müsabiqə ixtisaslar üzrə aparılacaq, hər hansı bir fakültəyə daxil olan tələbə daxil olduğu ali məktəbdə qeydiyyatdan keçərkən əyani və yaxud qiyabi təhsil alacağını özü seçəcək. Bu, çox ciddi yenilikdir».

Namiq Babayev deyib ki, bundan sonra rus və Azərbaycan bölməsində bütün ixtisaslar üzrə müsabiqə birgə aparılacaq. İndiyə kimi birgə müsabiqə ancaq bəzi ixtisaslara aid idi.

QƏBUL İMTAHANLARI BAŞLADI

Sabah - iyulun 14-də ali təhsil müəssisələrinə və orta ixtisas təhsili müəssisələrinə III ixtisas qrupu üzrə qəbul imtahanları keçiriləcək.

İmtahan respublikanın 6 şəhərində - Bakıda 30, Naxçıvanda 3, Gəncədə 7, Sumqayıtda 6, Şəkidə 4, Lənkəranda 4 binada keçiriləcək.

Orta ümumtəhsil müəssisələrindən 2361 nəzarətçi-müəllimin iştirak edəcəyi imtahana 220 imtahan rəhbəri cəlb olunacaq.

Bütün qruplar üzrə ixtisas seçimi isə abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra avqustun 7-dən 16-dək internet vasitəsilə aparılacaq.
XS
SM
MD
LG