Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 16:41

Bakıda zavoda hücum ediblər


Foto: Arxiv
Foto: Arxiv
-
İyulun 14-də «Ataxan Dəmir Sənaye» Türkiyə-Azərbaycan birgə müəssisəsinə hücum olub.

Bu haqda AzadlıqRadiosuna müəssisənin payçılarından biri, sabiq deputat Nazim Məmmədov deyib:

«Hücum edənlər mülki geyimdə olublar. Onlar müəssisə rəhbərliyindən işi dayandırmağı tələb ediblər. Həmin şəxslər özlərini «Baku Steel Company»nin sahibi Rasim Məmmədovun adamları kimi təqdim ediblər».

«BAŞ DİREKTORUN TALEYİNDƏN NARAHATIQ»

Nazim Məmmədov deyir ki, müəssisə rəhbərliyi baş verənlərlə bağlı iyulun 16-da hüquq-mühafizə orqanlarına müraciət edib:

«Rasim Məmmədovun adamlarının müəssisə ərazisində gözətçi kimi qoyduqları 3 nəfəri və müəssisənin baş direktoru Abdulla Əsgərovu polisə izahat vermək üçün dəvət ediblər. Amma mənə məlum olmayan səbəblərdən az sonra həmin 3 nəfəri buraxıblar».

Nazim Məmmədov baş direktor Abdulla Əsgərovun taleyindən narahatdır. Çünki polisə izahat verdikdən sonra o, Rasim Məmmədovun yanına aparıldığını bildirib:

«İndi onun harada olmasından xəbərsizəm. Biz ehtimal edirik ki, onu oğurlayıblar. Onunla əlaqə yaratmaq hələlik mümkün olmayıb».

Bir neçə saatdan sonra Abdulla Əsgərov geri qayıdıb. O, «Baku Steel Company»yə aparıldığını bildirib.

A.Əsgərov əlavə edib ki, orada ondan başqa dəmir istehsal edən daha bir neçə özəl şirkətin rəhbərləri də olub. «Baku Steel Company»dən onlara fəaliyyətlərini dayandırmaq tələbi qoyulub.

Hadisə yerinə AzadlıqRadiosunun əməkdaşı da yollanıb. Əməkdaşımız Nüşabə Fətullayeva zavodda çəkiliş aparmaq istəyərkən mülkigeyimli şəxslər onun kamera və telefonunu zorla əlindən alıblar. Yalnız polisə müraciət edildikdən sonra avadanlıq geri qaytarılıb. Amma kameranın yaddaş kartı cihazın içində olmayıb.

POLİS ARAŞDIRMA APARIR

Binəqədi rayon Polis İdarəsindən növbətçi Novruz Nağıyev bildirdi ki, hazırda əməkdaşları müəssisə ərazisindədirlər. Baş verənlərlə bağlı araşdırma aparılır.

«Saxlanan 3 nəfər niyə buraxılıb» sualına isə o, belə cavab verdi:

«Biz heç nə deyə bilmərik».

Nazim Məmmədov deyir ki, iyulun 16-da Rasim Məmmədovla əlaqə yaradıb:

«O dedi ki, həmin müəssisəni qanunlara və dövlətçiliyə uyğun olaraq bağlayır. Guya, bu müəssisə «Baku Steel Company»yə mane olur. Mən də dedim ki, həmin müəssisə qanunvericiliyə uyğun fəaliyyət göstərir və istehsal etdiyi məhsul da standarta uyğundur. Xahiş etdim ki, adamlarını ordan aparsın. Ancaq o, söhbətdə ölkə rəhbərliyində təmsil olunan bir neçə adamın adını çəkdi. Həmin şəxslərin bir neçəsinə faksla məlumat vermişəm və hazırda cavab gözləyirəm».

Rasim Məmmədovun adı «Bakıelektroştamp» zavodunun Zülfüqarlı qardaşlarından alınması ilə bağlı məhkəmə prosesində də çəkilir. Vəkil Aslan İsmayılov Rasim Məmmədovu Zülfüqarlı qardaşlarının əmlakını zorakılıqla ələ keçirməkdə ittiham edir.

Rasim Məmmədova bir neçə dəfə zəng vursaq da, onunla danışa bilmədik. Müxbirimizin telefon zənginə cavab verən Məmmədov ilk sualdan sonra dəstəyi asıb. Sonrakı zənglərə isə cavab verməyib.

«Baku steel company»nin mətbuat xidmətinin rəhbəri Namiq Əhmədov isə deyir ki, məsələni araşdırdıqdan sonra məlumat verə bilərlər.
XS
SM
MD
LG